Nardaran hadisələrində yaralanan şəxsin müalicəsi yubadılır

Nardaran hadisələrində yaralanan şəxsin müalicəsi yubadılır

Dünən (red- 4 iyun) saat 12:30-da Nardaran hadisələri zamanı polis xüsusi təyinatlıları tərəfindən güllələnən və sonradan həbs olunan Şamil Abduləliyevin Nizami Rayon Məhkəməsində iclası olub.
 
Bu barədə Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova Rakurs.tv-yə açıqlama verib.
 
Zibeydə Sadıqova açıqlamasında vurğulayıb ki, karantin olduğu üçün Şamil Abduləliyev məhkəməyə gətirilməyib və prosesə "Skype" vasitəsilə qoşulub.
 
"Ekspertiza rəy vermişdi ki, Şamil Abduləliyev cəzasını çəkdiyi müddətdə də müalicə ala bilər. Yəni iddia etdilər ki, onun xəstəliyi siyahıda olan və məhkumların azadlığa çıxması ilə nəticələnən xəstəliklərə aid deyil. Prokuror da məhkəmədən Şamil Abduləliyevin azadlığa buraxılmamasını və həbsxanada olduğu müddətdə müalicə olunmasını istədi. Mən də məhkəmədə çıxışım zamanı bildirdim ki, Şamilin bədənində olan güllələrdən 1-i çıxarılsa da digər ikisi hələ də qalır. Hər dəfə onunla həbsxanada görüşəndə artıq onurğa sütununun əyildiyinin şahidi oluram, o hal hazırda axsayaraq yeriyir və ağrılarının olduğunu vurğulayır. Bizim dəfələrlə Ombudsman Aparatına, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etdiyimizi də dedim. Bildirdim ki, hətta Baş Tibb İdarəsinin rəhbərliyi bizə əməliyyat edə biləcəklərini lakin bunun üçün növbədə olmağın zəruriliyini söylədilər. Növbənin nə vaxt gəlib çatacağı isə qeyri-müəyyəndir. Biz dəfələrlə müraciət etmişik ki, Şamili öz hesabımıza əməliyyat etdirək. Lakin bütün müraciətlərimizə rədd cavabı verilib. Ona görə də biz məhkəmədən istədik ki, Şamil Abduləliyev xəstəliyi ilə əlaqədar olaraq şərti azadlığa buraxılsın. Lakin məhkəmə hakimləri şikayətimizi təmin etmədilər. Bundan sonra apellyasiya şikayəti verəcəyik", - deyə Zibeydə Sadıqova diqqətə çatdırıb.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Beynəlxalq təşkilatlar Adil Abduləliyevin həbsini siyasi sifarişli hesab edərək onun siyasi məhbus olduğunu vurğulayırlar.

Google+ WhatsApp ok.ru