NAMAZ ALLAHIN ZİKRİDİR

Mirməhəmməd Bəşir

NAMAZ ALLAHIN ZİKRİDİR


Allah-Taala Quran-Kərimin “Taha” surəsinin 14-cü ayəsində buyurur:

أَقِمِ الصَّلاةَ لِذِكْري‏

“Namazı Məni zikr etmək üçün qıl!”

İmam Əli (ə) də sanki bu ayənin təfsirində buyurur:

أَفِيضُوا فِي ذِكْرِ اللَّهِ فَإِنَّهُ أَحْسَنُ الذِّكْر

“Allahın zikrində üzün (yəni Allahı çox yad edin), həqiqətən də, o, ən yaxşı zikrdir.” ("Tuhəful-uqul", s.149; "Təsnifu ğürəril-hikəm", s.188, hədis 3607.)

Namaz bütün yaxşılıqların qapısıdır, bütün mənəvi və maddi uğurların, kamal mərhələlərinin birinci pilləsi və başlanqıc nöqtəsidir, həm də bütün xoşbəxtliklərin son pilləsidir. Çünki Allahla başlayır, Allahla seyr edir və Allaha qayıdırsan.

Amma bu xoşbəxtliyə çatmaq üçün namazın ruhu və həqiqəti ilə tanış olmalısan. Sən namazın ruhu olmalısan, namazın da sənin ruhunun həqiqəti olmalıdır.

“O möminlər sonda nicat əhli olacaqlar ki, namazlarında təvazökar idilər.” (“Mu`minun/2.) Çünki namaz möminlərin meracıdır, o merac ki, orada Allahın əzəməti tamamilə dərk edilir. Mömin bu meracda Allahın böyüklüyünü dərk etdikcə, özünün də kiçikliyini görür, Allahın böyüklüyünü vücudu ilə dərk edərək özünü təslim edir. Təslim olan insan böyüyün əmrindən çıxmır. Hər yerdə Onu və qüdrətini, özünün isə kiçikliyini görür.

Allah-Taala bəndəsini sevdiyi üçün, onu özünün görə bilmədiyi şər və pisliklərdən qorumaq üçün əmr edir ki, namazı qorusun. Namazı qorusun ki, namaz da onu qorusun.

حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ

“Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.” (Bəqərə/238.)

إِنَّني‏ أَنَا اللَّهُ لا إِلهَ إِلاَّ أَنَا فَاعْبُدْني‏ وَ أَقِمِ الصَّلاةَ لِذِكْري‏

“Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də, Mənə ibadət et və namazı Məni zikr etmək üçün qıl!” (Taha/14.)

Zikr, yəni yad etmək, yada salmaq, xatırlamaq, tərifləmək, şöhrət, ad, işarə, agahlıq, sitayiş, böyüklük və ucalıq.

Allah-Taala buyurur ki, “əqimis-səlatə lizikri” – namazı məni xatırlamaq və yada salmaq üçün bərpa edin. Allahı yada salmaq və xatırlamaq, yəni Allahın hədsiz qüdrətini, sonsuz elmini, tükənməz hikmətini və əbədi həyatı düşünmək.

Allahı yada salmaq, yəni Allahı hər şeyə qadir və qüdrətli bilmək, Allahın qüdrətini bütün güclərin fövqündə bilmək. Elə bir “Qüdrət” ki, onun varlığa ilə kimdənsə qorxmamalı, qorxunun ürəyinə hakim kəsilməsinə yol verməməli, özünü Onun gözündən gizlətməyə çalışmamalı və bilməlisən ki, Ondan qaçıb-qurtara və Ondan gizlənə bilməzsən.

Allahı yada salmaq, yəni özünü mütləq gücün himayəsində görmək, Ona etimad və təvəkkül etmək, Onun təqdirinə təslim olmaq və Onun qoyduğu sərhədləri (olar-olmazları) qorumaq.

Allahı yada salmaq, yəni Allahı Onda olan bütün sifətlərlə ürəkdə saxlamaq, ruh aynasında onları görmək və Onu mədh edib tərifləmək.

Allahı yada salmaq, yəni Onun adını hər yerdə ucaltmaq, Onu Öz adı və sifətləri ilə çağırmaq, Onu tanımaq, ilahi mərifət məqamını qazanmaq, Onu hər şeydən böyük görmək, bütün böyükləri Ondan kiçik bilmək, ümumiyyətlə, “böyük” sözünü Ondan başqa heç kəsin barəsində işlətməmək və Ondan başqa birinin böyüklüyü haqqında düşünməmək və zehindən belə keçirməmək.

“Əllahu-əkbər” – Allahı böyüklüklə zikr etmək və yada salmaq üçün ən gözəl sözdür və bu maddi, məhdud, naqis və fani dünyada O böyük, ədəbi və hədsiz vücudu bu sözlə kamil tanıtdırmaq olar. Elə buna görə də, namaz qılmalıyıq ki, onun azan və iqaməsində, niyyət və qunutunda, rüku və səcdələrində “Əllahu-əkbər” deyə Onu yad edək.

Bəli, namaz budur, namaz “Əllahu-əkbər”dir, namaz Allahın böyüklüyünü özünə və digərlərinə xatırlatmaq, özünün və digərlərinin necə də zəif və gücsüz olduğunu dərk etməkdir. Bunu nəzərə alaraq Peyğəmbəri-Əkrəm buyurur:

ان اول ما فرض الله تعالی الصلواة و آخر ما یبقی عند الموت الصلوة و اول ما یحاسب به یوم القیامة الصلوة. فمن اجاب فقد سهل علیه ما بعده و من لم یجب فقد اشتد ما بعده.

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölənədək öz qüvvəsində qalan əmr də namazdır. Qiyamət günü sual olunacaq ilk məsələ namazdır. Qiyamət günü hər kəs namaz hesabından uğurla çıxdısa, yerdə qalan mərhələləri asanlıqla adlayacaq, əgər namazda layiqli cavabı olmadısa, sonrakı mərhələlər də onun üçün çətin olacaqdır. (“Ləalil-əxbar”, 4/8).

“Əllahu-əkbər” dinin ən böyük şüarıdır və bu şüarla başlanan ibadət, yəni “namaz” İslamın bayrağıdır. Peyğəməbər (s) buyurur ki, namaza ürəkdən bağlanan, onun ədəb qaydalarına riayət edən, onu vaxtında yerinə yetirən kəs mömin adlanır. (“Kənzül-ümmal”, Müttəqi Hindi, c.7, s.1887.)

Bir sözlə, Allah-Taala QuraniKərimdə təkrar-təkrar namaza əmr edir və namazı Allahı yad etmək və xatırlamaq üçün ən gözəl vasitə sayır. Amma “Nə üçün Allahı daima zikr etməliyik və bu zikr də namaz olmalıdır?” – sualının cavabı yenə də elə bu zikrin, yəni namazın özündədir. Biz hər dəfə namazda Allahla əhd bağlayırıq ki, ilahi, “iyyakə nə`budu və iyyakə nəstəin”, yəni “yalnız Səndən kömək istəyir və yalnız Sənə ibadət edirik”, başqa sözlə, yəni Səni hər şeydən böyük və Səni hər şeyə qadir bilirik, bizə hər bir işdə istənilən an kömək edə biləcək biri varsa, O da Sənsən və Sən hər şeyə qadirsən!

Allah-Taala ilə bağladığımız bu əhd-peymandan sonra, artıq heç bir günah, heç bir ümüdsizlik və heç bir qorxuya yer qalmır. Bu səbəbdən, Allah-Taala insanı hər gün beş dəfə Özü ilə əhdini təzələməyə çağırır ki, insan özünü daima Onun hüzurunda görsün və özünü günahlardan qoruya bilsin. “Ənkəbut” surəsinin 45-ci ayəsində buyurur:

اتْلُ ما أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتابِ وَ أَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهى‏ عَنِ الْفَحْشاءِ وَ الْمُنْكَرِ وَ لَذِكْرُ اللَّهِ أَكْبَرُ وَ اللَّهُ يَعْلَمُ ما تَصْنَعُون‏

“Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.”

Yenə son söz Allahındır:

أَ لَمْ يَأْنِ لِلَّذينَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَ ما نَزَلَ‏ مِنَ‏ الْحَقِ‏ وَ لا يَكُونُوا كَالَّذينَ أُوتُوا الْكِتابَ مِنْ قَبْلُ فَطالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَ كَثيرٌ مِنْهُمْ فاسِقُون‏

“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə, (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!” (Hədid/16.)

Google+ WhatsApp ok.ru