Qədr gecəsini dərk etmək üçün nə etməli? - Ruhanilərdən tövsiyyələr 2

Qədr gecəsini dərk etmək üçün nə etməli? - Ruhanilərdən tövsiyyələr 2

-- Mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü (3,5 və 7 iyun) gecələridir

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qədr gecələri mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü (3,5 və 7 iyun) gecələridir. Bu münasibətlə aşağıda bir neçə ruhaninin  Qədr gecəsi ilə bağlı tövsiyyələrini təqdim edirik:

 

Bismilləhir-Rəhmanir-Rəhim.Öncə Maide.Az saytının bütün xidmətçilərinə, əzizimiz Şeyx Sərdar başda olmaqla, bu mübarək gecələrdə Allah-Taaladan tofiq diləyirəm. Uca Yaradandan istəyirəm ki, bu bərəkətli gecələrdə yaxşı bəndələrinə bəxş etdiyi hədiyyələrdən bizə də hədiyyə etsin!

 
Mərhum Seyid İbni Tavus (r.ə) yazır ki, “Qədr” gecəsini dərk etmək istəyən şəxs İlahi proqramları bu ilin “Qədr” gecəsindən başlamalı, məqsədə çatmaq üçün mütləq bu yolu sona qədər qət etməli və həmin proqramları layiqincə icra etməlidir.
 
İnsan ilboyu bəndəlikdə sədaqətli olarsa və xətdən çıxmazsa, həmin xəttin sonunda ona imam Zaman (ə.f) ağanın əli ilə imzalanmış proqram verilər və o zaman aramlığa çatmış olar. Böyüklərin, övliyaların, Allahın həqiqi bəndələrinin bu gecələrdə yerinə yetirdikləri ibadətlər, əməllər, münacatlar, doğrudan da, özünəməxsusdur. Məsələn, mərhum Əllamə Təbatəbainin Ramazan ayı ilə bağlı proqramı batini mərifət əldə etmək idi. O, tələbəlik dövründə Ramazan ayının bütün gecələrini ehya saxlayardı. Əlbəttə, həmin gecələri yalnız namaz qılmaqla, səcdədə qalmaqla keçirməzdi. Xəlvətə çəkilib düşünməyə daha çox üstünlük verərdi. Övliyalar və Allahın həqiqi bəndələri batini seyr və mərifəti bu yolla kəsb ediblər. Bir sözlə, çox dəyərli, nurani, mübarək günlər və gecələri yaşayırıq. Bu qızıl fürsət ildə bir dəfə əlimizə düşür. Odur ki, bu günlərin və gecələrin qədrini bilək!
 
Ruhani Seyid Ağasəf Xurşidov

 

Bağışlayan və mehriban Allahın adı ilə! Qurani-Kərimə əsasən, “Qədr” gecəsi ən müqəddəs, ən mübarək gecədir və elə Qurani-Kərim də bu mübarək gecədə nazil olmuşdur. Bu gecə yerinə yetirilən hər bir ibadət min ayın ibadətinin savabına bərabərdir. İlahi xeyir və bərəkətlər “Qədr” gecəsi göndərilir, insanların bir illik taleyi həmin gecə həll olunur. Allah-Taalanın xas rəhmət və mərhəməti “Qədr” gecəsi bəndələrin halına şamil olur.
 
“Qədr” gecəsi qəlb aynasını silib-təmizləmək, pislikləri yaxşılıqlarla, küslülüyü barışıqla əvəz etmək üçün qızıl fürsətdir. Həmin gecə sədəqə çıxartmaqla axirət evimizi abadlaşdırmaq istiqamətində addım ataq, xeyirxah işlərimizlə savablarımızı qat-qat artıraq! Bağışlayan Allah “Qədr” gecəsi ehya saxlayan, gecəni ibadət və münacatla keçirən, günahlarının bağışlanmasını peşmançılıqla dilinə gətirib tövbə edən şəxsin adını xoşbəxtlər zümrəsində yazar, ona cəhənnəm odunu haram edər! Bundan böyük xoşbəxlik nə ola bilər? – Allaha yaxın olmaq, səadətə yetmək və cəhənnəm odundan qurtuluş!
 
Mehriban Allah bu gecə bəndələrini asan və rahat bağışlayır, tövbələri asanlıqla qəbul edir, rəhmət və məğfirət süfrəsini hərraca qoyur! Günahlar və səhlənkarlıqlarla bağlı hər bir üzrxahlıq və bəhanəni qəbul edir. Hər kəs öz mərifəti, bacarıq və tutumu qədər bu böyük rəhmət və bərəkət dəryasından bəhrə aparır. Bu gecə bizim hamımız üçün ən gözəl təqdir bəşəriyyət aləminin xilaskarı imam Məhdinin (ə.c) zühurudur! Odur ki, “Qədr” gecəsi ən mühüm duamız da bu olmalıdır: “Əllahummə, əccil-livəliyyikəl fərəc! – İlahi Öz Höccətinin zühurunu tezləşdir!”
 
Ruhani Kərbəlayi Rza Şükürlü.
 
 
 
 Bismilləhir-Rəhmanir-Rəhim.“Qədr” gecəsini yaxşı dərk etmək üçün əvvəla hər gecə olduğu kimi namazı və digər vacib əməlləri layiqincə yerinə yetirmək lazımdır. İnsan həmin gecə buyurulan əməlləri imkan qədərində yerinə yetirsin. Eyni zamanda həmin gecəyə məxsus əməlləri yerinə yetirərkən imanla, məhəbbətlə, şövqlə, Allaha xatir diqqəti olsun və ən əsas məsələlərdən biri də Əhli-beytə (ə) təvəssül etməkdir. İmam Baqirdən (ə) soruşurlar ki, bu gecə mələklər doğrudanmı nazil olur? Siz onları görürsünüzmü? Həzrət (ə) buyurur ki, onlar elə bizə nazil olurlar, çünki Allahın yer üzündə həqiqi xəlifəsi həzrət Peyğəmbərdən (s) sonra zəmanənin Höccəti və İmamıdır. Yəni bütün bu vacib və müstəhəb əməllərlə yanaşı, insan Əhli-beytə (ə) təvəssül edərsə və Allah qapısına Əhli-beyti (ə) apararsa, inşallah, “Qədr” gecəsini dərk edər.
 
 
Ruhani Hacı Bəxtiyar Hüseynov
 

 

Bismilləhir-Rəhmanir-Rəhim.Qurani-Kərimdə surələrdən birinin adı Qədr surəsidir. Allah-Taala (c.c) buyurur ki, Biz Quranı qədr gecəsində nazil etdik. Qədr gecəsi ən fəzilətli gecədir. Qurani-Kərim də məhz həmin gecədə nazil olub. Allah-Taalanın Qurani-Kərimi həmin gecədə nazil etməsinin özü də önəmli məsələdir. Biz dini mətnlərə, hədislərə nəzər salanda görürük ki, bizim imamlarımız (ə), Peyğəmbərimiz (s), alimlərimiz Qədr gecəsinə çox önəm veriblər. Xüsusilə, gənclər və cavanlar üçün bunu qeyd etmək istəyirəm ki, Qədr gecəsi elə bir gecədir ki, insanın taleyi həmin gecədə həll olur. Bir gecəki insanın taleyi həmin gecə həll olur, insan edə bilməz ki, o gecəyə qarşı laqeyd olsun. Buna xatir biz gərək o gecəyə önəm verək, Allahla bağlantımız olsun. Allahdan istəyək ki, bizə gözəl tale yazsın, bizə ruzi və gözəl aqibət ayırsın. Allah-Taala (c.c) Qurani-Kərimdə açıq-aşkar buyurur ki, Qədr gecəsi min aydan fəzilətlidir, yaxşıdır, bərəkətlidir. Bir gecəki min aydan əfsəldir, xeyirlidir, mömin gərək bu gecənin qədrini bilsin. Saatlarının, dəqiqələrinin, anlarının qədrini bilsin. Ömürdə hər ildə bir Qədr gecəsi var və o da bu üç gecədə gizlidir. Biz bu üç gecəni ehya saxlayırıq, ibadət edirik ki, Qədr gecəsini dərk etmiş olaq. Qədr gecəsi haqqında dini yazılarda çoxlu fəzilətlər gəlib. Yaxşı olar ki, möminlər də həm Qədr surəsinin təfsirinə müraciət etsinlər, həm də o barədə buyurulmuş alimlərin önəmli tövsiyələrinə.

Ruhani Haci Rufət Məmmədov.

 

Google+ WhatsApp ok.ru