Mundialda son 1/4 finalçılar müəyyənləşdi

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub

Bu mərhələdə son oyun günü ilk olaraq Argentina və İsveçrə milliləri kimin güclü olduğunu müəyyənləşdirməyə çalışıb. Oyundan əvvəl favorit Cənubi Amerika təmsilçisi göstərilirdi. Statistikada İsveçrənin Argentina ilə keçirdiyi 6 qarşılaşmanın heç birində qalib gəlmədiyini görmək mümkündür. Belə ki, 4 dəfə ikiqat dünya çempionları qalib gəlibsə, 2 matçda üstün tərəf müəyyənləşməyib. İsveçrə Argentinaya qol vurmaqda da çətinlik çəkir. Avropalıların 3 qoluna argentinalılar 14 qolla cavab verib.
 
Bu oyunda da argentinalılar üstün olublar. Bütün matç boyu tərəflərin qol cəhdlərinə baxmayaraq əsas vaxtda qapılar toxunulmaz qalıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada isə Argentina seçməsi üstün olub.  118-ci dəqiqədə Anhel Di Mariyanın vurduğu qolla Alexandro Sabelyanın yetirmələri mərhələ adlayıb.
Belçika – ABŞ oyunu isə 1/4 finala vəsiqə qazanan 8-ci komandanı müəyyənləşdirib. Hələ mundial başlamamışdan öncə heyətinə görə gücü yüksək qiymətləndirilən Belçika yığması bu görüşdə favorit göstərilirdi. Bu komandalar indiyə kimi 5 dəfə üz-üzə gəlib. 4 dəfə Belçika, 1 dəfə isə ABŞ qələbəyə sevinib. 8 dəfə “qırmızı iblislər” qol vurub. 5 dəfə isə yankilər” fərqlənib.
 
Bu dəfə də sevinən tərəf Belçika olub. Avropalılar ikinci hissədə və əlavə olunan vaxtın birinci hissəsində böyük üstünlüyə malik olublar. Mark Vilmotsun yetirmələri bu üstünlüyü 2 qola çevirə bilib. Hesab 93-cü dəqiqədə açılıb. Kevin De Brüyne fərqlənib. 104-cü dəqiqədə Romelu Lukaku daha bir hücumu məntiqi sonluqla tamamlayıb. Bundan sonra özünə gələn ABŞ millisi oyunun son dəqiqələrində rəqibə gərgin anlar yaşadıb. Amma amerikalıların cəmi 1 qol vurmağa gücləri yetib. Yulian Qreen fərqi minimum endirsə də ABŞ seçməsinin bərabərlik arayışları faydasız qalıb. Bununla da Mark Vilmotsun komandası çətinliklə də olsa 1/4 finala yüksəlib. Belçika 1/4 finalda Argentinaya rəqib olub. 1/4 final mərhələsinə iyulun 4-ü Bakı vaxtı ilə 21:00-da Fransa – Almaniya dueli ilə start veriləcək. Gecə saat 01:00-da meydan sahibi Braziliya Kolumbiyanı sınağa çəkəcək. Bu mərhələdə ikinci oyun günü daha 2 görüş keçiriləcək. İyulun 5-I Bakı vaxtı ilə 21:00-da Argentina – Belçika, gecə saat 01:00-da isə Hollandiya – Kosta-Rika matçı keçiriləcək.
 
1 iyul
1/8 final mərhələsi
 
Belçika - ABŞ - 2:1
Qollar: De Bürene, 93 (1:0), Lukaku, 104 (2:0), Qreen, 107 (2:1)
Baş hakim: Camel Haymoudi (Əlcəzair)
 
Argentina - İsveçrə - 1:0
Qol: Anxel di Mariya, 118 (1:0)
Baş hakim: Jonas Erikson (İsveç)

Google+ WhatsApp ok.ru