'Quranda islami təfəkkür tezisi' kitabı - 22-ci məclis

'Quranda islami təfəkkür tezisi' kitabı - 22-ci məclis

22-ci məclis: NÜBUVVƏTƏ İMANIN ÖHDƏLİKLƏRİ

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 

 

İYİRMİ İKİNCİ MƏCLİS

NÜBUVVƏTƏ İMANIN ÖHDƏLİKLƏRİ

 

 

Cümə axşamı – 1974-10-10

Ramazan ayının 23-ü.

 

 

 

وَالَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُولَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

İman gətirib (Məkkədən Mədinəyə) hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək göstərənlər – məhz onlar – həqiqi möminlərdir. Onlar üçün bağışlanma və böyük ruzi vardır!

“Ənfal” surəsi, ayə 74.

 

 

Nübuvvət bəhsləri arasında bir məsələyə mütləq toxunmaq lazımdır. Əgər onu anlayıb öyrənməsək, nübuvvətlə bağlı bir çox bəhslərin, demək olar ki, bizə əməl baxımından heç bir təsiri olmayacaq. Bu sonuncu bəhs bizi əməl meydanına istiqamətləndirmək və həyatımıza daxil olmaq üçün zəmanət rolunu ifa edir. Bu sonuncu bəhs nədir? Budur: Biz “Əşhədu ənnə Muhəmmədər Rəsulullah” (Şəhadət verirəm ki, Muhəmməd Allahın Peyğəmbəridir) – deyiriksə, elan edirik ki, namaz qılırıq, özümüzü Peyğəmbərin (s) ümməti hesab edirik və onun peyğəmbərliyinə iman gətirmişik. Belə olan halda, görəsən, dilimə gətirdiyim bu şəhadət kəlməsi mənim üzərimə bir öhdəlik və məsuliyyət qoyurmu? Bu əqidə və şəhadətin mənim üçün bir öhdəliyi varmı?

Fərz edin ki, siz Nərgiz gülünün Şam gülündən ətirli olduğunu qəbul edirsiniz. Ola bilsin ki, bəzilərinin heç bu haqda məlumatı olmasın. Bəziləri də ola bilər ki, sizin fikrinizin əksini düşünsün. Siz düz, ya da səhv, bu gülün o biri güldən daha ətirli və gözəl olduğunu düşünürsünüz. İndi bundan sonra nə baş verə bilər ki? Tələbələrin dili ilə desək, nə olsun ki! Bəs sonra? Sonrası yoxdur, heç nə! Gördüyünüz kimi, bu gülün o biri güldən ətirli olub-olmamasının bizim həyatımızda heç bir faydası, heç bir öhdəlik və məsuliyyəti yoxdur.

Başqa bir misala nəzər yetirək: Xristian aləmində ən yüksək ruhanilik məqamı “Papa” adlanır. Bildiyiniz kimi, “Papa” həqiqətdə xristianların ehtiram göstərdiyi bir simvoldur; xristianlıqla bağlı nə yeni tendesiya, nə də yeni bir hökmdür. Onun olub-olmaması qonaq otağında qoyulan gözəl bir heykəl və ikonanı xatırladır; əgər otaqdan asılarsa, otağın dekorasiyası mükəmməl olacaq, əgər asılmazsa, elitar təbəqənin nəzərində otaq qüsurlu görünəcək. Papanın olub-olmamasının xristian aləmi və təfəkkürü üçün bundan artıq təsiri yoxdur. Bizim yaşadığımız bu çağdaş dünyamızda bir nəfər xristian indiki Papanın vəfat etdiyini, başqa bir Papanın onun yerinə təyin olunduğunu və onun neçənci Papa olduğunu eşitsə, bu, onun həyatına heç bir təsir bağışlamayacaq. Əgər bir xristian şəhadət versə ki, mənim yaşadığım dövrdə Zeyd Papadır, bu şəhadət ona heç bir öhdəlik və məsuliyyət gətirməyəcək. Yəni, onun halı ucqar bir yerdə yaşayan, əldən düşmüş yaşlı bir xristianın halı ilə fərqlənməyəcək; onun da Papanın vəfat etdiyini və onun yerinə başqa bir Papanın seçildiyini bilməyən bu məlumatsız qoca ilə birgə düşüncəsi dəyişilməyəcək. Papanın ölümündən sonra onun həyatında heç bir dəyişiklik olmadığı kimi, Papanın ölümünü bilən bu xristianın həyatında da heç bir dəyişiklik baş verməyəcək. Onun “Şəhadət verirəm ki, bu gün Papa filankəsdir.” – deməsi də ona heç bir öhdədəlik gətirməyəcəkdir.

Mənim namazın “təşəhhüd”ündə “Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh” (Şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi və peyğəmbəridir.) – dediyim bu kəlmə və yaşadığım cəmiyyətin ümumi simasını göstərən və məscidin minarəsindən ucalan “Əşhədu ənnə Muhəmmədər-Rəsulullah” (Şəhadət verirəm ki, Muhəmməd Allahın Peyğəmbəridir) – şüarı, peyğəmbərliyə şəhadət vermək, ona iman gətirmək və bu imanı elan etmək mənim və şəhadət kəlməsini özünə şüar seçən cəmiyyətin üzərinə bir öhdəlik və məsuliyyət qoyurmu? Sual budur!

Cavab müsbətdir! Bəli, cəmiyyətin üzərinə öhdəlik qoyur. Bu öhdəlik nədir? Mən bu öhdəliyi bir cümlədə xülasə edirəm: “Peyğəmbəri (s) qəbul edən insanın üzərinə qoyulan öhdəlik və məsuliyyət Peyğəmbərin (s) yolunu davam etmək və onun yükünü məqsədə çatdırmaqdan ibarətdir.” Bu cümləni dilə gətirmək çox asan, məsuliyyəti isə olduqca ağırdır. Peyğəmbərin ümməti olmaq və onun peyğəmbərliyinə şəhadət verməyin mənası da elə budur!

Bəziləri elə düşünürlər ki, filankəsin peyğəmbər olduğunu qəbul ediriksə və peyğəmbərin qəlbimizdə yer tutduğunu dilimizdə deyiriksə, elə bununla da iş bitir və özümü Cəhənnəm sərhədindən uzaqlaşdırıb Cənnətin sərhədinə yaxınlaşdırırıq. Yaxşı qulaq asın! Baxın, görün, mənim dediyim bu əqidə sizin beyninizdə var, ya yox? Mənim kimin hansı əqidəyə sahib olub-olmaması ilə işim yoxdur. Bəziləri elə təsəvvür edirlər ki, insanlar sanki Allahın qəzəb odunda yanırdılar, sonra son Peyğəmbərin (s) peyğəmbərlik məsələsi meydana çıxdı. Allahın qəzəb odunda yanan bir dəstə “Əşhədu ənnə MuhəmmədərRəsulullah” (Şəhadət verirəm ki, Muhəmməd Allahın Peyğəmbəridir.) – deməklə, sanki Allahın əzab məntəqəsindən xaric olaraq ilahi rəhmət diyarına qədəm qoymuş oldular. Əgər onlar namaz qılacaqlarsa, rəhmət diyarına bir az yaxınlaşacaq, əgər oruc tutacaqlarsa, daha da yaxınlaşacaq, əgər xüms və zəkat verəcəklərsə, yaxşılığa dəvət edib pislikdən çəkindirəcəklərsə və digər yaxşı işləri yerinə yetirəcəklərsə, lap yaxınlaşacaqlar; əks halda, yenə rəhmət diyarında qalmış olacaqlar. Diqqət yetirdinizmi? Bəziləri belə düşünürlər.

Bu təfəkkür tərzinin nəticəsi odur ki, əgər bu gün bir şəxsin pasportunda (keçmişdə olduğu kimi) müsəlman və İslam Peyğəmbərinin (s) davamçısı yazılarsa, artıq cənnətlikdir və yaxud sual-cavab zamanı bir şəxsdən: “Dinin-məzhəbin nədir?” – deyə soruşduqda, “İslam” – deyə cavab verirsə, barmağını “İslam” sözünün üzərinə qoyaraq xristian, yəhudi, materialist və yaxud hansısa bir dinə mənsub olmadığını bildirirsə, ona İslam dinini təyin etdiyi üçün Cənnətə gedəcəyi deyiləcək. Bununla belə, namaz qılsan, oruc tutsan, digər xeyirxah işlər yerinə yetirsən, lap yaxşı! Əgər bunları yerinə yetirməsən də eybi yoxdur, sənin yerin Allahın Cənnətidir, sadəcə Qiyamətdən öncə yaxşıca əzişdirəcəklər. Bu, bir qrup insanın düşüncəsi və sözüdür.

Biz isə bu sözün yanlış olduğunu deyirik. Peyğəmbərə (s) iman gətirmək lazımdır. Lakin ona iman gətirmək öhdəliklər gətirir. İnsan həmin öhdəliklərə nə qədər əməl edirsə, imanı da elə o qədər düzdür. Yalnız dilində, yaxud da qəlbində iman gətirən və imanın heç bir öhdəliyinə, peyğəmbərliyi qəbul etməyin insan üzərinə qoyduğu məsuliyyətin heç birinə əməl etməyən insan zahirdə mömin olsa da həqiqi mömin deyildir. Allah-Taala onunla Qiyamətdə necə rəftar edəcək? – sualının cavabını bilmirəm və bilmək də istəmirəm. Lakin belə bir insanın iman sahibi olub-olmadığını dünyəvi meyarlarla mühakimə etmək istəsək, onu iman sahibi adlandıra bilmərik.

Əlavə olaraq qeyd etməliyik ki, insanın “şəhadət kəlməsini” dilə gətirməsi və zahirdə öz etiqadını göstərməsi canı və malının qorumasına səbəb olması və İslam məntəqəsinə daxil olmasına baxmayaraq, əsas məsələ onun mömin olub-olmamasıdır. Bizim aşağıda diqqətinizə çatdıracağımız Quran ayələrinə əsasən, imanın öhdəliklərinə əməl etməyən insanı “mömin” adlandıra bilmərik. O insan “mömin” adlanır ki, peyğəmbərliyə imanın öhdəlik və məsuliyyətlərinə əməl etsin.

Bu öhdəlik nədir? Bu öhdəlik odur ki, görək, Peyğəmbər (s) bu dünyada hansı işləri yerinə yetirmək istəyirdi? Peyğəmbər (s) ağır bir yükü, ağır bir daşı yerdən qaldırmaq, böyük bir bina tikmək istəyirdi. Mən də öz zamanımda baxıb görməliyəm ki, Peyğəmbərin (s) qaldırmaq istədiyi o yük və daş tamamilə yerdən qaldırıldımı, o bina tikildimi? Əgər cavabın mənfi olduğunu, yəni o yükün və daşın hələ də yerdə qaldığını və o binanın hələ də tikilib qurtarmadığını görsək, o zaman onun yerinə yetirmək istədiyi həmin işi yerinə yetirməli, yerindən qaldırmaq istədiyi həmin yükü qaldırmalıyıq. Əgər sümüklərim zəifdirsə və gücüm çatmırsa, gücüm çatacaq qədər güc vurmalı, onu yerdən qaldırmaq üçün on nəfərdən yardım istəməli, həmin binanı tamamilə tikib tamamlamaq üçün digər bir dəstə də axtarıb tapmalıyam. Əgər onu tamamlaya bilməsəm, heç olmasa, on ədəd kərpic daşımağa gücüm çatırmı? Həmin binanın divarının hörgüsünü azacıq qaldırmağa imkanım varmı? İlkin işləri yerinə yetirməyə gücüm çatırmı? Əgər “yox” desəm, onda yalan danışmış olaram.

Bu öhdəliklərin icrası vacibdir, əks-təqdirdə, Allahın Peyğəmbərinin (s) peyğəmbərliyinə verdiyim şəhadət də yalan və səthidir – bu ifadə məqsədə daha uyğundur. Yalnız şəhadət verirəm ki, o, Allahın peyğəmbəridir, amma münafiqlər kimi onun peyğəmbərliyinə etiqad bəsləməyimə şəhadət verməyim düzgün deyildir:

إِذَا جَاءكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ

(Ey Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.[1]

Münafiqlər Peyğəmbəri (s) dildə qəbul etsələr də ona qəlbən iman gətirməmişdilər.

Peyğəmbərliyin öhdəlikləri dünyanı İslamın buyurduğu kimi qurub yaratmaqdır. Peyğəmbərliyin öhdəlikləri budur. Peyğəmbər (s) dünyanı İslamın təklif etdiyi meyarlarla qurmaq üçün gəlmişdir. Onun gəlişinin səbəbi odur ki, insanların həyatını Allah istəyən tərzdə tənzimləsin. Əgər siz öz zamanınızda bəşəriyyətin Allah buyurduğu kimi yaşamadığını, ilahi cəmiyyətdən məhrum qaldığını, müxtəlif məktəblərin öz mənsublarını o tərəf-bu tərəfə çəkib apardığını, İslamın isə yalnız beyinlərdə və qəlblərin bir guşəsində qaldığını görsəniz, Peyğəmbərin (s) peyğəmbərliyinə verdiyiniz şəhadətə əsasən, sizin vəzifə və məsuliyyətiniz dünyanı İslam rənginə boyamaqdır. Nübuvvətin öhdəlik və məsuliyyəti budur!

Bu xülasə vərəqdə[2] qeyd etdiyimiz kimi, İslam yeni ideya təqdim edir. Yeni cəbhələr və sıralar da elə bu yeni ideya əsasında təşkil olunur. Biz Quran ayələrini mütaliə edərkən dəfələrlə bu qənaətə gəlmişik ki, dinin əsasını yeni cəbhələr və sıralar təşkil edir.

Peyğəmbər gələrkən cahil cəmiyyətdə (zəlalət içində) yaşayan insanlar iki dəstəyə bölünürlər: Bir dəstəsi bu azğınlıq və sərgərdanlıqdan nicat tapıb yolunu dəyişir, bəziləri isə zəlalət yolundan əl çəkmirlər. Peyğəmbərlərin gəlişi ilə insanlar arasında ixtilaf və ikitirəlik yaranır. Bu ixtilaf və ikitirəliyin mənası var. Bunu unutmayın. Bu mətləbi hardasa nəql etmək istəsəniz, deməyin ki, filankəs belə deyirdi: “Peyğəmbər cəmiyyətdə ixtilaf və ikitirəlik yaratdı.” Bu ixtilafın mənası var. Fərz edin ki, hamı qatarın vaqonlarına minib və qatar da uçuruma doğru hərəkətdədir və qəzaya uğrayacaq. Bu zaman Peyğmbər (s) arxadan vaqonları tutub saxlayır. Bəzi vaqonların sərnişinləri əllərini Peyğəmbərin (s) əlindən çəkib süqut edir, bəziləri isə Peyğəmbərin yardım əlindən yapışıb nicat tapırlar. Bir sözlə, vaqonlardakı sərnişinlər arasında ixtilaf yaranır.

Peyğəmbər (s) uçuruma, oğru və quldur dəstəsinə doğru hərəkət edən karvana “Ayaq saxlayın, getməyin!” – deyə müraciət edir. Bir dəstə onun sözünə qulaq asıb ayaq saxlayır, bir dəstə isə qulaq asmır və irəliyə doğru addımlayır. Burada ixtilaf yaranır, karvan iki cəbhəyə bölünür. Bəli, peyğəmbərlər azğınlıq içində çapalayan cəmiyyətin hamısını Allaha tərəf çağırdığı halda, onlar iki cəbhəyə ayrılır, onların arasında ixtilaf düşür, bəziləri Allaha tərtəf üz tutur, bəziləri isə Allahdan üz çevirirlər.

Peyğəmbərin gəlişi ilə cəmiyyətdə yeni cəbhə, yeni dəstə və yeni mövqe sərgilənir. Bir tərəfdə Peyğəmbər və onun tərəfdarları, bir tərəfdə də müxaliflər və düşmənləri qərar tutur. Mənim təsvir etdiyim bu iki dəstəyə yaxşı diqqət yetirin. Peyğəmbər (s) əvvəldə tək-tənha idi, hamı onun müqabilində dayanmışdı. Peyğəmbər (s) zəhmətlərə qatlaşaraq qarşısında dayanmış insanları bir-bir, iki-iki özünə tərəf çəkib və nəhayət, azğın olan qarşı dəstə müqabilində yeni bir dəstə yaradıb. İndi bir-birinə qarşı iki cərgə var, biri Peyğəmbərin cərgəsi, digəri isə onun düşmənlərinin cərgəsi.

Peyğəmbər (s) bununla nə etmək istəyirdi? İnsanları Cənnətə aparmaq istəyirdi; həm bu dünyadakı, həm də axirətdəki Cənnətə. Cənnət istəyən mütləq Peyğəmbərlə getməlidir. Əgər getməsə, Cənnətə də qovuşmayacaq. Peyğəmbər insanları səadət mənzilinə çatdırmaq istəyir. Əgər insanlar onunla birgə getməsə və yola düşməsə, səadət mənzilinə çata bilməyəcəklər. Bu mətləbi unutmayın. İndi, bu iki cərgə arasında bir nəfər Peyğəmbərə baxıb onun düz danışdığını, nə qədər qulaq assa da, onun doğru və gözəl danışdığını görür. Digər tərəfdən də, Peyğəmbərin cərgəsinə qoşulduğu təqdirdə, digər cərgə ilə üz-üzə dayanacağını və onlara qarşı çıxacağını görür. Həmin cərgədə qalmaq da istəmir. Çünki orada qaldığı halda, Cəhənnəmə gedəcəyini görür. Peyğəmbərin cərgəsinə də qoşulmaq istəmir, çünki bu cərgənin də problemləri olduğunu görür. Nə etsin? Özünə iki cərgə arasında təhlükəsiz bir yer seçir və orada özünə bir çadır qurub oturur. Siz deyin. Bu iki cərgə arasında çadır qurub rahat əyləşən bu şəxs Cənnətə çata biləcəkmi? Aydındır ki, çata bilməyəcək. Çünki Peyğəmbər Cənnətə getmək istəyir və Cənnətə getmək istəyən mütləq onunla birgə yola düşməlidir. O isə Peyğəmbərlə birgə yola düşmədiyi üçün Cənnətə çatmayacaq. İki cərgə arasında olan şəxs Peyğəmbərlə birgə ola bilməz. Hər kim Peyğəmbərə qoşulmayıbsa, Peyğəmbərin əleyhinədir. Hər kim Əli (ə) ilə deyilsə, Əliyə (ə) qarşıdır. Hər kim haqq ilə deyilsə, haqqa qarşıdır. Bunu bizə Quran buyurur. Lakin İmam Əlinin (ə) kəlamı daha aydın, dərkimizə daha yaxındır. Bu hədisi öyrənin. “Biharul-ənvar” kitabının “Moizələr” bölməsində nəql olunan bir hədisdə o Həzrət belə buyurur:

اَلسَّاكِتُ أَخُو اَلرَّاضِي

“Batil qarşısında susan ona razı olanın qardaşıdır.”[3]

Bu hədisdə daha batilə razı olanın keyfiyyətindən söz açılmır, çünki onun necə bir insan olması məlum bir məsələdir.

مَن رَضِيَ بِعَمَلَ قَومٍ فَهوَ مِنهُم

“Hər kim bir tayfanın əməlinə (həyat tərzinə) razı olsa, onlardandır.”

Belə bir şəxsi də həmin tayfanın bağlandığı axurda bağlayacaqlar. Susan, amma qəlbində narazı olan və narazılığını dilə gətirməyən şəxs də razı olan şəxsin qardaşıdır. Hədisin davamında buyurulur:

وَ مَنْ لَمْ يَكُنْ مَعَنَا كَانَ عَلَيْنَا

“Bizimlə olmayan bizə qarşıdır.”

Bu iki cərgənin arasında İslamın fərz etdiyi bir yer yoxdur.

Abdullah ibn Məsudun tərəfdarları o cümlədən Xorasanda dəfn olunması ehtimal edilən Rəbi ibn Xüsəym [4] kimilər “Siffeyn” döyüşündə Əmirəlmöminin Əli (ə) ilə birlikdə döyüşə getməkdən imtina etdilər və dedilər ki, Əli müsəlmanların qanını tökmək istəyir. Onlar Əmirəlmöminin Əlinin (ə) hüzuruna gəlib xahiş etdilər ki, xidmət üçün bizi sərhəd məntəqələrindən birinə göndər.  Onlar elə düşünrdülər ki, (Sasani hökmdarı) üçüncü Yəzdəgirdlə Rum imperatoru Heraklyusdan hər hansı biri məğlub olsa, insanların dini və dünyasına heç bir faydası olmayacaq. Onlar sülh və barışıq məqsədilə düşmənlə üz-üzə gəlməkdən, döyüşdə iştirak etməkdən imtina edib bir guşəyə çəkilmək istəyir. Onlar elə təsəvvür edirdilər ki, xalqlar arasında baş verən dünya müharibəsi qüdrət və hakimiyyət üstündədir və bu müharibədə hər hansı ölkə özünü kənara çəkib müdaxilə etməsə, qalibdir. Lakin müharibənin haqq ilə batil arasında baş verdiyini və bu müharibənin qaçılmaz olduğunu anlamırdırlar. Dərk edə bilmirdilər ki, haqq ilə batilin müharibəsində haqqın tərəfində deyilsənsə, batilin tərəfindəsən. Batilin tərəfində olmağın mənası yalnız haqq ilə döyüşmək deyil; əgər haqq uğrunda döyüşmürsənsə, elə batilin tərəfindəsən. Onlar bunu anlamırdılar.

Peyğəmbər (s) cərgələri ayırd etmək və “Kim bizimlə bir olmaq istəyirsə, gəlsin.” – sözünü demək üçün gəlmişdi.

گفت ای گروه هر که ندارد هوای ما

سر گیرد و برون رود از کربلای ما

“Dedi: Ey camaat, hər kim bizi istəmirsə, bizim Kərbəlamızdan çıxıb getsin.”[5]

Həzrət Hüseyn ibn Əli (ə) yol əsnasında onu yanına çağırır və ondan kömək istəyir. O isə deyir: “Ey Peyğəmbərin (s) övladı! Atımı və qılıncımı sənin ixtiyarında qoyuram.” Aydındır ki, o, artıq Hüseyn (ə) ilə deyil, Hüseynin (ə) əleyhinədir. Odur ki, hədis alimlərimiz həmin şəxsi “bədbəxt” ifadəsi ilə qeyd etmişlər. Düz də qeyd etmişlər. O, doğrudan da, bədbəxtdir. Vay olsun onun kimi dövrün bədbəxt insanlarına! Ey bədbxt! Peyğəmbərlər gəlmişlər ki, yolu ayırd etsinlər və göstərsinlər. Əgər mərdliyin çatırsa, haqq axtarışındasansa, Allaha görəsənsə, bizim peyğəmbərliyimizə şəhadət verirsənsə, ya Allah, bizim yolumuz budur! Yox, əgər bir kənarda əyləşib əlində təsbeh, “Şəhadət verirəm ki, siz Peyğəmbərsiniz, şəhadət verirəm ki, siz Peyğəmbərsiniz.” – zikrini təkrar-təkrar dediyin halda, bizim yolumuzu və yolçularımızı görüb çətin olduğunu düşündünsə, çətin olduğu üçün kömək etmədinsə və üzünü o tərəfə çevirdinsə, o şəhadətin faydası yoxdur, heç onu deməsən yaxşıdır, onu dilinə gətirmə, əksinə ona əməl et (və əməl etmədiyin bir şeyi dilinə gətirmə):

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ. كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ

Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi niyə deyirsiniz? Etmədiyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olur.[6]

Nə üçün dilinə gətirdiyinə və inandığına əməl etmirsən? Vay olsun mənə! Özümü deyirəm. İnsanın danışdığı və etiqad bəslədiyi şeyə əməl etməməsi böyük günahdır. Nə üçün Əbu Cəhlə itaət etdiyim halda, Peyğəmbərə (s) itaət etdiyimi deyirəm?! Nə üçün şirkə tabe olduğum halda, İslama tabe olduğumu deyirəm?! Nə üçün Ələvi olduğumu (İmam Əli (ə) şiəsi) olduğumu dediyim halda, Müaviyə və Əbu Cəhl tərəfdarıyam?!

Həzrət Əli (ə) ilə Müaviyənin fərqi nə idi? Sizi Allaha and verirəm, bu gün cəmiyyətdə Əli ilə Müaviyəni təsvir edin, bir nəfər tapın ki, şəxsi mənafeyini və rifahını düşünməsin, ağır məsuliyyətlərin öhdəsindən layiqincə gəlsin, yorulmaq bilmədən çalışsın, yalanı xoşlamasın, rüşvətdən və rüşvət qoxusu verən hədiyyədən acığı gəlsin, Allah yolunda və Allaha xatir qəzəblənsin, Allah və Onun hökmünə xatir heç kimə rəhm etməsin, beytül-maldan (ümumi gəlirdən) pul istəyən qardaşının ovcuna odlu dəmir qoysun. Cəmiyyətdə belə bir şəxs – mövqeyində qəti, diqqətcil, islami hökm və tədbirlərin icrasında ehtiyata əməl edən varmı? Bir nəfər də onun qarşı tərəfindədir; gününü eyş-işrət, rifah və rahatlıqla keçirmək istəyir, bir şərt müqabilində ondan nə istəsən, sənə verəcək; o da budur ki, Əliyə yox, mənə kömək et və mənim səndən istəyim elə də böyük istək və kömək deyil, bəzən məni təriflə, elə bu qədər kifayət edər! Sizi Allaha and verirəm, indiki zamanda siz bu iki nəfərdən hansına müsbət cavab verərsiniz? Tarixin bu çağında onlardan hansı birini qəbul edərsiniz? Əlbir və birgə olduğun, əmrinə baş əydiyin şəxs sənə problem, baş ağrı, məsuliyyət, zəhmət olacaqsa, onunla birgə olarsanmı? İnsan ona pul, məqam, rahatlıq, ad-san və nüfuz qazandıran qüdrət sahibindən üz çevirməyə razılıq verərmi? Əgər üz çevirməyə razılıq verərsənsə, xoş olsun sənin halına! Əgər sən Əlinin (ə) zamanında da olsaydın, Əli şiəsi olardın. Yox, əgər qəlbinin rahatlıq, naz-nemət, eyş-işrət, pul, məqam, abır-həya, özünügöstərmə və özünüöymək üçün döyündüyünü görsən, bil ki, elə o dövrün məqbul (və mötəbər) simaları tək Şama tərəf üz tutacaq və Əlini (ə) tək-tənha qoyacaqdın.

Həm Peyğəmbəri-Əkrəmin (s), həm də Əmirəlmöminin Əlinin (ə) əmisi oğlu, çoxlu sayda hədislərin ravisi, Quran müfəssiri, şiə və sünninin qəbul etdiyi məşhur sima Abdullah ibn Abbas Əmirəlmöminin Əlini (ə) tərk etdi, tək qoydu. O Həzrət “Nəhcül-bəlağə”də ona iki məktub ünvanlayır. Axı, Abdullah ibn Abbas kim idi? Necə oldu ki, Peyğəmbərdən (s) dörd-beş hədis nəql etməklə hamı – şiə və sünnilər tərəfindən məqbul simaya çevrildi? Halbuki, Peyğəmbərin (s) səhabəsi belə deyildi, tabein zümrəsindən hesab edilirdi, Peyğəmbəri görməmişdi və o Həzrət vəfat edərkən hələ uşaq idi. Amma Salman, Əbuzər və Əmmar Yasir kimi hamı tərəfindən qəbul edilirdi. Mən tarixi bir qədər mütaliə etdikdə, Abdullah ibn Abbasın ikinci xəlifənin ətrafında və ona yaxın insanlar içərisində olduğunu gördüm. O, ikinci xəlifəyə böyük məhəbbət bəsləyirdi. Peyğəmbərin (s) dövrünü görməyən, tabein zümrəsindən sayılan bir şəxsin həm şiə, həm də sünnilər tərəfindən qəbul olunduğu təəccüb doğurur! Belə bir şəxs maraqlı və qəribə bir şəxs olmalıdır! İslam cəmiyyətində belələrinə – şiə və sünnidən ibarət bir-birinə müxalif iki dəstə tərəfindən qəbul edilənlərə nə deyilir? O, Bəsrənin hakimi olduğu halda, beytül-maldan olan pulları götürüb qaçdı. Hara qaçdı? Məkkəyə – Allahın əmin-amanlıq evinə! Pulları fəqir-füqəraya xərcləmək üçünmü? Bəli, amma kəniz satan fəqirlərə verdi Və bir neçə gözəl kəniz aldı ki, onlarlala xoş güzəran keçirsin, eyş-işrətlə məşğul olsun.

Əgər Abdullah ibn Abbas bu gün bizim aramızda olsaydı, Əmirəmöminin Əli (ə) haqqında nə deyərdi? Əlinin (ə) fəziləti haqqında nəql olunmuş birincidərəcəli hədislər ona mənsubdur. O, Əlini (ə) xatırlayıb ağlayırdı. Əli (ə) ilə birgə olduğu üçün ondan xatirələr nəql edirdi. Lakin özümüzü zirək və tədbirli hesab edən bizlər onun şiə olduğunu qəbul edərdikmi? Şiə olan kəs imtahan zamanı özünü göstərməlidir:

عند الامتحان يُكِرمُ الرجل أو يهان

“İmtahan zamanı insan ya əziz tutular, ya da xar olar.”[7]

فِي تَقَلُّبِ اَلْأَحْوَالِ عُلِم جَوَاهِرُ اَلرِّجَالِ

“İnsanların həqiqəti vəziyyətin dəyişildiyi zaman bilinər.”[8]

Əgər sən Əli şiəsi olsaydın, onu o qədər incitməzdin, onun nalə səsini o qədər ucaltmazdın! Abdullah ibn Abbasın qaçıb Müaviyəyə qoşulması ilə Əlinin (ə) ah-naləsi ucaldı. Axı, qohumlarım içərisindən mənə ən yaxın sən idin, sənə ümid bəsləyir və güvənirdim. Belə bir şəraitdə əmin oğlunu yalqız buraxıb getdinmi? Əli (ə) bu məktubu Abdullaha xitabən yazmışdır. Lakin Abbasilər xilafəti dövründə yaşayan Mərhum Seyid Rəzi ya qorxduğu, ya da xəcalət çəkdiyi üçün “Nəhcül-bəlağə”də məktubun Abdullah ibn Abbasa deyil, hakimlərdən birinə ünvanlandığını qeyd edir:

مِن كِتابٍ لَهُ اِلي بَعضِ عُمّالِهِ

“O Həzrətin bəzi hakimlərinə yazdığı məktub.”

Seyid Rəzi onun kim olduğunu qeyd etmir. Lakin məktubu oxuduqda, onun Abdullah ibn Abbas olduğu aydın bilinir. Bununla yanaşı, “Nəhcül-bəlağə”dən başqa, digər mənbələrdə onun Abdullah ibn Abbasa aid olduğu nəql olunur və ona xitabən deyilir ki, sən əmin oğlunu tək-tənha qoydun və filan işlərə əl atdın...

Bəli, nübuvvətə etiqadın öhdəlikləri budur: Peyğəmbərin ardınca getmək, onun göstərişlərini qəbul etmək və onun istədiyi kimi əməl etmək. Vaxt azlığını nəzərə alıb ayələrin bir qismini oxumaq və İslamın öhdəliklərinin nədən ibarət olduğunu qeyd etməklə kifayətlənirəm:

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ

İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər...[9]

Bu ayənin Peyğəmbəri-Əkrəmin (s) zamanına aid olmasına baxmayaraq, başqa zamanlara aid olmadığını deyə bilmərik. Bu hökm ümumi xarakter daşıyır, lakin Peyğəmbəri-Əkrəmin (s) zamanında deyilmişdir və ayədə qeyd edilən hicrət (İslam diyarına köç etmək) məsələsi də həmin zamana aiddir. O zaman bəziləri müsəlman olsa da, Peyğəmbəri-Əkrəmin (s) təfəkkür tərzini qəbul etsə də Məkkədən çıxmaq istəmirdi və bəziləri belə düşünürdülər: “Nə üçün çıxmalıyam, mənim Məkkədə iki-üç dükanım vardır, tanınmış və ziyalı müştərilərim, qohum-əqrəbam və dost-tanışım var, bunları necə tərk edib Peyğəmbərin (s) yanına gedə bilərəm? Axı necə? Ona iman gətirməkdirsə, iman gətirmişəm, bunu yüz dəfə də deyirəm, həm qəlbimdə, həm də dilimdə, hətta yavaşca da deyirəm ki, heç kim eşitməsin: Allah birdir, Peyğəmbər haqdır, Peyğəmbər məndən namaz qılmağımı istəyir və mən namaz qılıram, məndən oruc istəyir, otuz gün əvəzinə altmış gün tuturam. Daha Mədinəyə nə üçün getməliyəm?” O zaman hicrət lazım idi, İslam cəmiyyəti yeni qurulmuşdu, mütləq köç etməli, güclənməli və həmin cəmiyyət düşmənlər müqabilində möhkəm qalaya çevrilməli idi. Odur ki, hicrət imanın qəti şərtlərindən idi.

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

İman gətirib (Mədinəyə) hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar – bir-birinin dostudurlar (cəbhə yoldaşıdırlar).

Onlar mömindirlər və bir-birini birləşdirən kərpiclərə bənzəyirlər. Bir binanı nəzərdən keçirin. Həmin binada kərpiclər və taxtalar bir-birinin içinə keçmiş, binanın bütün avadanlıqları bir-birilə sıx bağlanmışdır. İslam cəmiyyətində möminlər də eynilə belədirlər; bir-birinə düyünlənmiş və bir-birilə sıx əlaqədə idilər. Ayədə qeyd olunan “əvliya” sözünün mənası da elə budur, yəni “tam bağlılıq” və “bir-birinə yapışmış” mənasını ifadə edir. Vilayətin mənası budur.

أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

“Onlar bir-birinin dostudurlar (cəbhə yoldaşlarıdırlar).

Ayənin bu hissəsinə isə diqqətlə qulaq asın:

وَالَّذِينَ آمَنُواْ وَلَمْ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُواْ

İman gətirən (və qəlbində səni peyğəmbər olaraq qəbul edən), lakin hicrət etməyənlər (və imanın məsuliyyətini çiyinlərində daşımayanlar), onların hicrət etməyənə qədər sizinlə heç bir şeydə bağlılıqları (və əlaqələri) yoxdur.

Onlar hicrət etməyincə, sizə ögeydir və sizinlə onlar arasında islami bağlılıq və qardaşlıqdan söz gedə bilməz.

Lakin burada bir hökm qüvvəyə minir, o da budur ki, hicrət etməyib öz şəhərlərində qalanlarla başqa zümrələr arasında döyüş baş verdikdə, sizdən yardım istəsələr, siz də mütləq onlara yardım etməlisiniz. Çünki sizinlə eyni fikirdə olduqları üçün (hücuma məruz qalıb) döyüşürlər. Əgər bir müsəlman kafirlərlə döyüşürsə, sizdən və vətəninizdən uzaq olsa da, sizinlə birlikdə hicrət etməsə də, gedib ona kömək etmək sizə vacibdir. Əlbəttə, bunun da bir istisna halı vardır, o da budur ki, siz müsəlman şəxsin döyüşdüyü tərəflə sülh sazişi bağlamış olasınız, bu zaman həmin müsəlmana kömək etmək sizə vacib deyil. Ayənin bu hissəsi bizə nəyi başa salmaq istəyir? Əvvəla, bizə başa salmaq istəyir ki, müsəlman şəxsə kömək etmək dünyanın hər hansı bir nöqtəsində olsa da vacibdir, hətta hicrət etməsə belə. İkincisi, hicrət etməyən (İslam cəmiyyətinin təşkili üçün köç etməyən) və küfr diyarında qalan həmin müsəlman şəxs sizin sülh sazişi bağladığınız kafir dəstəsi ilə döyüşərsə, ona kömək etməyə haqqınız yoxdur. Nə üçün? Çünki sizinlə birgə hicrət etməyib və sizin qardaşınız deyildir.

وَإِنِ اسْتَنصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلاَّ عَلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ

Əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir.

وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Allah nə etdiklərinizi görəndir!

وَالَّذينَ كَفَرُواْ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

Kafirlər də bir-birinin dostlarıdırlar.Kafirlərin iki fərqli ordu sıralarında olmalarına baxma, sizinlə düşmənçilikdə əlbir və eyni cəbhədədirlər.

إِلاَّ تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الأَرْضِ وَفَسَادٌ كَبِيرٌ

Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar. Bəlkə də məqsəd odur ki, əgər sıralar və cəbhələr ayrılmazsa, sizin hansı cəbhə ilə döyüşdüyünüz və hansı cəbhənin üzvü, dost və yaxud düşmən tərəfində olduğunuz bilinməzsə, yer üzündə fitnə-fəsad baş verər, dindən ayrılıq fitnəsi yaranar və cəmiyyətə ilahi qanunlar hakim olmaz. (Bu, bir ehtimaldır.)

Qeyd etdiyimiz mətləblərə şahid olaraq bu ayəyə də diqqət yetirin ki, çox maraqlıdır:

وَالَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُولَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا

İman gətirib (Məkkədən Mədinəyə) hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlar – həqiqi möminlərdir.

Diqqət yetirdinizmi? Həqiqi möminlər bunlardır! İman gətirən, lakin hicrət və cihad etməyən, sığınacaq verməyən və kömək etməyənlər necə? Onlar həqiqi möminlər deyil, yalançı möminlərdir. Ayədən başa düşülən bunlardır.

Bir ayə də “Ali-İmran” surəsindən[10] oxumaq istəyirəm. Məqsədimiz tamamilə aydınlaşsın deyə, azacıq şərh də edəcəyəm:

وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ

O vaxtı yadınıza salın ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – buyurmuşdu. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm” – deyə buyurmuşdu!

Ayədə buyurulur ki, Biz keçmiş peyğəmbərlərdən, misal üçün, Həzrət Musadan (ə) əhd-peyman aldıq və ona dedik ki, sənə verdiklərimi səndən sonra gələn peyğəmbər təsdiqləyərsə, ona iman gətirmək və yardım etmək sənə vacibdir. Yəni, keçmiş peyğəmbər özündən sonra gələcək peyğəmbəri təsdiqləməli, ona iman gətirməli, bunlardan əlavə, ona yardım da etməlidir.

Peyğəmbərə necə yardım etməlidir? Peyğəmbərə yardımın mənası nədir? Mənası odur ki, öz ümməti və dostlarına belə tövsiyə etməlidir: Bu əlamətlərə sahib olan bir peyğəmbər gəldikdə, (mütləq onun yanında olmalısınız və) məbada, onunla müxalifətçilik edəsiniz.

Allah həmin peyğəmbərlərə buyurmuşdu: “Bunu təsdiq etdinizmi? Mənim əhdimi qəbul etdinizmi? Sizdən əhd-peyman alıram ki, özünüzdən sonrakı peyğəmbərlərə də iman gətirəsiniz, həm də bu əhd-peymanı Qiyamət gününə qədər öz ümmətinizdən də almalısınız. Yəni, indiki yəhudilər Həzrət Musa ibn İmranla bağladıqları əhd-peymana görə sorğu-suala tutulacaqlar. İndi də Həzrət Musa (ə), sanki onlara deyir ki, ey narmərdlər, məgər sizdən əhd-peyman almadımmı ki, əbədi olaraq mənə iman gətirən hər bir kəs son Peyğəmbərə də iman gətirməli və ona yardım etməlidir?! Axı, Həzrət Musa (ə) özü də son Peyğəmbərə (s) iman gətirmişdi!

 

Xülasə

Cümə axşamı – Ramazan ayının 23-ü

NÜBUVVƏTƏ İMANIN ÖHDƏLİKLƏRİ

Nübuvvət bəhsinin sonunda əməli bir məsələyə işarə olunur; belə ki, nübuvvətin fəlsəfəsi, həqiqət və mənasına diqqət yetirdikdə, peyğəmbərin dəvəti ilə bərabər onun öhdəliklərinin qəbulu da zəruri və qaçılmazdır. Yəni, peyğəmbərin dəvətini qəbul edən şəxs onun addım atdığı yolu izləməli, öhdəsinə götürdüyü məsuliyyətin icrasında ona yardımçı olmalıdır. Bu isə, həqiqətdə, onun peyğəmbərə olan imanına bir nişanədir.

Nübuvvət yeni təfəkkür dairəsi formalaşdırır, yeni yol və yeni hədəf göstərir. Bu təfəkkürü qəbul edən, həmin hədəfi izləyən və həmin yolu ötüb-keçən şəxs “mömin” adlanır. Müxalif olmaq üçün dildə müxalifət etməyə ehtiyac yoxdur, elə onunla birgə olmamaq kifayət edir. Peyğəmbərlə “onun müxalifləri” adlı iki cəbhənin ortasında dayanan şəxs də Peyğəmbərdən deyil və onunla birgə olmayan şəxs onun əleyhinədir. Bu həqiqət onlarla Quran ayəsində şübhəsiz bir məsələ kimi göstərilir:

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْİman gətirib (Mədinəyə) hicrət edənlər,

 وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ Allah yolunda malları və canları ilə cihad edənlər

 وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْvə sığınacaq verib kömək edənlər

 أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍməhz onlar bir-birinin dostudurlar (cəbhə yoldaşıdırlar).

وَالَّذِينَ آمَنُواْ وَلَمْ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُواْİman gətirən və hicrət etməyənlər isə, onların hicrət etməyənə qədər sizinlə heç bir şeydə bağlılıqları (və əlaqələri) yoxdur.

وَإِنِ اسْتَنصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلاَّ عَلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌƏgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir.

وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌAllah nə etdiklərinizi görəndir!

وَالَّذينَ كَفَرُواْ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍKafirlər də bir-birinin dostlarıdırlar.

إِلاَّ تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الأَرْضِ وَفَسَادٌ كَبِيرٌƏgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

وَالَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ  – İman gətirib (Məkkədən Mədinəyə) hicrət edənlər, Allah yolunda cihad edənlər

وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُولَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّاvə sığınacaq verib kömək edənlər – məhz onlar – həqiqi möminlərdir.

لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌOnlar üçün bağışlanma və böyük ruzi vardır!

وَالَّذِينَ آمَنُواْ مِن بَعْدُ وَهَاجَرُواْ وَجَاهَدُواْ مَعَكُمْ فَأُوْلَـئِكَ مِنكُمْSonradan (sizdən sonra) iman gətirib hicrət edənlər və sizinlə bərabər cihad edənlər də sizdən (və sizinlə)dirlər.

(“Ənfal” surəsi, ayə 72-75.)

وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَO vaxtı yadınıza salın ki, Allah peyğəmbərlərdən belə əhd almışdı:

 لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ“Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə, ona mütləq inanıb yardım edəcəksiniz.”

قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِيOnlara buyurmuşdu: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?

قَالُواْ أَقْرَرْنَاOnlar da belə cavab vermişdilər: “Təsdiq etdik!”

قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ(Bu zaman) Allah buyurmuşdu: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm.

فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَBundan (bu əhd-peymandan) sonra üz döndərən kəslər fasiqlərdir.

(“Ali-İmran” surəsi, ayə 81-82.)

مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًاTövrata əməl etməyə mükəlləf olduqdan sonra ona (onun öhdəliklərinə) əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzəyərlər.

بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِAllahın ayələrini təkzib edənlər barədə çəkilən məsəl necə də pisdir!

وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ  – Allah zalım qövmü hidayət etməz!

(“Cümə” surəsi, ayə 5.)



[1]. “Munafiqun” surəsi, ayə 1.

[2]. Məclisin sonunda qeyd edilən xülasə nəzərdə tutulur.

[3]. “Biharul-ənvar”, “Rövzə” başlığı, “Moizələr və hikmətlər – Əmirəlmöminin Əlinin (ə) moizələri” bölməsi.

[4]. Zahid və abid idi. Tabein zümrəsindən (səhabələrdən sonrakı zümrə) sayılırdı. “Vəqətus-Siffeyn” kitabında nəql olunur ki, onlar bir dəstə ilə birlikdə Əmirəlmöminin Əlinin (ə) hüzuruna gedib dedilər: “Bu döyüşün haqq olmasına şəkk edirik.” Onlar xahiş etdilər ki, İmam (ə) onları kafirlərlə döyüşmək üçün sərhəd məntəqələrindən birinə ezam etsin.

[5]. Nəyyir Təbrizi.

[6]. “Səff” surəsi, ayə 2-3.

[7]. “Əl-İmam Əli – sovtul-ədalətil-insaniyyə.”

[8]. “Qurərul-hikəm”, 52-ci fəsil, hədis 7.

[9]. “Ənfal” surəsi, ayə 72-74.

[10]. “Ali-İmran” surəsi, ayə 81.

 

Google+ WhatsApp ok.ru