Quranda İslami təfəkkür tezisi - 7-ci məclis

Quranda İslami təfəkkür tezisi - 7-ci məclis

MÜJDƏLƏR-2

Çərşənbə axşamı – 1974/09/25

Ramazan ayının 8-i.

بسم الله الرحمن الرحيم

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ.الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ طُوبَى لَهُمْ وَحُسْنُ مَآبٍ

Allaha iman gətirən və qəlbləri Allahı yad etməklə aramlıq və sabitlik tapan kəslər (Allaha doğru hidayət olunurlar)! Agah olun ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq və sabitlik tapır! İman gətirib saleh əməllər yerinə yetirənlərin bu günləri xoş, gələcəkləri isə gözəl olacaq!

“Rəd” surəsi, ayə 28-29.

Qeyd etdik ki, Allah-Taala Qurani-Kərimdə xoşbəxtliyin bütün amillərini möminlərə müjdə vermişdir. Təsəvvür məqamında xoşbəxtlik amilləri ilə bağlı əldə etdiyimiz 10-12 amilə ötən tilavət və məclisdə işarə etdik. Bütün bunlar Qurani-Kərimdə möminlərə qəti müjdə olaraq verilmişdir. Həmin müjdələrdən “hidayət” və “nur” adlı iki müjdəni dünən Quran ayələrinə istinadən tilavət etdik və bəhrələndik. Bu gün də digər iki müjdəyə toxunacaq, ayələrini oxuyacaq və qalanını siz dostların öhdəsinə qoyacağıq. Ötən yazıda tənzimlədiyim tərtib əsasında mövzuları icmali şəkildə nəzərdən keçirin. Quranı mütaliə və tilavət edənlər – ərəbcə oxuya bilənlər Quranın (ərəbcə) mətninə, ərəbcə oxuya bilməyənlər Quranın tərcüməsinə diqqət yetirməklə – həmin mövzuları arayıb-axrtarsınlar.

Misal üçün həmin mövzu və müjdələrdən biri axirət savabıdır. Qurana nəzər yetirin, görün, neçə yerdə, hansı ayələrdə möminlərə, saleh əməl yerinə yetirən iman sahiblərinə axirət savabı verilir? Həmçinin, həmin müjdələrdən biri düşmənə qələbə çalmaqdır; baxın görün, Quranda elə bir ayə varmı ki, Allah-Taala möminlərə düşmənləri məğlub edəcəklərini xəbər versin? Hal-hazırda möminlərin, imanın öhdəliklərinə əməl edən iman əhlinin düşmənlərə, müxalif cərgələrə qalib gələcəyəni, möminlərin öz əqidəsi uğrunda çalışdığı zaman, sonda düşmənlərə zəfər çalacağını aşılayan bir ayə haqqında məlumatınız varmı? Quranda bu haqda ayə var, ya yox? Qardaşlar cavab versin: Quranda belə ayə varmı? Kim belə bir ayə xatırlayırsa, elə indi oxusun.

Məclisdə iştirak edənlərdən biri bu ayəni tilavət edir: وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَƏgər möminsinizsə, siz üstünsünüz![1]

Çox gözəl! Bu bir ayə.

وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ

“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz üstünsünüz”, düşmənlərlə müqayisədə qalib və güclü əl sizə məxsusdur. Digər müxtəlif ayələrdə də möminlərə müjdə və vədə verilir ki, düşmənlərə, müxalif cəbhələrə qətiyyətlə qalib gələcəklər:

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي

Allah “Şübhəsiz, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır.[2]

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ

Bizim əsgərlərimiz (möminlər) mütləq (kafirlərə) qələbə çalacaqlar![3]

Bu kimi ayələr çoxdur. Bu ayələri nəzərdən keçirin. Quran oxuyarkən bir surəni və yaxud bir cüzü tez oxuyub sona yetirmək əvəzinə, onu anlamağa daha çox çalışın. Allahın Rəsulundan (s) və yaxud İmamdan (ə) nəql olunan bir rəvayətdə buyurulur ki, Quran oxuduğunuz zaman surəni və yaxud cüzü sona yetirməyə tələsməyin, əksinə bir ayə oxuyun, lakin onun üzərində diqqətlə düşünün. Baxın görün, oxuduğunuz ayədə xoşbəxtliklə bağlı qeyd etdiyimiz müjdələr var, ya yox, xoşbəxtlik amilləri vəd edilib, ya yox? Məqsədim budur ki, siz özünüz Qurana müraciət edəsiniz!

Mən Ramazan ayının sonuna qədər sizin üçün Qurandan, təqribən, əlli-altmış ayə oxuyub tərcümə və məna edə biləcəyəm. Halbuki, Quranda altı mindən çox ayə var. Özünüz Quranla ünsiyyətdə olun; ərəbcə bilənlər Quranla ünsiyyət və dostluğunu daha da möhkəmlətsinlər, ərəbcə bilməyənlər də ərəbcə oxumağa cəhd etməklə yanaşı, Quran dili ilə də tanış olsunlar. Quranı oxuyub-anlamağı ərəb əlifbasını öyrəndikdən sonraya həvalə etməyin, elə indidən oxumağa başlayın, yaxşı tərcümələrə müraciət edin. (Nəzərimcə, bəzi yaxşı və bəyənilən tərcümələr var.) Quran oxuyarkən, onun tərcüməsinə də diqqət yetirin, ayələrin mənaları üzərində düşünün. Görün, bizim burada qeyd etdiyimiz müjdələrin hansını Quranda tapa biləcəksiniz? Mən bu gün Quranda qeyd olunan bu müjdələrdən nəzərimdə tutduğum iki müjdəyə toxunacaq, qalanlarını isə sizin öz öhdənizə qoyacağam. Ümid edirəm ki, siz də bunu Ramazan ayından sonraya və yaxud bekar vaxtınıza saxlamayacaqsınız, elə bu gün və bu gecədən, ilk fürsətdə bu niyyətlə Quranı açıb oxuyun, onunla tanış olun, ünsiyyət qurun və Qurandan bəhrələnməyə alışın. Bir sözlə, Quran tükənməz maarif mənbəyidir. Bizim səadət və xoşbəxtliyimizi təmin edən təsirli amilləri Qurandan əldə etməyi bacarmalıyıq. Quran kimi qəti və aydın mətn əlimizdədir, mütləq ondan bəhrələnməliyik.

Əlbəttə, bu qeydləri yalnız Qurana deyil, həm “Nəhcül-bəlağə”yə, həm də məsum imamlarımızdan (ə) nəql olunan səhih hədislərə aid etmək istəyirəm. Qurani-Kərimin yanında “Nəhcül-bəlağə”dən, səhih hədislərdən də bəhrələnmək lazımdır. Lakin “Nəhcül-bəlağə” və hədislərə əl tapmaq asan olmasa da Quran hamının ixtiyarında olan bir mətndir və insan onun düzgün və kamil nüsxəsini öz cibində belə daşıya bilər.

Bəli, biz yuxarıda “əmniyyət, arxayınlıq və xatircəmlik” ifadələrini qeyd etdik və bu üç ifadənin bir-birinə yaxın olduğunu və eyni məna daşıdığını düşündük. Öncə bu üç ifadə ilə bağlı məqsədimizi qeyd edəcək, sonra isə Quran ayələrinə müraciət edəcəyik ki, “əmniyyət, arxayınlıq və xatircəmlik”lə bağlı Quran ayələrinin bizə nə öyrətdiyini anlayaq. Qəlbin və ruhun rahatlığı və aramlığına “xatircəmlik” deyilir. “Aramlıq” dedikdə, nə nəzərdə tutulur? Ruhumuzun hərəkətsizliyi, qəlbimizin yarı oyaq, yarı yuxulu halətində olması deməkdirmi? Xeyr! Xatircəmlik və aramlıq dedikdə, iztirab, narahatlıq və sarsıntının əksini nəzərdə tuturuq.

İki nəfəri nəzərdən keçirin; hər ikisi imtahanda iştirak etməlidir. Onlardan biri dərsələrini yaxşı oxumuş, on dəfə təkrarlamış, dostları ilə bəhs edərək kitabı bütün incəliklərinə qədər öyrənmişdir. Digəri isə kitabın üzünü açmamış, ya da bir hissəsini oxumuşdur, amma öz yaddaşına heç güvənmir. Hər ikisi də imtahana girməlidir. Sizcə, onlar eyni ruhiyyəyə sahibdirlərmi? Birinci şəxs imtahan otağına ruhi aramlıq və sakitliklə, həyəcan, stress və narahatlıq keçirmədən girəcək və deyəcək: “Nə istəsəniz, soruşa bilərsiniz, hamısını bilirəm.” İkinci şəxs isə stress və narahatlıq yaşayacaq, dənizdə fırtınaya düşən, gah o tərəfə, gah bu tərəfə yırğalanan qayıq tək təlatümdə olacaq. Onun ruhi haləti eynilə bu vəziyyətə düşəcək. Bir hakim qarşısında dayanan, eləcə də icitimai fəaliyyətlərdə və tarixin böyük ictimai mübarizələrində iştirak edən fərd və cəmiyyətin həmin iki halət və ruhiyyəsini də nəzərdən keçirə bilərsiniz.

Fərqli ruhiyyələrlə döyüş meydanına daxil olan iki əsgəri misal çəkək: Onlardan biri tam hazırlıqlı, döyüş təchizatına sahib, tədbirli, səngər həyatına, döyüş təcrübəsi və taktikalarına, düşmən qüvvəsinin zəif nöqtələrinə bələd, özü və əsgər yoldaşlarının bacarıqlarına inamlıdır. Bununla yanaşı, arxa cəbhədə hazır vəziyyətdə gözləyən köməkçi qüvvələrin də bir işarə ilə döyüş meydanına daxil olacağını da yaxşı bilir. O biri əsgər isə öz döyüş təchizatına, əsgər yoldaşlarının bacarıqlarına və silahların keyfiyyətinə əsla güvənmədiyi, özünü zəif, düşməni isə güclü, özünü əliyalın, düşməni isə zirehli və silahlı gördüyü halda, döyüş meydanına qədəm qoyur.

Bunlar aramlıq və xatircəmliklə bağlı nümunələrdir ki, sizə ruhi və qəlbi aramlığın mənasının dəqiq aydınlaşması üçün qeyd etdim. Birinci əsgər xatircəmdir, qəlbi aramdır. Qəlbin aramlığı döyüş meydanında ayaqqabıları baş altına qoyub xorhaxorla yatmaq və yaxud döyüşün qızğın yerində rahatca siqaret çəkmək, mənzərəli yerlərə tamaşa edərək düşmənin hücumlarından xəbərsiz qalmaq anlamında deyil, əksinə “nigaran olmamaq”, “həyəcanlanmamaq” mənasındadır; çünki gələcək onun üçün aydındır, zəfər çalacağını yaxşı bilir, buna görə də qorxmur, qəlbi və ruhu aramdır. Böyük yük gəmisi kimi, dənizdə sakitcə hərəkət edir. Buna xatircəmlik və aramlıq deyilir. Onun əksi isə kiçik qayığı, təlatümlü dənizdə və çayda hərəkət edən taxta parçasının hərəkətini xatırladır; daim təlatümdədir, bu tərəfdən o tətəfə atılır, gah irəli, gah da geriyə hərəkət edir. Bu da bir-birindən fərqli iki ruhiyyə!

Xatircəmliyə aid növbəti bir misal çəkib yavaş-yavaş Quran nəzərindəki xatircəmlik ruhiyyəsinə yaxınlaşaq. Burada imtahan verən bir şagirdin, məhkəmədə hakimin qarşısında dayan bir müttəhimin və döyüş meydanında vuruşan bir əsgərin ruhiyyəsini misal çəkdikdən sonra, növbəti bir misala da diqqət yetirək. Məqsədə doğru yola düşən bir yolçunu məqsədindən yayındıran və geri qaytaran onlarla səbəb ola bilər; həmin səbəblərdən birinin qorxu olması da mümkündür. Qorxu hissi onu yolu davam etməkdən saxlaya bilər. Nədən qorxu? Yol əsnasında ac qalmaqdan, pusquda gözləyən oğru və yaxud yırtıcının ona hücum çəkməsindən, yolun çətinliyindən, yuxusuzluqdan, bir sözlə, məqsədə çatmamaqdan qorxu hissi! Bunlar yolçunu yolundan saxlayıb geri qaytaran səbəblərdir.

Hərislik da həmin səbəblərdən biridir. Nəyə hərislik? Rahat həyat tərzinə; “bəlkə, bu yolu davam etməyim və öz evimdə yumşaq və isti çarpayıda, ailə-uşaqlarımın yanında uzanıb yatım” – kimi düşüncələr sravi, kiçik və zəifruhlu bir insan üçün ideal, sevimli və ürəkaçandır. Aydındır ki, onu asanlıqla əldən vermək istəmir, rahat həyat tərzinə, “bu yolu getməsən, sənə bu qədər pul verəcəyəm, əgər bu işlərindən əl çəksən, səni bu vəzifəyə təyin edəcəyəm, məqsədindən dönsən, səni yüksək vəzifələr gözləyir” – deyən şəxsin verdiyi pula və təyin etdiyi vəzifəyə hərislik və tamah salmaq insanı yolunu davam etməkdən yayındırır; qorxular və hərisliklər! Həm qorxu, həm də tamahkarlığı incələdikdə, müxtəlif səbəblər tapılacaq: rahatçılıq və rifah ardınca olmaq, fürsət və mənfəət güdmək və s.

İndi isə risk edib yola düşən və hərəkətinə davam edən bir yolçunu təsəvvür edin. Görəsən, yola düşdükdən sonra onu hərəkətdən saxlayan bir amil olmayacaqmı? Öncədən onun yola düşməsinə maneçilik törədən qüvvə aradan qalxdımı? Xeyr, hələ də həmin amil və maneələr aradan qalxmayıb! Yaxşı diqqət yetirin! Bu narahatedici qüvvələr uzun yola düşməkdən öncə maneçilik törətdiyi kimi, yola düşdükdən sonra da onu rahat buraxmayacaq, hər addımbaşı tikan tək ayağına batacaq, ayaqlarına qandal vuracaq, əlindən tutub hərəkətdən saxlayacaq, biri o tərəfə, digəri isə bu tərəfə çəkəcək; övlad sevgisi, rahat həyat tərzi onu özünə cəlb edəcək, müxtəlif amillər onu hər tərəfdən dövrəyə alacaq, onu müxtəlif yerlərə çəkib aparacaq, bir sözlə, sarsılacaq, qayıq tək o tərəf, bu tərəfə çırpılacaq. Budur xatircəm olmayan insanın halı!

Amma elələri də var ki, məqsədli şəkildə, qətiyyət və ciddiyyətlə yola düşdükdə, bütün kiçik maneələri unudur, onun qəlbini çəkən böyük cazibələr müqabilində qadın, övlad, həyat, pul, vəzifə və can kimi kiçik cazibələr puç görünür, təsirdən düşür. On ədəd maqnit parçası kiçik bir cismi istədiyi tərəfə çəkib aparır. Lakin həmin cismi istədiyi tərəfə çəkib aparan güclü bir maqnit tapıldıqda, digər maqnit parçaları sıradan çıxır.

Güclü cazibə və yüksək ruhiyyə ilə yola düşüb hərəkət edən insana qadın, övlad və digər cazibələr, gözəlliklər, rahatlıqlar, xoşluqlar, ləzzətlər, eyş-işrətlər təsir edə bilmir. Həmin insan kimdir? Arxayın və xatircəm insan!:

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ. ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً

“Ey xatircəm və arxayın nəfs (kəs)! Dön Rəbbinə tərəf, sən Ondan razı olaraq, O da səndən![4]

Xatircəm və arxayın kəs, yəni Allahın yolunu sona qədər arxayınlıqla ötüb-keçən, xatircəmliklə hədəf və məqsədinə nail olan kəs! Xatircəmliyin mənası budur; iman, Allaha və hədəfə bağlılıq cazibəsi onu özünə elə çəkir ki, digər cazibələr onun müqabilində puç olur, oyuncağa çevrilir. Cazibəsi hər cismi özünə çəkən bu əzəmətdə yer kürəsi ola-ola, fərz edin, hansısa başqa bir cisim, yaxud da dünyanın ən yüksək Himalay dağının da özününümayiş məqsədilə sizin atdığınız daşı özünə tərəf çəkməsi gülüncdür; Himalay dağının nə qədər cazibə qüvvəsi olsa da, yerin cazibə qüvvəsi müqabilində sıfra bərabərdir, təsirsiz və gücsüzdür. Himalay dağı və yaxud hansısa bir cisim öz kənarında yer kürəsi kimi daha böyük bir cisim olmadığı təqdirdə, kiçik cisimləri özünə tərəf çəkə bilər, yer kürəsi varsa, Himalay dağının cazibəsi mənasızdır.

İnsan ruhunda Allaha iman güclü cazibə tək onu imanın hədəflərinə doğru elə çəkəcək ki, imansız insanların gözündə böyük, onun gözündə isə kiçik görünən, lakin daim qəlbinə vəsvəsə edən digər cazibələr təsirdən düşəcək. Bununla bağlı İslamın ilkin çağlarında baş vermiş bir çox tarixi şahidlər vardır, lakin vaxtımız az olduğundan insanı özünə tərəf çəkən cazibələrlə bağlı uyğun şahidləri araşdırıb tapmağı öz öhdənizə qoyuram.

Mən burada bir neçə ifadəni məna etmək istəyirəm; onlardan biri xatircəmlikdir. Xatircəmlik nədir? Ruhi aramlıq (insanın qəlbi və ruhi rahatlığı) xatircəmlik adlanır. Ruhun aramlığı nə deməkdir? Hərəkətsiz olması, nə irəliləməsi, nə də geriləməsimi? Xeyr! Mənası odur ki, müxtəlif cazibə qüvvələri onu o tərəf-bu tərəfə çəkməsin, onu incitməsin; sevgi-məhəbbətlər, nəfsani istəklər ona hakim olmasın, əksinə iman yükünün ağırlığı sayəsində arxayın və rahat, eyni zamanda insaniyyət və yaradılış məqsədinə doğru sürətlə hərəkət etsin. Budur xatircəmliyin mənası!

İkinci ifadə arxayınlıqdır. Bu söz də qeyd etdiyimiz mənanı daşıyır:

ثُمَّ أَنَزلَ اللّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ

Sonra da Allah Öz Peyğəmbərinə arxayınlıq nazil etdi...[5]

Bu ifadə (səkinə – arxayınlıq) Quranın beş-altı ayəsində işlənmişdir, biri də bu ayədir,[6] digəri “Hüneyn”[7] döyüşünə aiddir. “Hüneyn” döyüşündə Peyğəmbərin (s) ordusu öz gücünə güvənib yersiz olaraq qürrələndi, onlara heç kimin qalib gələ bilməyəcəyini düşündü. İlahi qanunauyğunluğa əsasən, məğrur insan yıxılmalı, məğrur zümrə qafil olmalı, zərbə almalıdır. Hər bir fərdin və cəmiyyətin daim ayıq və həssas olması zəruridir. Əmirəlmöminin Əli (ə) buyurmuşdur:

وَ اللَّهِ لَا أَكُونُ كَالضَّبُعِ تَنَامُ عَلَى طُولِ اللَّدْمِ

And olsun Allaha, mən yavaş səslə (lay-lay səsilə) yatan kaftar kimi deyiləm...[8]

Pusquda əyləşən ovçu kaftarı aldadıb tutmaq üçün çubuğu onu tutana qədər yavaş-yavaş yerə vurur, o da heç kəsi görmədən səsə tərəf gəlib tələyə düşür. Həzrət buyurur ki, mən lay-lay səsilə yatan, qəflətə dalan deyiləm, hər zaman həssas və ayığam. İlahi qanunlara qarşı həssas olmayan insan mütləq zərbə alacaq. Onlar döyüş meydanında saylarının çoxluğuna güvənib qəflətə daldılar.

إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْئًا

O gün çox olmağınız sizi təəccübləndirsə də( xoşunuza gəlsə də), sizə heç bir bir faydası olmadı...[9]

Onlar döyüşdə saylarının çoxluğu ilə təəccübləndilər, məğrur oldular. Bu da onların döyüşdə qafil və məğlub olmasına səbəb oldu. Düşmənə azacıq məğlub olduqda, dərhal özlərinə gəldilər, ayıldılar; Əmirəlmöminin Əli (ə) kimi digər bir neçə ayıq, mömin və iradəli əsgər böyük zəhmətlə məğlubiyyət astanasında olan ordunu toparlaya bildi. Bu zaman Allah-Taala buyurdu:

ثُمَّ أَنَزلَ اللّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ

Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə (onların qəlblərinə) arxayınlıq nazil etdi.[10]

Bir dəfə də müsəlmanlar ağacın altında Peyğəmbərlə (s) beyət etdikdə, daha bir dəfə də Peyğəmbər (s) İslam hökuməti təşkil etmək məqsədilə Məkkədən Mədinəyə köç etdikdə, onların qəlblərinə arxayınlıq bəxş edildi; o zaman ki, Peyğəmbər (s) kafir düşmənlərin əleyhinə min bir güclü iradə və tədbirlə Məkkədən çıxıb Mədinəyə üz tutdu. O Həzrətin bütün hədəf, əqidə və tədbirlərinin gerçəkləşməsi Mədinəyə sağ-salamat çatması ilə şərtlənirdi. Əgər o Həzrət yol əsnasında kafir bir şəxsin əli ilə qətlə yetirilsəydi, o röyaların heç biri həqiqətə çevrilməyəcəkdi. Peyğəmbər (s) bir mağaraya sığındı. O zaman Allah-Taala buyurdu:

فَأَنزَلَ اللّهُ سَكِينَتَهُ عَلَيْهِ

O vaxt (və o çətin bir zamanda) Allah ona (o Həzrətin qəlbinə) bir arxayınlıq (və aramlıq) nazil etdi.[11]

Bundan başqa nümunələr də vardır.

Mömin arxayın qəlbə sahibdir. Burada da arxayınlıq və aramlığın mənası “hərəkətsizlik”, “yatmaq” və “qafil olmaq” deyildir.

Son söz və son cümlə: Aydındır ki, burada ictimai əmniyyət yox, ruhun əmniyyəti və aramlığından söz gedir. İctimai əmniyyət dedikdə, cəmiyyətin bütün fərdlərinin aramlığı və arxayınlığı, hər kəsin öz haqqına sahib çıxa bilməsi nəzərdə tutulur. Məcburi sakitliklə əmniyyət arasında fərq var. Bütün insanların tam əmin-amanlıq və təhlükəsizlik içində öz qanuni hüquq və istəklərinə nail olması “əmniyyət” adlanır. Bizim burada qeyd etdiyimiz əmniyyət ictimai əmniyyətdən və məsələlərdən ayrıdır. Sözügedən əmniyyət ruhi aramlıqdan, sarsılmamaqdan, iztirab içində olmamaqdan, qorxu və xofun olmamasından ibarətdir. İndi isə Qurana müraciət edək, görək, orada möminlərin bu üç xüsusiyyəti (əmniyyət, aramlıq və arxayınlıq) haqda nə deyilir? (Xahiş edirəm, mən ayələri oxuduqca, siz də əlinizdəki vərəqə baxın; həm ayələrin özünə, həm də tərcümələrə diqqət yetirin.)

İki qısa ayə: “Rəd” surəsinin 28-29-cu ayələri:

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ

O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı yad etməklə aramlıq tapmışdır.

Baxın, Allahı yad etmək qeyd etdiyimiz kiçik cazibə qüvvələrini sıradan çıxaran və təsirsiz edən güclü cazibə qüvvəsindən ibarətdir. Nə üçün namaza bu qədər əhəmiyyət veririk? Nə üçün deyirlər ki, əgər namaz qəbul olunmazsa, digər əməllər də qəbul olunmayacaq? Nə üçün insana həcc ömründə bir dəfə, oruc ildə bir ay, zəkat, xüms və digər ibadətlər isə müəyyən zamanlarda vacib olur? Namaza gəldikdə isə hər gün, özü də gündə beş dəfə vacib olur, əgər əlavə namaz qıla bilsən, lap yaxşı! Səbəb nədir? Çünki namaz Allah zikrinin kapsuludur. Namaz başdan-başa Allahı yad etməkdir. Odur ki, Qurani-Kərimdə إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرHəqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir – ifadəsindən dərhal sonra buyurulur: وَلَذِكْرُ اللَّهِ أَكْبَرُAllahı zikr etmək, şübhəsiz ki, daha böyükdür![12]Namazın bu yönü daha önəmlidir, Allahı yad etməkdir; bu isə namazın ən böyük xüsusiyyətidir. Allahı zikr etmək, Onu unutmamaq, hər zaman görmək, tanımaq və Öz yanında hazır bilməyin xüsusiyyəti qəlbi iztirablardan, vəsvəsələrdən, narahatlıqlardan, müxtəlif kiçik cazibələrdən hər zaman və hər yerdə qoruyub-saxlayır, qəlb rahatlıq və aramlıq tapır; eynilə üzərinə yırğalanmaması üçün ağır daşlar qoyulan qayıq tək, çəkini bir qədər artırır, sarsıntıları azaldır. Budur Allahı yad etməyin xüsusiyyəti!

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ

Allaha iman gətirən və qəlbləri Allahı yad etməklə aramlıq və sabitlik tapan kəslər (Allaha doğru hidayət olunurlar).

“Sabitlik” ifadəsini özüm bilərəkdən qeyd etmişəm və o, aramlıq halətinə deyilir. Allaha doğru hidayət olunurlar – ifadəsini də mötərizədə qeyd etmişəm. Nə üçün? Çünki bu ayə özündən öncəki ayəyə bağlıdır və öncəki ayədə belə deyilir: وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَTövbə edən şəxsi Öz hidayətinə qovuşdurur.”[13]

Yəni bu zümrənin – Allaha iman gətirən və qəlbləri Allahı yad etməklə aramlıq və sabitlik tapan kəslərin hidayət olması öncəki ayəyə istinadla başa düşülür.

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

Agah olun ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq və sabitlik tapır!

Allahı yad etmək qəribə xüsusiyyətə sahibdir. Bildiyiniz kimi, aramlığın, arxayınlığın və sabitliyin müvəffəqiyyətdə rolu danılmazdır. Mömin də bu xüsusiyyətə, qəribə ruhi halətə malikdir. Ayənin davamında buyurulur:

الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ طُوبَى لَهُمْ وَحُسْنُ مَآبٍ

İman gətirib saleh əməllər yerinə yetirənlərin bu günləri xoş, gələcəkləri isə gözəl olacaq!

“Saleh əməl” dedikdə, imanla mütənasib lazımi öhdəliklər nəzərdə tutulur. Mənim tərcüməm ayənin nəticəsidir və əsl tərcüməsi ilə azacıq fərq etsə də mən nəticəni qeyd etmişəm: “Həm bu günləri, həm də gələcəkləri xoş və gözəl olacaq.” Həm dünyası, həm də axirətləri gözəl olacaq. Həqiqət də bundan ibarətdir. Mömin cəmiyyət və imanın öhdəliklərinə əməl edən iman əhlinin həm dünyası, həm də axirəti abaddır, həm dünyası, həm də axirəti Cənnətdir. Bu bir ayə!

Sonra isə qısa şərh yazmışıq və burada onun hamısını oxumaq istəmirəm, o da İbrahim peyğəmbərin (ə) öz qövmü ilə mübahisəsindən ibarətdir. Keçmiş zamanlarda tövhid carçısı olan İbrahim Xəlilullah (ə) öz qövmü ilə və qövmü də onunla mübahisə etdi. Qurani-Kərim bu mübahisəni xatırladıb buyurur:

وَحَآجَّهُ قَوْمُهُ

Qövmü onunla (İbrahimlə) mübahisə etdi.[14]

Quranda onların nədən danışıb mübahisə etdikləri açıqlanmır. Lakin İbrahimin (ə) onlara verdiyi cavabdan söhbətin nədən getdiyi anlaşılır. Öncə cavabı oxuyaq, sonra isə özünüz onların Həzrət İbrahimə (ə) nə dediklərini təxmin edəcəksiniz.

Onlar Həzrət İbrahimlə (ə) mübahisəyə başladıqda, Həzrət İbrahim (ə) buyurdu:

أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِ

“Siz Allah barəsində mənimlə mübahisə edirsiniz? Halbuki O, məni hidayət etmişdir.Yəni, mən yolumda əsla tərəddüd və şəkk-şübhə etmirəm, mənim yolum aydındır. Əgər siz mənim şəkk-şübhə içində olduğumu düşünüb mübahisəyə girişibsinizsə, bilin ki, mən hidayət olmuşam, doğru və aydın yoldayam, nə etdiyimi yaxşı bilirəm.

وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًا

Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram.Yəni, mən yalnız Allahdan, Allahın mənim yoluma çıxaracağı hadisələrdən və mənimlə bağlı verəcəyi qərarlardan qorxuram. Bunu bilin! Lakin sizin Allaha şərik qoşduqlarınızdan əsla qorxmuram.

Bu cavabdan belə məlum olur ki, onlar İbrahimə (ə) dedilər: “İbrahim, bizim Allaha qoşduğumuz şəriklərdən qorx, bu şəriklər səni bitirər, nəslini kəsər, dünyanı qaraldar, səni qara günə salar və sairə!“

İbrahim (ə) isə onlara: “Mən onlardan əsla qorxmuram, onlar mənə heç bir zərər yetirə bilməzlər.” – deyə cavab verdi.

Ayənin davamından və Həzrət İbrahimin (ə) sözündən bu məsələ daha da aydınlaşır.

وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا

“Rəbbim hər şeyi elmlə əhatə etmişdir.

أَفَلاَ تَتَذَكَّرُونَ

“Bununla belə, özünüzə gəlməyəcəksiniz? Ayılmayacaqsınız? Xatırlamayacaqsınız?

Bunlar hamısı eyni mənanı aşılayır. Mən qeydlərimdə bu ayəni belə tərcümə etmişəm: “Bununla belə, ayılmayacaqsınız?

Həzrət İbrahimin (ə) öz qövmü ilə söhbəti hələ davam edir. Bu onun bir qismi idi.

Hadisənin davamında onların Həzrət İbrahimlə (ə) mübahisə mövzusu daha da aydınlaşır. Həzrət İbrahim (ə) buyurur:

وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا

Allahın sizə heç bir dəlil nazil etmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?

Mən niyə qorxmalıyam? Əslində siz qorxmalısınız. Mən sizin mülkiyyətdə, hakimiyyətdə, rəhbərlikdə, xaliqlikdə dəlil-sübutsuz olaraq Allaha şərik və rəqib qoşduğunuz kəslərdənmi qorxmalıyam?! Bir halda ki, Allah məni hidayət etmiş, yolumu işıqlandırmışdır. Mən yox, siz aləmlərin Rəbbinə dəlilsiz, məntiqsiz, boş-boşuna, heç bir əqli səbəb olmadan şərik, rəqib və ortaq qoşduğunuz üçün qorxmalısınız.

Buradan aydın olur ki, onlar mübahisə edərkən Həzrət İbrahimə (ə) deyirlər: “Qorx!” Kimdən və nədən qorxsun? Onların Allaha qoşduqları cansız, yaxud canlı şəriklərdənmi? Yaxud da hər ikisindənmi? Bunlar, artıq, məlum deyil! Onların hansı şərikləri nəzərdə tutduqları qaranlıqdır.

İcmali olaraq onlar Allah-Taalaya müxtəlif şəriklər qoşurdular; buzovpərəstlər buzovu, daşpərəstlər daşı, ağacpərəstlər ağacı, fironpərəstlər Fironu və nəmrudpərəstlər isə Nəmrudu! Söhbət etdiyimiz tövhid bəhsindən aydın oldu ki, həmin buzov, daş, ağac, Firon və Nəmrud – hamılıqla odun yanacaqları, bir vadinin çirkablarıdır və bir-birindən də əsla fərqlənmirlər.

Bir sözlə, onlar deyirdilər ki, Allahın şəriklərindən qorxmaq lazımdır. İndi Allahın şəriklərinin insan, cin, canlı, cansız və s. olması bizə aydın deyil.

Qeydlərimdə ayəni belə tərcümə etmişəm:

وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ

“Mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?

وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ

Siz nə üçün Ona şərik qoşmaqdan qorxmamalısınız?

مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا

“Halbuki, bu barədə sizin heç bir dəlil-sübutunuz yoxdur.

Ayənin davamında buyurulur:

فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ

Əgər bilirsinizsə, (deyin, görək,) bu iki dəstədən hansı aram olmağa daha layiqdir?

Biz, yoxsa siz? Ruhi aramlığa, iztirab və narahatlıqdan uzaq qalmağa mən daha çox layiqəm, yoxsa siz? İbrahim (ə) deyir ki, mən Allaha bağlı olduğum, Onun hidayətinə qovuşduğum halda, mən daha çox əmin və aramam, yoxsa siz zavallılar?! Halbuki, sizin tutduğunuz yola heç bir dəlil-sübutunuz da yoxdur. Mənim yolum isə aydındır. İbrahim (ə) deyir:

فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ

Bu iki dəstədən – mən (İbrahim), yoxsa siz bütpərəstlərdən hansı birimiz aram olmağa daha layiqdir?

(Mötərizədə belə qeyd etmişəm:) Allahı tanıyıb bəsirət və agahlıqla Ona doğru üz tutan (mən İbrahim), yoxsa öz batil inancına heç bir dəlil-sübutu olmayan (sizlər)? إِن كُنتُمْ تَعْلَمُونَƏgər bilirsinizsə!Yəni, mübahisənin nəticəsiz və cavabın nə olduğu aydındır. Kimin tənqid edildiyi, narahat, qorxu və vahimə içində olduğu, kiminsə bu bədbəxtliklərə məhkum olmadığı və arxayın olduğu göz qabağındadır.

Ayənin sonunda isə belə buyurulur:

الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَ

İman gətirən və imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Hidayətə qovuşanlar da onlardır!

Bu da əmniyyət və arxayınlıqla bağlıdır!

4. Səmərəli olmaq. Yəni, dördüncü müjdə səmərəli olmaqdır. Hədəf yolunun yolçusunun hərəkətini sürətləndirən, hədəfə çatma ehtimalını daha da artıran amillərdən biri də onun öz işini səmərəli bilməsidir. Əgər yolunu səmərəli hesab etdisə, işləri, əməlləri və addımlarının zay olmayacağını anladısa, onun addım və hərəkətlərinin təsirli olduğunu gördüsə, onun bu hərəkəti bir dalğaya çevriləcək, ona məqsədə daha tez çatmaqda yardımçı olacaq, sürətini daha da artıracaq, işlərini daha da keyfiyyətli yerinə yetirəcək, yorğunluğu azalacaq, yoluna rahatlıqla davam edəcək. Əks-təqdirdə, bədbəxt günləri başlayacaq!

Mömin belədir; o, öz işini səmərəli hesab edir və bunu ona öyrədən Qurandır. Quranın bir çox yerində belə buyurulur:

فَإِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz![15]

إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا

Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik![16]

Mən burada iki ayə qeyd etmişəm, digər ayələri özünüz axtarıb tapın.

Qiblə ilə bağlı bir ayəni diqqətinizə çatdıracağam. Keçmişdə qiblənin tarixçəsi ilə bağlı azacıq danışmışdım. Müsəlmanlar Məkkədə ikən, hələ (Mədinəyə) hicrət etməmişdən öncə Kəbəyə üz tutub namaz qılır, ibadət edirdilər. Mədinəyə köçən kimi, Allah-Taalanın əmri ilə (yəhudilər kimi) Beytül-Müqəddəsə tərəf namaz qılmağa başladılar. Mədinə yəhudiləri də o zaman Beytül-Müqəddəsə tərəf ibadət edirdilər. Bir müddət keçdikdən sonra ayə nazil oldu:

فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ

İndi üzünü Məscidül-Hərama – Kəbəyə tərəf çevir![17]

Yenə müsəlmanlar namaz vaxtı Allahın evinə – Kəbəyə tərəf üz tutdular. Qiblə ilə bağlı hadisələr “Bəqərə” surəsinin əvvəllərində, bir neçə ayədə (təqribən, 7-10 ayə) geniş şəkildə izah edilmişdir. Ayələrdə geniş izah edildiyindən, biz burada onların hamısına toxunmaq istəmirik.

Həmin ayələrdən biri budur: Peyğəmbərə (s) və möminlərə deyilir ki, siz Məkkədən Mədinəyə gəldikdə, elə Mədinənin girişində sizi sınaqdan keçirmək məqsədilə qiblənizi (Kəbədən) Beytül-Müqəddəsə dəyişdik. Siz Məkkədə ikən, hələ müsəlman olmamışdan öncə Kəbə evinə ehtiram göstərirdiniz, indi isə Mədinəyə gəlmisiniz, biz sizin ata-babalarınızın ənənəsini müvəqqəti olaraq sizdən aldıq ki, görək, Allaha xatir keçmiş ənənələri ayaq altına ala biləcəksiniz, ya yox?

Bu, olduqca mühüm bir məqamdır. Bizim bəhsimizlə əlaqəli olmasa da, olduqca mühüm bir məqamı aşılayır. Belə ki, siz möminlər Allaha xatir qəlbən bağlandığınız və ehtiramla yad etdiyiniz ata-babalarınızın ənənəsindən üz çevirməyə razılıq verəcəksinizmi? Mədinəyə gəldiyiniz ilk vaxtlarda Beytül-Müqəddəsə tərəf qıldığınız namazların batil olduğunu güman etməyin. Xeyr, namazlarınız doğru, yerinə yetirdiyiniz bütün ibadətlər məqbuldur və Allah tərəfindən Beytül-Müqəddəsə tərəf ibadət edən möminlərin bütün əməlləri təsdiqlənir, mükafata layiq görülür, lakin iki qiblə arasındakı fasilənin səbəbi sizi sınaqdan keçirməyimiz idi. Ayə buna işarədir. İndi isə görək, bu məsələ ayənin harasından başa düşülür:

وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ

Biz üz tutduğun keçmiş qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə həqiqi tabe olanlarla (ata-ababalarının keçmiş ənənəsinə) üz tutanlardan ayırd etməkdən başqa, bir şey üçün (qiblə) təyin etməmişdik.

Ayə haçan nazil oldu? Qiblə Beytül-Müqəddəsdən Kəbəyə tərəf çevrildiyi zaman. Allah bu ayədə ibadət zamanı Beytül-Müqəddəsə tərəf üz tutmağın səbəbini açıqlayır və bu ayə ilə möminlər imtahan olunur, Peyğəmbərə (s) itaət edənlərlə keçmiş ənənələrdə qalanlar bir-birindən ayırd edilir.

وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ

Hərçənd ki, bu, Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi.

Bu hökm hidayət tapanlara adi gəlsə də, onlar onu rahat həzm edə bilsələr də, hidayət tapmayanlara ağır gəlirdi.

Ayənin növbəti hissəsində belə buyurulur:

وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ

Allah sizin imanınızı heç vaxt zay etməz.

Bu cümlə bizim istinad yerimizdir. Allah sizin imanınızı heç vaxt əvəzsiz qoymaz, sizin iman və əməllərinizi batil etməz, müəyyən zaman çərçivəsində tərəqqi etmədiyinizi və yerinizdə saydığınızı güman etməyin; hər addım və hərəkətiniz sizi irəliyə, təkamülə doğru aparır, hədəf və məqsədə yaxınlaşdırırdı. Demək, imanınız əvəzsiz qalmayıb.

إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ

Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.[18]

Diqqət yetirin: Quranın həm bu ayəsi, həm də digər bir neçə ayəsində möminlər müjdələnir ki, sizin iman və əqidələriniz, əməl və işləriniz heç vaxt zay edilmir, əvəzsiz qalmır. Bu nə deməkdir? Yəni, səmərəlidir. Əgər möminlərdə bu halət mövcud olarsa, aydındır ki, onun təkamül yolunu ötüb-keçməsi daha da asanlaşacaq.

Sabahkı bəhsimiz tövhid barəsində olacaq.

Xülasə

Çərşənbə axşamı –Ramazan ayının 8-ci günü

MÜJDƏLƏR-2

1-3. Əmniyyət, arxayınlıq və xatircəmlik;

Narahatlıqdan, vəsvəsə və iztirabdan qurtuluş möminin ən önəmli xüsusiyyətlərindən biridir. Qurani-Kərimdə bu dəyərli ruhi halət haqqında müjdələr verilir:

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِAllaha iman gətirən və qəlbləri Allahı zikr etməklə aram və sabitlik tapan kəslər (Allaha doğru hidayət olunurlar).

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُAgah olun ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq və sabitlik tapır!

الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ طُوبَى لَهُمْ وَحُسْنُ مَآبٍİman gətirib saleh əməllər yerinə yetirənlərin bu günləri xoş, gələcəkləri isə gözəl olacaq!

(“Rəd” surəsi, ayə 28.)

Həzrət İbrahim (ə) bu həqiqəti müəyyən məktəb və məzhəbə itaət etmədiklərindən arxayın qəlbə və aram ruha sahib olmayan dövrün çaşqınlıqdakı müşriklərinə çatdırıb möhkəm imanından qaynaqlanan daxili əmniyyət və rahatlığını bildirdi.

وَحَآجَّهُ قَوْمُهُQövmü onunla (İbrahimlə) mübahisə etdi.

 قَالَ أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِSiz Allah barəsində mənimlə mübahisə edirsiniz? Halbuki O, məni hidayət etmişdir.

 وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًاRəbbimin mənimlə bağlı istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram.

 وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلاَ تَتَذَكَّرُونَRəbbim hər şeyi elmlə əhatə etmişdir. Bununla belə, özünüzə gəlməyəcəksiniz?

وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًاAllahın sizə heç bir dəlil nazil etmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?

 فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ“Əgər bilirsinizsə, bu iki dəstədən hansı birimiz aram olmağa daha layiqdir? (Allahı tanıyıb bəsirət və agahlıqla Ona üz tutan, yoxsa, öz batil inancına heç bir dəlil-sübutu olmayan?)

الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍİman gətirən və imanlarını zülmə qatışdırmayanlar –

 أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَyalnız onlarəmin-amanlıqdadırlar və hidayətə qovuşanlar da onlardır!

(“Ənam” surəsi, ayə 80-82.)

4. Səmərəli olmaq:

Mömin yaxşı bilir ki, hər addımı onu hədəfə daha da yaxınlaşdırır, səy və hərəkəti müsbət iz buraxır, az təlaşı belə təsirsiz ötüşmür, ümumiyyətlə, fəaliyyətləri səmərəli olur.

وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِBiz üz tutduğun keçmiş qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə həqiqi tabe olanlarla geri dönənlərdən (cahillik ənənələrinə uyanlardan) ayırd etməkdən başqa, bir şey üçün (qiblə) təyin etməmişdik.

وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُHərçənd ki, bu, Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi.

وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْAllah sizin imanınızı heç vaxt zay etməz.

إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌHəqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.

(“Bəqərə” surəsi, ayə 143.)



[1]. “Ali-İmran” surəsi, ayə 139.

[2]. “Mücadələ” surəsi, ayə 21.

[3]. “Saffat” surəsi, ayə 173.

[4]. “Fəcr” surəsi, ayə 27-28.

[5]. “Tövbə” surəsi, ayə 26.

[6]. “Səkinə və arxayınlıq”la bağlı ayələri, təəssüf ki, vərəqdə qeyd etməmişəm. Vaxtın azlığını, imkanlarımızın doğrudan da zəifliyini nəzərə alıb düşündüm ki, əgər iki-üç ayə əlavə olaraq qeyd etsəm, səhifələrin sayı artacaq, iki səhifə üç səhifə olacaq və onların surətini çıxarmaqda çətinlik çəkəcəyik. Bilin ki, maddi imkanımız da azdır. Bunu da bilin ki, surəti çıxarılmış vərəqlərin xəttinin rənginin az olması da ondan irəli gəlir. İndiki durumumuz belədir və biz iki sadə vərəqi asanlıqla sizin ixtiyarınızda qoya bilmirik. Yoxsa, xatircəmlik və arxayınlıqla bağlı bütün ayələri zəhmət çəkib toplamışam, onları yalnız tapıb qeyd etmək, doğrudan da, çoxlu zəhmət, ən azından bir-iki saat vaxt tələb edir, hələ həmin ayələrdən əldə edilən nöqtələri demirəm. Odur ki, ayələri toplamağıma rəğmən, vərəqə əlavə iki ayə qeyd etmək istədikdə, bir səhifə yarımın iki və ya üç səhifə olacağını və sonda surətini çıxarmaq üçün çətinliklə üzləşəcəyimizi düşünüb vaz keçirəm. Bizim imkanımız bundan artıq deyil və bunu nəzərdən qaçırmayın!

[7]. Məkkənin fəthindən sonra Peyğəmbərin (s) döyüşlərindən birinin adı.

[8]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 6.

[9]. “Tövbə” surəsi, ayə 25.

[10]. “Tövbə” surəsi, ayə 26.

[11]. “Tövbə” surəsi, ayə 40.

[12]. “Ənkəbut” surəsi, ayə 45.

[13]. “Rəd” surəsi, ayə 27.

[14]. “İbrahim” surəsi, ayə 80-82.

[15]. “Hud” surəsi, ayə 115.

[16]. “Kəhf” surəsi, ayə 30.

[17]. “Bəqərə” surəsi, ayə 144.

[18]. “Bəqərə” surəsi, ayə 143.

 

Google+ WhatsApp ok.ru