'Quranda islami təfəkkür tezisi' kitabı - 26-cı məclis 29 İyul 2021 11:27 QURANDA İSLAMİ TƏFƏKKÜR TEZİSİ Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: İYİRMİ ALTINCI MƏCLİS VİLAYƏT HAQQINDA–1 Bazar ertəsi – 1974-10-14 Ramazan ayının 27-si. بسم الله الرحمن الرحيم إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Şübhəsiz, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir! Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (“Nisa” surəsi, ayə 58-59.) Bu gün ötən məclislərin davamı olaraq vilayətlə bağlı nəzərdə tutduğumuz məsələlərdən bir neçəsinə toxunacağıq. “Vilayət nədir, onun isbatı üçün Quranın hansı ayələrinə istinad olunur, onun neçə konsepsiyası var?” və bu kimi vilayətlə bağlı məsələlər keçən məclislərdə qeyd olundu. Lakin onun təfərrüatını təşkil edən digər məsələlər də vardır. Əslində, bu məsələlərin də hər biri ayrı-ayrılıqda İslamın və müsəlman cəmiyyətinin siyasi xəttini müəyyənləşdirməkdə əsas və təyinedici məsələlər sırasındadır və biz burada həmin məsələlərdən bir neçəsini ardıcıllıqla qeyd edirik, bir-ikisini də, inşallah, növbəti məclisdə qeyd edəcəyik! Ötən məclisdə qeyd etdik ki, Qurani-Kərimə əsasən, müsəlman cəmiyyətində daxili əlaqələr möhkəmlənməli, (İslama zidd) xarici əlaqələrə son qoyulmalıdır və İslam cəmiyyətinin bu iki konsepsiyasının icrasında mərkəzi qüdrət və rəhbərliyə ehtiyacı vardır; belə ki, cəmiyyətin bütün qüvvələri, fəaliyyətləri, istiqamətləri, mövqeləri və müxtəlif qurumlarına mərkəzi qüdrət rəhbərlik etməlidir. Bu mərkəzi qüdrət “vəliyy” – “ilahi hakim” və “rəhbər” adlanır; yəni bütün qüdrətlər ondan ilhamlanmalı və bütün işlər onun nəzarəti ilə icra olunmalıdır. Bir sözlə, İslam cəmiyyətinə həm ideoloji, həm də əməli baxımdan rəhbərlik edən şəxsə “vəliyy” (ilahi rəhbər) deyilir. Biz bu mətləbləri Qurani-Kərimə istinadən isbat etdik. İndi isə, görək, İslam cəmiyyətinin rəhbəri kimdir? Kim rəhbər ola bilər? Onu necə tanıya bilərik? İslam cəmiyyətinin bütün qüvvələrinə kim rəhbərlik etməlidir? Əgər bizdən bu suallar soruşularsa, cavab verə bilərikmi? Cavab müsbətdir. Bəli! Əlbəttə, ötən söhbətlərimizin əsnasında bu sualın cavabı ilə bağlı bəzi məsələlərə işarə etdik. Siz də bunu bilirsiniz və naməlum bir məsələ deyil. Lakin məsələni məntiqi üslub və təbii ardıcıllıq baxımından da araşdırmağı zəruri hesab edirik. Qurani-Kərimin bu suala cavabı bir kəlmədir: İslam cəmiyyətinin həqiqi rəhbəri Allahdır. İslam cəmiyyətinin hakimi Allah-Taaladan başqa, heç kim ola bilməz. Bunu bizə tövhid ideologiyası deyir. Nübuvvət də onu bizə qəti və danılmaz bir məsələ kimi təqdim edir. Gördüyünüz kimi, vilayət bəhsi də bu mətləbi təsdiqləyir. Burada bu məsələyə qısa şəkildə toxunub keçmək istəyirəm: Hər zaman hər bir məkətəb və məsləkin bütün prinsipləri eyni nəticəni təqdim etməlidir. Məktəbimizin pinsiplərindən birinin bir nəticə, digərinin isə ona zidd bir nəticə təqdim etməsi qeyri-mümkündür. Təəssüf ki, günümzdə bəzi sadəlövh müsəlmanların bir prinsipdən aldığı nəticə o biri prinsipdən aldığı nəticə ilə ziddiyyət təşkil edir. Demək, İslam cəmiyyətində əmr və qadağalar, siyasi xətt və hüquq prinsiplərinin tənzimlənməsi, insanların həyat sürüb-sürməməsi hökmü Allaha məxsusdur. وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ “Allah möminlərin rəhbəridir.”[1] Qurani-Kərimdə işlənən “vəliyy” və “övliya” sözlərini icmali şəkildə araşdırdıqda, “İslam cəmiyyətinin rəhbəri Allahdır”, “Möminlərin Allahdan başqa, rəhbər və dostu yoxdur”, “Bəşəriyyətin bütün işlərinin hakimi Allahdır” – ifadələrinin zəruri və danılmaz məsələ kimi qeyd olunduğunu gördüm. Əlbəttə, qardaşlar bu məsələni bilsələr də bəzilərinə qaranlıq qalmasın deyə, xatırlatmaq istəyirəm ki, Allah-Taalanın təkvini hakimiyyətindən söz getmir. Aydın məsələdir ki, yer və göyün idarəsi Allah-Taalanın qalib iradəsinə tabedir. Söz budur ki, bəşər cəmiyyətinin həyat qanunları, fərdi və ictimai münasibətləri də Allah-Taaladan ilhamlanmalıdır; yəni, həmişə “Ələvi hökuməti” ifadəsi ilə işlətdiyimiz Quranın hakim olduğu İslam cəmiyyəti və ilahi quruluşun qanuni hakim və rəhbəri Allahdır. “Ələvi hökuməti” və “Ələvi quruluşu” ifadəsini unutmamağınızı istəyirəm. “Ələvi hökuməti”, “İslam sistemi” və Quranın hakim olduğu cəmiyyətdə hakim və rəhbər Allahdır. Burada başqa bir məsələyə çatırıq: “Allahın hakim olması nə deməkdir?” Axı, Allah-Taala əmr və qadağaların icrasında insanlarla üz-üzə gəlmir. İnsanlar onlara rəhbərlik edən və onların işlərinin icrasını öhdəsinə götürən bir şəxsə ehtiyac duyurlar. “Bir şəxs” dedikdə, bir zümrənin (şura) rəhbərliyini inkar etmək istəmirəm. Cəmiyyətdə bütün işləri icra edə biləcək bir şəxsin varlığı mütləqdir. Yoxsa, insan cəmiyyətinin arasında yalnız qanun olarsa, özü də həmin qanun Allah-Taala tərəfindən göndərilərsə belə, Əmirəlmöminin Əlinin (ə) ifadəsi ilə desək, həmin cəmiyyətin əmiri və hakimi, rəhbərlik edən heyəti, bir sözlə, qanunun icrasına nəzarət edən bir qurum olmazsa, cəmiyyətin nəzmi pozulacaq, bir-birinə dəyəcək. Bu (rəhbər) insan kim olmalıdır? İnsan cəmiyyətinə rəhbərlik və hökmranlıq edən insan və yaxud insanlar kimlər olmalıdır? Müxtəlif məktəblərin və tarixi həqiqətlərin bu suala cavabı fərqlidir. Bəziləri “الملک لمن غلب” – “Kim qalibdirsə, o da hakimdir” – ideyası ilə cəngəllik hökmranlığına üstünlük verirlər. Bəzilərinin nəzərincə, kim daha çox tədbirlidirsə, o da hakim olmalıdır. Bəziləri deyirlər ki, hakim xalq tərəfindən qəbul olunan bir şəxs olmalıdır. Bəziləri deyirlər ki, müəyyyən bir nəsildən hər kim təyin olunmuş xüsusiyyətlərə sahibdirsə, o da hakim olmalıdır. Bəziləri də başqa nəzəriyyələr, məntiqlər və şəxsi zövqləri irəli sürmüşlər. İslam məktəbinin bu suala cavabı budur: إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ “Sizin rəhbəriniz yalnız Allah və Onun Peyğəmbəridir.”[2] Cəmiyyətdə əmr sahibi, əmr və qadağaların icraçısı Allah-Taala tərəfindən seçilmiş Peyğəmbərdir. Elə bu səbəbdən, cəmiyyətə peyğəmbər göndərilibsə, onun varlığı ilə başqa bir şəxsin xalqa hakim olması mənasızdır. Peyğəmbər, yəni cəmiyyətin rəhbəri, hakimi və qüdrət sahibi. Bəs, Peyğəmbər dünyadan köçdükdən sonra necə olacaq? İlahi peyğəmbər digər insanlar kimi, əbədiyyətə qovuşduqdan sonra cəmiyyətin vəzifəsi nədir? Bu sualı yenə də Quran ayəsi cavablandırır: وَالَّذِينَ آمَنُواْ “Sizin rəhbəriniz möminlərdir.” Hansı möminlər? İslam məktəbinə iman gətirən hər kəs İslam cəmiyyətinin rəhbəri ola bilərmi? Əgər məqsəd budursa, onda bütün möminlərin sayı qədər hakim də olmalıdır. Bəs nə etməliyik? Cavab odur ki, xüsusi əlamətlərə sahib olan möminlər nəzərdə tutulur. Aydındır ki, burada Quran müəyyən xüsusiyyətlərə sahib bir şəxsin hakim və rəhbər olduğunu, şəriət sahibinin nəzərində onun kimliyini tanıtdırmaqla bərabər, həm də meyarı təqdim etmək istəyir. Yəni, demək istəyir ki, filan meyara – Allah-Taala tərəfindən seçildiyinə – görə sizin rəhbəriniz filankəsdir. وَالَّذِينَ آمَنُواْ – “Sizin rəhbəriniz möminlər”, həqiqi iman gətirən kəslərdir. Ayədə işlənən “iman” sözündə zahiri iman deyil, həqiqi iman, “həyatı boyunca iman sahibi olduğunu və imanını öz əməli ilə təsdiqlədiyi” şəxslər nəzərdə tutulur. Demək, iman gətirənlərin ilk şərti həqiqi mömin olmaqdır. Digər şərtləri də vardır: الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ “O kəslər ki, namazı bərpa edərlər.” Namaz qılmaqdan söz getmir. Namaz qılmaqla namazı bərpa etmək arasında fərq vardır. Əgər ayədə namaz qılmaqdan söz getsəydi, onda, (“yuqimunə” (bərpa edirlər) ifadəsi yox,) “yusəllunə” (namaz qılırlar) ifadəsi işlənməli idi. Namazın bərpası cəmiyyətdə namazın ruhu və həqiqətinin yaşaması, cəmiyyətin namazqılan cəmiyyətə çevrilməsi anlamındadır. Bildiyiniz kimi, namazqılan cəmiyyət o cəmiyyətə deyilir ki, hər bir yerdə Allahın adı və zikri kamil şəkildə dalğalanır. Allahın adı və zikrinin dalğalandığı cəmiyyətdə faciə, cinayət, xəyanət və insani dəyərlərə hörmətsizlik baş vermir. Belə bir cəmiyyətdə hamı yalnız Allahı xatırlayır, bütün işlər ilahi istiqamət alır və Allaha xatir yerinə yetirilir. Oğurluqların və sui-istifadələrin, zülmlərin və zülmə boyun əymələrin, təcavüzkarlıqların və təcavüzkarlıqlara razılıqların səbəbi cəmiyyətin Allahın adı və zikrindən uzaq qalmasıdır. Allahı zikr edən cəmiyyətin hakimi Əli ibn Əbitalibdir. O, heç vaxr zülm etmədi, həmişə də zülmü pislədi. Əbuzər Qifari işgəncələrə məruz qalsa da, sürgün və təhdid olunsa da, qərib və kimsəsiz qalsa da, zülmə boyun əymədi, Allahın yolundan dönmədi. Allahı zikr edən və namazı bərpa edən cəmiyyət belə bir xüsusiyyətə sahib olur. Cəmiyyətdə namazı bərpa edən, cəmiyyəti Allaha doğru yönəldən, cəmiyyətdə ilahi zikrin rövnəq tapmasına çalışan bir mömin bu işi ilə kifayətlənməz, həm də sərvəti ədalətli şəkildə bölər: وَيُؤْتُونَ الزَّكَاةَ “(Möminlər o ksələrdir ki,) zəkat verərlər”, Allah yolunda infaq edərlər (mallarını Allah yolunda xərcləyərlər). Ayənin davamında buyurulur: وَهُمْ رَاكِعُونَ “Rükuda olduqları halda zəkat verərlər.” Bu ayə xüsusi bir hadisəyə işarədir. Bəzi təfsir alimləri qeyd edirlər ki, وَهُمْ رَاكِعُونَ (və hum rakiun) ifadəsi xüsusi bir hadisəyə deyil, möminlərin daim rüku halında olmasına işarədir. Lakin ərəb qrammatikası bu ehtimalı inkar edir. وَهُمْ رَاكِعُونَ (Və hum rakiun) ifadəsinin mənası budur ki, möminlər rüku halında zəkat verən kəslərdir. Bu da ötən məclisdə diqqətinizə çatdırdığım mətləbi təsdiqləyir. O da budur ki, mənim nəzərimcə, bütün infaqlara – Allah yolunda çəkilən bütün xərclərə “zəkat” deyilir. Əmirəlmöminin Əlinin (ə) rüku halında yoxsula verdiyi üzük dini terminologiyada işlənən “zəkat” deyil, Allah yolunda infaq idi və bu da zəkata aid edilir. وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ “(Möminlər o ksələrdir ki,) rükuda olduqları halda zəkat verərlər.” Baxın, bir insan bərabərliyə nə qədər üstünlük verirsə, infaqı nə qədər sevirsə, yoxsulluq və yoxsulluğu görmək ona nə qədər ağır gəlirsə, namazın bitməsini və bu yoxsulun gedib başqa bir yoxsulun gəlişini gözləmir, barmağındakı üzüyünü sonradan yoxsula verəcəyini düşünmür. Onun infaqa – Allah yolunda xərc çəkməyə sevgisi və bu təklifi yerinə yetirmək şövqü o qədər çoxdur ki, yoxsul və yoxsulluq gördükdə, bir an belə səbir etmir, dözmür, Allahın bəyənmədiyi bir hadisəni (möhtac bir şəxsin əliboş qayıtmasını) bəyənmir. Eyni zamanda (infaq etmək üçün) üzükdən başqa, heç bir şeyə sahib olmadığından, elə namazda ikən üzüyünü barmağından çıxarıb möhtaca verir. Bu ayə Əmirəlmöminin Əlinin (ə) tarixdə yaratdığı məxsus və məlum bir hadisəyə işarədir. Yəni, o Həzrət namazda ikən bir yoxsul içəri daxil olur və o Həzrət üzüyünü verməli olur. Bu hadisədən sonra uyğun ayə nazil olur. Mülahizə etdiyiniz kimi, ayədə Əli ibn Əbitalibin (ə) ilahi rəhbər olması məsələsinə işarə ilə toxunulur. Tarixin zalımları kimi, ayədə canişin açıq-aşkar dilə gətirilmir. Misal üçün, Müaviyə özünə canişin təyin etmək istədikdə, açıq-aşkar deyirdi ki, mənim canişinim oğlumdur, o, mənim oğlum olduğu üçün məndən sonra bu məqam mütləq onun olmalıdır. Lakin Allah-Taala Peyğəmbər üçün canişini belə təyin etmir, rəhbərlik meyarlarını təqdim edir və həmin meyarlara da məhz Əli ibn Əbitalib sahib olur. Həmin meyarlar nədir? “Allaha kamil iman”, “cəmiyyətdə namazı bərpa etmək”, “infaqa sevgi” və “rüku halında zəkat vermək”. Bu ifadələrlə həm xəlifəni təyin edir və Əli ibn Əbitalibin xəlifə olduğunu bildirir, həm də xilafətin meyar və fəlsəfəsini bəyan edir. Bu, Quran ayəsidir. Demək, İslamda rəhbər Allah tərəfindən göndərilir və Onun vasitəsilə təyin edilir. Çünki yaradılış aləminin təbiətinə görə, heç kim hakimiyyət haqqına sahib deyil. Hakimiyyət haqqı Allaha məxsusdur. Hökm və hakimiyyət haqqı Ona məxsus olduğundan, insanların mənfəət və məsləhətini nəzərə alaraq Öz haqqını istədiyi şəxsə verə bilər. Bildiyimiz kimi, Allahın işləri məsləhətdən kənar deyil, diktatorluq, quldurluq və zorakılıqdan uzaqdır. Onun işləri insanların məsləhət və xeyrinə əsaslanır. Elə buna görə də, təyin edən Odur və biz də Ona təslimik. Peyğəmbəri, imamı və imamdan sonra ilahi xüsusiyyətlərə və xas meyarlara sahib olan kəsləri İslam cəmiyyətinin rəhbərləri təyin edir. Demək, rəhbəri Allah seçir. Həm Özü, həm Peyğəmbəri, həm də imamlar rəhbərdirlər. Peyğəmbərin (s) ailəsindən on iki nəfər imam və rəhbər seçilmişdir. Onlardan sonra isə bir sıra xas meyarlarla uyğun gələnlər hökumət və xilafətə layiq görülürlər. İslamda rəhbər seçimi belədir. Əlbəttə, uyğun məsələ ilə bağlı bir ayəyə toxunduq. Qurani-Kərimdə digər ayələr də vardır ki, onlardan bir neçəsini əlinizdəki vərəqdə qeyd etmişəm, qalan ayələri də özünüz axtarıb tapın. Bu məsələ ilə bağlı ayələrin sayı çoxdur. İslamda təkidlə vurğulanan məsələ odur ki, xalqa rəhbərlik işini insanları Cəhənnəmə sürükləyən şəxsə həvalə etmək olmaz. Məgər tarixdə belələrini görmədikmi? Məgər İslamın ilkin parlaq dövründən sonra İslam cəmiyyəti ilə nələr etdiklərini, onların başlarına nələr gətirdiklərini görmədikmi? Həmin cəmiyyətdə yaxşı insanların qədri bilinmədi, yaxşı meyarlar dəyişdirildi, cəmiyyətin xeyri və məsləhətinə iş görən xeyirxahlar və xilaskarları unutdular. Cəmiyyəti bu vəziyyətə salmaq üçün nə qədər çalışdılar. İslam cəmiyyətində zalım və hegemon qüdrətlərin zəhərli təbliğatları ilə cəmiyyətin təfəkkür tərzini dəyişdirdilər, elə bir iş gördülər ki, cəmiyyət ağı qara, qaranı isə ağ görürdü. Cəmiyyət belə bir hala salınmışdı. Tarixə nəzər saldıqda, təqribən, ikinci və üçüncü əsrlərdə, qüdrət və xilafət aparatının cinayətlərini gördükdə, xalqın etinasızlığı və laqeydliyi təəccüb doğrur. Yəni, bu xalq həmin xalq deyildimi? Bu xalq Osmanın müqabilində səbir edə bilmədi, hər tərəfdən onu mühasirəyə aldı, sonra da acınacaqlı şəkildə onu xilafətdən kənarlaşdırdı. Bu xalq o xalqdımı? Abbasi xəlifəsinin toy gecəsində xərclənən o qədər pulla İslam cəmiyyətinin böyük bir hissəsini idarə etmək olardı, amma müsəlmanlara məxsus “beytül-mal” (ümumi gəlir) şəxsi işlərə və maraqlara, min nəfərin pulu bir nəfərin yolunda xərclənirdi. Görəsən, bu iş doğrudurmu? Bu işlər İslam cəmiyyətində baş verdiyi halda, xalq heç nədən xəbərsiz kimi, dinib danışmırdı. Bəlkə də, haçansa bu hadisəni danışmışam. Harun ər-Rəşidin sevimli gənc vəziri Cəfər Bərməki 28-30 yaşında evlənir və 34-35 yaşında da qətlə yetirilir. O, xalqın sevgisini qazandığı bir vaxtda ailə həyatı qurur. Harun ər-Rəşid də onu çox sevirdi. Onun toy mərasimində bəylə gəlinin başına şirniyyat, konfet-noğul səpmək əvəzində, Harun ər-Rəşidin və Bərməkilərin əziz qonaqları şirniyyata oxşamayan başqa şeylərin səpildiyini gördülər. Qızıl sikkələr də deyildi. Bir neçəsini açıb baxdıqda, barmaq bəndi boyda çox kiçik xalis qızıl qutular olduğunu gördülər. Həmin qutuların içində bükülmüş kiçik və nazik vərəqlər qoyulmuşdu. Vərəqlər açıldıqda, böyük vərəqlərə çevrilirdi. Həmin vərəqlərdə ölkənin şəhər və məntəqələrinin malikiyyət və rəhbərlik əmri imzalanmışdı. Hər kim həmin qutulardan birini götürsəydi, qutunun içindəki vərəqdə hansı bölgənin adı qeyd olunmuşdusa, həmin şəxs oranın maliki və hakimi olurdu. Bir gecədə Allah bilir ki, nə qədər insanın – beş yüz, səkkiz yüz nəfərin hakimlik əmri kiçik qızıl qutulurın içində bəylə gəlinin başına səpildi. Xəlifə o qutulara kimlərin sahib olacağını bilmədiyi halda, hərə bir bölgəyə hakim oldu; hətta bəzi bölgələr hansısa bir uşağın, bəziləri bir sərxoşun, bəziləri bir bıçaq çəkən quldurun, bəziləri də bir şərəfsizin ixtiyarına keçdi. Xəlifənin onların kimliyi haqqında xəbəri belə yox idi. Əmrləri bəylə gəlinin başına səpirdi, kim götürürdüsə, gedib hakim olurdu. Təsəvvür edin, hansısa bir bölgəyə hakimiyyət edən belə ləyaqətsizlər nə qədər insanların haqqını mənimsədi, nə qədər sərvətlər çapıb taladı, nə qədər haqsızlıqlar etdilər! Onlar bu haqda əsla düşünmürdülər. Elə buna görə də, hədsiz dərəcədə sosial təbəqələşmə yaranmışdı. Onlar hədiyyələr və bəxşişlər paylayarkən, israfçılıqlar edərkən, eyş-işrətlə məşğul olarkən, Yəhya Ələvi[3] Təbəristan dağlarında zülm və sitəmlə döyüşürdü. Özü və ailəsinin yalnız bir dəst paltarı var idi. Namaz vaxtı özü namaz qıldıqdan sonra, paltarını çıxarıb zövcəsinə verirdi ki, o da bədənini örtüb namazını qılsın. Xalq Peyğəmbərin (s) ailəsinin zülm və haqsızlıqla döyüşdüyünü və ağır günlər keçirdiyini gördüyü halda, laqeyd yanaşır və dil açıb dillənmirdi. Harun ər-Rəşiddən gileylənmirəm. Əgər o, bu işləri yerinə yetirməsəydi, Harun olmazdı. Harun və onun adamları işin gedişatını belə istəyirdi, nə qədər ki, onlar var idi, belə də olmalı idi. Onlardan giley-güzar etmirik. Giley-güzarımız xalqdandır. Xalq İslamın ilkin çağlarının həssaslığını və ayıqlığını unutmuşdu. Belə acınacaqlı vəziyyətdə heç də məsuliyyət hiss etmir, acımırdı. Görəsən, nə üçün? Zərərli, zəhərli və rəzil təbliğatlarla xalqın üzərində işləmişdilər. İslam cəmiyyəti və ölkəsinin hər bir yerində təbliğat əlləri uzun illər boyu dayanmadan xalqın beyni, ruhu və ruhiyyəsi üzərində işləmiş və bu yerə gətirib çıxarmışdı. Elə isə, baxın görün, İslam cəmiyyətinin hakiminin kim olması nə qədər önəmlidir?! İslam cəmiyyətinin hakimini Allah təyin etməlidir. Quran ayəsində buyurulur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”[4] Əmr sahibləri nə deməkdir? Nadan müsəlmanlar əmr verən və qüdrət sahibi olan hər kəsin (ayədə qeyd olunan ulil-əmr) “əmr sahibi” olduğunu güman edirdi. Biz deyirik ki, xeyr! Qüdrət sahibi olan hər kəs əmr sahibi deyil. Məgər hər əmr verən əmr sahibi ola bilərmi? Həmin şəxs Quran tərəfindən rəsmi olaraq tanına bilərmi? Əgər dağda yaşayan bir quldur və oğru orada hər şeyə sahib olduğu üçün “əmr sahibi” adlanıbsa, əmrinə itaət vacib ola bilərmi? Bəzi tarixi nəqllərə əsasən, Səfəvi şahlarından birinin İsfahanda “üç gecə-gündüz karvansaralarda, mağazalarda, bazarlarda və hər bir yerdə kişilərin deyil, yalnız qadınların və qızların çölə çıxmağa və işləməyə haqqı vardır. Şəhərdə heç bir kişi görünməməlidir. Sahibkarlar, hakim dairələr, onların dostları və ətrafındakılar isə istisnadır.” – deyə verdiyi əmri Allahın əmrimi hesab etməliyik? Bu insanlar əmr sahibidirmi? Onlara itaət etmək düzgündürmü? Onların əmri Allahın əmridirmi? Şiənin etiqad bəslədiyi əmr sahibi Allah-Taalanın əmr nizamnaməsini onun adı ilə möhürlədiyi kəsdir. Həmin şəxs insanların “özündən” – olsa da, vilayət və rəhbərliyi böyük vilayət və rəhbərlik sahibi olan Allahdan almışdır. Əbu Hənifə kobudluğu, bədəxlaqlığı, israfçılığı və qətl-qarətləri ilə seçilən, Cəfər Bərməki və tayfasını, bir çox mömin və müsəlmanları bir gündə qətlə yetirən Harun ər-Rəşidi “əmr sahibi” adlandırır, eyni zamanda İmam Sadiqlə (ə) daim dalaşır, mübahisə edirdi ki, sən nə üçün zəmanənin əmr sahibi ilə, yəni yalançı Harunla müxalifətçilik edirsən? Diqqət yetirdinizmi? Şiənin bu məsələdə məntiqi incə və dəqiqdir; Qurana istinadən əmr sahibinin Allah tərəfindən seçilməsini bildirməklə yanaşı, meyarları da insanlara təqdim edirdi ki, aldanmasın və belə deməsinlər: “Əli ibn Əbitalibin (ə) başımız və gözümüz üstə yeri var, onu qəbul edirik, eyni zamanda Harun ər-Rəşidi də onun canişini hesab edirik.” Bu düşüncə tərzi yanlışdır. Necə ki, belə düşünənlər var idi. Mənsur Abbasi deyirdi ki, İmam Həsənin (ə) xəlifə olduğunu qəbul edirik, amma o, xilafəti pula satdı. Mənsur Abbasinin məntiqi bundan artıq olmaz ki? O, xilafəti satdığı üçün, artıq xilafətdə haqqı yoxdur. Biz də xilafət məqamını xilafətin satıldığı şəxslərdən zorla aldıq. İndi isə bu məqam bizə aiddir. Bu, onların sözüdür. Zahirdə Həzrət Əli ibn Əbitalibi (ə) qəbul edir, başı və gözlərinin üstünə qoyurdular, eyni zamanda o Həzrətin hakimiyyəti ilə Harun ər-Rəşidin hakimiyyəti arasında fərq qoymurdular. Şiə isə deyir: Xeyr! Bu söz düz deyil! Sən Həzrət Əli ibn Əbitalibin (ə) hakimiyyətini qəbul edirsənsə, vilayət və xilafətin meyarlarını da qəbul etməli və bilməlisən ki, o Həzrət bu meyarlar əsasında ilahi rəhbər seçilmişdir. Odur ki, hər kim bu meyarlara sahib deyilsə, yaxud həmin meyarların ziddinə sahibdirsə, özünü Həzrət Əli ibn Əbitalibin (ə) canişini, şiənin rəhbəri və əmr sahibi adlandıra bilməz. Heç kəsin də onu qəbul etməyə haqqı yoxdur. Vilayət məsələsi ilə bağlı birinci mətləb budur! İkinci mətləbi də ayəsi ilə birlikdə (əlinizdəki) vərəqdə qeyd etmişəm: Allahın vilayət və rəhbərliyi nə üçündür? Hər kim: “Nə üçün vilayət və rəhbərlik Allaha məxsusdur?” – deyə sual versə, cavabı budur ki, bu, İslam dünyagörüşündə təbii bir fəlsəfədən meydana çıxır. İslam dünyagörüşünə əsasən, dünyada hər bir şey Allahın qüdrətindən qaynaqlanır. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ “Gecə və gündüzdə mövcud olan hər bir şey Onundur.”[5] Bütün yaradılış aləmi və təkvini hakimiyyət Onun ixtiyarındadırsa, qanuni və şəri hakimiyyət də Onun ixtiyarında olmalıdır. Bundan başqa, yol yoxdur. Bu da ikinci mətləb! İndi isə, diqqətlə qulaq asın ki, ayələri oxuyub tərcümə edək: إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir.”[6] إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ “Şübhəsiz, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir!” إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا “Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!” Onun sizə verdiyi əmrlər kamil elm və agahlığa əsaslanır. O, sizin daxili ehtiyaclarınızın səsini eşitdiyi və taleyinizi gördüyü üçün ehtiyac duyduqlarınızı bəxş edir və bağışlayır. Bu ilk ayədə əmanətdən söz açılır və göstəriş verilir ki, əmanətləri sahibinə qaytarın. Bu ayə, həqiqətdə, ikinci ayə üçün bir müqəddimədir. Əmanət yalnız sizin əlinizdə olan mənim bir manatımı geri qaytarmaqdan ibarət deyil, əmanətin ən mühüm əlamət və nümunəsi insanın Allahın insanlar arasındakı əmanətini öz yerinə çatıdrması və sahibinə təhvil verməsidir. Allahın insanla bağladığı əhd-peymana əsasən, insanın layiqincə Ona itaət etməsi və Onun buyruqlarına əməl etməsi əmanətin ən mühüm nümunəsidir. Sonrakı ayədə buyurulur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” Buradan İslamın nəzərinin bəzi məktəblərin nəzərləri ilə fərqləndiyi də məlum olur. İslam cəmiyyətdə haçansa hakimiyyətə ehtiyac duyulmayacağını demir və bunu proqnozlaşdırmır. Halbuki, bəzi məktəblərin proqnozlarına görə, ideal cəmiyyətin xüsusiyyəti odur ki, həmin cəmiyyətdə hakimiyyət olmasın. İslam isə bunu demir. Xəvaric zümrəsi ilahi hakimiyyət bəhanəsi ilə Həzrət Əli ibn Əbitalibin (ə) hakimiyyətdə olmamasını deyirdi. Onların şüarı bu idi: لَا حُكْمَ إِلَّا لِلَّهِ “Hökm (hakimiyyət) yalnız Allahındır.” İmam (ə) isə bunun cavabında buyurur: كَلِمَةُ حَقٍّ يُرَادُ بِهَا بَاطِلٌ “Bu, batil məqsəd üçün işlədilən haqq sözdür.”[7] Söz, düz sözdür və həqiqi hakim Allahdır. Qanun göndərən və həyat bəxş edən həqiqətən də Allahdır. Qanun və hakimiyyət Allaha məxsusdur, amma o qanunu icra edən şəxs kim olmalıdır? Yenə deyəcəksiniz ki, Allahdan qeyri, heç kim qanunu icra edə bilməz? Bu sözün cavabında belə deməyə məcburuq: لابُدَّ لِلنّاسِ مِن أَمِیرٍ “İnsanlar üçün rəhbərin olması zəruridir.” Bu, insanın təbiətidir və həyatında qanun icraçısına ehtiyacı vardır. Qanunun olması kifayət etmir, onu icra edən, ona düzgün şəkildə və zərafətlə nəzarət edən bir şəxs mütləq olmalıdır. Sözügedən ayədə də elə bundan söz açılır: “Özünüzdən olan əmr sahiblərinə itaət edin.” Lakin söz budur ki, əmr sahibi olan və hökm verən hər kəsə itaət vacibdirmi? Bəzən iki nəfər bir-birinə zidd əmr verir, onların hər ikisi əmr sahibidirmi? Bəzən də bir nəfər əmr verir, lakin insan əqli və şüuru onun əmrini inkar edir. Yenə də o, əmr sahibi adlanırmı? Elə buradan bizimlə əhli-sünnə təfəkkür tərzi arasında əsaslı ixtilaf yaranır. Biz əmr sahibinin ilahi meyarlarla uzlaşan bir şəxs olduğunu dediyimiz halda, onlar əməli olaraq belə bir şərtin olmadığını deyirlər. Yəni, onların məşhur nəzərinə görə, rəhbərlik vəzifəsinə sahib olan hər bir kəs möhtərəm və mötəbərdir. فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!” ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً “Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” Baxın, ayədə insanların diqqəti yaxşı rəhbərlərin yaxşı, pis rəhbərlərin də pis aqibətinə yönləndirilir. Bu da bir ayə! Üçüncü ayədə isə bu ümumi əmrdən boyun qaçıranlar məzəmmət olunur: أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ “(Ey Peyğəmbər!) Sənə nazil edilənə (sənin şəriətinə) və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi?” Onlar özlərini mömin hesab edirlər, halbuki, yerinə yetirdikləri iş Allaha imanla ziddiyyət təşkil edir. O iş nədir? يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ “Onlar tağutun hüzurunda mühakimə olunmaq istəyirlər.” Yəni, öz işlərinin həlli üçün tağuta – zalım rəhbərə müraciət etmək, onun nəzərini öyrənmək və əmrinə tabe olmaq, habelə onun nəzəri və əmri əsasında öz həyatını tənzimləmək istəyirlər. Bu da imana qarşıdır. يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا “Onlar tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki, onlara (tağutu) inkar etmələri əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istəyir.” Ehtimal edirəm ki, şeytan elə tağutun özüdür və başqa bir şey deyil. Onlar tağutun arxasınca getmək istəyirlər, lakin Qurani-Kərimdə onlar “tağut” adı ilə tanıtdırılan şeytanın vasitəsilə doğru yoldan uzaqlaşıb, azğınlıqlardan və sərgərdan qalmış vadilərdən baş qaldırırlar. Tağut və şeytan onları doğru yoldan elə uzaqlaşdırır ki, azacıq belə geriyə dönüş yoxdur. Onların hidayət yoluna bir də qayıtmaları çox çətindir. Bu, Quran ayəsidir. Əlbəttə, diqqətinizə çatdırmaq istədiyim məsələ budur: Allahın vilayət məqamı və onun möminlər tərəfindən qəbulu İslam dünyagörüşündə təsbit olunmuş bir fəlsəfədən qaynaqlanır. Demək, bu, təbii bir məsələdir. Biz Allaha itaət etməyi və əmr sahibinin Allah olduğunu deyiriksə, bunun təbii bir fəlsəsi var. Çünki hər bir şey Allahındır. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ “Gecə və gündüzdə mövcud olan hər bir şey Onundur.”[8] İnşallah, növbəti məclisimizdə bu bəhsin davamını qeyd edəcəyik. Xülasə Bazar ertəsi – Ramazan ayının 27-si VİLAYƏT HAQQINDA–1 Qurai-Kərimdə geniş yer tutan vilayət prinsipinin müxtəlif məsələləri haqqında söz açılır ki, həmin məsələlər də ayrı-ayrılıqda İslamın siyasi xəttinin tanınmasında mühüm rol oynayır. Aşağıdakı ayələrdə onlardan bəziləri diqqət və təfəkkürlə əldə edilir: 1. İslam cəmiyyətinin rəhbəri dedikdə, bütün ideoloji və əməli fəaliyyətlərə rəhbərlik edən qüdrət, yəni Allah-Taala və Onun ad və əlamətlərlə təyin etdiyi şəxs nəzərdə tutulur: الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَالَّذِينَ آمَنُواْ إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ – Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri vı möminlərdir. O kəslər ki, namazı bərpa edər və rükuda olduqları halda zəkat verərlər. (“Maidə” surəsi, ayə 55.) إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ – Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir.” إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ – Şübhəsiz, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا – Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir! يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ – Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ – Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً – Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (“Nisa” surəsi, ayə, 58-59.) أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ – (Ey Peyğəmbər!) Sənə nazil edilənə (sənin şəriətinə) və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ – Onlar tağutun hüzurunda mühakimə olunmaq (öz işlərini tağutun hüzurunda həll etmək) istəyirlər. وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ – Halbuki, onlara (tağutu) inkar etmələri əmr olunmuşdur. وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا – Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istəyir. (“Nisa” surəsi, ayə, 58-59.) مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ – Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا – Kim (Peyğəmbərə itaətdən) üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik. (“Nisa” surəsi, ayə, 80.) 2. İlahi rəhbərlik və onun möminlər tərəfindən qəbulu İslam dünyagörüşündə təsbit olunmuş ideoloji bir fəlsəfədən qaynaqlanır. Bu da təbii bir məsələdir. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ – Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. وَهُوَ السَّمِيعُ الْعَلِيمُ – O, (hər şeyi) eşidəndir, biləndir. قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ – (Ey Peyğəmər!) De: “Mən göyləri və yeri yaradan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan başqasını özümə rəhbərmi götürüm?!” قُلْ إِنِّيَ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ – De: “Mənə İslamı qəbul edən ilk şəxs və müşriklərdən olmamaq əmr edildi!” (“Ənam” surəsi, ayə 13-14.) [1]. “Ali-İmran” surəsi, ayə 68. [2]. “Maidə” surəsi, ayə 55. [3]. Yəhya ibn Abdullah İmam Həsənin (ə) nəvələrindən idi və Harun ər-Rəşidin hakimiyyəti dönəmində müxtəlif İslam bölgələrində xalqdan özünə beyət toplamağa başladı və Təbəristanda öz dəvətini aşkar şəkildə elan etdi. Harun ər-Rəşid onun qiyamını yatırmaq üçün Fəzl ibn Yəhya Bərməkini məmur etdi. Yəhya işin ağırlaşdığını gördükdə, Harun ər-Rəşiddən aman istədi. Harun ər-Rəşid aman verdi və nəhayət, Harunun zindanlarının birində şəhadətə yetdi. [4]. “Nisa” surəsi, ayə 59. [5]. “Ənam” surəsi, ayə 13. [6]. “Nisa” surəsi, ayə, 58-60. [7]. “Nəhcül-bəlağə”, xütbə 40. [8]. “Ənam” surəsi, ayə 13. Teqlər : #'Quranda,#islami,#təfəkkür,#tezisi',#kitabı,#26cı,#məclis, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Quranda islami təfəkkür tezisi' kitabı - 25-ci məclis (AUDİO) 'Quranda islami təfəkkür tezisi' kitabı - 26-cı məclis (AUDİO)