Mirvari içində bir sədəf

Rza Şükürlü

Mirvari içində bir sədəf


Allah-Taala Qurani-Kərimdə insanı Öz əmanətdarı kimi tanıtdırır və buyurur:

 

«إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ الْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَ أَشْفَقْنَ مِنْهَا وَ حَمَلَهَا الْإِنْسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

 

 

“Biz əmanəti  göylərə, yerə və dağlara təklif etdik. Onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular. İnsan onu boynuna götürdü. Həqiqətən, o çox zalım, çox cahildir.” (“Əhzab” surəsi, ayə 72.)

 

Təfsir alimlərinin qeydlərinə əsasən, Allahın insana tapşırdığı əmanətdə məqsəd “ilahi vəzifə və məsuliyyət”dir və bu əmanəti Allah-Taala insana həvalə etmişdir ki, insan onu sağ-salamat, doğru-düzgün qoruyub-saxlasın, sonra da həqiqi sahibinə, yəni Allah-Taalanın Özünə qaytarsın.

 

İnsanın riayət etməsi lazım olan, onu uçurum və süqutdan qoruyan, bəndəçilik zirvəsini fəth etmək üçün nərdivan rolunu ifa edən və Allahın ona minnət qoyaraq hədiyyə etdiyi vəzifə və məsulliyyətlərdən biri də iffətdir. İffət fövqəltəbii və batini bir əmrdir. Bu qüvvə, məxsusən zərif qadın cinsini “hicab və örtük” adlı ilahi bir məsuliyyətin icrasına sövq etdirir; yəni qadın üçün iffətin xarici nümunəsi hicab və örtükdür. Öz gövhəri və lətif cismini geyimi ilə qoruyub-saxlayan qadın iffət nümunəsidir. Açıq-saçıqlığın ən mühüm acı təsirlərindən biri də insani hüviyyət və kimliyin zədələnməsidir. Bunun müqabilində isə, iffət qəlbin saflığıdır və insanı günah sancısından amanda saxlayan bir amildir.

 

Özünü Allahın əmanətdarı bilən insan əmanətə xəyanət etməz, öz kimliyini sağ-salamat sahibinə qaytarar. Təəssüf ki, cəmiyyətdə, məxsusən, virtual aləmdə iffətsizlik stimullarının artması, məhrəm-naməhrəm rabitələrinin adiləşməsi ilə iffət gövhərinin kəmrəng hala düşdüyünü müşahidə etməkdəyik. Əlbəttə, nəfsin istəkləri mehvər olduğu zaman bundan başqa bir nəticə də gözləmək olmaz. Məhz bu səbəbdən, İslam iffətin qorunması və şərif insani kimliyin zədələnməməsi üçün qadına örtük və hicabı bəyənmiş, hicablı olmağı vacib bilmişdir.

 

Ayətullah Cavadi Amulinin təbiri ilə desək: “Qurani-Kərimə əsasən, əmanətdar qadın ilahi hüquq müstəvisində bəhs olunmalıdır. Yəni böyük Allahın haqqı olan bu məqamı, şərəf və heysiyyəti qadına əta etmiş və buyurmuşdur: “Sən, Mənim bu haqqımı əmanət olaraq qoru!” (“Zən dər aineye cəlal və cəmal”, Ayətullah Cavadi Amuli, səh.437.)

 

Buna rəğmən, iffətin qorunması ilə Allaha imanın tamını da dadmaq olur. Allaha imanın tamı müxtəlifdir; həmin tamı haram baxışlardan uzaq ola bilən insan dada bilir. İmam Sadiq (ə) buyurur:

 

مَنْ تَرَكَهَا لِلَّهِ عَزَّ وَ جَلَّ لاَ لِغَيْرِهِ اعْقَبَهُ الله امْناً وَ اِيمَاناً يَجِدُ طَعْمَهُ

 

 

“Allah-Taalanın razlığı naminə haram baxışlardan qorunan şəxsə Allah-Taala əmin-amanlıq, aramlıq və tamını dada biləcək bir iman bəxş edər.” (“Vəsailuş-şiə”, 20-ci cild, səh.192.)

 

Rza Şükürlü (Maide.az)

 

 

 

 

 

Google+ WhatsApp ok.ru