'Molotov kokteylini atanda, rusun yanmayan tankı da çıtır-çıtır yanır'

'Molotov kokteylini atanda, rusun yanmayan tankı da çıtır-çıtır yanır'

"Bu cür biabırçılıq dünyanın heç yerində yoxdur ki, yanğının səbəbini müəyyənləşdirmədən bu qədər adamı tutub salıblar içəri və iki ildir həbsdə saxlayırlar"
 
Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümünə görə həbs olunmuş Miryusif Mahmudov həmin yanğının gerçək səbəbinin araşdırılmasını tələb edir.
 
 
"İndi biz "Mitsubishi"nin rəhbərlərini tutmalıyıq?"
 
Miryusif Mahmudov binanı üzləmiş "Global Constrection" və həmin üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisidir. Bu yanğına görə cinayət məsuliyyətinə cəlb olunmuş səkkiz nəfərdən biri olan M. Mahmudov hadisənin poliuretan materialdan olan üzlüklər ucbatından yanması haqda deyilənləri absurd sayır:
 
"Hər şey qalıb bir kənarda, ancaq materialı günahkar çıxarırlar. 90-cı illərdə Molotov kokteylini atanda, rusun yanmayan tankı da çıtır-çıtır yanırdı. Yəni nəyi qəsdən yandırsan, alışacaq da. Bu məhkəmə zalında kondisionerdə qısaqapanmadan yanğın olsa, indi biz gedib "Mitsubishi" şirkətinin təsisçilərini, rəhbərlərini tutmalıyıq? Ayıbdır, vallah. İnsaf da yaxşı şeydir, axı...".
 
O, gördükləri bütün işlərə icazə aldıqlarını, hər addımı rəsmiləşdirdiklərini də sözlərinə əlavə edib: "Biz bandit, cinayətkar deyilik. Yanğının əsl səbəbi araşdırılmalıdır. Bilinməlidir ki, binaya bitişik tikilinin inşasına kim icazə verib? Çünki yanğın o tikilinin damından başlayıb".
 
"Qlobal Stone" şirkətində üzlük detallarının qəliblənmə sexində usta işləmiş Rizvan Mehdiyev şahid kimi dindirilərkən deyib ki, Binəqədidən əvvəl Xətaidə yaşayış binasındakı güclü yanğından sonra onların sexinə komissiya gəlib. Komissiyaya Fövqəladə Hallar Nazirliyinin işçiləri daxilmiş: "Komissiya üzlük materiallarından nümunə götürdü. Sonra bu materialların yaxşı olması barədə rəy verildi. Buraxdığımız poliuretan məhsullarının sınaqdan keçirilməsi prosesində özüm də dəfələrlə iştirak eləmişəm. Materialın tez yandığını görməmişəm".
 
 
"O yanğın Avropa Oyunlarına görə qəsdən törədilmişdi"
 
Şahid yanğının poliuretan üzlükdən törəməsi fikrini bölüşmür və düşünür ki, binanı qəsdən yandırıblar: "Mənim fikrimcə, qəsd idi. Çünki həmin vaxt ölkədə Avropa Oyunları keçiriləcəkdi. Yoxsa necə ola bilərdi ki, yanmayan material birdən-birə belə alışsın?".
 
Miryusif Mahmudovun vəkilləri yanan binaya bitişik birmərtəbəli tikilinin inşası və özəlləşdirilməsilə bağlı sənədlərin müvafiq dövlət orqanlarından alınıb məhkəmədə araşdırılması haqda vəsatət verib.
 
"O tikili qaydalara zidd inşa olunub. Əgər o tikili olmasaydı, yaxud bina ilə aralarında yetərli məsafə qoyulsaydı, onun damındakı yanğın binaya keçib bu qədər ağır nəticə doğurmazdı", - Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatəti belə əsaslandırıb.
 
Amma təqsirləndirilənlər arasında olan 72 saylı Mənzil İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucovun vəkili Vasif Həsənov bu məsələdə həmkarları ilə razılaşmır: "Miryusif Mahmudovun vəkilləri əvvəlcə deyirdilər ki, bina partladılıb. Sonra dedilər ki, tikilinin üstündəki zibil qalağından alışıb. İndi də deyirlər ki, tikili ilə bina bitişik olmasaydı, bu hadisə baş verməzdi. Olmaz axı belə..."
 
Vəsatəti baxılmamış saxlayan məhkəmə noyabrın 10-da davam edəcək.
 
 
Xatırlatma
 
Ötən il mayın 19-da baş vermiş yanğın ucbatından səkkiz nəfər məhkəmə qarşısına çıxarılıb: "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC sədrinin müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyəti təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara CM-in 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.
 
Təqsirləndirilən şəxslərdən Akif Əlibəyov və Ağacavad Məmmədov həbsdə deyillər. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru