'Quranda Islami təfəkkür tezisi' kitabı - 2-ci məclis

'Quranda Islami təfəkkür tezisi' kitabı - 2-ci məclis

İkinci məclis - İman - 2

Maide.Az saytı Mübarək Ramazan ayının gəlişi münasibətilə Ali Rəhbər Ayətulllah Seyid Əli Xameneinin  “Quranda İslami Təfəkkür Tezisi” adlı  kitabının yazılı və audio versiyasını hissə - hissə oxuculara təqdim edir.

 

İKİNCİ MƏCLİS

 

İMAN-2

Cümə günü – 1974/09/20

Mübarək Ramazan ayının 3-ü.

 

 

 

بسم الله الرحمن الرحيم

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ. أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

Möminlər yalnız o kəslərdir ki, Allah yad edildikdə, qəlbləri qorxudan titrəyər, Allahın ayələri onlara oxunduqda, həmin ayələr onların imanlarını daha da artırar, onlar öz Rəbbinə təvəkkül edərlər; o kəslər ki, namazı bərpa edər və verdiyimiz ruzidən infaq edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və şərafətli (zillətsiz, əziyyətsiz, minnətsiz) ruzi gözləyir!

“Ənfal” surəsi, ayə 2-4.

 

 

يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ (Yəs`əlunəkə ənil-ənfal) – Ey Peyğəmbər! Səndən “qənimətlər”, qənimətlərin kimə çatması və kimin haqqı olması ilə bağlı soruşurlar.

Qəniməti qısa şəkildə belə tərcümə etmək olar: Qənimət bütün müsəlmanlara məxsus sərvətlərdən ibarətdir. Müharibədə müsəlmanlara nəsib olan xas gəlirləri, o cümlədən, mədənləri, yeraltı sərvətləri, meşələri, düzənlikləri və dağların zirvələrini buna misal göstərə bilərik. Bir sözlə, bir fərdə və yaxud müəyyən bir zümrəyə aid olmayan sərvətlər ümumilikdə xalqa aiddir. Qeyd etdiyimiz kimi, döyüşlərdə müsəlman ordusunun qəhrəmanlarına nəsib olan xas gəlirlərdir. Müsəlmanlar ilk dəfə bu məsələ ilə Bədr döyüşündə tanış oldular. Onlar bu qənimətlərin kimə çatacağı ilə bağlı bir-birilə mübahisə edirdilər. Onların arasında ixtilaf düşdükdə, Peyğəmbəri-Əkrəmə (s) müraciət edib məsələni soruşdular. Quran ayəsi ilə cavab Peyğəmbərə ilham edilir:

قُلِ الأَنفَالُ لِلّهِ وَالرَّسُولِ

De: “Qənimətlər Allahın və Peyğəmbərinindir.””

“Allahındır” nə deməkdir? Yəni, Allah bəndələrindən müəyyən bir qrupa aid deyil. Allaha aid olan və Allahın adını daşıyan sərvət mütləq ilahi hədəflər uğrunda sərf olunmalıdır. Aydındır ki, Allahın sərvəti onun şəxsi ehtiyaclarının təmini üçün nəzərdə tutulmur, çünki Onun qida, geyim, məskən və bu qəbil şəxsi ehtiyacları  yoxdur. Allaha aid olan sərvət, həqiqətdə, Allahın bəndələri arasında Allahın hədəflərinin həyata keçirilməsi üçün sərf olunmalıdır. Demək, “qənimətlər Allahındır – dedikdə, bu məna nəzərdə tutulur.

وَالرَّسُولِ – “Peyğmbərindir” nə deməkdir? Məgər Peyğəmbər Allah müqabilində dayanan bir məqamdırmı? Xeyr! Hər kəs Allahın sərvətininin istifadəsində özünü haqlı hesab edə bilər; hər kəs “bu, Allahın sərvətidir, biz də Allahın bəndəsiyik” – deyərək, zahirdə xoş görünən və diqqəti çəkən avamcasına sözlərlə ümumi gəliri şəxsi mənafelərini təmin etmək üçün xərcləyə bilər. Düzdür, Allahın sərvəti müsəlmanların və Onun həqiqi bəndələrinin mənafeləri yolunda xərclənməlidir, lakin bu, “hər kəsin öz istədiyi kimi xərcləməsi” mənasında deyildir. Bunun üçün “Allahın nümayəndəsi” və “xalqın qəyyumu” adını daşıyan qüdrətli bir mərkəz olmalıdır. O kimdir? O, Allahın elçisidir. Burada elçi “nübuvvət” və “peyğəmbərlik” yox, “ilahi hakimiyyət” anlamındadır. Yəni, Peyğəmbər əbədiyyətə qovuşduqdan sonra, qənimətlərə məsul şəxs İmamdır. İmam, yəni ilahi hakim. Məsum imamın xalqa hakimiyyətinin olmadığı dönəmdə qənimətlərin və ümumi sərvətlərin bölgüsünü Allah tərəfindən xalqa rəhbərlik edə bilən şəxs aparmalıdır.

Ümumiyyətlə, bu sərvətlər – mədənlər, meşələr, düzənliklər, düşməndən alınan vergilər, qiymətli əşyalar və digər qənimət nümunələri bütövlükdə xalqa aid olsa da, “İslam hakimi” adını daşıyan ilahi bir qüdrətin ixtiyarında olmalıdır. O kimdir? Peyğəmbərin zamanında Allah Rəsulu (s) özü, ondan sonra məsum imam, ondan sonra isə ədalətli ilahi rəhbər, yəni İslam hakimiyyətinə rəhbərlik edən şəxs qənimətlərə görə məsul şəxsdir.

Qeyd edilənlər sözügedən ayənin ilk hissəsinə aiddir və əlbəttə, əsas bəhsimiz ayənin bu hissəsi deyil.

Qənimətlərin kimə çatacağı ilə bağlı məsələ aydınlaşdıqdan sonra, ayədə buyurulur:

فَاتَّقُواْ اللّهَ وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْ وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ

Əgər möminsinizsə, bu üç işi yerinə yetirməlisiniz:

Birincisi, فَاتَّقُواْ اللّهَAllahdan qorxmalı və təqvalı olmalısınız.

İkincisi, وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْaranızdakı münasibətləri düzəltməli və ixtilafları aradan qaldırmalısınız. Haqsız danışanlar haqqın xeyrinə geri çəkilməli, çəkişmələrə son qoymalı, cüzi məsələlər üzərində bir-birinin canına düşməməli və bunun üçün bəhanə axtarmamalıdırlar. Daim öz dost və düşmənləri ilə savaşmaq bir qrup insanın xasiyyətidir və onlar yersiz bəhanələrlə dava salır, ixtilaf yaradırlar. Allah və Peyğəmbər (s) onlara nəsihət verir ki, dostlarınızla savaşmaq üçün bəhanə axtarmaq əvəzinə, düşmənlərlə döyüşmək üçün bu bəhanələri bir kənara qoyun, döyüş əhlisənsə, düşmənlə döyüş, axı qardaşın və dostunla nə üçün döyüşürsən?

 وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْAranızdakı münasibətləri düzəldin.

Bu iki böyük tövsiyədir!

Üçüncü tövsiyə isə ümumi xarakter daşıyır və bütün yaxşı işlərin yerinə yetirilməsi və pis işlərdən çəkinilməsinə aiddir:

وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُAllaha və Onun Peyğəmbərinə itaət edin!

إِن كُنتُم مُّؤْمِنِينَƏgər möminsinizsə!

İman məsələsi; hansısa bir mətləbə, bir şəxsə və bir mərkəzə qəlbi inanc, ideoloji, psixoloji və əqidəvi bağlılıq “iman” adlanır. Əlbəttə, iman yalnız qəlbi inancla yekunlaşmır, insanda həqiqi iman ona (inanca) əsaslanaraq əməl etdiyi zaman yaranır. İnsan həqiqi mömin olduğunu imanın şərtləri və öhdəliklərinə bağlı olduğu zaman iddia edə bilər. İnsan “Mən Allaha inanıram və etiqadlıyam” ifadəsini o zaman deyə bilər ki, onun həyat tərzi və gerçək varlığı Allahı inkar edən şəxsdən seçilsin. Bu gün Allahı inkar edənlə Allaha iman gətirdiyini idda edənin əməli arasında nə fərq var? – Hər ikisi haqsızlıq edir, hər ikisi maddiyyat içərisində çapalayır, hər ikisi neçə günlük həyatında öz nəfəsi və qidası ilə ətraf mühiti çirkləndirir, neçə günlük rahat yaşamaq üçün bütün dəyərləri ayaqlayır; bu fərqlə ki, biri Allaha inanmadığını açıq-aşkar dilinə gətirir, digəri isə Allaha iman gətirdiyini iddia edir. Axı, bu necə imandır?! Bu məsələdə Quranın ayəsi açıq-aşkardır, şübhə altına atılan əqli arqumentlərdən fərqlidir. “Əgər möminsinizsə, bu işləri yerinə yetirməlisiniz: Birincisi, Allaha və Peyğəmbərə (s) itaət etməli, onların əmrlərinə təslim olmalısınız.”

Allahın əmri nədir? Hər nədirsə, aydındır ki, Allah insanların həm malı, canı, ömrü ilə bağlı, həm də onların bir-birilə, həmçinin Allah, heyvanlar və bitkilərlə münasibətlərinə dair öhdəlik və məsuliyyətlər, mükəlləfiyyət və vəzifələr təyin etmişdir. Bu məsələlərdə də Allaha itaət etsəniz, “biz möminik” deyə bilərsiniz. Yoxsa, insanın müəyyən bir məsələyə qəlbən bağlanması, amma əməldə – əli, ayağı, dili və  digər əzalarında – bu bağlılığın qığılcımlarının görünməməsi faydasızdır və ümumiyyətlə, İslam baxımından ona “iman” adı şamil edilmir. Bu, Quranın məntiqidir.

 وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُAllaha və Onun Peyğəmbərinə itaət edin!

إِن كُنتُم مُّؤْمِنِينَƏgər möminsinizsə!

Növbəti ayədə “mömin” adı ilə bağlı imanın şərtləri və möminlərin xüsusiyyətləridən söz açılır:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ. أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا

Möminlər yalnız o kəslərdir ki, Allah yad edildikdə, qəlbləri qorxudan titrəyər, Allahın ayələri onlara oxunduqda, həmin ayələr onların imanlarını daha da artırar, onlar öz Rəbbinə təvəkkül edərlər; o kəslər ki, namazı bərpa edər və verdiyimiz ruzidən infaq edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və şərafətli (zillətsiz, əziyyətsiz, minnətsiz) ruzi gözləyir!

“Ənfal” surəsi, ayə 2-4.

Bu ayələrdə həqiqi möminin beş xüsusiyyətindən danışılır. Ola bilər, danışan və dinləyən şəxs bu beş xüsusiyyətə sahib olmasın, amma kimsə bu beş xüsusiyyəti özündə formalaşdırmaq üçün çalışırsa, deməli, iman yolu və iman hədəfi uğrunda addımlayır, mömin adına layiq görülür. Həqiqi mömin bu beş xüsusiyyətə sahib olan kəsdir.

Birinci:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə, qəlbləri qorxudan titrəyər.

Qəlblərin qorxudan titrəməsi nə deməkdir? Allahdan qorxmağın mənası nədir? Bu, günahkarın hakim qarşısında qorxması kimidir, yoxsa fərqli və daha lətifdir? Ola bilsin ki, kimsə “Mən günah etmirəm, Allahdan da qorxmuram!” – desin. Bəli, əgər insanın günahı yoxdursa, cəza hökmü verən qazı və hakimdən qorxmaması, əlbəttə ki, təbiidir. Amma Allah dərgahında günahsız olduğuna arxayın olan varmı?

Mərifətdən qaynaqlanan bir növ qorxu var. İnsan böyük əşyalar və həqiqətlər qarşısında, təbii ki, dəhşət və heyrət hissi keçirir. Bu, insanın varlıq xüsusiyyətidir, onun cismani və ruhani tərkibi bunu tələb edir; belə ki, insan həddən artıq böyük bir əşya ilə qarşılaşdıqda, dəhşətə gəlir. Bu dəhşət halının səbəbi qorxu deyil, həmin əşyadan heç qorxmaması da mümkündür. Burada dəhşət hissi günahdan yox, onun böyüklüyü, özünün isə onun müqabilində kiçik olması hissindən qaynaqlanır. Allahdan bu cür qorxmağın yeri var və bu qorxu zəruri və faydalıdır. Özünü Allah müqabilində kiçik, naqis və həqir bilən, Allahı özünə aid bütün işlərində hakim və nəzaraətçi görən şəxs Allahın təyin etdiyi doğru xətdən çıxmamaq, başqa yolla hərəkət etməmək üçün çalışacaqdır. Bu, müsəlman bir şəxs və müsəlman bir cəmiyyətin əməl, əmək və fəaliyyətində ən böyük icraedici zəmanətdir.

Əmirəlmöminin Əli (ə) gecə yarısı, Ramazan ayının gecələrində özünə qısılıb göz yaşı axıdırsa, İmam Səccad (ə) ah-nalə edirsə, Peyğəmbəri-Əkrəm (s) o məqamı və əzəməti ilə Ramazan ayının üçüncü ongünlüyündə yatağının yığışdırılmasını istəyirsə və həmin gecələrin yuxu deyil, Rəbbin dərgahında ibadət, dua və raz-niyaz gecələri olduğunu deyirsə, bütün bunların süni olaraq yerinə yetirildiyini güman etmə. İmamın “Əbu Həmzə Somali” duasını özünə aid etmədiyini və yalnız camaata öyrətmək istədiyini deyən şəxs necə də məlumatsız və naqisdir! İmamın göz yaşlarının, ağlayıb ah-nalə etməsinin təlim xarakterli olduğunu, yəni mənim və sənin öyrənməyin üçün süni göz yaşları axıtmasını deyənlər saleh bəndələrin duasının həqiqəti və Allahla münacatının keyfiyyətindən necə də qafil və xəbərsizdirlər! Bu yanlışdır! Onlar həqiqətdən də ağlayırdılar. Nə üçün ağlayırdılar? Çünki Allaha olan mərifətləri çox idi. Əmirəlmöminin Əli (ə) Rəbbin müqəddəs varlığında əzəməti görür; bizim yaxını görən gözlərimiz isə bu əzəməti görə bilmir.

تو بزرگی و در آیینه کوچک ننمایی

“Sən böyüksən, kiçik aynaya sığmazsan.”[1]

Bizim kiçik ruh aynamız o qəribə əzəməti özündə əks etdirə bilməz. Lakin Əmirəlmöminin Əlinin (ə) ruh aynası necə? O bacarır və bu əzəməti dərk edir. Bu səbəbdən də özünə qısılıb göz yaşı axıdır.

Allahı xatırlamaqdan söz düşdükdə, möminin qəlbinə Allahın əzəməti müqabilindəki kiçiklik hissindən baş qaldıran dəhşət, heybət və qorxu hissi hakim kəsilir:

إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ –Allah adı çəkiləndə, qəlbi qorxudan titrəyir, onun üçün Allahın zatı təsəvvürlərdəki yanlış obrazdan, Allahın adı da adət formasına düşmüş zikr halətindən çıxır. Məclisdə əyləşən bir şəxs “Lə iləhə illəllah” kimi müqəddəs kəlməni yorğunluqla, əsnəyə-əsnəyə deyirsə, bu, onun Allahın adı, yad edilməsi və əzəməti qarşısında etinasızlığını, diqqətsizliyini və qeyri-həssaslığını aşılayır. Allaha mərifəti olan və Onun əzəmətini dərk edən bir şəxsin qəlbi belə halətlərdən xaricdir.

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ – Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə, qəlbləri qorxudan, vəhşətdən, Allahın əzəmətini dərk etdiyindən, özündə kiçiklik və zillət hissi duyduğundan və bu hisslərlə dolduğundan titrəyər. Bu, birinci xüsusiyyət!

وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا – Möminin digər xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu (özləri və yaxud başqaları oxuduğu) zaman həmin ayələr onların imanlarını daha da artırar, onun qəlbi və ruhunda toxum tək cücərər, boy atan bitki, kökü və gövdəsi möhkəmlənən və yerdən qoparılması mümkün olmayan ağac tək inkişaf edər. Möminin varlığında durğun suya bənzəyən iman mənasızdır. Uşaqlıqda bir söz öyrənən, yetkinlik həddinə çatdıqda həmin sözün doğruluğunda şəkkə qapılan bir şəxsin gözündə həmin söz kiçilib dəyərsizləşərsə, müxtəlif hadisələr nəticəsində ruhunda imanı və qəbul etdiyi həqiqətlərdə süstlük yaranar və günü-gündən zəifləyərsə, bir gün də belə bir iman insanın əlindən asanlıqla çıxar. Möminin imanı əmanət və ticarət rolunu oynamır. Həqiqi mömin o kəsdir ki, qəlbi dini maarif və ilahi həqiqətlərlə dolu olan bir söz üzərində düşündükcə, araşdırma apardıqca, imanı daha da möhkəmlənər və ona imansızlıqdan nicat verər. Həqiqi mömin bu xüsusiyyətə sahibdir.

Sözügedən ayədən belə başa düşülür ki, möminin imanı Quran tilavəti ilə artmalıdır. Diqqət yetirin, Allahın kəlamı bir sənəddir. Quranın tərcümə, məna və təfsir edilməsinə qarşı çıxanlar və “Bizim ağlımız Quranı dərk etmir.” – deyənlərə səslənirik: “Əgər biz Quranı başa düşə bilməyəcəyiksə, onda Quranı oxumaqla imanımız necə artar?” Görünür ki, Quran sirli kitab deyil, əksinə onu anlamaq və imanı artırıb möhkəmlətmək məqsədilə oxumaq lazımdır: وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا – Mömin o kəsdir ki, onlara Allahın ayələri oxunduğu zaman, həmin ayələr onların imanlarını daha da artırar. Bu, imanın ikinci şərti və möminin ikinci xüsusiyyətidir.

Ayənin davamında buyurulur: وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ – Möminin digər xüsusiyyəti odur ki, onlar ancaq öz Rəbbinə təvəkkül edər, güvənərlər. Təvəkkül etmək nə deməkdir? Əli əl üstə qoyub, “Hər şeyi Allah Özü düzüb-qoşacaq.” – deməkdirmi? Xeyr! Təvəkkülün mənası bu deyil. Heç nə etməyən, vəzifələr, öhdəliklər və məsuliyyətlər müqabilində öz gücünə arxalanmaq və özünü məsul bilmək əvəzinə ilahi möcüzəni məsululiyyətli fərz edən kəs bilməlidir ki, Quran bu düşüncəyə qarşıdır; belə ki, İsrail oğulları Həzrət Musaya:  فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ  – “...Sən və Rəbbin gedib düşmənlərlə vuruşun. Biz isə burada oturacağıq.”[2], mənim öz ifadəmlə, “Biz divarın kölgəsində oturub gözləyəcəyik, haçan qələbə çalsanız, bizə də xəbər ver, gələk.” – dedikləri üçün onların ağzına möhkəm şillə vurur. Quran bu düşüncəni rədd edir. Bu, insanlıq yolundan uzaq düşmüş, din və imanın ləzzətlərindən məhrum qalmış İsrail oğullarının metodudur və müsəlmana yaraşmır. Təvəkkül bu məna da deyildir.

Qoy deyim, hamı bilsin, hamı eşitsin. El arasında bu söz məşhurdur, deyirlər ki, Allah Özü düzəltsin, bəndənin əlindən bir iş gəlmir. Bu yanlışdır. Əgər bəndənin əlindən bir iş gəlmirsə, əgər fəsad və əxlaqsızlığın kökünün kəsilməsi üçün insan iradəsi və gücü yetərli deyilsə, Allah peyğəmbər göndərməzdi, insanları peyğmbərlərə itaət etməyə dəvət etməz, onları ağır vəzifələrlə döyüş meydanına yollamazdı. Əgər Allah fəsadın aradan qaldırılması üçün bəşərin özündən kimlərisə göndərirsə, bilməlisiniz ki, bəşərin əli ilə törədilən fəsadın kökünü elə bəşər özü kəsməlidir.

Təvəkkülün mənası nə oldu? Təvəkkül, yəni hər zaman Allaha güvənib ümid bəsləməlisən. Əgər doğru-düzgün incələsəniz, diqqətinizə çatdırdığım bu ifadənin – hər zaman Allaha güvənib ümid bəsləməlisən – insanı süstlük halətindən çıxardığını, stimul verdiyini və mühərrik rolunu oynadığını görəcəksiniz.

Bəzilərinin həyatın çətinlikləri və böhranlı vəziyyətlərində, bütün vasitələrdən əlləri üzüldükdə nə etdiklərini görüb eşitmisinizmi? Onlar bu işlərdən birini yerinə yetirirlər: Ya düşmənə təslim olub “Bacarmıramsa, nə etməliyəm?” – deyə düşünür, ya da adi həyat yoluna davam edir, düşmən qarşısında diz çökmək istəmir, hakimliyindən də əl çəkmir, çalışır, fəaliyyət göstərir, həqiqətdə həyatın adi cərəyanına təslim olduğunu unudur. Belələri zahirdə düşmən qarşısında diz çökməməsinə baxmayaraq, batində diz çökmüşdür. Bu vəziyyət əksər insanların böhranlar zamanı tutduğu mövqedən ibarətdir. Növbəti çıxış yolu isə həyata son qoymaqdır; belə ki, hakimiyyətə çatan bir şəxs, misal üçün, kənardan beynəlxalq güclərin bəhanələri, bu gün-sabaha salınan vədləri ilə üzləşib təngə gəldikdə, hər gün məmləkətin müxtəlif yerlərindən əleyhinə etiraz səslərini eşitdikdə, özünü çarəsiz, zəlil, yorğun və bədbəxt gördükdə, həyatına son qoyur, intihara əl atır.

Bunlar dinsiz və allahsız insanın çətinliklər zamanı tutduğu yollardır. Bir çətinliklə üzləşdikdə, küçənin bağlı olduğunu gördükdə, çıxış yolunun olmadığını düşünürsən. Burada sıravi insanlar üç yolla üzləşirlər: düşmənə təslim olmaq, həyatın adi hadisələrinə təslim olmaq və intihara əl atıb rahatlanmaq, eyni zamanda peşmançılıq yaratmaq. Allah adamı üçün isə böhranlar zamanı başqa bir qapı açılır ki, dəyərləri ayaqlayan digər qapıları bağlayır. O, hansı qapıdır? Allaha təvəkkül qapısı. O, bağlı qapı ilə üzləşdikdə deyir: Mənim tanıdığım Allah bağlı qapını da açır. Allah üçün bağlı qapı nədir ki?! Allah üçün bağlı qapı yoxdur. Bütün bağlı qapılar Allahın qüdrət əli ilə açılasıdır. Demək çıxış yolu varmış.

Ühüd döyüşündən də böyük böhran varmı? İslamın sayılı qoşunu qənimət yığarkən, qəflətən hər iki tərəfdən hücuma məruz qalır. Bir neçə əsgərin səhlənkarlığı nəticəsində bir qrup öndən, bir qrup da arxadan hücuma keçir. Atlarından düşən, qılıncları və silahlarını yerə atan bu əsgərlər, gözlənilmədən iki silahlı, yırtıcı və qəzəbli dəstənin onlara hücum etdiyini görürlər. Əliboş, silahsız qoşunun belə bir şəraitdə nə edəcəyi bəllidir; qaçıb aradan çıxmaq. (Digər tərəfdən,) Şeytan və şeytansifətlərin dili ilə Peyğəmbərin (s) öldürüldüyü şaiyəsini yaydılar. Şeytan həmişə belə işlərə əl atır. Onun aşkar və faş olmuş planlarından biri də budur: ilahi və rəhmani cəbhənin məğlubiyyətə uğramasını vaxtından tez elan etməli və Peyğəmbərin (s) öldürülməsini car çəkməlidir. Belə ağır və böhranlı şəraitdə mömin bir şəxs nə etməlidir? Bundan da ağır böhran?! Silahlar yerdə, qurtuluş yolları tamamilə bağlı, silahlı düşmən isə başının üstünü almışdır. Burada imdada çatan yalnız allahpərəstlərin qapısıdır: Allaha güvənmək. Burada bağlı qapıdan söz gedə bilməz. Bağlı qapı nədir? Peyğəmbər (s) dünyadan getsə də Peyğəmbərin Allahı ki, dünyadan getməyib! Mükəlləfiyyət ki, qüvvədədir! Bu vəziyyətdə Allaha sığınan insan hansı şəxslər kimi rəftar etməlidir? Əmirəlmöminin Əli (ə), Əbu Dəccanə[3] və digər iki-üç əsgər kimi. Bunlar Allaha təvəkkül edənlər idi. Bəs, Allaha təvəkkül etməyənlər kimlər idi? Ühüd dağından Mədinəyə qədər arxalarına dönüb baxmayanlar; onlar düz şəhərin darvazasına qədər qaçdılar. Bildinizmi təvəkkül nədir?

Təvəkkülü naməlum və zəhmətsiz gələcək ümidilə əli qoynuna qoyub oturmaq, imanı öz gücündən ayırmaq, insan iradəsi və gücünə xətt çəkmək kimi məna edənlər; belələri ya təvəkkül ifadəsi və İslamla tanış deyillər, ya da tanış olsalar da şərafətdən uzaqdırlar, onu yanlış məna etməklə təvəkkülsüz insanlar yetişdirmək istəyirlər. Təvəkkülün mənası budur: وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ – “möminlər öz Rəbbinə təvəkkül edərlər.” Mənim nəzərimcə, həyatın gedişatında insanı tərəqqiyə doğru aparan iki güclü qanadın olması şərtdir: Biri səbir, digəri isə təvəkkül. Səbir və təvəkküldən ibarət iki qanada sahib olan ümmət düşmənlərin silahından tamamilə amanda qalacaq: وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَMöminlər öz Rəbbinə təvəkkül edərlər.Möminin üç xüsusiyyətini qeyd etdik.

Dördüncü xüsusiyyət:

الَّذِينَ يُقِيمُونَ الصَّلاَة

“(Möminlər) o kəslərdir ki, namazı bərpa edərlər.”

Cənablar, diqqət yetirin, الَّذِينَ يُقِيمُونَ الصَّلاَة “namazı bərpa edən kəslər” ifadəsi iləالَّذِينَ يُصَلُونَ  “namaz qılan kəslər” ifadəsi arasında fərq vardır; yalnız namaz qılmaqdan söz getsəydi, burada “namazı bərpa edən kəslər” ifadəsini işlətməyə, iki söz əlavə edib şərh verməyə ehtiyac olmaz vəالَّذِينَ يُصَلُونَ  “namaz qılan kəslər” ifadəsi ilə kifayətlənmək olardı. Beləliklə, الَّذِينَ يُقِيمُونَ الصَّلاَة “namazı bərpa edən kəslər” ifadəsi namazı qılmaqdan fərqlənir, burada başqa bir mətləbə, üstün və dərin bir həqiqətə işarə olunur. Görəsən, bu həqiqət nədir? Namazı bərpa etmək nə deməkdir?

Burada bir neçə ehtimal var və bütün ehtimallar doğru ola bilər. Biri budur ki, namazı bərpa etməkdə məqsəd kamil və hərtərəfli şəkildə icra etməkdir. Ərəb dilində də “iqamə” elə bu mənada işlənmişdir; yəni işi tam şəkildə yerinə yetirmək.

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًاÜzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.Yəni, üzünü və varlığını, bütünlüklə, dinə tərəf döndər. Həqiqət də budur ki, nicat və səadət namazı kamil və doğru şəkildə, namazın təlim və qaydalarına diqqət edərək qılan şəxsin intizarındadır.

Namazı layiqincə qılan şəxsin bütün çətinlikləri asanlaşar. Bəzi din böyüklərinin ağır hadisələr və müsibətlər zamanı iki rükət namaz qıldıqlarını eşidibsinizmi? Eşidibsinizmi, Peyğəmbəri-Əkrəm (s) böhranlar və çətinliklər zamanı üzünü Bilala tutub deyərdi:اًرِحنا یا بَلال  Bilal, bizə ruh ver. Qalx, azan ver! اَبرِد اَبرِد یا بَلالBilal, qəlbimizi sərinlət.[4] Yəni, azan ver! Həqiqətən də, diqqətlə, təvazökarlıqla, qəlbin iştirakı ilə yerinə yetirdiklərini başa düşərək namaz qılan şəxs möminlərə vəd edilənlərə sahib olacaqdır. Bu, bir ehtimal!

Digər bir ehtimal da budur ki, الَّذِينَ يُقِيمُونَ الصَّلاَة “namazı bərpa edən kəslər” ifadəsində məqsəd namazın cəmiyyətdə bərpa edilməsi, cəmiyyətin namazqılan cəmiyyətə çevrilməsidir. Bəziləri sevinir ki, namaz qılıram, gün ərzində on yeddi rükət yox, əlli bir rükət və onunla bərabər əlavə müstəhəb namazlar da qılıram. Halbuki, ona “Qardaş, camaat dəstə-dəstə dindən çıxır.” – deyildikdə, əsla qəm yemir.

گفت آن گلیم خویش بدر میبرد ز موج

“O (zahid) dedi: Mən öz kilimimi sudan çıxarsam, böyük iş görmüşəm, hünər göstərmişəm, başqalarına vaxt ayıra bilmərəm.” Bəziləri belə düşünürlər. Bu isə imanın nişanəsi deyil, namazı yaxşı qılan, öz namazı ilə kifayətlənən və başqalarına (namazı öyrətmək üçün) vaxt ayırmayan düz etmir, yəni namazı kamil deyildir.

İmanın nişanəsi nədir? Namazı bərpa etmək, namazı cəmiyyətdə bərpa etmək, hamını namazqılan etmək. Bu mənada yox ki, namazqılmayanı namazqılan edək; cəmiyyəti namazqılan cəmiyyətə çevirək, belə ki, cəmiyyət daim Allahı yad etsin və Allah yolunda olsun. “İyyəkə nə`budu və iyyəkə nəstəin” – deyən cəmiyyət yalnız Allaha ibadət edər, yalnız Allaha güvənər, yalnız Ondan kömək diləyər. Namazqılan cəmiyyət hər gün fəsad rəhbərlərinə, korrupsionerlərə, rüşvətxorlara, qəzəbə düçar olanlara və azğınlara nifrət edər. Namazın həqiqəti budur!

Bu istiqamətdə başqalarını namaz əhli etməyə can atan şəxs, həqiqətdə, Allaha bəndəçilik yolunda çalışmış, fəsadın, təkəbbür və zülmün kökünün kəsilməsi, müsəlman ümməti və bəşər cəmiyyəti arasında ictimai və insani birliyin yaranması uğrunda addım atmışdır. Namazı bərpa etməyin mənası da budur! Yəni, hər gün beş dəfə namaz qılan, hər dəfə də “İyyəkə nə`budu və iyyəkə nəstəin” (İlahi, yalnız Sənə ibadət edirik, yalnız Sənin müqabilində əyilirik, başqasının müqabilində yox!) – deyən, “məğzubun ələyhim” (qəzəbə tuş gələn) və “zallin” (azğın) kəslərə, başqa sözlə, fəsad rəhbərləri və onların ardıcıllarına hər gün neçə dəfə nifrət edən cəmiyyət “həqiqi namazqılan cəmiyyət” adını daşıyar. Namazın bərpası dedikdə, bu mənanın ehtimal edilməsi də mümkündür.

وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

“(Möminlər) o kəslərdir ki, onlara verdiyimiz ruzidən infaq edərlər.

Bu, möminin başqa bir xüsusiyyətidir. İnfaq nədir?[5]

Boşluqları doldurmaq və ehtiyacları aradan qaldırmağa “infaq” deyilir. Misal üçün bir məscidin divarları rənglənibsə, yenidən rənglənməsi üçün xərc çəkilərsə, buna infaq deyilməz. Nə üçün? Çünki məscidin divarları rəngli olduğundan, buna ehtiyac yox idi. Əgər məscidin rənglənməsinə ehtiyac duyulmayan hissələrini, məsələn, İmam Həsən (ə) məscidinin torpaqdan olan yerini rəngləsəniz, bunun üçün xərclədiyiniz pullar infaq yox, “xərc” adlanır. (İnfaq etməyin xərc çəkməklə fərqi var.) Əgər cəmiyyətin mövcud boşluqlarını doldursan və ehtiyaclarını ödəsən, bu işin infaq adlanar.

وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

“(Möminlər) o kəslərdir ki, onlara verdiyimiz ruzidən infaq edərlər.

Ruzi yalnız mal və puldan ibarət deyil; verdiyimiz pul, ömür, övlad, abır-həya, cismani qüvvə, dil, beyin, düşüncə və s. digər imkanlarla infaq edərlər, yəni yerli-yerində xərcləyərlər, necə gəldi xərcləməzlər. Möminin xüsusiyyətlərindən biri də budur.

Ey özünü mömin göstərən mömin qardaş! Ey mömin çağrılanda sevinən, imanında azacıq şəkk edən şəxsi bəyənməyən! Mənə deyə bilərsiniz ki, söhbətlərinizdə bizi dinsiz və imansız qələmə verməyinizin faydası nədir? Ey mömin adlanan qardaş, infaq edirsənmi? Xərc etməyini demirəm. Bəli, çox xərc çəkirsən; Ramazan ayında pul xərcləyib ləzzətli yeməklər bişirirsən, rəngarəng süfrələr açıb tox insanları dəvət edirsən və bir sözlə, xərc çəkirsən, amma infaq da edirsənmi?

Ey möhtərəm xətib! Bu qədər danışır, nəfəs alır, öz varlığın, cismin və beyninin hüceyrələri ilə zəhmət çəkir, nitq qabiliyyətindən istifadə edirsən, amma bu qüvvəndən infaq edirsənmi? Çox danışmaq hünər deyil, ehtiyac duyulanları danışmaq hünərdir. O infaq deyil, bu isə infaqdır. Ey abır-həyasından, heysiyyətindən xərcləyənlər; birinə məktub yazır, birini işə düzəldir, bir iş görüldükdə və yaxud biri vəzifəyə təyin edildikdə, filankəsin ehtiramını qazandığını düşünərək heysiyyətindən xərcləyirsən, amma infaq necə? İnfaq edirsənmi? Ey din və qeyri-din adı ilə müxtəlif işlərə pul xərcləyənlər[6], haqq və acı həqiqət olan bu sözdən qorxmayın! Nə qədər pullar “din” adı ilə sərf olunur, amma infaq hesab edilmir, çünki bu pullar heç bir boşluğu doldurmur, heç bir yaranı sağaltmır, yoxsul cəmiyyətin ehtiyacını ödəmir. İnfaq möminin xüsusiyyəti, imanın şərti və nişanəsidir.

وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

Möminlər, onlara verdiyimiz ruzidən infaq edərlər.

Bundan sonra vaxtınızdan, pulunuzdan, abır-həyanızdan xərcləmək istəyirsinizsə, yaxşı düşünün, görün, infaq edirsiniz, yoxsa, yersiz xərcləyirsiniz?!

أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا

Onlar həqiqi möminlərdir.

لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ

Onların öz Rəbbi yanında dərəcələri, rütbələri və mərtəbələri vardır.

وَمَغْفِرَةٌ

Onlar üçün bağışlanma vardır.

Bağışlanma haqqında dünən məlumat verdim, ümid edirəm ki, tamamilə yadınızda qalıb. Əgər Allah kimisə bağışlamaq, günah ucbatından onun ruhunda yaranan yaranı sağaltmaq istəsə, onun günah adlı yarasını sağaldacaq.

وَرِزْقٌ كَرِيمٌ

Onlar üçün şərafətli, zillətsiz, əziyyətsiz və minnətsiz ruzi vardır!

Mömin cəmiyyətdən danışırdım, bir fərddən yox; demə ki, həmd olsun Allaha, yeməyə bir tikə çörəyimiz var, rahatıq, qüssəmiz yoxdur, heç kimin də minnətin çəkmirik. Belə bir insanın işlərini araşdırsan, tamamilə bədbəxt və minnət içində olduğunu görərsən. Ən alçaq işlə məşğul olanlar məşğul olduqları işin, qazandıqları bir tikə çörəyin alçaqlığını dərk etmirlər. Mən cəmiyyətdən danışıram; bir cəmiyyət mömin və uyğun xüsusiyyətlərə sahib olduğu zaman, çörəyi pak, şərafətli, izzətli və kəramətli olacaq, izzət və şərafətlə ruzi qazanacaq. Bu zaman bu gün dünyada siyasi təşkilatların yalan və ya doğrudan tribunalardan bütün aləmə car çəkdikləri şüarlar mömin cəmiyyətdə gerçəkləşəcəkdir; sülh, azadlıq, rifah, rahatlıq, müharibə və qətl-qarətdən uzaq, qardaşlıq və səmimiyyət, modern mədəniyyət, yüksək təhsil səviyyəsi, geniş ruzi və bu kimi mənalı və mənasız sözlər mömin cəmiyyətdə öz həqiqətini tapacaqdır: وَرِزْقٌ كَرِيمٌşərafətli və minnətsiz ruzi!

 

 

Xülasə

Cümə günü – Mübarək Ramazan ayının 3-cü günü

İMAN-2

“Ənfal” surəsinin 1-4-cü ayələri:

يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ قُلِ الأَنفَالُ لِلّهِ وَالرَّسُولِ  – Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir.

فَاتَّقُواْ اللّهَElə isə Allahdan qorxun.

وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْAranızdakı münasibətləri düzəldin.

وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُAllaha və Peyğəmbərinə itaət edin!

إِن كُنتُم مُّؤْمِنِينَƏgər möminsinizsə!

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَMöminlər yalnız o kəslərdir ki,

إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ  – Allah yad edildikdə, qəlbləri qorxudan titrəyər.

وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًاAllahın ayələri onlara oxunduqda, həmin ayələr onların imanlarını daha da artırar.

وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَOnlar öz Rəbbinə təvəkkül edərlər.

الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَO kəslər ki, namazı bərpa edərlər.

وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَO kəslər ki, verdiyimiz ruzidən infaq edərlər.

أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّاOnlar həqiqi möminlərdir.

لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌOnların öz Rəbbi yanında dərəcələri vardır və onları bağışlanma və şərafətli ruzi gözləyir!

Qurani-Kərimdə imanla bağlı aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılır:

1. Möminin düşüncəsi və cəmiyyətin həyatında imanın rolu;

2. İmanın (təqlid və yaxud təəssübkeşlik əsasında yox,) agah şəkildə olmasının zəruriliyi;

3. Əməli öhdəliklər (uyğun ayələrdə və “Muminun surəsinin əvvəlində qeyd edilən öhdəliklər və onlarla digər nümunələr)



[1]. Sən o qədər böyüksən ki, böyük cisimlər kiçik aynaya sığmadığı üçün aynada görünmədiyi kimi, yadlar da Səni görə bilmir. (Sədi.)

[2]. “Maidə” surəsi, ayə 24.

[3]. Əbu Dəccanə adı ilə məşhurlaşan Səmmak ibn Xərəşə böyük səhabələrdəndir. O, Peyğəmbərin (s) vəfatından sonra 11-ci h.q. ilində Yəmamə döyüşündə şəhadətə yetdi. Ühüd döyüşündə şücəat və qəhrəmanlıq göstərdiyi üçün, “Səff” surəsinin 4-cü ayəsi onun, Əmirəlmöminin Əlinin (ə), Həzrət Həmzənin və digərlərinin məqam və fəziləti haqqında nazil oldu. Bir rəvayətdə İmam Sadiq (ə) onu İmam Mehdinin (ə.c) ordusunun sərkərdələri və o Həzrətin zühuru zamanı rəcət edənlərin sırasında qeyd etmişdir.

[4]. “Mən lə yəhzuruhul-fəqih”, “Namazın vaxtı” bölməsi, hədis 672.

[5]. (Dünən infaqın mənasına qısa şəkildə toxundum. İndiyə qədər, bəlkə də on dəfədən çox müxtəlif mövzularla əlaqədar infaqla bağlı söz açmışam. Bu dəfə də on birinci dəfə olsun.)

[6]. “Hədid” surəsi, ayə 27.

 

'Quranda Islami təfəkkür tezisi' kitabının yazılı və audio fayllarını BURADAN əldə edə bilərsiz! 

Google+ WhatsApp ok.ru