NEMƏTLƏR AĞUŞUNDA QƏFLƏT 27 Sentyabr 2018 01:00 İbrətamiz hekayələr Adi insanlar üçün ilahi məhəbbətə aparan ən sadə yol Allahın nemətlərini tanıyıb, bu nemətlər haqqında düşünməkdir. Bu bir həqiqətdir ki, Allah-Taala Öz bəndələrini saysız-hesabsız nemətlər içində qərq etmişdir. Çox olur ki, çətinliyə düşmüş insan üçün bütün qapılar üzünə bağlandığı vaxt qəfildən Allahın lütfü nazil olur və çətinlik ağıla gəlməyən bir yolla aradan qalxır. Bu zaman insan ixtiyarsız olaraq Allah qarşısında xəcalət çəkir və pıçıldayır: “Pərvərdigara, axı mən bu yaxşılığa layiq deyildim.” Gözlənilməyən nemət insanın qəlbini riqqətə gətirir, onda şövq yaradır. İnsan sonralar da bu lütfü xatırladıqda eyni şövqü duyur. Hər dəfə belə lütflər xatırlandıqda, Allaha məhəbbət daha da artır. Hətta bu duyğu xasiyyətə də çevrilə bilir. İlahi nemətlər təkcə gözümüz qarşısında olan nemətlərlə məhdudlaşmır. Varlıq aləmi bütövlükdə bir nemətdir. İmam Hüseyn (ə) “Ərəfə” günü günəşin yandırıcı istisi altında durub gözlərindən yağış yağırmış kimi ağlayır və bu əziyyətli şəraitdə Allahın nemətlərini sadalayırdı: “Hansı nemətlərini sayım, hansı nemətlərini xatırlayım? Hansı nemətinə görə təşəkkür edim? Bu nemətlər saya biləcəyimizdən daha çoxdur. Ey mənim məbudum, şahidəm həqiqi imanımla, gözümün nuru və alnımın qırışları ilə, dövr etməkdə olan qanımla, burnumun yuxa pərləri və qulağımın pərdələri ilə, toxunan dodaqlarım və dilimin söz yaradan hərəkətləri ilə...” Gəlin, mənəvi nemətləri də unutmayaq. İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara, Sənin zikrin, Səni çağırmaq üçün verdiyin icazə ən böyük nemətlərindəndir.” Bəli, öz kiçik vücudumuzla əzəmətli Allah qarşısında dayanıb söz deyə biliriksə, bu özü böyük nemətdir. Əlbəttə ki, Allah qarşısında hamının danışmaq ləyaqəti yoxdur. Odur ki, İnsan Allaha olan məhəbbətini artırmaq üçün Onun verdiyi nemətlər barədə düşünməlidir. Çoxları darda olduğu zaman Allahın gözlənilməz yardımından faydalanmışlar. Bu yardımlarla bərabər, hər birinin öz yeri olan digər nemətləri də unutmaq olmaz. Bədənin hər bir üzvü insan üçün böyük nemətdir. Biz bunu yalnız xəstələndiyimiz zaman anlayırıq. Hər birimiz özümüzdən soruşmalıyıq ki, Allahın əzəmətli nişanələri haqqında lazımınca düşünürükmü? Görən, kiçik bir toxum yoğun gövdəli ağaca necə çevrilir? Yağışın necə yağmasından, onun faydalarından xəbərdarıqmı? Əgər yalnız gündüz, ya da ki, hər zaman gecə olsaydı, vəziyyət necə olardı? Bir gün yatmayanda olmazın əziyyətini çəkən insan yuxunun necə bir nemət olduğunu fikirləşirmi? Sonu olmayan göy aləmi və ondakı möcüzələr diqqətimizi cəlb edibmi? Quranda buyurulur ki, yer, göy, dağlar, dənizlər, günəş, ay, ulduzlar hər biri Allahın nişanəsidir. Bir sözlə, insan hər bir əsərə baxanda onun yaradıcısını xatırlamalıdır. Sudan ləzzət alan insan bu neməti bəxş etmiş Allahı unutmamalıdır. “Vaqiə” surəsinin 68-70-ci ayələrində buyurulur: أَفَرَأَيْتُمُ الْمَاء الَّذِي تَشْرَبُونَ. أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ. لَوْ نَشَاء جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ «Buludlardan suyu endirən sizsiniz, yoxsa biz? Əgər istəsək onu acı edərik. Bəs nə üçün şükür etmirsiniz?» (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.233-235.) Hazırladı: Maide.Az Teqlər : #NEMƏTLƏR AĞUŞUNDA QƏFLƏT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞURA MƏKTƏBİNİN ÖZƏLLİKLƏRİ KƏRBƏLA ŞƏHİDİ: BÜREYR İBN XÜZEYR HƏMDANİ