Narahatlıq yaradan “Formula”

Narahatlıq yaradan “Formula”

-- Heç bir ölkədə dünyaca məşhur yarışlar paytaxtın mərkəzi küçələrində keçirilmir

Aprelin 27-dən 29-dək Bakıda keçiriləcək "Formula-1" yarışlarının növbəti mərhələsi ilə əlaqədar paytaxt əvvəlki illərdə olduğu kimi yenə də kollapsa uğrayıb.
 
Demək olar ki, Bakı bütün mərkəz boyunca çəkilmiş setkalar, yolları ayıran daş plitələrlə iflic vəziyyətinə salınıb. Yarışlara hələ bir həftə qalmış bəzi avtobusların marşrutu, hətta avtobus dayanacaqları dəyişdirilib. Dənizkənarı Bulvar tərəfdən Kukla Teatrının yanındakı dayanacaq ləğv edilib və beton plitələrlə örtülüb. Adamlar ya "Azneft" meydanında, ya da "Sahil" metrosunun yanında düşərək təxminən 2 km. piyada yol getməli olurlar. Lökbatan və Bayıl qəsəbələrinin sakinlərindən nə deyək? Onlar yaşadıqları yerlərdə qapanmış vəziyyətdə qalıblar.
 
Onu da deməliyəm ki, ölkəmizdə keçirilən idman və ya digər tədbirlərin qətiyyən əleyhinə deyiləm, üstəlik əgər bu tədbirlər büdcəyə müəyyən dividentlər gətirirsə. Yeri gəlmişkən, "Formula-1"dən daxil olan qazanc barədə. Ötən il keçmiş gənclər və idman naziri Azad Rəhimov 2018-ci il üçün yarışların xərcini açıqlamayaraq bildirmişdi ki, ölkə əsasən bilet satışından gəlir götürür.
 
"Əsas gəlir mənbəyi bilet satışıdır. Nə qədər ki özümüzün reklam yerlərimiz yoxdur, sponsorları cəlb edə bilmərik, bütün reklam "Formula-1"ə məxsusdur", - A.Rəhimov deyib.
 
O əlavə edib ki, yarışları izləyənlər əsasən Rusiya sakinləridir. Rejissor Stanislavcki keçmiş nazirin sözlərini eşitsəydi "inanmıram" deyərdi. Müstəqil blogerlərin və jurnalistlərin çəkdikləri çoxsaylı fotolar tribunaların yarıboş, bəzən isə bomboş olduğunu göstərir. Məntiq inadkar bir şeydir, mübahisə edə bilməzsən: hətta Baku City Circuit-in (BСС) marketinq məsələləri və ictimaiyyətlə əlaqələr üzrə direktoru Nigar Arpadarainin dediyi kimi, xərclərin azalmasına baxmayaraq, yarıboş tribunalar zərər deməkdir.
 
N.Arpadarainin bəyanatları da mübahisəlidir. Brtitaniyalı ekspert onu təkzib edir, ancaq bu barədə bir qədər sonra. Qeyd etmək lazımdır ki, hətta azalan xərclər də kifayət qədər yüksəkdir. Əgər bulvarın bir hissəsinin icarəsinə görə BCC Dənizkənarı Bulvar İdarəsinə 1 300 000 manat ödəyirsə, xarici məşhurların gəlişi ölkəyə bundan da baha başa gəlir. Çəkilən xərclərin özünü doğruldub-doğrultmaması mübahisəli məsələdir. Ancaq ölkə vətəndaşlarının minimum 10 gün mənəvi və fiziki rahatsızlığa məruz qalması isə mübahisə doğurmur. mərkəzi küçələrdə lki cərgə setkalar, adamlardan ibarət canlı tıxaclar, lazımi vaxtda lazımi yerdə ola biməmək əsəbləri tarıma çəkir, bəzən isə mühüm maliyyə sövdələşmələrini pozur. Ümumilikdə, "Formula-1" yarışları müddətində Bakı Böyük Vətən Müharibəsi illərində Leninqradın blokadasını xatırladır.
 
Heç bir ölkədə dünyaca məşhur yarışlar paytaxtın mərkəzi küçələrində keçirilmir. Bu günədək Qran-pri yarışları Böyük Britaniya, Braziliya, Belçika, ABŞ, Çin, Bəhreyn və s. keçirilib. Məsələn, Böyük Britaniyada yarışlar Northemptonşirdə Silverstoun kəndi yaxınlığında "Silverstoun" trassında keçirilir. Bəhreyndə xüsusi inşa edilmiş "Sahir" avtodromunda, Braziliyada Xose Karlos Pase adına avtodromda, Çində Şanxay avtodromunda keçirilir. Yalnız Monakoda "Formula 1" pilotları öz məharətlərini şəhər ətrafında nümayiş etdirirlər. Ancaq bunun da öz səbəbi var -ölkə ərazisi o qədər kiçikdir ki, yarışmağa yer yoxdur.
 
Azərbaycanda neft sənayesi iqtisadiyyatından qeyri-neft iqtisadiyyatı sahəsinə keçid, regionlarda turizmin inkişafı dövründə onların birində avtodram inşa etmək və bununla da bir güllə ilə iki dovşan vurmaq olardı - paytaxt sakinlərini yarış blokadasından xilas etmək və regiona turist cəlb etməklə ikiqat mənfəət götürmək.
 
Azərbaycanda "Formula-1"in ümumi xərcləri açıqlanmır, lakin britaniyalı ekspertin sözlərinə görə, təkcə 2016-cı ildə Bakıda Qran-prinin keçirilməsinə 34 mln. dollar xərclənib. Hər il bu xərc 10% artır. Bəs BCC nümayəndəsinin xərclərin azalması ilə bağlı sözləri necə olsun? Uyğunsuzluq yaranır.
 
Qeyri-rəsmi məlumatlara görə, 2016-cı ildə Qran-pri xərcləri 150 mln. manat təşkil edib. Bura konsertlər, pit-stopların inşası, yolların və tribunaların hazırlanması da daxildir. (contact.az)
 

Google+ WhatsApp ok.ru