Moskvadan Bakıya külli miqdarda qara kürü gətirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Maide.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Mahmudzadə Hüseyn Nazim oğlu gömrük nəzarətindən yaşıl kanalla keçərkən qanunvericiliyə uyğun olaraq əl baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Baxış zamanı gömrükçülər monitorda çoxlu sayda müxtəlif formalı qablarda qablaşdırılan kürüyə oxşar maddə müşahidə edib. Bundan sonra həmin çantada yoxlama aparılıb və oradan gömrük nəzarətinə təqdim olunmayan 40 ədəd müxtəlif ölçülü qablarda qablaşdırılan qara və qırmızı rəngli balıq kürüsü aşkar edilib.
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə də aşkar edilən qaçaqmalçılıq predmeti kustar üsulla hazırlanan, 19 kiloqram 210 qramı qara, 0.995 kiloqramı isə qırmızı rəngli olmaqla, ümumi xalis çəkisi 20 kiloqram 205 qram olan "nərə" cinsli balıq kürüsüdür.
 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterburq-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.Belə ki, Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb, müvafiq qanunvericiliyə uyğun şəkildə üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunub.Hər iki faktla bağlı DGK-nın İstintaq İdarəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru