'Quranda Islami təfəkkür tezisi'  kitabı - 1-ci məclis

'Quranda Islami təfəkkür tezisi' kitabı - 1-ci məclis

1-ci məclis - İman

Maide.Az saytı Mübarək Ramazan ayının gəlişi münasibətilə Ali Rəhbər Ayətulllah Seyid Əli Xameneinin  “Quranda İslami Təfəkkür Tezisi” adlı  kitabının yazılı və audio versiyasını hissə - hissə oxuculara təqdim edir.
 
 
 
 
 
بسم الله الرحمن الرحيم
 
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
 
 
 
 
 
 
 
QURANDA İSLAMİ TƏFƏKKÜR TEZİSİ
 
Ayətullah əl-üzma Seyid Əli Xamenei
 

İŞARƏ

1974-cü ilin yay fəslinin son günləri Məşhəd şəhərinin Sərşur bazarının qurtaracağında “İmam Həsən Müctəba (ə)” adlı kiçik və yarıtəmirli məscidin imamı yeni metodla fəaliyyətə başlayır. Uca boya, nüfuzlu gözlərə sahib olan otuz beş yaşlı Seyid Əli Xamenei mübarək Ramazan ayında, hər gün zöhr və əsr namazlarından sonra əlinə Quran alıb tribuna arxasına keçərək “Quranda islami təfəkkür tezisi” mövzusuna dair bir saat söhbət etməyi qərara alır.

Məclisin başlaması ilə Məşhəd şəhərində çaxnaşma yaranır. Adətən, yay günlərində, zöhr namazı ərəfəsində şəhərə sükut çökür, hamı bir neçə saatlıq istirahətə çəkilirdi. Lakin şəhərin bir guşəsinə qəribə canlanma, xüsusi şövq hakim olmuşdu; gənc-yaşlı, kişi-qadın – dodaqları qurumuş oruc insanlar günortanın qızmar istisində şəhərin uzaq və yaxın məntəqələrindən İmam Həsən Müctəba (ə) məscidinə doğru addımlayırdılar. Hamı gənc Seyidin Allah ayında sərdiyi bərəkətli maarif süfrəsindən bəhrələnmək və susuzluğunu yatırmaq üçün müştaqcasına özünü məscidə çatdırırdı.

Bu gənc ruhaninin dinləyicilərinin sayı günü-gündən artır, məclisdə sıxlıq yaranırdı, hətta məscidin arxasındakı böyük parkinqdə məclis iştirakçılarının oturması üçün yer düzəldildi. Göz gəzdirdikdə, müxtəlif yaş qruplarına aid insanları görmək olurdu. Hamı – şagird, tələbə, tacir, məhəllə sakinləri, kişi və qadın əyləşmişdi və çoxu da gənc nəsil idi. Tibb tələbələrindən bir neçəsi digər tələbələrin məclisdə iştirakı üçün də bir neçə avtobus kirayələmişdi. Avtobus tələbələri universitetin önündən mindirib məscidə aparırdı.

Seyid Əli Xameneinin məclisinə yenilik hakim idi; məclis başlanmamış hər kəsə gündəlik söhbətin xülasəsindən ibarət kserekopiya olunmuş bir vərəq verilirdi. Xətib ənənənin əksinə, mənbərdə yox, tribuna arxasında dayanır, hər gün oruc ağızla bir saat çıxış edirdi. Söhbətdən sonra isə Quran qarisi öncədən mənbərdə hazırlanmış yerdə əyləşib məclisdə qeyd olunmuş ayələri gözəl səslə tilavət edirdi. Məclis mənbər söhbətindən daha çox, dərs sinfinə oxşayırdı.

Pəhləvi rejiminin diktaturası, zülmkarlıq və istibdadı uzun illər idi ki, davam edirdi. İmam Xomeyninin sürgün edildiyi həmin vaxtlarda dini yığıncaqlarda zalım hakim rejimin həssas olduğu mövzulara kiçik işarələr belə etmək hər kəsin işi deyildi. İqtidarın zirvəsində olan SAVAK-ın casusları hər yerdə fəaliyyət göstərirdi. Cihad və mübarizə ayələrini oxumaq qadağan edilmiş və cinayət sayılırdı. Bəni-İsrail ifadəsi işlənən ayələrə toxunan və İsrailə işarə edən xətibin məclisinə xitam verilir, özü də həbs olunurdu. Bütün bunlara rəğmən, “İmam Həsən Müctəba (ə)” məscidinin gənc ruhanisi mübarizə meydanının pəhləvanı idi. O, SAVAK məmurlarının şərindən amanda qalmaq üçün necə çıxış etməli və məclisi necə idarə etməli olduğunu yaxşı bilirdi. Cənab Xamenei son dərəcədə zəka və şücaətlə Qurandan uzaq qalmış ümmətin qəlbinə Allah kəlamının nurunu çatdırmaq üçün bir körpü salır, tam diqqət və zərafətlə islami etiqadlar məcmusunu Qurana istinadən elə bəyan edirdi ki, insanlar Quran maarifi sayəsində öz etiqadlarını yeniləməklə islami rejim haqqında da düşünməyə başlayırdılar. Gənc Seyid ilk söhbətini “iman” mövzusu ilə başlayır, sonra isə Ramazan ayının sonuna qədər “tövhid”, “nübuvvət” və “vilayət” bəhslərini yekunlaşdırır. O, bu məclislərdə Məşhəd gənclərinin qəlblərində agahlığa əsaslanan iman toxumunu əkməklə onları Quranla munis edir, müqəddəs Quranı taxçalar qürbətindən, nikah süfrələrindən, hüzür məclislərindən çıxarıb gənclərin ixtiyarında qoyur.

Uzun illər dini düzgün dərk etməyən bir qrup öz quru düşüncəsi ilə “Quranı hər kəs başa düşə bilməz; Quranı yalnız savab məqsədilə oxumaq lazımdır” və bu kimi müxtəlif bəhanələrlə insanları Qurandan uzaqlaşdırmışdı. Həqiqətdə, hakim dairələr də bu sözləri xoş qarşılayırdılar. Lakin Seyid Əli Xamenei yaxşı bilirdi ki, bu sözlər ya düşmənin hiyləsidir, ya da həmin insanlar nadanlıq içində çapalayırlar. Onun özü Quran aşiqi, Quran fədaisi idi və Quranın qəribliyini aradan qaldırmaq üçün ciddi çalışırdı. Möhkəm və əzmlə, coşğun və tutarlı sözləri ilə əlində Quran tribuna arxasına keçib bütün varlığını ilahi kəlamlara vəqf edirdi. Həqiqi İslam təfəkkürünü ilahi mətnin daxilindən yenidən dirçəltmək, Quranı müsəlman xalqın qəlbi və əməlinə qaytarmaq istəyirdi. O, sonuncu Peyğəmbərin (s) əbədi möcüzəsinin möhtəvasının tamamilə sıradan çıxmasına, onun elə cild və vərəqlər üzərində həbs edilməsinə cəhd göstərən zalımların üstünə belə fəryad edirdi:

“İnsanları Qurandan uzaqlaşdıranların vay halına! Müxtəlif bəhanələrlə insanları Quranı anlamaq məqsədilə açmağa qoymayanların vay halına! Qardaşlar və bacılar! Bilin ki, bizim bugünkü işimiz Quranladır. Necə ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِذَا التَبَسَت عَلَیکُمُ الفِتَنُ، کَقِطَعِ الَّیلِ المُظلِمِ فَعَلَیکُم بِالقُرآنِ

“Fitnələr qaranlıq gecə tək sizə üz gətirdikdə (və sizin həyatınıza kölgə saldıqda), Qurana sığının.”[1]

O gün haçandır? Gecə tək qaranlıq fitnələri görmürükmü? Yaxınlığınızdakı və gözlərinizin önündəki kələ-kötür yolları görmürsünüzmü? Açıq gözlər hər tərəfdən hücuma keçən oğruları və quldurları görmürmü? Onda, haçan Qurana üz tutacağıq? Haçan? İmam Zaman (ə.f.) gəldikdən sonramı? Axı, onun özü natiqi-Qurandır. Bax, elə bu gün Qurana üz tutmalıyıq.”

Nəhayət, “İmam Həsən Müctəba (ə)” məscidində “Quranda islami təfəkkür tezisi” sona yetdikdən sonra və onun ardınca “Nəhcül-bəlağə”nin şərhi ilə bağlı məclisin gedişatı ərəfəsində Seyid Əli Xamenei saxlanılır və zülm paytaxına – o günün ən ağır işgəncələr ocağına (Təxribat əleyhinə birgə mübarizə komitəsi) yola salınır.

“Quranda islami təfəkkür tezisi” adlı hazırkı kitab bu günümüzü və sabahımızı işıqlandırmaq üçün zalım rejimin zülmət qaranlıq illərindən yadigar qalmış bir xəzinədir. Bu kitab Ayətullah Seyid Əli Xameneinin İnqilabdan öncə, 1975-ci ildə çap edilmiş beşinci əsəridir. Bu kitab Ayətullah Seyid Əli Xameneinin 1974-cü ildə “İmam Həsən Müctəba (ə)” məscidində mübarək Ramazan ayı boyunca etdiyi çıxışların və xülasə şəkildə məclis iştirakçılarına payladığı kserekopiya vərəqlərinin məcmusundan ibarətdir. Diqqəti cəlb edən odur ki, bu vərəqlərdə qeyd edilən mətləblərin xülasə olmasına rəğmən, dinin fərdi və ictimai parametrləri yanaşı düzülür, Quranla bağlı yeni təfəkkür tərzi aşılanır; vərəqlər zahirən müxtəsər olsa da, özündə dərin məzmunu ehtiva edir.

Bunlardan əlavə, Ayətullah Seyid Əli Xameneinin özü də kitabın çapından öncə ona bir müqəddimə yazmış və həmin müqəddimədə Quranda islami təfəkkür tezisinin zəruriliyini, onun hədəf və nəticələrini çox gözəl şəkildə izah etmişdir.

Ümid edirik ki, İmam Rzanın (ə) diqqət və duası sayəsində bu kiçik töhfə o Həzrətin əziz övladı Sahibəz-Zamanın (ə.f.) razılığına səbəb olacaqdır.

 

 

MÜQƏDDİMƏ

İslam prizması insanlara ictimai həyatı töhfə verən və bir-biri ilə səsləşən vahid prinsiplərə malik olan sosial bir konsepsiya kimi dini təfəkkürün ən təxirəsalınmaz zərurətlərindən biridir.

Bundan öncə islami tədqiqatlar, əsasən, bu iki mühüm xüsusiyyətdən məhrum qaldığından, tədqiqatçılar İslamın müasir sosial məktəb və məsləklərlə müqayisədə layiqincə səmərəli nəticəsinə nail olmamış, ümumiyyətlə, vahid ayin planını təqdim etməkdə, onun digər məktəb və ayinlərlə nisbətini fərqləndirməkdə aciz qalmışlar. Həm də ümumilikdə rasional araşdırmalara üstünlük verdikləri, praktiki və ictimai təsir sahəsindən kənarda qaldıqları üçün əqli mərifətdən artıq bir nəticə verməmiş, insanların birgə həyat tərzi, xüsusən, vahid cəmiyyətin formalaşmasında heç bir öhdəlik, mükəlləfiyyət və hətta aydın bir nəzəriyyə irəli sürməmişlər.

İslamın qəti və onda şübhəyə yer olmayan sənədi – Qurani-Kərim çox zaman aydınlatma payından kənar saxlanılmış, onun əvəzində daha çox yarırasional araşdırmalara, zənnə əsaslanan məlumat və müddəalara yer verilmiş və nəhayət, Qurana etinasız yanaşılımış, ondan uzaq etiqadi təfəkkürlər formalaşmış, inkişaf etmişdir. Bəlkə də Qurana etinasızlıq, ona ehtiyacsızlıq və yaxud düzgün istifadə imkanından ümidsizlik hissi nəticəsində Quran ayələri üzərində düşünmək öz yerini səthi, diqqətsiz və nəticəsiz qiraətlə əvəz etmiş və bu ilahi kitabdan daha çox maddi mükafatlar güdülmüş, gəlir mənbəyi kimi istifadə edilmişdir.

Bu həqiqətə rəğmən, islami təfəkkürlə bağlı araşdırmalar və məlumatlarda üç önəmli xüsusiyyət zərurətə malikdir ki, agah mütəfəkkirlər ondan kənara çıxmamalıdırlar:

1. İslam maarifi və islami təfəkkür sistemi mücərrədlik və abstraktlıqdan çıxmalı, bütün ictimai məktəblər kimi, əməli vəzifələrə, xüsusən, ictimai həyata yönəlməli, nəzəri mövzular daha çox insan həyatının proqramları, hədəfləri və bu hədəflərə nail olmaq baxımından araşdırılmalıdır.

2. İslamda etiqadi məsələlər vahid quruluşun tərkib hissələri tək ayrıca mütaliə olunmalı, insanın müxtəlif şaxəli həyatı ilə mütənasib kamil ideologiya şəklində din və dini prinsiplərlə ümumi və hərtərəfli tanışlıq əldə edilməlidir.

3. İslam prinsipləri şəxsi zövq və nəzərlərə deyil, dinin əsas mətn və mənbələrinə istinadən başa düşülməli, araşdırılmalı və nəticədə, həqiqi İslam öyrənilməlidir. Bu məqsədin həyata keçməsində ən kamil və etibarlı sənəd Qurani-Kərimdir; ona batil yol tapa bilməz və onda hidayət və tərbiyə ilə bağlı hər bir məsələ aydın şəkildə izah edilmişdir.

Əlinizdəki kitab bu məqsədin təmini istiqamətdə silsilə söhbətlər qəlibində İslam haqqında məlumat verən bir qrafikdir.

Bu söhbətlərdə islami etiqadın ən mühüm əsasları, qurucu və həyati əhəmiyyətli prinsipləri Qurani-Kərimin aydın ayələrinə istinadən araşdırılmış, uyğun ayələr dərin təfəkkür sayəsində dinləyicilərə aşılanmış, əlavə məlumat vermək üçün lazımi yerlərdə də Peyğəmbər (s) və onun məsum Əhli-beytindən (ə) nəql olunan düzgün rəvayətlərdən istifadə edilmişdir.

Sonda qeyd edilən mətləblərin dinləyicilərin zehnində yaxşı həkk olması və onların özlərinin müstəqil olaraq həmin mətləblər üzərində dərindən düşünmələri üçün hər söhbətin xülasəsi bir vərəqdə qeydə alınır və hər gün məclis iştirakçılarına təqdim olunurdu.

İndi isə sizə təqdim olunan bu kitab həmin xülasə mətləblərin məcmusundan ibarətdir və faydalı olacağı və qəbul ediləcəyi ümidilə oxucuların məntiqi və məqbul istəklərinə lazımi cavabdır.

25/Oktyabr/1974

 

 

BİRİNCİ MƏCLİS

 

 

İMAN-1

Cümə axşamı – 1974/09/19

Mübarək Ramazan ayının 2-i.

 

 

 

 

 

بسم الله الرحمن الرحيم

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ. وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ. الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

Allaha və Peyğəmbərə itaət edin ki, rəhm olunasınız! Rəbbiniz tərəfindən olan bağışlanmağa və genişliyi göylərlə yer üzü qədər olan, təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin. O təqvalılar ki, bolluqda da, qıtlıqda da (mallarını Allah yolunda) infaq edər, qəzəblərini udar və insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevir.

“Ali-İmran” surəsi, ayə 132-134.

 

 

 

 

Məsihi rahibləri günaha düşməmək üçün rahiblik və asket həyat tərzinə üz tutub mağaralara, dağlara və alaçıqlara sığındılar. Qurani-Kərimdə buyurulur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ

Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib etməmişdik.[2]

İslam aliminin xüsusiyyətlərində isə rahiblik, tərki-dünyalıq,  bir guşəyə çəkilmək yoxdur. İslam alimi suda boğulmaqda olan insana nicat verən bir kəsdir. Ayıq və müsəlman şəxs də belədir (müsəlman olmaqla məsuliyyətli olmaq bir-birini tamamlayan iki kateqoriyadır): O, boğulan və xəstəliyə yoluxana nicat verməyə çalışır. Bu da guşənişinliklə bir araya sığmır. Təqvalı olmağa səy edir; günah müqabilində lazımi təchizatı və zirehi əyninə geyinib günah məntəqəsinə qədəm qoyan və günahkarı yaxalayan şəxsə təqva sahibi deyilir. Bir sözlə, təqva budur!

Görəsən, bu mənanı daşıyan təqva qələbə üçün müqəddimə və vasitədirmi? Bəli, onun çox asanlıqla qələbə vasitəsi olduğunu görə bilərsiniz. Bu məntəqədə xəstəliyə qələbə çalmaq istəyən şəxs virusun onun cisminə nüfuz edəcəyindən qorxacaqsa, xəstəlik və infeksiyaya yoluxmuş şəxslərə necə nicat verə bilər? Odur ki, buna hazır və özündən arxayın olmalı, sonra isə infeksiyanın yayıldığı məntəqəyə qədəm qoymalı və başqalarına nicat verməlidir. Bu zaman qələbəyə nail olacaq və işini rahatlıqla yerinə yetirəcəkdir.

وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Allahdan qorxun, təqvalı olun ki, qələbə çala, səadət və qurtuluşa çatasınız.”

وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ

Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) qorxun!

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və Peyğəmbərə itaət edin ki, rəhm olunasınız![3]

Əgər “Allaha itaət edin”“Peyğəmbərə itaət edin” ifadəsinin arasında fərq yoxdursa, onda, nə üçün “Allaha itaət edin” – deyə buyurduqdan sonra “Peyğəmbərə itaət edin” – deyə buyurulur. Görəsən, hər ikisinin qeyd edilməsi “əlavə söz” deyilmi? Əgər yalnız “Allaha itaət edin” deyilsəydi, Peyğəmbər (s) nümunə olaraq göstərilməsə və ona itaətin vacibliyi qeyd olunmasaydı, Peyğəmbərə (s) qarşı çıxanlar “Elə biz də Allaha itaət edirik!” – deyə iddia edə bilərdirlər. İddia meydanı geniş olduğundan, hamı aşkar şəkildə din, iman və təqvadan danışa və hamı Allahın bəndəsi və Ona müti olduğunu idda edə bilər.

Peyğəmbərin (s) zamanında həm Peyğəmbər (s) Allaha itaət və bəndəçilik iddiası edirdi, həm də ona müxalif olan, maneçilik törədən və onunla döyüşənlər – məsihi rahibləri və böyükləri, yəhudi alimləri – bunların hamısı iddia edirdilər.

وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ

Yəhudilər və məsihilər dedilər: Biz Allahın oğullarıyıq.””[4]

Onların iddiası Peyğəmbərin (s) iddiasından da üstün idi; Peyğəmbər “Mən Allahın bəndəsiyəm!” – deyirdisə, onlar “Biz Allahın oğulları və övladlarıyıq!” – deyirdilər. Onlar Allaha itaətin yalnız onların ixtiyarında və onlara məxsus olduğunu düşünürdülər, əslində, onlar düşünmürdülər, əksinə Allaha boyun əyməyən bəzi şəxslər özlərini Allaha müti olanlar kimi göstərirdilər. Bəziləri xəlvətə çəkildikdə, əməl dəftərlərinin qara və danışdıqlarının tamamilə yalan olduğunu anlamalarına baxmayaraq, yenə də özlərini Allahın yaxşı bəndələri, itaətkar və həqiqi abidlər kimi qələmə verirlər. Belələrinin cərgəsi həqiqi haqpərəst insanların cərgəsindən ayrılmalıdır. Burada Allah-Taala möminlərin Ona itaətinin vacibliyini bəyan edərkən belə buyurur:

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ

Allaha və Peyğəmbərə itaət edin!

Əgər Allah-Taala burada Peyğəmbərin (s) adını çəkməsəydi, Peyğəmbərin düşmənləri “Allaha itaət edənlər bizik!” – deyəcəkdilər. Odur ki, “Allaha itaət”in mənası açıqlanmalı idi. Özlərini Allahın bəndəsi bilən, amma Allahın qanununa təslim olmayan və əməl etməyənlər bəndəçilik statusuna şamil deyillər. Belə olduğu halda, onlar necə “Biz Allahın bəndələriyik!” – deyə bilərlər?

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və Peyğəmbərə itaət edin ki, Allahın rəhməti sizə şamil olsun!

Allahın mərhəməti və rəhmətinə şamil olmaq nə deməkdir? Burada Quranın bəyanı ilə avam düşüncələr arasında bir müqayisə aparın: Əgər biz günahkar olduğumuzu, Allaha üsyan etdiyimizi, vacib əməllərə, əhd-peymanlara və vəzifələrə əməl etmədiyimizi deyir, Allahın qadağan olunmuş məntəqələrindən geri çəkilməmişiksə, yalnız bir ümid yerimiz qalır. O nədir? O, Allahın rəhmətidir. Yəni, ümidimiz Allahın bizimlə Öz rəhməti ilə rəftar və bizə rəhm etməsidir. Bu, bizim iddiamız və sözümüzdür, yəni bizim sıravi cəmiyyətimiz və xalq kütləsinin sözüdür. Allahın rəhməti haçana aiddir? Əməl etmədiyimiz, əmrə boyun əymədiyimiz, Allahın qadağan olunmuş məntəqəsinə daxil olduğumuz, ilahi vəzifə və əhdləri unutduğumuz zamana aiddir. Belə hallarda deyirik: “Əməl etmədik, Allah bizə rəhm etsin!” Biz burada əməl etmədiyimizin yerini Allahın rəhmi və rəhməti ilə doldururuq. Quran ayəsi isə bunun əksinədir. Buyurur: “İtaət edin ki, Allahın rəhmətinə şamil olasınız.” Allahın rəhməti bir xalqın öz vəzifəsinə əməl etdiyi zamana aiddir. Bu zaman Allah Ona itaət edən, öz vəzifələrini yerinə yetirən xalqa rəhm edəcək. Yeddi yüz milyon müsəlman[5] “Allahın rəhmətinin onların üzərinə yağacağı”nın intizartında əyləşmək və “Onun rəhmətinə ümidvar olmaq” adı ilə namus oğruları və din qarətçilərinin hər şeyi götürüb aparmaları üçün yolu açıqmı qoymalıdırlar? Bu xam xəyalla hələ də əyləşin və intizar çəkin!

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və Peyğəmbərə itaət edin ki, rəhm olunasınız!

“Allaha itaət edin” nə deməkdir? Allaha itaət necə olmalıdır? Bütün ilahi məsuliyyət və yükü çiynimizə almalı, öhdəmizə düşənlərə əməl etməliyik. Qurani-Kərimin şərif ayəsində buyurulduğu kimi:

لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

Ey Peyğəmbər! Möminlər öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə kamil bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.[6]

Həqiqi mömin belə olmalıdır; Allahın əmrinə təslim olan bir millət və ümmət Onun sonsuz lütf və mərhəmətinə də layiq olacaq. Bu zaman həmin ümmətin başı ucalacaq, insanlıq təkamülünə yüksələcək, əlləri və ayaqlarından əsarət qandalları açılacaq, ilahi rəhməti qazanacaq.

وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və Peyğəmbərə itaət edin ki, Allahın rəhmətinə şamil olasınız!

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ

Rəbbiniz tərəfindən olan bağışlanmağa tələsin!

Bura müsabiqə və yarış meydanıdır; Allahın bağışlamasına doğru irəli addımlayın, sürətinizi artırın.

وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

“Genişliyi göylərlə yer üzü qədər olan, təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.

Bu ayədə təqvanın həm əlamətləri, həm də nəticəsi qeyd olunmuşdur.

Ey filan ərazidə bir qarış torpaq və bir qədər sudan ötrü canfəşanlıq edən, başqalarını geridə qoymaq üçün tələsən, hansısa torpaq sahəsini, sərmayə və dükanı, məmləkətin hansısa bir guşəsindəki ərazini ələ keçirmək və maddi imtiyazlara daha çox sahib olmaq üçün bütün güc və qüvvəsini səfərbər edən insan! Bunlara görə şərafət və fəzilətlərin ayaqlanmasına rəğmən, yarışmaq üçün tələsmək və başqalarını geridə qoymağa həmişə hazırsan. Ey insan! Sənə “tələsmə”, “evdə yat” və “iş görmə” deyən yoxdur, amma “din” adı ilə bu sözü deyən yalan danışır, bilmir. Din demir ki, çox iş görmə, çox irəli keçmə, çox yarışma, amma nəyə doğru? Bir ovuc su və bir qarış torpağa, dəyərsiz pula yox, sənə layiq olana doğru! Maddi dünya həyatı nə qədər çox olsa belə, sənin dəyərin müqabilində həddən artıq kiçik və azdır. İnsan bu dünyanın ən ali varlığıdır, Allahdan sonra ən böyük və əzəmətli varlıq bu kiçik və məhdud bədəndə təcəlli edib. Ey böyük insan! Müsabiqə apar, sürətini artır, amma nəyə doğru?

إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ

Rəbbiniz tərəfindən olan bağışlanma və Cənnətə doğru.Bütün səmalar onun müqabilində kiçik, bütün yer üzü onunla müqayisədə az olan o ilahi Cənnətə doğru addımla. Bu nə deməkdir? Yaxşı dərk etmək üçün Quran ifadələrinə diqqət yetirin. Quranda buyurulur: Əgər sən nəyəsə təşəbbüs göstərmək istəyirsənsə, yer və göy sənin üçün az və dəyərsizdir, daha üstün və dəyərli şeylərə nail olmaq üçün çalış. Ey böyük insan! Bağışlanma sənin üçün daha önəmlidir, hər şeydən üstün budur. Allahın səni bağışlamasından sonra isə göylər və yer üzündən daha dəyərli və böyük olan Cənnətdir.

Bağışlanma nədir? Filankəsə “üzr istəyirik”, “sizə nalayiq söz dedim, məni bağışlayın” demişik. O da naz-qəmzə ilə, məğrurluqla, yaxud gülərüz və xoş əxlaqla bağışladığını bildirir. Belə şeyləri çox görmüşük.

(Başqa bir misal:) Hansısa bir məntəqədə səhvən bir cinayət baş verir. İnsan haqq sahibinin başına dolanıb ona “lütf edin, bağışlayın” – deyə yalvarmağa başlayır. O da “Yaxşı, sizi bağışladım!” – deyir.

Filan dövlət və hökumət idarəsində doğru və ya yanlış olan müxtəlif səbəblər ucbatından sizə müəyyən qədər vergi təyin edirlər. Siz də ona yalvarır, şirindillik və yaltaqlıq edib ehtiram göstərir və yaxud özünüzlə bir vasitəçi aparır, məktub yazır, yaxud da telefonla xahiş edib təyin olunan verginin ləğvini istəyirsiniz. İdarədən isə sizə müəyyən məbləğin bağışlandığını bildirirlər. Biz bu sayaq güzəştlər gördüyümüz üçün Rəbbin bağışlamasının da bu qəbildən olduğunu güman edirik. Həqiqət belədir ki, zülm edən, cinayət törədən, günaha qurşanan, yer üzündə fitnə-fəsad törədən kəs ilahi əzaba layiq görüləcək. Görəsən o, azca göz yaşı axıdıb raz-niyaz və təvəssül etdiyi üçün Allah da Qiyamət günü “eybi yoxdur, indi ki belədir, sənin təqsirlərindən keçir və səni bağışlayırıq” – deyəcəkmi? Allahın məğfirət və bağışlaması budurmu? Rəbbinizin bağışlamasına doğru tələsin. – ifadəsi bunu deyirmi?

Bağışlanmanın mənası haqqında çox danışmışam. Təkrar deməkdə məqsədim odur ki, bəhslərimizdə çox vaxt iştirak edənlər öz yaddaşlarına müraciət etsinlər və dediklərimi yaddaşlarından çıxarmasınlar. Bağışlamaq, yəni “sağaltmaq” və “bir boşluğu doldurmaq” deməkdir. Misal üçün, sizin bədəniniz, qolunuz və yaxud ayağınız dərin yara bağlayır, ət-ətdən aralanır. Yaranıza məlhəm yaxılır, dərman sürtülür, iynə vurulur və vitamin qəbul etməli olursunuz ki, yara sağalsın, yeni dərialtı toxuma qatları ilə əvəz edilsin və beləcə, orqanizm fəaliyyətə və yeni dəri qatı ilə uzlaşmağa və yara boşluğu dolmağa başlasın. Yaranın sağalma prosesini nəzərinizdə çanlandırmağa çalışın ki, məğfirət və bağışlanmanın mənasını dərk etmək üçün ona təşbeh edəcəyəm.

Əgər sizin ruhunuzu təmsil və təşbeh məqamında cismə bənzətsək, qurşandığınız hər bir günah ruhunuza zərbə endirir və bir yara əmələ gətirir. Axı, nə üçün deyirik ki, günah ruhu zədələyir? Axı, ruh yüksəlməli, təkamülə çatmalıdır. Günah isə insan ruhunu təkamüldən bir pillə saxlayır. Təmsil və təşbeh məqamında günah yara rolunu ifa edir, insan ruhunda çatlar yaradır. İnsan günaha qurşandıqda, qüsurlara yol verdikdə, Allah eləməmiş, xalqın malını mənimsədikdə, şərab içdikdə, zina etdikdə, yalan danışdıqda, iftira yaxdıqda – bunların hər biri onun ruhunda çatlar yaradır, ruhunu zədələyir. Onun ruhu zədələnib yara bağladığı zaman arzuların sonu olan təkamüldən uzaqlaşacaq; indi isə bu günah bağışlanmaya tuş gəlməlidir.

Bağışlanma nədir? Bağışlanma, yəni insan ruhunda yaranan boşluq və zədənin, yara və qüsurun aradan qaldırılması. Buna “bağışlanma” deyilir. Bu, necə aradan qaldırılır? Günah vasitəsilə sənin ruhunda yaranan qüsurlar necə aradan qaldırılır? Onun yerini doldurmaq və bərpa etməklə. Bir günahla öz ruhunu təkamül zirvəsi və yüksək insanlıq nöqtəsindən bir qədər uzaqlaşdıran insan təkamülə çatdığı zaman həmin irtica və geriləmənin yerini doldurmuş olur.

Başqa bir misal çəkim: Avtomobildə gedirsiniz, əlli kilometrdən sonra maşın xarab olub dayanarsa, siz gecikməli olacaqsınız. Gecikməmək üçün nə etmək lazımdır? Məqsədə vaxtında çatmaq üçün bir qədər sürəti artırmalı, dayanmaqdan və istirahət etmədən irəliləməlisiniz. Yoxsa, orada oturub “ilahi, səhv eləmişəm” deməklə, məqsədə çata bilməyəcəksiniz. Əgər indi bu səhv baş veribsə, sürəti artırmaqla itirilən o bir saatın yerini doldurmaq lazımdır. Allahın bağışlaması da belədir!

Allah-Taala demir ki, sən günah etdiyin üçün nə qədər yaxşı iş görsən də, həmin günahı əsla bağışlayan deyiləm! Allah-Taala inadkarlıq etmir və buyurur:

وَإِنِّي لَغَفَّارٌ

Şübhəsiz ki, Mən çox bağışlayanam![7] Biz baş vermiş günah və qüsurları əfv etməyə hazırıq; bir şərtlə ki, bərpa edilsin, onun yeri doldurulsun. Demirik ki, bir səhvə görə yüz yaxşı iş görsəniz də bu yaxşılıqlar əbəs və yetərsizdir, xeyr, وَإِنِّي لَغَفَّارٌ Biz çox bağışlayanıq.

Biz boşluqları dolduranıq, yaralara məlhəm yaxanıq. Amma kimin boşluq və yaralarını?

لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى

“Tövbə edib iman gətirəni, yaxşı işlər görüb sonra da doğru yolu tutanı!

Tövbə nədir? Yəni, geri dönmək. Siz yolun o tərəfindən gedirdiniz, təkamül yolunuz isə yolun bu tərəfində idi. Sizi bağışlamağa hazıram. Haçan? O zaman ki, təkamül tərəfə, yenidən doğru yola tərəf geri dönəsiniz. Tövbə, yəni dönmək, qayıtmaq, imanı gücləndirmək və saleh əməl etmək. Əməl! Əməldən qafil olmamalı, boş-boş danışıb özümüzə təsəlli verməklə kifayətlənməməliyik.

Bir sözlə, insan ruhunun yaralardan ibarət boşluqlarının doldurulması “bağışlanma” (məğfirət) adlanır. İnsan onları doldurmaqla təkamülə çatır. Bu, elə bir yoldur ki, insan onun üçün çalışmalı, müsabiqə aparmalı və sürətini artırmalıdır. Məğfirət olduqca önəmli məsələdir. Məğfirət Allah-Taalanın hesab-kitabsız, Öz istəyi ilə kimisə ilahi rəhmətə doğru can atmadan, yersiz lütfünə şamil etməsi anlamında deyil.

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Rəbbiniz tərəfindən olan bağışlanmağa və genişliyi göylərlə yer üzü qədər olan, təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.

Bu məşhur cümlə – “Siz Cənnət əhlisiniz və Cənnətə gedəcəksiniz!” çox dəyərli bir sözdür. İnşallah, sizi Cənnətə buraxarlar! Hamımız Cənnət arzusundayıq, dualarımızda Cənnət istəyirik; bəzən, yalnız Cənnət istəməklə kifayətlənmirik, onun xüsusiyyətlərini – Hurul-Eyni[8], ləzzətli yeməkləri, quş əti[9] və s. nemətləri də bir-bir sadalayırıq. Lakin Allah Özü buyurur ki, Biz bu Cənnəti təqvalı insanlar üçün hazırlamışıq, bu süfrəni xas zümrələr üçün sərmişik, onun kənarında yalnız onlar əyləşəcək və bu məntəqəyə yalnız onlar daxil oacaqlar. Onlar kimdir? Təqvalılar!

Təqvalı kimdir?

الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء

“Təqvalılar bolluqda da, qıtlıqda da (mallarını Allah yolunda) infaq edənlərdir.[10]

Bu, təqvalı olmağın bir şərtidir: Allah yolunda infaq etmək.

“İnfaq” sözünü indiyə qədər bir neçə dəfə məna etmişik. Bir də təkrar etməyin eybi yoxdur. Çünki belə sözlər, adətən, təzəlikcə qulağınıza dəyir və təkrar olunduqca, qəlbə daha çox hopur. İnfaqın xərcləməklə fərqi vardır. Xərcləmək odur ki, insan müəyyən məbləğdə pulu xərcləsin. İnfaq xərcləmək mənasını daşısa da, hər növ xərcləməyə aid edilmir. Müəyyən boşluğu dolduran, həqiqi ehtiyacı aradan qaldıran xərcə “infaq” deyilir. Haradadır zahirdə yaxşı işlər üçün millyonlar xərcləyənlər?! Quranın ifadəsi ilə desək, onlar ən bədbəxt insanlardır. Çünki işləri infaq hesab edilmir:

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا. الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا.

(Ey Peyğəmbər!) De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti hədər getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirlər.[11]

Onların xərclədiyi pullar, bir qrup ac camaatın boynuna asdığı zinət əşyaları, hədsiz və yalançı bərbəzəklər infaq deyil. Nə üçün? Çünki bu xərclər heç bir boşluğu doldurmur.

Əgər cibində yüz ədəd bir manat olan, hələ digər yüz ədəd bir manat da qazanmaq imkanına sahib olan bir şəxsə bir manat yardım etsəniz, bu, infaq sayılmaz. Əgər onu bir ədəd çörək almaq və qarnını doyurmaq üçün bir manat intizarında olan bir şəxsə versəydiniz, infaq sayılardı. Əlbəttə, bu sözlərdə məqsədim bu deyil ki, aclara və dilənçilərin qarnını doyurmaq üçün daim bir manat verəsiniz. Xeyr! Bəzən acın qarnını doyurmaq belə infaq adını daşımaz. Bəzi hallarda bu həqiqətdir; bəzən aclıq və yoxsulluq alaq otları tək yer üzündə hədsiz dərəcədə artmağa başlayır. Bu zaman bir acın qarnını doyurmaq, sanki alaq otunu qayçılamağa bənzəyir. Səhralıqda alaq otunun qiyməti nə qədərdir? Səhralıqda qayçılanan bir alaq otu yalnız göz qabağından azalacaqdır, amma bu, nə qədər məntiqəuyğun və maraqlıdır? Çox az və dəyərsiz!

Demək, infaq bir boşluğu doldurmaq və bir ehtiyacı aradan qaldırmaqdır. Əgər bu gün suya və havaya ehtiyacı olan bir xalqa başqa bir sahədə yardım edərsənsə, buna infaq deyilməz, pulunu hədər etmisən. Bir sözlə, infaq hər kəsin deyil, zəkalı insanların – boşluqları və ehtiyacları anlayan, onları yerli-yerində aradan qaldırmağı bacaranların işidir. İnfaq olduqca önəmlidir.

الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء

“Təqvalılar bolluqda da, qıtlıqda da (mallarını Allah yolunda) infaq edənlərdir.

İnfaq təqvalıların əlamətlərindən biridir, onlar həm bolluq, həm də qıtlıq zamanı xərcləyərlər.

وَالْكَاظِمِينَ الْغَيْظَ

Qəzəblərini udarlar.

Qəzəbi udmaq nə deməkdir? Yəni, onlar öz hisslərinə qapılmır, hər zaman ağıla əsaslanırlar. Bəzən ağıl düzgün qəzəblərlə birgədir. Məgər, Quranın belə buyurduğunu görmürsünüz:

أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ

Kafirlərə qarşı sərt, öz aralarında isə mehribandırlar.[12]

Qəzəbi udmağın mənası bu deyil ki, bir insan və bir cəmiyyət qəzəbə layiq görülənlərə qarşı qəzəbini boğmalıdır. Əksinə, Quran demir ki, burada qəzəbinizi udun, deyir ki, qəzəb əsasında bir iş görməyin. وَالْكَاظِمِينَ الْغَيْظَ  (Vəl-kaziminəl-ğəyz), qəzəblərini unudarlar deyil, əksinə qəzəblərini udarlar mənasındadır. Qəzəb udulduğu zaman insan şüurlu şəkildə layiq olan işi yerinə yetirməlidir.

وَالْعَافِينَ عَنِ النَّاسِ

“İnsanları əfv edərlər.

Onların xəta və günahlarından keçərlər. İnsanları bağışlamaq, onların xətaları, səhv və günahlarından keçmək lazımdır, amma elə xəta və günah var ki, ondan keçmək olmaz. Allah da belə ağır günahdan keçmir. Bilə-bilə və inadkarlıq üzündən yerinə yetirilən dinəzidd və qeyri-qanuni işə göz yummaq olmaz. Lakin cəmiyyətin işlərində tez-tez rast gəlinən qüsur və xətalar bağışlanılası və əfvolunasıdır.

وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

Təqvalılar insanların xətalarından keçərlər və Allah yaxşılıq edənləri sevir.

Təqvalıların başqa əlaməti nədir?

وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ

O təqvalılar ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yad edər (qəflət vadisində yatıb qalmaz, dərhal ayılıb) günahlarının bağışlanmasını istəyərlər.[13]

Quranda Allahı yad etməklə bağlı maraqlı məqamlar var. Təqvalılara aid bir ayədə buyurulur:

إِنَّ الَّذِينَ اتَّقَواْ إِذَا مَسَّهُمْ طَائِفٌ مِّنَ الشَّيْطَانِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبْصِرُونَ

Allahdan qorxanlara (təqvalılara) bir dəstə Şeytandan vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahı) xatırlayarlar və dərhal (gözləri açılıb) görən olarlar.[14]

Geniş mənada bir qrup şeytan və şeytansifət təqvalı bir insanı zəlalətə salmaq, haqq yoldan azdırmaq və ona Allahı unutdurmaq üçün dövrəyə alarlar. Lakin onlar dərhal Allahı yad edərlər. Allahın xatırlanması şeytanlara və zirək düşmənlərimizin hiylə və mənfur planlarına qarşı əlimizdə olan bir silah və vasitədir. Allahın yad edilməsi olduqca qiymətli və dəyərlidir.

ذَكَرُواْ اللّهَ – Təqvalılar çirkin bir işə əl atdıqda və yaxud özlərinə zülm etdikdə, Allahı yad edərlər.

فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ – Allahdan günahları üçün məğfirət və bağışlanma diləyərlər, günahlarının məhv olma yolunu arayıb-axtararlar. Amma bu da Allahın köməyi olmadan mümkün deyildir.

وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ – Axı, günahları Allahdan başqa, kim bağışlaya bilər?

Səndən hərəkət, Allahdan isə bərəkət! Əmək bizdən, qəbul isə Allahımızdan! Demək, əməyi öz iş planlarımızdan çıxarmağa haqqımız yoxdur.

وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ – Təqvalılar etdiklərinin günah olduğunu bildikdə, bir daha ona qayıtmazlar.[15]

أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ – Belələri əməl və çalışmaqdan yorulmazlar. Günahlarının bağışlanmasını diləyər, haqqa zidd olan yola bir daha dönməzlər. Onların mükafatı Öz Rəbbi təfəfindən məğfirət və bağışlanmaqdır.

وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ – Ağacları altından çaylar axan cənnətlərdir.

خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ – Onlar orada əbədi qalacaqlar və yaxşı işlər görənlərin mükafatı necə də gözəldir![16]

Yenə burada yaxşı işlər görənlər və əməl edənlərdən söz açılır. Əməl etmək də ən mühüm məsələlərdəndir.[17]

 

 

Xülasə

Cümə axşamı – Mübarək Ramazan ayının 2-ci günü

İMAN-1

İnsanın varlıq fəlsəfəsindən ibarət olan təlaş və hərəkətinin başlanğıc nöqtəsi var... O da imandır.

İman, yəni inam – insanın qəbul etdiyi, bağlı qaldığı, onu mənzil başına çatdırdığı işlərdə təlaş və ciddilik göstərmək.

İman olmadan hər bir fəaliyyət və hərəkət qeyri-sabit, nəticəsiz, ölü və ruhsuzdur.

Quran “iman”a əsaslanaraq onu insanın ən dəyərli və ən üstün xüsusiyyəti kimi tanıtdırır.

Aşağıdakı ayədə başda iman olmaqla İslamın ən üstün dəyərlər mündəricatına nəzər salaq və onların üzərində düşünək:

لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِYaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.

وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَYaxşı əməl sahibi, əslində, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən kəsdir.

وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِÇox sevməsinə baxmayaraq, malını yaxınlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullara bəxş edən kəsdir.

وَأَقَامَ الصَّلاةَNamaz qılandır.

وَآتَى الزَّكَاةَMalının zəkatını verəndir.

وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْƏhd etdikdə, əhdinə sadiq olanlardır.

وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِDar ayaqda, çətinlikdə (yoxsulluq və xəstəlik zamanı) və cihad meydanında dözümlü olanlardır.

أُولَـئِكَ الَّذِينَ صَدَقُواSözü və əməlində doğru olanlardır.

وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَTəqvalılar da onlardır!

(“Bəqərə” surəsi, ayə 177.)

Buna görə də, doğru yolda olmağı yəhudi və yaxud məsihiliklə əlaqələndirən kitab əhlinin cavabında Qurani-Kərim iman məsələsinə toxunur, hidayət və doğru yolun səbəbini tanıtdırır:

قُولُواْ آمَنَّا بِاللّهِ وَمَآ أُنزِلَ إِلَيْنَاBelə deyin: Biz Allaha, bizə nazil olan şəriətə,

وَمَا أُنزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأسْبَاطِİbrahimə, İsmailə, İshaqa, Yəquba və övladlarına göndərilən ayinlərə,

وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى(Allah tərəfindən) Musaya və İsaya verilənlərə,

وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْRəbbi tərəfindən peyğəmbərlərə verilənlərə inanmışıq.

لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ(Peyğəmbərlik və ilahi missiya baxımından) onlardan heç birini digərindən fərqləndirmirik.

وَنَحْنُ لَهُ مُسْلِمُونَBiz Ona (Allaha) təslim olanlarıq!

فَإِنْ آمَنُواْ بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَواْƏgər onlar da iman gətirdiyiniz kimi (Allaha) iman gətirsələr, həqiqətdə, hidayət olunmuşlar.

(“Bəqərə” surəsi, ayə 136-137)



[1]. “Kafi”, c.2, səh.598.

[2]. “Hədid” surəsi, ayə 27.

[3]. “Ali-İmran” surəsi, ayə 130-132.

[4]. “Maidə” surəsi, ayə 18.

[5]. 1974-cü ilin statistikası.

[6]. “Nisa” surəsi, ayə 65.

[7]. “Taha” surəsi, ayə 82.

[8]. “Vaqiə” surəsinin 21-ci ayəsinə işarədir.

[9]. Hurilər, Cənnət qadınları.

[10]. “Ali-İmran” surəsi, ayə 134-136.

[11]. “Kəhf” surəsi, ayə 103-104.

[12]. “Fəth” surəsi, ayə 29.

[13]. “Ali-İmran” surəsi, ayə 135.

[14]. “Ali-İmran” surəsi, ayə 135.

[15]. “Əraf” surəsi, ayə 201.

[16]. “Ali-İmran” surəsi, ayə 136.

[17]. (İnşallah, Quran bəhsləri və tilavətindən ibarət İslam maarifi ilə bağlı sislsilə söhbətlərimizdə Ramazan ayının sonuna qədər tərtiblə bəyan edəcəyimiz mövzulardan biri də “Əməl” məsələsidir.)

 

 

Google+ WhatsApp ok.ru