Psixoloq: ‘Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir’

Psixoloq: ‘Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir’

Yeniyetməlik dövrü uşaqlarda şəxsiyyətin formalaşmağa başladığı dövrdür.
 
Onlar bu dövrdə bir fərd kimi cəmiyyətdə özlərinə yer qazanmağa başlayırlar. Bu dövrü həm də  insan həyatında ən çətin psixoloji mərhələlərdən hesab olunur.
 
Ona görə də, bəzən valideynlər uşaqlarla münasibətdə bir sıra çətinliklərlə üzləşirlər.
 
Maide.Az bildirir ki, bu dövrdə uşaqların yaşadıqları problemlər, valideynlərin onlarla rəftarı, yeniyetmələrin dost seçimi – bu və digər suallarla bağlı psixoloq Lalə Hüseynova Modern.az-ın suallarını cavablandırıb.
 
 
- Valideyn-övlad arasında normal münasibət olduqda bir çox məsələlər asanlıqla həll oluna bilər. Təəssüf ki, bəzən bu münasibətlər düzgün qurulmur. Bəs niyə valideynlərlə övladlar arasında problemlər ən çox yeniyetməlik dövründə ortaya çıxır?
 
- Yeniyetməlik dövründə özünü göstərən neqativ hallar uşaqlıq dövrü ilə birbaşa bağlıdır. Ailə bu baxımdan uşağın həyatında mühüm rol oynayır. Ailədə şiddət görən, avtoritar mühitdə böyüyən uşaq yeniyetməlik dövründə əsəbi olacaq, valideyninə cavab qaytarmağa, kobudluq etməyə başlayacaq. Belə bir deyim var “nə tökərsən aşına, o da çıxar qaşığına”.
 
- Ailədə övladların sayı artdıqca valideynlərin də çətinlikləri artır. Sizcə, övladlara diqqət necə bölünməlidir?
 
- Uşaqlar daha çox anlayış istəyirlər. Onlar elə düşünürlər ki, ataları və ya anaları onları başa düşmür. Onlara anlayış göstərmək, dinləmək lazımdır. Bəzən valideynlər iş və ya digər səbəblərlə əlaqədar uşağa vaxt ayırmırlar. Halbuki hər şeydən öncə övlada vaxt ayırmaq, onu dinləmək lazımdır. Uşağı dərslə yükləmək, onun problemlərini dinləməmək və ya dinləyirmiş kimi göstərib reaksiya verməmək çox pis sonluqla nəticələnə bilər.
 
- Bəzi şagirdlər abituriyentlik dövrlərində də narahat, əsəbi və səbirsiz olurlar. Bütün bunların öhdəsindən necə gəlmək olar?
 
- Karyeramın başlanğıcında mənə iki uşaq müraciət etmişdi və mən onlarda şəxsiyyət pozuntusu görürdüm. Valideynləri onları o qədər yükləmişdilər ki, mənim yanıma gələndə artıq robotlaşmışdılar. İmtahan qabağı stress 3 sferada - düşüncə, duyğu və davranış sferasında özünü göstərir. Düşüncələrində uşağı uğursuzluq fikirləri narahat edir, həyəcanlandırır, davranışları da artıq aqressiv olmağa başlayır. İmtahan qabağı stress özü böyük problemdir və yeniyetməlik dövründə baş verərsə, daha böyük psixoloji problemlər yarana bilər. Bu müddətdə ən önəmli şey vaxtın düzgün bölünməsi və qidalanmadır. Misal üçün, adi vaxtlarda banan və ya digər meyvələr yeməyən uşağı imtahan ərəfəsi daha çox qidalanmağa məcbur edirlər ki, bu da mədədə problemlər yaradır, qan dövranına təsir edir və psixoloji problemlər özünü göstərməyə başlayır.
 
- İnsanın ətrafı da onun davranışlarına təsirsiz ötüşmür. Elə bundan narahat olan valideynlər bir çox hallarda övladlarının dost seçiminə müdaxilə edirlər...
 
- Bəli, dost seçimi çox vacibdir. Bəzən görürsən ki, çox yaxşı ailədən çıxan yeniyetmə müəyyən pis qruplara qoşulur və müxtəlif pis vərdişlər qazanır. İlk növbədə, valideyn uşağın ətrafı ilə maraqlanmalıdır. Ən yaxşı variantlardan biri də, uşağın dostlarının evə qonaq çağırılmasıdır. Valideyn onları  küçədə tanıya bilməz. Evə dostlarının çağırılması zamanı uşaqlar səmərəli vaxt keçirməklə yanaşı, valideynlərin onlarla maraqlandığını anladıqları üçün dost seçimində də məsuliyyətli olacaqlar.
 
- Elə uşaqlar olur ki, nə qədər desən də, dost seçimində yanlışlığa yol verirlər. Onlarla necə davranmaq lazımdır?
 
- Həyatda heç nə anidən baş vermir. Dişin çürüməsi və iltihabı belə birdən-birə olmur. Uşaq bir anın içərisində hansısa qruplara qoşulub siqaret çəkmir və ya intihar həddinə də birdən-birə çatmır. Hər şey müəyyən vaxt ərzində yığılır və arzu olunmayan nəticəyə gətirib çıxarır. Bəzən valideynlər övladlarının gələcəyi üçün çox çalışdıqlarını düşünürlər, lakin mənəvi tərəfi unudurlar, uşağın ruhunu qidalandırmırlar. Uşaq ruhun qidasını tapmırsa, onu kənarda axtaracaq. Valideyn bunu başa düşəndə çox gec ola bilər.
 
- Müasir gənclikdə aqressivlik meyllərini tez-tez müşahidə edirik. Bəzən adi fikrə görə kəskin etirazla qarşılaşa bilərik. Uşaqlarda aqressiyanı necə aradan götürmək olar?
 
- İlk növbədə, aqresiyyanın hansı dərəcədə olduğunu bilmək lazımdır. Bu yaxınlarda mənə 15 yaşlı qız müraciət etmişdi. Anası deyirdi ki, o artıq qızı ilə bacarmır, hamıyla dalaşır, əsəbləşdikdə pəncərələri qırır. Anasından qızı haqqında məlumat verməsini istədikdə ancaq mənfi şeylər dedi. Halbuki onun yaxşı əl işləri, rəsm və dizayn bacarığı olduğunu öyrəndim. Onun daxili aləminə yaxınlaşmağa başladım və o qədər gözəl şeylər kəşf etdim ki. Sonda qızın anasına verdiyi reaksiyanın səbəbinin uşaqlıqda anasının qızına etdikləri olduğunu öyrəndim. Yəni, yeniyetməlik dövrünün birdən-birə aqressiv vəziyyətə gəlib çatması mümkün deyil. Bəzən valideyn öz övladını düzgün tanımır. Valideyndən övladının mənfi xüsusiyyətlərini soruşduqda, inanın, bütün vərəqi doldurur. Lakin müsbət xüsusiyyətlərini saymasını istəyəndə “heç bu haqda düşünməmişdik” cavabını alırıq.
 
- Müəllimlərin də yeniyetmələrin həyatında yeri danılmazdır. Hətta belə deyirlər ki, yaxşı müəllim həm də psixoloq olmalıdır...
 
 
- Müəllim bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycan məktəblərində kişi müəllimlərin az olması oğlanların psixologiyasına mənfi təsir edir. Çünki qızın qadın kimi, oğlanın kişi kimi formalaşmasına bu amil də təsir edir. Müəllim psixologiyası olduqca böyük faktordur. Çünki elə fənn olur ki, yeniyetmə həmin fənni müəllimə görə sevir. Elə fənn də var ki, müəllimə görə ona nifrət edir.   

 

Google+ WhatsApp ok.ru