Qeybdə olan İmam öz vəzifəsini necə ifa edə bilər? 22 Aprel 2019 16:58 İmam Məhdi (ə) Məlum olduğu kimi, rəhbər olan şəxs ardıcılları ilə daim rabitədə olmalıdır. Nəzərlərdən gizli olan rəhbər vəzifəsini necə ifa edə bilər? Başqa sözlə, İmam Mehdinin (ə) qeyb dövründə həyat tərzi tamamilə xüsusi xarakter daşıyır. Buna əsasən, onun insanlara təsiri nədədir? İnsanlar onun varlığından nə kimi faydalanır? Görəsən, o, qeybə çəkilərək tamamilə görünməzmi olub? Şübhəsiz, bu sual hamının marağını doğura bilər. Bəziləri bunu elə belə də təsəvvür edirlər. Deməliyik ki, İmam Mehdi (ə) qeybə çəkilməklə yoxa çıxmayıb. Onun həyatı digər insanların həyatı tək təbiidir; bu fərqlə ki, ömrü uzundur. O, bizimlə birgə yaşayır və həyatında istisna bir hal, yalnız uzunömürlü olmasıdır. O, cəmiyyətdə tanınmaz şəkildə yaşayır və onun qeyb dövrü ilə bağlı bundan başqa bir söz deyilməyib. “Görünməz” ifadəsi isə daim təhrifə məruz qalıb. Suala bir də qayıdıb deyirik: Adi bir insanın bu sayaq həyat tərzi keçirməsi anlaşılasıdır, amma bir rəhbərin, özü də ilahi rəhbərin tanınmaz yaşaması qəbul olunasıdırmı? Öz müəllimini tanımayan şagird, həkimini tanımayan xəstə və yaxınlığındakı su bulağından xəbərsiz susuz ondan necə faydalana bilər?! Bu sual elə keçmişdən, hətta İmam Mehdinin (ə) təvəllüdündən qabaq, imamların dövründə də gündəmdə olmuşdur. Belə ki, onlar İmam Mehdi (ə) və onun qeyb dövrünün uzun çəkəcəyindən danışdıqda, bu sualla qarşılaşır və ona cavab verirdilər. İmam Mehdinin (ə) qeyb dövründəki həyat və varlığı ilə bağlı əlimizə çatan hədislərin içərisində qısa bir hədis daha çox diqqəti cəlb edir və demək olar, bu böyük sirrin açarı sayılır. İslam Peyğəmbəri (ə) “İmam Mehdinin (ə) qeyb dövründə varlığının faydası nədir? – sualına belə cavab verir: اى والّذى بعثنى بالنبوّة انّهم ينتفعون به و يستضيئون بنور ولايته فى غيبته كانتفاع النّاس بالشّمس و ان جلّلها السّحاب “Bəli, məni peyğəmbər göndərən Allaha and olsun, insanlar qeyb dövründə onun rəhbərlik nurundan buludlar arxasında gizlənən günəş tək faydalanacaqlar.” (“Biharul-ənvar”, 52-ci cild, səh.93.) Bunun anlaşılması üçün öncə buludlar arxasında qalan parlaq günəşin faydasını bilməliyik. Günəşin şüaları bəzən aşkar, bəzən də gizlidir. Bu məsələ orbitlə əlaqədar vücuda gəlir. Onun batıb-çıxması, aşkar olub və ya buludlar ardında gizlənməsi kimi hal və proseslərin günəş sistemində nə kimi rol oynamasını fizika, astrofizika və s. elmlərdə aramalıyıq. Bu haqda söz o qədər dəqiq və genişdir ki, bir-iki cümlə ilə onu ifadə etmək olmaz. Amma günəşin işığının həyatda rolu hamıya aydındır. Bitkilər, heyvan və insanlar – bir sözlə, canlıların həyatı, onların qida və artımı, hiss və hərəkəti, torpaqların münbitləşməsi, dənizlərin dalğalanması, küləklərin əsməsi, yağış və qarın yağması, quşların oxuması, güllərin çiçəklənməsi, insan ürəyinin döyüntüsü, damarlarda qanın axması və... bütövlükdə, birbaşa və dolayısı ilə saçan günəş işığından asılıdır və onsuz hər şey məhvə məhkumdur. İmam Mehdinin (ə) gizli varlığının mənəvi şüaları da qeyb buludları arxasından daim bəşəriyyətə nur saçır, həyat bəxş edir. Onun biz başa düşdüyümüz təsirləri haqda aşağıdakıları deyə bilərik: 1. Ümid hissi: Döyüş meydanlarında tərəflərin bayraqlarının dalğalanması böyük təsirə malikdir, əsgərlərə təskinlik verir, fədakarlıqlarını artırır, yaxud bacarıqlı rəhbərin sağ olduğu vaxta qədər, hətta xəstəlik yatağında olsa da, cəmiyyətin nizam-intizamı pozulmur. İmam Mehdiyə (ə) etiqad bəsləyənlər onu öz aralarında görməsələr də, özlərini əsla tək-tənha hiss etmir, həmişə onu qəlblərində yaşadır və zühura inamları günü-gündən artır. Bu təfəkkür tərzinin fərdi və ictimai, ruhi-psixoloji təsiri inkaredilməzdir. Çoxsaylı hədislərə görə, o, qeyb dövründə daim öz ardıcıllarının kənarındadır və Allah tərəfindən ilham alaraq onların vəziyyətindən agah olur. Yazılanların təbirincə desək, hər həftə möminlərin əməl dəftərinə nəzər salır və sözləri, əməlləri və rəftarlarından xəbərdar olur. (“Təfsiri-Burhan”, “Töbvə” surəsinin 105-ci ayəsinin təfsiri.) Bu təfəkkür tərzi onları büdrəyişlərdən saxlayır, hər bir işdə özlərinə nəzarəti unutmurlar. 2. Dinin dayağı: Tarixin vəsfolunmaz şəxsi İmam Əli (ə) hər bir əsrdə ilahi rəhbərlərə ehtiyacın zəruriliyi ilə bağlı belə buyurur: اللَّهُمَّ بَلَى لَا تَخْلُو الْأَرْضُ مِنْ قَائِمٍ لِلَّهِ بِحُجَّةٍ، إِمَّا ظَاهِراً مَشْهُوراً، و إِمَّا خَائِفاً مَغْمُوراً، لِئَلَّا تَبْطُلَ حُجَجُ اللَّهِ و بَيِّنَاتُهُ “Bəli, yer üzü heç vaxt Allahın hökm və nişanələrini qoruyan nümayəndəsiz qalmayacaq; istər aşkar olsun, istərsə də gizli.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 147.) Məsum rəhbər dinin kamil timsalıdır. O, toxunulmaz varlıqdır və Allahın dəlil və aydın nişanələri onun vücudunda əks edilib. 3. Fədakar qüvvələrin yetişdirilməsi: Qeyd olunduğu kimi, İmamın (ə) qeyb dövründə insanlarla rabitəsi tam kəsilmir. Hədislərə əsasən, tarix boyu yüksək iman və ixlasa sahib olan az bir qrup onunla rabitədə olub və onlar onun cahanşümul islahat proqramları çərçivəsində hərəkatının ön cəbhəsini təşkil edirlər. Onların hər biri dünyadan gedənə qədər təlim və hazırlıqlarını gələcək nəslə ötürür, onların tərbiyəsində mühüm rol oynayırlar. İmamın özü də bu işdə yaxından iştirak edir, cəmiyyətə qoşularaq layiqli insanları seçir, onları inqilaba hazırlayır. İmam (ə) məsləhət bildikdə, özünü onlara tanıdır və belə görüş səadətinə nail olurlar, bəziləri neçə an, bəziləri neçə saat, bəziləri də neçə gün və ya daha artıq. Aydın ibarə ilə desək, çoxlarına İmam (ə) qara buludlar altından görünməzdirsə, bəzilərinə aydın günəş kimi parlaqdır. 4. Mənəvi nüfuz: Peyğəmbər və imamlar yer üzündə Allahın nümayəndələri olduğundan, “təkvini qüvvə” adlı qeyri-adi nüfuza malikdirlər. Belə ki, onlar Allahla bəndələri arasında qırılmaz rabitəni təşkil edirlər. Odur ki, istənilən an qəlblərə və düşüncələrə nüfuz etməyə qadirdirlər. Bu rabitənin adi insanlara da xalis imanla müşahidəsi mümkün bir işdir. Bir çox ilahi rəhbərlərin sərgüzəştlərində göründüyü kimi, bəzən onların günahkar şəxslərlə kiçik bir rabitəsi həyat tərzini dəyişmiş, necə deyərlər, 180 dərəcə dönərək tamamilə yeni həyat yolu seçmiş, birdəfəlik pak, mömin və fədakar insanlara çevrilmişlər! Belə gözlənilməz dönüş adi təlim-tərbiyənin yox, görünməz psixoloji təsir və cazibənin məhsuludur və bəzən onu “şəxsiyyətin təsiri” adlandırırlar. Həyatda övliyaların və ilahi şəxslərin ixtiyarsız olaraq təsiri altına düşüb dəyişilənlərin sayı az deyildir! Məsələn, Peyğəmbərin (s) nüfuz və cazibədarlığı haqda deyilənlərin sayı hədsiz-hesabsızdır və onun qəddar düşmənləri isə bunu sehr və cadu adlandırırdılar. Yaxud imamlarda olan hikmət, məram, comərdlik və s. səciyyələrə valeh olmayanlar az tapılardı. Bütün bunlar peyğəmbər və imamların “təkvini vilayət” məqamından qaynaqlanan mənəvi təsirlərlə bağlıdır. Bunun kiçik nümunələri mənəviyyata yüksəlmiş din alimi və övliyalarda da müşahidə olunur. Hər halda, bu məsələ İmam Mehdi (ə) barədə aydındır və onun qeyb pərdəsi arxasından nüfuzu danılmaz bir həqiqətdir. (“Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.98-102.) Rza Şükürlü (Maide.az) Teqlər : #Qeybdə,#olan,#İmam,#öz,#vəzifəsini,#necə,#ifa,#edə,#bilər?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Zamanın (ə.c) qiyamı necə baş verəsək?