ÇOXLUQ MEYAR SAYILMIR!

ÇOXLUQ MEYAR SAYILMIR!

İmam Əli (ə) buyurmuşdur:

ايُّهَا النَّاسُ لا تَسْتَوْحِشُوا فى طَريقِ الْهُدى‏ لِقِلَّةِ اهْلِهِ؛

“Ey camaat, hidayət yolunda onun tərəfdarlarının azlığından qorxmayın.(“Nəhcül-bəlağə”, xütbə 201.)

İnsan əqlinin bəlalarından biri də cəmiyyətin kəmiyyət çoxluğuna təslim olmasıdır ki, bu, ayə və rəvayətlərdə qadağan edilmişdir. Hətta bəzi ayələrdə azlıq təriflənmiş, çoxluq isə pislənmişdir. Məsələn, “Ənam” surəsinin 116-cı ayəsində buyurulur:

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ...

“Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar…”

Bundan əlavə, əksəriyyət, sayı ondan çox ayədə cəhalət və nadanlıq, beş ayədə nankorluq, dörd ayədə isə, imansızlıqla vəsf edilmişdir.

Demək, ayə və rəvayətlərdən əksəriyyətin məzəmmət olunması başa düşülür. Həm də, müasir dünyamızda hər yerdə əksəriyyətdən söz açılır və bəşərin taleyi ilə əlaqəli bir çox məsələlər əksəriyyətin nəzərinə əsaslanır. Burada belə bir sual yaranır: “Meyar nədir?”

Deməliyik ki, bəşər cəmiyyəti bir-birindən fərqlənir; əgər bir cəmiyyətin hakim dairələri saleh insanlardırsa, sözsüz, əksəriyyətə tabe olmaq məsləhət görülür, yox, əgər cəmiyyəti nəfsin istəklərinə uyanlar idarə edirlərsə, İslam nəfsin istəklərinə uyan əksəriyyətə tabeliyi məntiq və əql ilə uzlaşmadığından tövsiyə etmir.

Başqa sözlə, İslam kəmiyyət çoxluğuna deyil, keyfiyyət çoxluğuna tabedir! Elə buna görə də, Allah-Taala “Hud” surəsinin 7-ci və “Mülk” surəsinin 2-ci ayələrində buyurur:

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur.”

Bu ayədə “əksəru əmələn” (əməlcə daha çox olduğunu) deyil, “əhsənu əmələn” (əməlcə daha gözəl olduğunu) – ibarəsi işlədilir. Çünki kəmiyyət çoxluğu deyil, keyfiyyət çoxluğu böyük əhəmiyyət daşıyır!

Diqqət yetirməliyik ki, çağdaş dünyamızda bədbəxtliklərin yolunu əksəriyyət məsələsində arayıb-axtarırlar. Ona görə ki, qeyri-dini cəmiyyətlərdə keyfiyyət çoxluğu üçün müəyyən bir ölçü və meyar yoxdur və hamı özünün ideal cəmiyyət olduğunu iddia edir. Buna görə də, cəmiyyətə hakim rejimin qorunması üçün əksəriyyətin nəzərinə üstünlük verilməyə cəhd göstərilir, hərçənd, ona əsasən, səsvermədə alim, bacarıqlı və idarəçilikdə müvəffəq şəxs də bir səs, savadsız və məlumatsız şəxs də bir səsə sahib olur! Buna əsasən, qeyd etdiyimiz ayə və digər ayələr sağlam və saleh cəmiyyətə aid deyil.

Bu hədisin mesajları

Biz insanlar siyasi həyatımızda çoxluğa tabe olsaq da, əxlaqi həyatımızda çoxluğa tabe olmamalıyıq. Əgər yer üzündə yaşayan insanların əksəriyyəti haram mal yeyirsə, biz əksəriyyətin rənginə boyanmamalıyıq. Əgər əksəriyyət şəxsi mənafeinin təhlükəyə düşdüyünü gördükdə, yalan danışırsa, biz azlıq təşkil edən zümrədə olduğumuzu bəhanə edərək düzdanışanların sırasından çıxmamalı, sədaqətli insanların sayının azlığından qorxub yalançıların sırasına qoşulmamalıyıq. Mömin insan əxlaqi məsələlərdə müstəqil olmalıdır, yəni (fərz edək ki,) yer üzündəki bütün insanlar alkoqolizmə qurşanırsa, o, özünü tək-tənha gördükdə, qorxu hissi keçirmədən doğru yoluna davam etməli və “Rüsvay olmaq istəmirsənsə, camaatla həmrəng ol!” – şüarına itaət etməməlidir. Yaxud “Kim düz danışır ki, biz də düz danışaq?” – kimi ibarələrə uymamalıdır. Şübhəsiz, qiyamət günü bu sayaq bəhanələr qəbul edilməyəcək. İnsan o zaman saleh olub Allah yolunda addımlayır ki, başqalarının sözlərinə yox, yalnız ilahi kəlamlara baxsın.

İlahi, bizi dünya və axirətdə Əhli-beytdən (ə) ayrı salma, həmişə haqq yolda sabitqədəm saxla və haqq yolunda tənhalıq vəhşətini bizdən uzaqlaşdır!

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru