İntizarın təsirləri-3

İntizarın təsirləri-3

 
İnsan müxtəlif aspektdən fərqli yönlərə malikdir. O, həm nəzəri-ideoloji, həm fərdi-ictimai, həm də fiziki-psixoloji yönlərə malik bir varlıqdır. Heç şübhəsiz, insan bütün bu yönlərdə müəyyən bir çərçivə və sərhəddə möhtacdır ki, həqiqi və doğru həyat yolunu tapmalı, əyri yolların qapılarını üzünə bağlamalıdır. Həqiqi və doğru yol isə, məhz, intizar yoludur. 
 
Şübhəsiz, vəd edilən böyük xilaskarın intizarını çəkmək intizarçıların həyatının bütün yönlərində öz təsirini qoyur. Əməl və rəftarların təməlini quran nəzəri-ideoloji yönlər insan həyatının əsas inanclarını öz orbitində qoruyub-saxlayır. Başqa sözlə, doğru və qurucu intizar azğın məktəblərin tələsinə düşməmək və Sahibəz-Zamanın (c.f.) qeyb dövrünün uzun çəkməsi nəticəsində ümidsizlik və pessimizmə qapılmamaq üçün intizarçılardan etiqadi əsaslarını möhkəmlətməyi tələb edir. İmam Baqir (ə) buyurur: “Bir zaman gələcək ki, insanların imamı qeybə çəkilər. Xoş olsun o zaman bizim vilayətimizdə sabit və möhkəm qalanların halına!” (“Kəmalud-din”, c.1, hədis 15, səh.602.)
 
Yəni qeyb dövründə düşmənlər müxtəlif şübhələrlə şiələrin düzgün əqidə əsaslarını sarsıtmağa çalışsalar da, qəlbləri imanla dolu olanlar intizar cəphəsində öz inanclarını qoruyacaqlar.
 
İntizarın mühüm təsirlərindən biri də insanın bütün əməl və davranışlarına düzgün istiqamət verməsidir. Zühurun intuzarını çəkən şəxs əməl meydanında öz rolunu düzgün ifa etməli, haqq dövlətin zühuru üçün uyğun şərait hazırlamalıdır. Bu sahədə özünü islah etməklə yanaşı, cəmiyyətin islahını da qarşıya məqsəd qoymalıdır.
 
Fərdi baxımdan da, intizar insanın əhval-ruhiyyəli olmasında, əxlaqi səciyyələrin kəsb edilməsində, nur cəphəsinin bacarıqlı qüvvəsinə çevrilməsində də təsirsiz deyildir. Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mənəvi cəhətdən tam hazırlıq tələb edir ki, onun da nə qədər müsbət təsirləri vardır. Bütün yer üzünü islah etmək, zülmlərə, təfriqə və ixtilaflara son qoymaq isə sadə bir iş deyil, belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərindüşüncəli, tam hazırlıqlı, sözü və əməlində doğru şəxsiyyətlər lazımdır. Sözsüz, belə böyük hədəf uğrunda insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. İmam Sadiq (ə) buyurur: “Qaimin (ə) səhabələrindən olmaq istəyənlər onu gözləməli, intizar içində təqvalı olmalı və yaxşı əxlaqla bəzənməlidir.” (“Əl-qeybət”, Nömani, fəsil 11, hədis 16, səh.200.)
 
İmam Məhdinin (ə) intizarının digər mühüm təsirlərindən biri də, insanların bir-birilə sıx rabitədə olması və ictimai həmkarlığıdır. Qurucu intizar fərdi islahı tələb etdiyi kimi, ictimai birliyi qorumağı, ümumi islahı da qarşıya məqsəd qoyur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edərək, hamı bir məqsəd üçün çalışacaqdır. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz, hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Burada mübarizlərin fəal iştirakı olmadan, belə bir proqramın icrası qeyri-mümkündür. Buna əsasən, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir.
 
Bir sözlə, “intizar” bərəkətli bir axın kimi, insanların fərdi və ictimai sahələrində özünü büruzə verir, onların həyatını ilahi rəngə boyayır. Doğrusu, Allahın rəngindən gözəl bir rəng ola bilərmi? Qurani-Kərimdə buyurulur: “(Bəli, bizim qəlblərimizin imanı) ilahi rəngdir! Kimin rəngi Allahınkından gözəldir?” (“Bəqərə” surəsi, ayə 138.)
 
Demək, dünyanın böyük xilaskarının intizarını çəkənlərin vəzifəsi məhz “ilahi rəng”ə boyanmaqdır. Hadisəyə bu dünyagörüşlə baxılsa, ictimai vəzifələr intizarçıların çiyinlərinə ağırlıq gətirməz. Əksinə, həyata məna və hədəf bəxş edər. Doğrusu, əgər mehriban bir komandir və dostluq karvanının rəhbəri səni ləyaqətli bir əsgər kimi iman xeyməsinə çağırsa və haqq cəphəsində iştirak etməyini istəsə, nə hiss edərsən?
 
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru