Quranda İslami təfəkkür tezisi - 3-cü məclis

Quranda İslami təfəkkür tezisi - 3-cü məclis

AGAHLIQ VƏ BİLİYƏ ƏSASLANAN İMAN

Şənbə – 1974/09/21

Mübarək Ramazan ayının 4-ü.

بسم الله الرحمن الرحيم

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ. الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün gəlib-getməsində ağıl sahibləri üçün nişanələr vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, böyrü üstə uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Elə isə bizi Cəhənnəmin əzabından qoru!

“Ali-İmran” surəsi, ayə 190-191.

Bu gün oxuduğumuz və vərəqdə qeyd etdiyimiz ayələrə diqqət yetirdikdə, imanla bağlı iki-üç həqiqət əldə olunur. Birincisi, iman – öz risalətinə iman gətirmək və onu qəbul etmək – ilahi peyğəmbərlərin, onlara inananların və ardıcıllarının üstün xüsusiyyətlərindəndir. İlahi rəhbərlərlə siyasi rəhbərlər arasındakı fərq də elə budur. İlahi rəhbər bu yolun yolçusu kimi, dediyi söz, atdığı addım, getdiyi yola bütün varlığı ilə inanır. Dünya siyasətçiləri isə, adətən, gözəl və maraqlı danışsalar da, dediklərinə ya əsla inanmır, ya da yetərincə inanmır.

Nəql edirlər ki, kommunist iddiaları ilə qeyri-materialist düşüncələrə söykənən məktəb və mədəniyyəti şiddətlə pisləyən və tənqid edən Şərq blokunun ən böyük ölkələrinin[1] rəhbərlərindən biri Hidistanın müstəqilliyindən sonra, milyonlarla hindlinin könlünü almaq üçün Hindistana səfər edir. Hindular və hindlilər kommunist ölkəsinin rəhbərinin alnında Hindistanın (müəyyən zaman kəsimində) azadlıq uğrunda hərəkatının ruhani liderlərindən olan Qandahar Tilakın şəklinin yapışdırıldığını görüb təəccüblənirlər.

Mövzumuzdan kənar olsa da, məlumatlı olmağınız üçün diqqətinizə çatdırım ki, Hindistan hərəkatının başlanğıc günündən qələbəyə nail olduğu günə qədər, düz doxsan il çəkdi. Elə başlanğıcdan sona qədər bu hərəkatın əsas rəhbərləri ya müsəlman ruhaniləri, ya da hindu ruhaniləri olublar; Mövlana Şah Mahmud Dehləvi, Mövlana Mahmud Həsən, Mövlana Əbülkəlam Azad, Mövlana Məhəmmədəli, Mövlana Şövkətəli. Hind müsəlmanlarının dilində “mövlana” sözü bizim “ayətullah” sözümüzü əvəz edir; Ayətullah Məhəmmədəli, Ayətullah Şövkətəli, Ayətullah Əbülkəlam, Ayətullah Mahmud Həsən. Bu ayətullahlar Hindistanın azadlıq hərəkatının müsəlmanlar tərəfindən böyük liderləri olublar. Hindular tərəfindən isə Ceynizm (Ceyn) məktəbinə bağlı hindu ruhanisi olan Mahatma Qandi olub.

Nəzərinizə çatdırım ki, Tilak hindu rahibi olub. Bəlkə də ona rahib demək düzgün olmaz, hər halda, hindu ruhanisi olub. Çox əzəmətli, qəribə və diqqət çəkən bir şəxsiyyət olub. Hərəkatının ortalarında, hələ qələbəyə çatmamışdan öncə dünyadan köçdü və Hindistanın azadlığını görmədi. Amma onun ölümündən otuz-qırx il sonra, onun yetişdirdiyi insanlar azadlığın şirinliyi və ləzzətini daddılar. Bu hərəkat böyük azadlıqsevər və ruhani olan Tilakın adı və rolu ilə yaddaşlarda qaldı. Bu, bir ruhaninin roludur; onda ruhanilik, mənəviyyat və metafizik xüsusiyyətlər var idi. Tilakın özü də hinduların nəzərində ruhani-mənəvi məqamlara sahib olmuşdur. Bir sözlə, ruhani olmuşdur. Onlar Hindistana gələn SSRİ rəhbərlərinin ümumi xalq kütləsinin diqqətini çəkmək üçün Tilakın şəklini alınlarına yapışdırdıqlarını görürlər. Bunun mənası odur ki, biz də sizinlə bu zəmində həmfikirik, halbuki, öz iddiaları bu düşüncəni, bu məktəbi pisləyir.

Mənəvi, imanla bağlı və ilahi məsuliyyətlərdən uzaq bir qrup siyasi rəhbərlərin ləyaqəti budur! İlahi peyğəmbərlər isə dediklərinə bütün varlıqları ilə iman gətirmiş, insanlara aşıladıqlarına hamıdan öncə özləri əməl etmişdilər. Dağın qülləsində susuzluqdan taqətsiz hala düşən bir şəxsin “Qardaşlar, dağın başında dadlı su var, tez olun, ora tərəf tələsin!” – deməsi, özünün isə yerindən tərpənməməsi mənasızdır. Burada hamının soruşmağa haqqı var ki, əgər düz deyirsənsə, əgər orada ləzzətli bir bulağın olmasından xəbərdarsansa, axı özün susuzluqdan yanırsan, ay bədbəxt! Sən özün ona doğru tələsmirsənsə demək, yalan danışır və öz sözünə inanmırsan. İlahi rəhbərlər bir yolun bələdçisi kimi, hər kəsdən öncə və qabaqda, əlində bayraq möhkəm addımlarla irəli addımlayırdılar. Həzrət İbrahim Xəlilullah deyir: “İlahi, Sənin dərgahında İslamı qəbul edən (Sənə təslim olan) ilk şəxs mən özüm oldum, məndən sonra digər insanlar da mənim ardımca hərəkət etdilər.” Bu, ilahi rəhbərlərin xüsusiyyətidir. İlahi rəhbər belə olmalı və belədir. Peyğəmbəri-Əkrəm (s) İslamın ilkin çağlarında baş verən ən mühüm və təhlükəli hadisələrin önündə gedirdi. Düzdür, Abdullah Məsud, Xəbbab və Əmmar Yasir kimilər də işkəncələrə məruz qalırdılar, amma Peyğəmbərin (s) sinə gərdiyi işkəncələr onlardan az deyildi, hətta çox idi.

Əgər Peyğəmbərin vəziyyətinionun sadiq və pakdüşüncəli ardıcılları olan müsəlmanların vəziyyəti ilə müqayisə etsəniz, görərsiniz ki, Peyğəmbərin (s) özünə nisbətdə əməl etməsinin şiddəti, onlarınkından daha güclü və daha taqətkəsən idi. Onlardan daha öndə və qabaqcıl idi.

İman ilahi peyğəmbərlərin əsas xüsusiyyətlərindən biridir. İman dedikdə, öz dediklərini bütün varlığı ilə qəbul etmək, onlara inanmaq nəzərdə tutulur. Qəbul etməyin nişanəsi də onların bu yolda hər kəsdən öndə getməsi və addımlamasıdır. Elə buna görə də Qurani-Kərimdə bizə belə öyrədilir və buyurulur:

آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ

“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmişdir.”

وَالْمُؤْمِنُونَ

“Möminlər də (Peyğəmbərə qoşulanlar, onun ətrafına toplaşanlar və car çəkib dəvətini yayanlar da) iman gətirmişlər.

كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِه

Onların hamısı Allaha, Onun mələklərinə, (səmavi) kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirmişlər.[2]

Çünki yol birdir.

دراینرهانبیاچونساربانند

دلیلورهنمایکاروانند

“Bu yolda peyğəmbərlər sanki sarbandır, karvanın rəhbər və bələdçiləri onlardır.”

Bu yolda bütün peyğəmbərlər bir karvanın gözətçi və bələdçisi, bir yolun yolçusu, bir hədəfin rəhbəridirlər, hamı birdir və bir məqsədə doğru irəliləyir.[3]

 

لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ

Bu söz möminlərin dili ilə deyilir: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.”[4]

Bizim üçün İsa, Musa, İbrahim, İdris[5], Yəqub, Cərcis[6], Nuh – birincidən sonuncuya qədər bütün peyğəmbərlər – möhtərəm və müqəddəs, hamısı Allahın məmurlarıdır; bir hədəfin məmurları, eyni səadət və eyni Cənnətin müjdəçiləri, eyni xəttin izləyiciləridir.

لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ

“Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.”

(Növbəti günlərdə bu silsilə söhbətlərimizdə ola bilsin ki, “nübuvvətə etiqad” mövzusuna da toxunduq, inşallah!)

Sonradan qeyd edəcəyim məsələ ilə bağlı bu iki-üç cümləyə diqqət yetirin ki, bəhsimizə aid əsas məsələyə işarədir. Həm bizim Peyğəmbərimiz (s), həm digər peyğəmbərlər, həm də onlara inanan və qoşulanlar da hamılıqla Allaha iman gətirmişlər.

وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا

“Onlar deyirdilər: “Eşitdik və itaət etdik.””

Ayədə qeyd olunan “səmi`na” sözü “qulağımıza çatdı” mənasını deyil, “eşitdik” mənasını daşıyır. “Qulağımıza çatdı” ilə “eşitdik” arasında fərq vardır. İnsanın xüsusi bir üzvü olan qulağına ərəb dilində “uzun” deyilir. “Səm`” isə “eşitmək” mənasındadır. Öz dilimizdə də belə bir söz işlədirik: “Deyirlər ki, filankəs sözə qulaq asandır. Dediyimi eşitdinmi?” Dinləyicilərinizə: “Nə dediyimi eşitdinizmi?” – deyərkən, sizinlə onların arasında, aydındır ki, yarım metr fasilə olmasına baxmayaraq, səsiniz on metrdən belə eşidilirdi. Onun sizin səsinizi eşitməsi bəllidir, amma demək istəyir ki, nə dediyimi anladınmı? Başa düşdünmü? Dərk etdinmi? Onlar da dedilər ki, “səmi`na” – eşitdik, Allahın bizə göndərdiklərini bütün varlığımızla anladıq və “ətə`na”, yəni itaət etdik. Bu nə deməkdir? Məqsəd kor-koranə itaət deyil, bizim itaətimiz məsələnin aydın olması və məlumatlılıq səbəbindən idi.

غُفْرَانَكَ رَبَّنَا

Ey Rəbbimiz, bizi bağışla!İlahi, Səndən istədiyimiz mükafat yalnız bağışlanmağımızdır.

وَإِلَيْكَ الْمَصِيرُ

Bizim qayıdışımız Sənə doğrudur!”

(Allaha qayıdış məsələsi ilə bağlı maraqlı sözlər çoxdur və əgər ömrümüz və fürsətimiz olsa, elə bu silsilə bəhslərimizdə, “Quranda məad” bölməsində ondan söz açacağıq, inşallah!)

Bura qədər sözügedən ayələrdən nə öyrəndik? Öyrəndik ki, iman və etiqad İslam dəvətinə bağlı olan insanların xüsusiyyətidir. İmansız və əqidəsiz insanlar başqaları həmin yolu getdiyindən, onların arxasınca ehtiyatla gedənlərdir. Onlar islami təfəkkür sahəsindən uzaq qalanlardır. Burada doğru və həqiqi iman sahibi olmaq lazımdır. İman, yəni bir məktəbi aşkar şəkildə qəbul etmək, bir cazibənin ardınca hərəkət etmək; əgər Quran və din məktəbində bu cazibə yoxdursa, sənin qəlbinə hakim kəsilə bilmirsə, sənin qəlbində iman yoxdursa, bu qəlb ölüdür, İslam nuru ilə yaşamır, ona müsəlman adı vermək olmaz. Demək, iman lazımdır. Bu birinci məsələ!

İkinci məsələ: İman iki qismdir: Birincisi təqlid və təəssübkeşlik əsasında olan iman. Ata-babalarımız və böyüklərimiz qəbul etdikləri üçün biz də qəbul etmişik. Kitabımız və dinimizdə belə deyildiyi üçün biz də elə deyirik, sənin dəlil-sübut gətirməyinə ehtiyac yoxdur, çünki qəbul etməyəcəyik. Bu, imanın bir növüdür, bu da iki qismə ayrılır: ya təqlidə, ya da təəssübkeşliyə söykənir.

Amma təqlidi (kor-koranə) iman haqda danışsaq, misal üçün insanlardan: “İslam Peyğmbərinin (s) haqq olduğunu haradan bilirsən?” – deyə soruşsan, cavab verə bilməyəcək. Çünki ata-babaları, məktəbdə müəllimləri, küçə-bazarda insanlar Peyğəmbərin (s) haqq olduğunu dedikləri üçün o da Peyğəmbərin (s) haqq olduğunu deyir və buna imanı da vardır. Yəni, həqiqətən də inanır ki, Peyğəmbər haqdır. Amma bu inanc onun-bunun sözlərindən formalaşmış, təqlid səbəbilə və dəlil-sübutsuz yaranmışdır.

Təəssübkeşlik əsasındakı iman da təqlidi iman kimidir. Bəziləri, bizim Peyğəmbərin qəlbini sevindirmək üçün Allah eləməmiş, başqa peyğəmbərlərə hörmətsizlik etmək istəyir və elə təsəvvür edir ki, mənəvi aləmdə də peyğəmbərlər bir-birinə qarşı çıxa bilərlər. Musa! Axı Musa kimdir? Ancaq bizim Peyğəmbər! Təəssüf ki, bu, nadan təbəqəyə aiddir. Bəzən də insanın daha çox ondan gözləmədiyi, zəkalı və ziyalı olduğunu düşündüyü təbəqə arasında belə yanlışlıqlara yol verənlər də gözə dəyir ki, qıraq-bucaqda onun nümunələri ilə hərdən rastlaşırıq. Bunu daha geniş izah etməyə ehtiyac duymuram. Buna təəssübkeşliyə əsaslanan iman deyilir; bunu İslam deyibsə doğru, başqa din deyibsə, yanlışdır, bu işi biz müsəlmanlar yerinə yetirdiyimiz üçün düzgün, digərləri isə filan başqa işi yerinə yetirdikləri üçün səhvdədirlər. Onun imanı var, amma dəlil-sübuta əsaslanan iman deyil, yalnız təəssübkeşlik səbəbilədir. Təəssübün mənası da dəlil-sübutsuz, məntiqsiz, hisslərə qapılaraq tərəfdarlıq etməkdir. Buna təəssüb deyilir. Demək bu növ iman ya təqlid, ya da təəssübə əsaslanandır.

Siz dostların diqqətinə çatdırmalıyam ki, İslamın dəyər verdiyi iman təqlid və təəssübə əsaslanan iman deyil, bunun dəyəri yoxdur. Sübut istəyirsiniz? Onlarla dəlildən birini deyirəm, o da budur ki, təqlid və təəssübkeşliyə əsaslanan imanın aradan getməsi də onun yaranması kimi asandır. Uşaq və şagird ata-anasından, yaxud məktəbin müəllimlərindən zəhmətsiz və təmənnasız aldığı iman, iman oğruları tərəfindən də təmənnasız alınacaqdır; bu zaman, gözlənilmədən, imansız bir nəslin yarandığını, imanların qarət olunub aradan getdiyini, maddi qığılcımlar müqabilində imanların qarın yay çilləsində əriyib suya dönərək yerə hopduğu kimi məhv olduğunu görəcəksən. Kimin haqqında danışıram? Aydındır ki, gənc nəsli deyirəm. Amma nəzərinizə çatdırmalıyam ki, mən gənc nəslin imansız nəsil olduğunu demirəm, çünki qıraq-bucaqdan gənc nəsildə imanın çiçəkləndiyini müşahidə edirik. Yenə də qeyri-təqlidi, təəssübə əsalanmayan və agahlığa söykənən iman ardınca getdiyi üçün afərin gənc nəslə! Əlbəttə, bu gənc nəsildən öncəki nəsli nəzərdə tuturam. Bizim gənc nəslimizdən öncəki nəsil kor-koranə imana etiqad bəsləsə də rövzə məclislərində, əgər icazə versələr, camaat namazında iştirak edər, amma məntiqə, şüur və agahlığa əsaslanmadığı üçün çox asanlıqla məscidi yandırmağa, İmam Hüseynə (ə) arxa çevirməyə, həqiqi dəyər bildiklərini fəda etməyə də razılıq verər, necə ki, verirlər. Biz bunu görürük. Bizim bugünkü bədbəxtliklərimizdən biri də gənc nəsildən qabaqkı nəsillə üzləşməyimizdir; o kəslər ki, bugünkü müsəlman gənc nəslin sahib olduğu ayıqlıq və məlumatlardan məhrumdurlar, çox təəssüf ki, iki öncəki nəslin çatışmazlıqlarından amanda qalmış möhkəm və dərin imanından da nəsiblərini almamışlar; onlar nə pul, vəzifə, şöhrət, sevgi, rifah və rahatlıqdan üz çevirib şüur və agahlığa əsaslanan möhkəm imana sahib oldular, nə də bir-iki əsr öncəki kimi, heç olmasa, imanını bağlı sandıqça və aşılmaz hasar içində qoruyub-saxlaya, nə də ən azından, kor-koranə imana sahib ola bildilər.

Bir sözlə, yüz il bundan öncə bu qədər düşüncə, əqidə və iman oğrusu yox idi. O zaman bizim cəmiyyətimizin daxilinə düşmən əlləri və xain barmaqlar hələ yol tapmamışdı. Hələ də planlar insanların həqiqi imanının əldən çıxması, onların başına istənilən bəlanın gətirilməsi həddinə çatmamışdı. Bunlar sonra baş qaldırdı. Bizim gənc nəsildən qabaqkı nəsil – həmin nəsil ki, dünən gənc idisə, bu gün artıq gənc deyil, iman və əqidələrini kökündən dağıdan sel ilə qarşılaşmış, amma, onun müqabilində möhkəm imana da sahib olmamışdılar. Xoş olsun imanını agahlıq, şüur, zəka və düşüncə əsasında seçən kəslərin halına! Sel gövdəsi yoğun ağacları aparsa da, kökü iki özü qədər yerin altına uzanan gövdəsi nazik bitkilər hələ də sağlamdır, davamlıdır. Kökü möhkəm olanı belə sözlər aradan apara bilməz.

Bir sözlə, bu, İslamda danılmaz bir həqiqiət və məqamdır: Dəyərli iman agahlıq, şüur, düşüncə və bəsirətə söykənən imandır. Filan müsəlman imanını qorumaq üçün qəzet və kitab oxumamasını, küçə-bazara çıxmamasını, filankəslərlə danışmamasını, soyuqlamaması və qızdırmaması üçün günəş və ayı görməməsini deyəcəyiksə, təəssüf ki, bu iman davam gətirməz. Agahlıq və ayıqlıqla seçilən imanı ən çətin şəraitdə belə əldən almaq olmaz:

مَن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ

Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir).[7]

Qurani-Kərimin bu ayəsində Əmmar Yasir barəsində belə deyilir: Əgər işgəncələr altında ikən düşməni bir an özündən yayındırmaq üçün bir söz demək lazımdırsa de, sənin imanın işgəncə ilə qəlbindən çıxacaqsa, o, iman deyil. Qızdırılmış dəmiri Xəbbab ibn Ərətin boynuna və bədəninin dərisinə basırlar, amma dərin agahlığa söykənən imana sahib olduğu üçün ondan əl çəkmir. Budur iman!

Aydınlıq, agahlıq, düşüncə və düzgün hesablamalara söykənən imanı isti-soyuğun, toz-torpağın zərər vumaması üçün parçaya bükmək və sandıqçada saxlamağımıza ehtiyac yoxdur; çünki ona zərər dəyməz. Düşüncəsiz iman qorxu və narahatlığa məhkumdur. Əgər imanların möhkəmliyini, aradan getməməsini, imanımızın daim agahlıq üzündən olmasını istəyiriksə, daim ona agahlıq bəxş etməliyik, mömin etmək istədiyimiz şəxslərin ayıq olmasından qorxmamalı, onların gözü və qulaqlarının bağlı qalmasından ləzzət duymamalıyıq. Bunun üçün isə ayıqlıq səbəbləri beyinlərdə, düşüncələrdə və qəlblərdə düzgün şəkildə formalaşmalı, həmin ayıqlıqla onların qəlblərində doğru, möhkəm və yenilməz iman cücərməlidir. O zaman artilleriya topu belə onu yerindən qoparda bilməz. İslam deyir ki, agah şəkildə iman gətirmək lazımdır, “Ali-İmran” surəsinin son ayələri bizə bu növ imanı tanıtdırır.

Ayənin başlanğıcı müqəddimədir:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün gəlib-getməsində nişanələr vardır.

Görəsən, axmaq və ağılsız insanlar üçünmü? Düşünməyənlər üçünmü?

لِّأُوْلِي الألْبَابِ

“Ağıl sahibləri üçün.[8]

Təfəkkür və düşüncə qüvvəsinə sahib olan insan ağıllı insandır və bu, ağıl və düşüncəsini işə salan bütün insanlara aiddir. Yoxsa onlar doğulduqları ilk gündən xüsusi bir əlamətlə başqalarından seçilmirlər ki, biz də  onlardan biri olub-olmadığımızı deyək. Və yaxud ağıl sahibləri əzəldən müəyyən xüsusiyyətllərə sahib olduqları üçün özümüzü ağıllı  hesab etməyək. Xeyr! Bizim hamımız, dünyada yaşayan digər üç milyard insanla birgə ağıl sahibiyik; bu şərtlə ki, ağıl qüvvəsini işə salaq. Əgər pul verib maşın alsanız, onu evdə saxlasanız, açıb baxmasanız, işlətməsəniz, bir müddət sonra onun işə yarımadığını və pas atdığını, əgər pas atmasa da, qüsurlu olduğunu görəcəksiniz. Burada maşının təqsiri yoxdur, onu işlətmədiyin üçün müqəssir sənsən. لِّأُوْلِي الألْبَابِ (ulil-əlbab – ağıl sahibləri), yəni ağıllı olmaq üçün təfəkkür və düşüncə qüvvəsini işlədənlər.

Ağıl sahibləri kimlərdir? Baxın, bu, Quranın incə mətləblərindən biridir. Ağıl və düşüncə sahiblərini tanıtdırmaq istədikdə, onların həyatın hər bir sahəsində öndər olduqlarını, heç bir işdə aldanmadıqlarını, ticarətdə, politologiyada, siyasi oyunlarda, münaqişələrdə və çəkişmələrdə hər zaman əllərinin qarşı tərəfin əllərinin üstündə olduqlarını vurğulayır. Quran bu oyunların heç birini qəbul etmədiyi, həqiqi dəyəri insanın Allahla rabitədə olduğu ilə əlaqələndirdiyi üçün ağıl sahiblərini də belə tanıtdırır. Quran baxımından ağıl sahibləri hər kəsdən çox ən ali dəyərlərə sahib olan kəslərdir.

الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ

“Ağıl sahibləri ayaq üstə olanda da, oturanda da, böyrü üstə uzananda da Allahı xatırlayan kəslərdir.

Yəni, hər zaman və hər bir halda Allahı yad edərlər. Amma onların Allahı yad etməsi dərvişlərin daxma həyatı ilə qarışmış irfani halət anlamında olmadığından, bəziləri öyünərək “Elə biz də hər zaman Allahı yad edənlərdənik.” – deməsin, Allahı yad etməkdə fəal olsun, Allahı yad etmək əməl hesab edilsin. Necə?

وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ

“Göylərin və yerin yaradılması haqqında düşünərlər.

Demək, ağıl sahibləri təfəkkür halındadırlar, daim yaradılış haqqında düşünürlər. Düşündükdən sonra həm zahiri, həm də batini dillə belə deyirlər:

رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً

“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən (boş yerə yaratmaqdan) pak və müqəddəssən!

Yəni, bu, bir ideologiyanın ən mühüm və ən əsas prinsipidir.

Hər bir qurucu ideologiyanın əsas prinsipi iş və fəaliyyətə dəvətdir; Allaha etiqadı olsa da, olmsa da, işləmək üçün məmur olunduğunu düşünür. Baxın, fərdi və ictimai həyata ruh verən ideoloji fəlsəfənin ən əsas prinsipi elə budur:

رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً

“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!O, mənəvi düşündüyü və Allaha inandığı üçün deyir ki, ey Rəbbimiz, Sən bu göyü və yeri, bu aləmi bihudə və boş yerə yaratmamısan.

سُبْحَانَكَ

“Sən pak və müqəddəssən!Heç vaxt yersiz iş görməzsən. Demək, burada mən də məsuliyyətliyəm, mən də bir yol ötüb-keçməliyəm, mən də bu qəribə sistem və yaradılış aləminin müqabilində bir nöqtəyəm və işləmək üçün göndərilmişəm. Bu qəribə sistemdə mənim də bir yerim var, əgər həmin yeri doğru-düzgün şəkildə, Sənin istədiyin kimi doldura bilməsəm, onun nizam-intizamını pozmuşam

فَقِنَا عَذَابَ النَّارِسُبْحَانَكَ

“Sən pak və müqəddəssən!Bizi Cəhənnəm əzabından qoru!

Qiyamət odu həqiqət olsa da, Allahın və yaradılış aləminin qəzəb və intiqam odunun simvoludur.

Diqqət yetirməlisiniz ki, bütün bunlar agahlıq üzündən yaranan imanı sözügedən ayələrdən düzgün şəkildə anlamağımız üçün bir müqəddimədir. İndiyə qədər yəqin ki, bu ayələrdən agahlığın necə əldə edildiyinə diqqət yetirmiş olarsınız; indi isə diqqət yetirin:

رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ

“Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, xar (və rüsvay) edərsən!

وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَار

“(Cəhənnəm oduna atdığın) zalımlara kömək edən olmaz!

Onlara nə yaranmışlardan, nə də qeybdən bir yardım edən tapılmaz. Yəni, zülm və haqsızlıq, küfr və nifaq, batil yolda hərəkət edənlər yoxluğa məhkumdurlar və bu aləmdə onları heç kim himayə etməyəcək.

Bu zəkalı insanlar, ağıl sahibləri, göyün və yerin yaradılışı haqqında düşünənlər, bu dünyaya boş yerə gəlmədiklərini və bu kainatın bihudə yaranmadığını anlayanlar sözlərinə davam edir və (iman məsələsinə toxunaraq) deyirlər:

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا

“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib (anladıq və) Sənə iman gətirdik.

Necə iman gətirdilər? Elə bir nəfər “İman gətirin!” – deməklə iman gətirdilərmi? Xeyr! Onlar ağıl sahibləri, mütəfəkkirlər idirlər. Bu carçının zahirdə peyğəmbər olduğu ehtimal edilsə də batində onları Allaha və Ona iman gətirməyə çağıran ağıl, şüur və təfəkkürdür. Carçı onlara “İman gətirin!” – dedikdə, onlar da təfəkkür, dərrakə, şüur və ayıqlıq üzündən iman gətirdilər. Agahlıq üzündən olan bu növ iman İslamda bəyənilir. Bu da ikinci məsələ!

Üçüncü məsələni isə çox qısa qeyd edəcəyəm. (Təəssüf ki, bizim məclisimizin ilk vaxtı bir qədər alındı.) O da budur ki, İslam baxımından agahlıq üzündən iman gətirmək bəyənilir, agahlığa söykənməyən iman Allah-Taala dərgahında qəbul deyil və dəyərsizdir. Elə buna görə də, Qurani-Kərimdə kor-koranə, təqlid və təəssübkeşliyə əsaslanan iman şiddətlə tənqid olunur və bu növ iman insanı uçuruma aparır. Bu barədə bir ayə qeyd etmişəm:

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ قَالُواْ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا

“Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə (onun təlimlərinə) tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər.” – deyə cavab verirlər.”

Bu ayədə kafirlər və mürtəcelərdən söz açılır. Onlara deyilir ki, gəlin, Allahın göndərdikləri və Peyğəmbərin (s) təlim etdiklərini öyrənib anlayın, yaxına gəlin, dərk edin, qulaq asın, görün, Peyğəmbər (s) nə deyir? Görəsən, nə cavab verdilər? Ona doğru gəlmək, düşünmək və yollarını seçmək əvəzinə dedilər: حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا – Ata-babalarımızın getdiyi yol bizə kifayətdir. Biz yeni sözlərə uya bilmərik.

Tədqiqatçılardan birinin qeyd etdiyi kimi, Qurani-Kərimin tanıtdırdığı kafirlər hər yerdə və hər zaman “əsrin mürtəceləri” adlanmış, peyğəmbərlər isə zamanın aydındüşüncəli insanları olmuşlar. Onların həmişə yeni sözü, yeni yolu, yeni dəvəti olmuşdur. Kafirlər, müxaliflər, təəssübkeşlər, təqlidçilər və mürtəcelər isə onların yeni yolunu bəyənməmiş, qəbul etməmiş və demişlər: Keçmişdəkilərimiz necə yol gedibsə, biz də həmin yolu gedəcəyik, biz ata-analarımızı elə görməmişik, onları başqa yolda görmüşük, buna görə də, onların düşündüyü kimi düşünmək, onlar kimi rəftar etmək istəyirik. Onlar ata-babalarına təqlid etməkdə o həddə çatmışdılar ki, Quran onların cavabında belə buyurur:

أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْلَمُونَ شَيْئًا وَلاَ يَهْتَدُونَ

“Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, necə?![9]

Qurani-Kərimdə onlara cavab verilir ki, əgər sizin ata-babalarınız heç bir şey anlamırdılarsa, doğru yolda deyildilərsə, xeyri şərdən seçə bilmirdilərsə, yenə də onlaramı təqlid edəcəksiniz? Görün, Qurani-Kərimdə kor-koranə təqlid necə də pislənir, məzəmmət olunur.

Xülasə:

Şənbə – Mübarək Ramazan ayının 4-cü günü:

Agahlığa əsaslanan iman

Bu tilavətə diqqət etdikdə, aşağıdakı mövzular anlaşılır:

1. Əqidəvi prinsiplərə iman ilahi peyğəmbərin və onun ardıcıllarının önəmli xüsusiyyətidir:

آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmişdir.”

وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِه“Bütün Möminlər də Allaha, Onun mələklərinə, (səmavi) kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirmişlər.

لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ“Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq (və Allahın göndərdikləri və məmurlarına inanır, vəhyi qəbul edirik).”

وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا“Onlar deyirdilər: Eşitdik (anladıq) və itaət etdik.”

غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُEy Rəbbimiz, bizi bağışla və bizim qayıdışımız Sənə doğrudur!”

(“Bəqərə” surəsi, ayə 285.)

2. Bu iman isə kor-koranə təqlid deyil, agahlıq, şüur və düşüncə əsasında olmalıdır. Aşağıdakı ayələrdə bu agahlığın bariz nişanəsini müşahidə etmək olar:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِHəqiqətən, göylərin və yerin yaradılmasında,

وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِgecə ilə gündüzün gəlib-getməsində

لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْağıl sahibləri üçün aydın nişanələr vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, böyrü üstə uzananda da Allahı xatırlayarlar.

وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِGöylərin və yerin yaradılması haqqında düşünərlər.

رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلا سُبْحَانَكَ ً(Dildə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!

فَقِنَا عَذَابَ النَّارِElə isə bizi Cəhənnəmin əzabından qoru!

رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُEy Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, xar edərsən!

وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارZalımlara heç bir kömək edən olmaz!

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّاEy Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib (anladıq, yaradılış barəsində təfəkkür edib qəlbimizlə dinlədik və) Sənə iman gətirdik.

(“Ali-İmran” surəsi, ayə 190-193.)

3. Kafirlər və müxaliflərin öz puç düşüncələrinə söykənən, təəssüb və təqlidə əsaslanan iman şiddətlə pislənir və məzəmmət olunur. Bu ayənin dərin mənası və tənqidi tonuna diqqət yetirək:

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِOnlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə (onun təlimlərinə) tərəf gəlin!” – deyildiyi zaman:

قَالُواْ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا“Atalarımızın getdiyi yol bizə yetər”, – deyə cavab verirlər!

أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْلَمُونَ شَيْئًا وَلاَ يَهْتَدُونَBəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!

(“Maidə” surəsi, ayə 104.

 



[1]. SSRİ.

[2]. “Bəqərə” surəsi, ayə 285.

[3]. Şeyx Mahmud Şəbüstəri.

[4]. “Bəqərə” surəsi, ayə 285.

[5]. Həzrət İdris (ə) Həzrət Adəm (ə) və Şeysdən (ə) sonra peyğəmbərliyə çatmışdır. İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, çoxlu tədrislə məşğul olduğundan, “İdris” adı ilə məşhurlaşmışdır. Allah-Taala yazmağı onun vasitəsilə bəşəriyyətə öyrətmişdir.

[6]. Həzrət İsadan (ə) illər sonraBəni-İsrailə göndərilmiş peyğəmbər. O, öz qövmünü haqqa dəvət etməklə bağlı dövrün hakimi tərəfindən ağır işkəncələrə məruz qalmışdır.

[7]. “Nəhl” surəsi, ayə 106.

[8]. “Ali-İmran” surəsi, ayə 190-193.

[9]. “Maidə” surəsi, ayə 104.

 

Google+ WhatsApp ok.ru