İmam Zamanın (ə.c) qiyamı necə baş verəsək?

İmam Zamanın (ə.c) qiyamı necə baş verəsək?

İmam Mehdinin (ə) dünyamiqyaslı inqilabı zamanı baş verəcək hadisələr ümumbəşəri xarakter daşıyır, hamı onlara xüsusi maraq göstərir və aşağıdakı sualları irəli sürürlər: İmamın (ə) hərəkatı haradan və necə başlayacaq? İmam (ə) müxalif qruplarla necə davranacaq? İmam (ə) dünyaya necə hakim olacaq və işləri necə əlinə alacaq?

Bu və bu kimi suallar zühur eşqilə alovlanan aşiqləri, doğrudan da maraqlandırır. Lakin bunu etiraf etmək lazımdır ki, bəşəriyyətin son ümidinin qıyamı ilə əlaqədar hadisələr haqqında danışmaq olduqca çətin bir məsələdir. Çünki hələ baş verməmiş və gələcəkdə baş verəcək ciddi və həssas hadisələr haqqında söz açmaq asan deyildir. Buna görə də, biz burada İmam Mehdinin (ə) zühuru dönəmində baş verəcək hadisələri müxtəlif hədis kitablarına əsaslanmaqla diqqətinizə çatdırırıq:

Qiyam hadisəsi

Zülm və fəsad yer üzünü aldıqda, insanlar arasında zalımların namərdcəsinə təzyiqləri artdıqda, məzlumlar əllərini kömək üçün Allah dərgahına açdıqda, Allahın əmri ilə mübarək Ramazan ayında qəflətən göydən gələn nida bu qaranlığı yarıb, vəd edilmiş böyük xilaskarın zühuhunu müjdə verəcək. Ürəklərin döyüntüsü sürətlənəcək, gözlər yerlərində donub qalacaq və gecə yarasaları qorxu ilə iman günəşinin doğulmasını izləyəcək, sığınacaq yeri axtarmağa başlayacaqlar. İmam Mehdinin (ə) intizarını çəkən aşiqlər bir-birindən məşuqlarının yerini soruşacaq, o həzrətlə görüşmək üçün bir-birilə yarışacaq və sevincdən nə edəcəklərini bilməyəcəklər.

Bu zaman Suriya, İordaniya və Fələstin kimi böyük bir bölgəyə hakim olan Süfyani, İmamla (ə) müharibə aparmaq üçün böyük ordu hazırlayacaq. Onun ordusu İmamı (ə) izləmək məqsədilə Məkkə yolunu kəssələr də, Bəyda adlanan bir məntəqədə yerə basdırılacaq və həlak olacaqlar. (“Biharul-ənvar”, c.53, səh.10.)

Nəfsi-Zəkiyyə adlı möhtərəm bir şəxs şəhadətə çatdıqdan az sonra İmam Mehdi (ə) gənc bir simada, Həzrət Peyğəmbərin (s) köynəyini geyindiyi və əlində Peyğəmbərin (s) bayrağını tutduğu halda, Məscidül-Həramda zühur edəcək. Kəbə divarına söykənib “Rükn” və “Məqam” arasında öz zühurunu elan edəcək. Allaha həmd-səna etdikdən, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salam göndərdikdən sonra belə buyuracaq: “Ey insanlar! Biz Allahdan kömək diləyirik. Həm də bizim çağırışımıza cavab verən kəsi köməyimizə çağırırıq.”

Sonra özünü və Əhli-beytini tanıtdırdıqdan sonra belə səslənəcək: “Bizim haqqımıza riayət etməkdə Allahı nəzərinizdə saxlayın. Bizi (yer üzündə ədaləti yaymaq və zülmü kəsmək üçün) tək qoymayın və bizə kömək edin ki, Allah da sizə kömək etsin.”

İmamın sözləri bitdikdən sonra səma əhli yer üzündə olanlardan önə keçəcək və dəstə-dəstə yer üzünə enərək İmamla (ə) beyət edəcəklər. Onların qarşısında vəhy mələyi Həzrət Cəbrail (ə) gəlib, İmama (ə) kömək əlini uzadacaq. Daha sonra müxtəlif məntəqələrdən 313 nəfər mömin vəhy diyarına gəlib, İmamın (ə) ətrafına toplaşaraq o həzrətə beyət edəcəklər. Bu müqəddəs hadisə, canlarından keçmiş 10 min dostun Peyğəmbərin (s) övladının ordusuna qatılması və onunla beyət etməsi ilə sona çatacaq. (“Əl-qeybət”, Nömani, fəsil 14, hədis 67.)

İmam (ə) dostlarından və əsgərlərindən ibarət ordusu ilə qiyam bayrağını dalğalandıracaq, qısa müddət ərzində Məkkə və ətraf məntəqələrə hakim olacaq və beləcə, Peyğəmbər (s) diyarı pis insanlardan təmizlənəcək. Ondan sonra ədalət və şəfqət kölgəsini genişləndirmək üçün Mədinəyə doğru hərəkət edəcək və əleyhinə qalxanları susdurduqdan sonra İraqa doğru üz tutacaq. Kufə şəhərini hökumətinin mərkəzi seçəcək və oradan qıyamı idarə edəcək. Kufədə insanları İslama dəvət edib, Quran təlimləri işığında zülmü yer üzündən qaldırmaq üçün ordusunu dünyanın müxtəlif yerlərinə göndərəcək.

İmam (ə) dünyanın bütün həssas məntəqələrini bir-bir fəth edəcək. Bu işdə İmama (ə) vəfalı dostlar və möminlərlə birgə mələklər də kömək edəcəklər. İmam (ə) və ordusu, eynilə İslam Peyğəmbəri (ə) kimi düşmənlərinin ürəyinə qorxu salacaq, qüdrət sahibi Allah onun və dostlarının qorxusunu düşmənlərinin ürəyində yerləşdirəcək və heç bir qüdrət dairələriİ Mehdi (ə) ilə qarşı-qarşıya durma cəsarətini göstərə bilməyəcək. İmam Baqir (ə) bu haqda buyurur: “Qaimimizə (düşmənlərin ürəyinə) qorxu salmaqla yardım ediləcək.” (“Kəmalud-din”, c.1, səh.603, fəsil 32, hədis 16.)

Qeyd etmək lazımdır ki, İmam Mehdinin (ə) ordusunun fəth edəcəyi yerlərdən biri də Beytül-Müqəddəsdir. (“Ruzigari-rəhayi”, c.1, səh.554.)

Bundan sonra çox mübarək bir hadisə baş verməklə İmamın (ə) haqq cəphəsi gücləndiriləcək. Bu hadisə, Həzrət İsa Məsihin (ə) göydən yer üzünə enməsidir. Quranın buyruğuna görə, Həzrət İsa Məsih (ə) diridir və səmalarda yaşayır. Vaxtı çatdıqda, yer üzünə gələcək və İmam Mehdinin (ə) arxasında namaz qılacaq. Beləliklə, Həzrət İsa (ə) şiələrin on ikinci imamının (ə) özündən üstün olduğunu və hər kəsin ona itaətin vacib olduğunu elan edəcək. İslam Peyğəmbəri (s) buyurmuşdur: İnsanları müjdək üçün məni haqq olaraq göndərən Allaha and olsun ki, dünyanın sonuna bir gün belə qalsa, mütəal Allah həmin günü övladım Mehdinin (ə) qiyam edəcəyi vaxta qədər uzadacaq. Sonra İsa ibn Məryəm (ə) yer üzünə enib, Mehdinin (ə) arxasında namaz qılacaq.” (“Biharul-ənvar”, c.51, səh.71.)

Həzrət İsanın (ə) gəlişindən sonra dünyanın böyük bir hissəsini təşkil edən xristianlar şiələrin imamı və Allahın son höccəti İmam Mehdiyə (ə) iman gətirəcəklər. Sanki Allah-Taala Həzrət İsanı (ə) belə bir gün üçün saxlamışdır ki, haqq axtarışında olanların məşəlinə çevrilsin.

Əlbəttə, İmam Mehdinin (ə) əli ilə möcüzələrin göstərilməsi, bəşəriyyətə doğru yolu göstərmək üçün ideoloji mövzuların bəyan edilməsi insanların üzünə hidayət yolunun açılmasında böyük inqilabın proqramlarından sayılır.

Bu istiqamətdə İmam Mehdi (ə) dünyanın xüsusi yerində dəfn olunmuş və təhriflərdən uzaq qalmış yəhudilərin müqəddəs kitabı Tövratın səhifələrini çıxaracaq. Yəhudilər bu səhifələrdə İmam Mehdinin (ə) nişanələrini gördükdə, ona iman gətirəcəklər. Digər dinlərin tərəfdarları da bu böyük hadisəni, eləcə də İmamın (ə) haqq ismarıcılarını və möcüzələrini gördükdə, dəstə-dəstə İmama qoşulacaqlar və beləcə, Allahın vədi gerçəkləşəcək və bütün dünya İslam bayrağı altına yığılacaq. Qurani-Kərim insanları belə müjdələyir:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.” (“Tövbə” surəsi, ayə 33.)

İmam Mehdinin (ə) qıyamı ilə əlaqədar qeyd edilənlərə diqqət yetirdikdə, yalnız ürəkləri daşlaşmış qəddar zülmkarlar və quldurların haqq-həqiqətə təslim olmayacaqları aydın olur. Onlar da əksəriyyəti təşkil edən möminlərin qarşısında müqavimət göstərə bilməyəcək və İmam Mehdinin (ə) ədalət qılıncı ilə layiq olduqları aqibətə düçar olacaq və cəzalanacaqlar. Yer üzü həmişəlik onların şərindən qurtulacaq.

İmam Mehdinin (ə) dünyamiqyasli hökuməti

Qara buludlar çəkilib ədalət və ilahi günəş doğduqda, gözü yolda olanların gözləri işıqlanacaq. Bəli, fitnə-fəsad, pozğunluq və namərdliklə böyük mübarizədən sonra növbə ədalətli hökumətin təməllərinin möhkəmlənməsinə çatır. Ədalət hökmranlıq kürsüsünə söykənib, hər şeyi və hər kəsi öz yerində yerləşdirəcək, hər varlığa layiq olduğu haqqını verəcək. Nəhayət, bütün dünya başdan-başa haqq-ədalətlə dolu hökumətə şahid olacaq, kimsə azacıq belə zülmə məruz qalmayacaq. İmam Mehdinin (ə) hökuməti sayəsində aləmlərin rəbbi olan Allahın camal və cəlal sifətləri təcəlla edəcək, bəşəriyyət unudulmuş dəyər və amallara çatacaqdır. (“Negine-afərineş”, 11-ci dərs.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru