Qurani-Kərimin Azərbaycan dilinə tərcümə və şərhi

 

 

 

 

 

 

 

 

51. “Zariyat” surəsi

(Məkkədə nazil olmuşdur, altmış ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!

2. (And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,

3. (and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.

4. (and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,

5. həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.

6. Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.

7. And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına

8. ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz).

9. Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər).

10. Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara!

11. (Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!

12. Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.

13. Onların odun içində əzab verilib yanacaqları gün!

14. (Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».

15. Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.

16. Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.

17. Onlar gecənin az bir hissəsini yatırdılar.

18. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.

19. Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.

20. Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.

21. Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!

22. Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.

23. Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-Məhfuzda yazılıb və icra mərhələsinə yetişib).

24. İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?

25. Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).

26. Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.

27. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»

28. Beləliklə, onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.

29. Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»

30. Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir».

31. İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»

32. Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik

33. ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.

34. Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!

35. Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.

36. Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.

37. (İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.

38. Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).

39. Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».

40. Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.

41. Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır).

42. O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.

43. Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).

44. Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.

45. Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.

46. Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.

47. Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.

48. Və yeri sərdik. Biz gözəl sərənik.

49. Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.

50. (Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.

51. Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən, mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.

52. Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.

53. (Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.

54. Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.

55. Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.

56. Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.

57. Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.

58. Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.

59. Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.

60. Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!

 

 

 

52. “Tur” surəsi

(Məkkədə nazil olmuşdur, qırx doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!

2. Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, Qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!

3. (Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!

4. Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!

5. Və ucaldılmış tavana (göyə).

6. Və (su ilə) dolu və (yaxud Qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!

7. (Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.

8. Onu əsla heç kəs dəf edə bilməz.

9. O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.

10. Və bütün dağlar (toz kimi havada) gəzişəcək.

11. Odur ki, həmin gün vay təkzib edənlərin halına!

12. O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.

13. Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.

14. (Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.

15. Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!

16. Ona daxil olun və yanın. Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.

17. Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.

18. Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.

19. (Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»

20. Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.

21. (Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).

22. Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.

23. Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.

24. Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.

25. Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.

26. Deyərlər: «Həqiqətən, biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq».

27. Beləliklə, Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.

28. Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.

29. Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!

30. Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.

31. De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm)».

32. Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?

33. Yoxsa «bunu (Quranı) özündən uydurub» deyirlər? (Xeyr!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.

34. Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.

35. Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!

36. Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyr,) əksinə, onların yəqinlikləri yoxdur.

37. Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?

38. Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.

39. (Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!

40. Yoxsa (ilahi tapşırıqların və dinin çıtdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?

41. Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!

42. Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiylələ məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).

43. Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.

44. Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.

45. Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.

46. Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməcəyi və kömək olunmayacaqları bir gün(ə)!

47. Şübhəsiz, zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.

48. Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbir et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).

49. Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).

 

 

 

53. “Nəcm” surəsi

(Məkkədə nazil olmuşdur, altmış iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə).

2. Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.

3. O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.

4. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.

5. Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.

6. (Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.

7. (Yerdən) üstün üfüqdə olduğu halda.

8. Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.

9. Beləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.

10. Beləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.

11. (Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.

12. Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!

13. Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.

14. Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.

15. (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.

16. Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman

17. (Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.

18. Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.

19. Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.

20. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)

21. (Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?

22. Belə olan halda bu bölgü zalımanədir!

23. (Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir.

24. Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!

25. (Xeyr, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).

26. Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).

27. Həqiqətən, axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).

28. Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.

29. Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).

30. Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.

31. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.

32. Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.

33. (Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?

34. Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?

35. Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi – malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!

36. Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?

37. Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbirə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?

38. (Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir».

39. Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.

40. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.

41. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.

42. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.

43. Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.

44. (Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.

45. Həmçinin erkək və dişi cütlərini yaradan Odur.

46. Uşaqlığa tökülən zaman, nütfədən!

47. Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.

48. Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.

49. (Bəzi müşriklərin ibadət etdikləri) Şiranın (Şira ulduzunun da) Rəbbi Odur.

50. (Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.

51. Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.

52. Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).

53. Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!

54. Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.

55. (Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir). Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!

56. Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.

57. (Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.

58. Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.

59. Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Quran barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!

60. Və gülürsünüz, ağlamırsınız?!

61. Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!

62. Allaha səcdə və ibadət edin!

 

 

 

54. “Qəmər” surəsi

(Məkkədə nazil olmuşdur, əlli beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Qiyamət çox yaxınlaşdı və Ay parçalandı.

2. Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.

3. Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır).

4. Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.

5. (Bu Quran) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.

6. Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).

7. (İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.

8. Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.

9. Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.

10. O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»

11. Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.

12. Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.

13. Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.

14. O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.

15. Həqiqətən, Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?

16. Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!

17. Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

18. Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!

19. Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.

20. O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.

21. Mənim əzabım və təhdidlərim necə idi?!

22. Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

23. (Salehin ümməti olan) Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi.

24. Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq».

25. «Vəhy və öyüd verən kitab bizim aramızdan yalnız ona nazil olub? Xeyr! O, təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançıdır».

26. Onlar tezliklə – sabah təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançının kim olmasını başa düşəcəklər.

27. (Salehə buyurduq:) «Həqiqətən, Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbir et».

28. Və onları suyun onların arasında bölünməsindən (bir gün onların, bir gün də dəvənin olmasından) xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır.

29. Beləliklə, onlar (həmin dəvəni öldürmək üçün bir yerə toplaşdılar və) yoldaşlarını çağırdılar. O da qılınc götürüb dəvənin ayaqlarını kəsdi.

30. Mənim əzabım və təhdidlərim necə idi?!

31. Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə, onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.

32. Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

33. Lutun qövmü də qorxudanları (və Bizim təhdidlərimizi) təkzib etdi.

34. Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.

35. (Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükür edən hər bir kəsə belə nicat veririk.

36. Həqiqətən, Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə və şübhə etdilər.

37. Doğrudan da, onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik).

38. Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da Qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.

39. (Onlara dedik:) «Dadın Mənim əzabımı və təhdidlərimi (təkzib etməyin cəzasını)!»

40. Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

41. Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.

42. Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.

43. Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?

44. Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?

45. O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.

46. Hələ onların vəd yeri Qiyamətdir! Və Qiyamət daha müsibətli və acınacaqlıdır.

47. Həqiqətən, günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.

48. Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).

49. Çünki həqiqətən, Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).

50. Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.

51. Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?

52. Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-Məhfuzda) qeyd edilmişdir.

53. Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.

54. Həqiqətən, təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.

55. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).

 

 

 

55. “Rəhman” surəsi

(Mədinədə nazil olmuşdur, yetmiş səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)

2. (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

3. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.

4. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).

5. Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.

6. Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.

7. Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).

8. (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.

9. Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.

10. Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.

11. Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.

12. Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.

13. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

14. (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.

15. Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.

16. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

17. İki şərqin və iki qərbin Rəbbidir.

18. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

19. Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).

20. (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]

21. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

22. O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.

23. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

24. Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur).

25. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

26. Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.

27. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.

28. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

29. Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.

30. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!

31. Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.

32. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

33. (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»

34. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

35. Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.

36. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

37. Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!

38. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

39. (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.

40. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

41. (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.

42. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

43. Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.

44. Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.

45. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

46. Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.

47. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

48. Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.

49. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

50. O iki cənnətdə daim axan iki bulaq vardır.

51. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

52. O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.

53. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

54. Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!

55. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

56. Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.

57. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

58. (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.

59. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

60. Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir).

61. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

62. (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.

63. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

64. Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.

65. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

66. O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.

67. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

68. O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.

69. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

70. Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.

71. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

72. Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.

73. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

74. Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.

75. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

76. (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!

77. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

78. Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.

 

 

 

56. “Vaqiə” surəsi

(Məkkədə nazil olmuşdur, doxsan altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.

2. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.

3. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır).

4. Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!

5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.

6. Beləliklə, dağınıq toz halına düşəcəkdir.

7. Və siz üç dəstəyə bölünəcəksiniz.

8. (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü).

9. (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü).

10. (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!

11. Onlar (Allahın dərgahına) yaxın olanlardır.

12. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.

13. Böük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).

14. Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).

15. (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.

16. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.

17. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.

18. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!

19. Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.

20. Və seçdikləri meyvələrlə.

21. Və meyilləri çəkən quş əti ilə.

22. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).

23. Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!

24. (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.

25. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.

26. Salam(un əleyk), səlam(un əleyk)dən başqa!

27. Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)

28. Tikansız sidr (ağacı bağları içərisin)də!

29. Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).

30. Və uzanan daimi kölgəlik.

31. Və (şəlalələrdən) tökülən su.

32. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.

33. Nə tükənəndir, nə də istifadəsi qadağan.

34. Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.

35. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.

36. Beləliklə, onları (həmişəlik olaraq) bakirə etmişik.

37. Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.

38. (Bunların hamısı) sağ tərəf əhli üçündür.

39. (Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),

40. və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).

41. Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)

42. (Onlar içlərinə) nüfuz edən odun hərarəti və qaynar su (içərisin)də

43. və qatı qara tütüsünün gölgəsindədirlər.

44. Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).

45. Həqiqətən, onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.

46. Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.

47. Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»

48. Bizim ata-babalarımız da (dirildiləcəklər)?

49. De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da

50. mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.

51. Sonra siz ey (peyğəmbərlik və Qiyaməti) inkar edən azğınlar!

52. Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.

53. Beləliklə, qarınları(nızı) onunla dolduracaqsınız.

54. Onun üstündən qaynar su içəcəksiniz.

55. Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.

56. Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.

57. Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!

58. (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?

59. Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?

60. Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.

61. (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!

62. Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!

63. Heç əkdiyinizi görmüsünüz?

64. Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?

65. Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:

66. Həqiqətən, biz ziyana uğramışıq.

67. Hətta məhrum və bədbəxtik!

68. Heç içdiyiniz suyu görmüsünüz?

69. Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?

70. Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükür etmirsiniz?!

71. Heç yandırdığınız odu görmüsünüz?

72. Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?

73. Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.

74. Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).

75. Beləliklə, and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.

76. Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir).

77. Həqiqətən, bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.

78. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.

79. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.

80. O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.

81. Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!

82. Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?

83. Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.

84. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

85. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.

86. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,

87. əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

88. Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,

89. onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.

90. Amma əgər sağ tərəf əhlindən olsa,

91. onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).

92. Lakin əgər azmış təkzib edənlərdən olsa,

93. onda (ona) ilk xidmət qaynar sudur

94. və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!

95. Doğrudan da, bu (mətləb) qəti və şübhəsiz, bir həqiqətdir.

96. Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!

 

 

 

 

57. “Hədid” surəsi

(Mədinədə nazil olmuşdur, iyirmi doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.

2. Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır). Öldürür və dirildir. O hər bir şeyə qadirdir.

3. O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.

4. Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şişmək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.

5. Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.

6. Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.

7. Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə, sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.

8. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır.

9. Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətli və mehribandır.

10. Göylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır.

11. Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirətdə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?

12. Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur və qurtuluşdur!

13. (Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.

14. Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı».

15. Odur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir.

16. Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!

17. Bilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən, Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.

18. Şübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır.

19. Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər.

20. Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.

21. (Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.

22. Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən, bu (iş), Allah üçün asandır.

23. (Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir.

24. Həmin o kəslər(i) ki, (boyunlarında olan vacib xərclərə) xəsislik edir və insanları da xəsisliyə vadar edirlər. Kim (haqqı qəbul etməkdən və malı Allah yolunda xərcləməkdən) üz döndərsə, şübhəsiz ki, Allah Özü ehtiyacsız və (işi və sifətləri) təriflənmişdir.

25. Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən, Allah qüvvətli və yenilməz qüdrət sahibidir.

26. Həqiqətən, Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.

27. Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə, Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.

28. Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s)) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.

29. Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.

 

 

 

58. “Mücadilə” surəsi

(Mədinədə nazil olmuşdur, iyirmi iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.

2. Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.

3. Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.

4. Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.

5. Əlbəttə, Allah və Onun Rəsulu ilə düşmənçilik və müxalifət edənlər özlərindən öncəkilər xar və zəlil olduqları kimi xar və zəlil olacaqlar. Və həqiqətən, Biz aydın ayələr və nişanələr nazil etdik və kafirlər üçün alçaldıcı bir əzab vardır.

6. Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.

7. Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.

8. Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.

9. Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.

10. Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.

11. Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» - deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.

12. Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.

13. Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.

14. Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).

15. Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.

16. Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.

17. Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.

18. Allah onların hamısını dirildəcəyi gün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.

19. Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.

20. Şübhəsiz, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindədirlər.

21. Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.

22. Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Quran maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir.Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.

 

 

 

59. “Həşr” surəsi

(Mədinədə nazil olmuşdur, iyirmi dörd ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə olanların hamısı Allahı (dil və hal ilə) zikr edir və O, yenilməz qüdrət sahibi və mətindir və (yaradılış və şəriət mərhələsində) gözəl yaradandır.

2. Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.

3. Və əgər Allah onlara vətənlərindən çıxarılmağı yazmasaydı, mütləq onlara dünyada (öldürülmək və əsirliklə) əzab verərdi. Onlar üçün axirətdə od əzabı vardır.

4. Bu (vətəndən çıxarılma və əzab) onlar Allahla və Onun Rəsulu ilə inadkarlıqla müxalifət etdiklərinə görədir. Kim Allahla inadkarlıqla müxalifət etsə (bilsin ki,) Allah şiddətli cəza verəndir.

5. Hər hansı çox dəyərli xurma ağacını kəsdinizsə, ya onu öz kökləri üstündə boy atan halda buraxdınızsa (bu), Allahın izni ilə idi, (bəzi məsələlərə xatirdir) və bu, Allahın itaətsizləri rüsvay etməsi üçündür.

6. Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.

7. Allahın şəhər və kəndlərin əhalisinin mallarından («Fəy» şəklində qənimət olaraq) Öz Rəsuluna qaytardığı şeylər Allaha və Rəsuluna, onun yaxın qohumlarına, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur (İslamın və ya müsəlmanların din və dünyalarında hər hansı bir lazimi işin həll olunması üçün ehtiyac olan şeylər üçündür). Bu ona görədir ki, (həmin şeylər) sizin sərvətliləriniz arasında əldən-ələ düşməsin və Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir.

8. (Fəyin bir hissəsi) yurdlarından çıxarılmış və malları əllərindən alınmış, Allahın fəzl-mərhəmət və razılığını istəyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. (Əsl) sadiqlər elə bunlardır.

9. Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.

10. Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan».

11. Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına): «Əgər siz (öz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar.

12. Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər (fərz olunsa ki,) kömək də edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.

13. Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.

14. Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.

15. (Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə (Bədr əhli və s). bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.

16. (Münafiqlərin aldatması) Şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!»

17. Beləliklə, hər ikisinin (Şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!

18. Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!

19. Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!

20. Əsla Cəhənnəm əhli ilə Cənnət əhli bir deyildir. Cənnət əhli nicat tapan və səadətə yetişənlərdir.

21. Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.

22. O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır.

23. O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eyibdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eyibdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkkəbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.

24. O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.

 

 

 

60. “Mumtəhənə” surəsi

(Mədinədə nazil olmuşdur, on üç ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.

2. Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.

3. Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.

4. Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır». Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm» – deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir».

5. «Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».

6. Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə – onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş, həmd-səna edən və həmd-səna olunandır.

7. Ola bilsin ki, Allah sizin və düşmənçilik etdiyiniz kəslərin (Məkkə kafirlərinin) arasında (Məkkənin fəthində onların İslama gəlmələri ilə) dostluq bərqərar etsin və Allah qadirdir. Allah bağışlayan və rəhm edəndir.

8. Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir.

9. Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Və kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsl) zalımlar.

10. Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.

11. Və əgər zövcələrinizdən bəzisi əlinizdən çıxıb kafirlərə qoşulsa, bu zaman onlardan (döyüşlə, ya başqa yolla) sizə hər hansı bir qənimət çatsa, onda zövcələri gedən kəslərə (mehriyyədən) xərclədikləri qədər ödəyin və iman gətirdiyiniz Allahdan qorxun.

12. Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır.

13. Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.

 

 

 

61. “Səff” surəsi

(Mədinədə nazil olmuşdur, on dörd ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə olan hər bir şey Allaha (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.

2. Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)

3. Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur.

4. Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.

5. Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.

6. Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd (s)) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».

7. İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək və onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.

8. Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.

9. Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.

10. Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?

11. Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.

12. (Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.

13. Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.

14. Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.

 

 

 

62. “Cümə” surəsi

(Mədinədə nazil olmuşdur, on bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir.

2. Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.

3. Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.

4. Bu, (risalət) Allahın kərəmidir ki, onu istədiyinə verər və Allah böyük kərəm sahibidir.

5. Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!

6. De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)».

7. Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir.

8. De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir».

9. Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.

10. Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz.

11. (Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən) və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»

 

 

 

63. “Munafiqun” surəsi

(Mədinədə nazil olmuşdur, on bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan». Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər).

2. Onlar öz andlarını sipər etmişlər, beləliklə Allahın yolundan üz döndərmiş və camaatı da ondan (bu yoldan) saxlamışlar; doğrudan da etdikləri iş olduqca pisdir!

3. O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular (və münafiqlərə qoşuldular), beləliklə onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vuruldu, buna görə də başa düşmürlər.

4. Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!

5. Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin,» deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən.

6. Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də, əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz.

7. Onlar: «Allah Rəsulunun yanında olanlara heç bir şey verməyin ki, (qoy) dağılışsınlar» – deyən kimsələrdir. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur və lakin münafiqlər (bunu) anlamazlar.

8. Onlar deyirlər: «Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır;» halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər.

9. Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır.

10. Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!» – deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!

11. Və Allah heç bir kəsi(n ölümünü) – onun əcəli yetişən zaman – əsla təxirə salmaz və Allah nə etdiklərinizdən xəbərdardır.

 

 

 

64. “Təğabun” surəsi

(Mədinədə nazil olmuşdur, on səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər). O, hər şeyə (mütləq surətdə) qadirdir!

2. Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir.

3. O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.

4. Allah göylərdə və yerdə olan hər şeyi bilir, gizlətdiyinizi də aşkar etdiyinizi də bilir. Allah sizin ürəklərinizdəkini (beyninizdəki fikir və düşüncələri, ruhi xüsusiyyətlərinizi) biləndir.

5. Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini və pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır!

6. O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.

7. (Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».

8. Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır.

9. Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!

10. Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!

11. Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir.

12. Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu imamətin vəzifələrindəndir, nə də axirət əzabı verməkdir. Çünki bu, rübubiyyət məsələlərindəndir).

13. Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).

14. Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir.

15. Həqiqətən, mal-dövlətinz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır.

16. Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!

17. Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir.

18. Allah gizlini də aşkarı da biləndir, yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

 

 

 

65. “Təlaq” surəsi

(Mədinədə nazil olmuşdur, on iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.

2. (Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla (mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.

3. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur.

4. Heyzdən kəsilən qadınlarınızın (heyzdən kəsilmələrinin səbəbi heyzdən kəsilmə yaşına çatdıqları üçün, yaxud başqa bir səbəbdən olması barədə şəkk etsəniz, onların iddələri üç aydır və həmçinin (yaşlarının tələbinə baxmayaraq) heyz görməyən qadınların (da iddə müddətləri üç aydır), hamilə qadınların iddə müddətləri bari-həmlini yerə qoyana kimidir. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.

5. Bu (hökmlərin hamısı) Allahın sizə nazil etdiyi hökmüdür. Kim Allahdan qorxsa, Allah onun günahlarını örtər və onun mükafatını böyük edər.

6. Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin və əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin və öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək və bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin. Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır).

7. (Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar.

8. Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrindən boyun qaçırtdı. Biz də onları çətin bir hesaba çəkdik. Olduqca pis bir əzabla əzab verdik.

9. Beləliklə onlar öz işlərinin pis aqibətini daddılar və işlərinin axırı ziyana uğramaq oldu.

10. Allah onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır. Belə isə, ey iman gətirən ağıl sahibləri, Allahdan qorxun! Şübhəsiz, Allah sizə bir öyüd-nəsihət vasitəsi nazil etmişdir.

11. Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!

12. Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd yer kürəsi yaxud yerin yeddi təbəqəsi və yaxud yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!

 

 

 

66. “Təhrim” surəsi

(Mədinədə nazil olmuşdur, on iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.

2. Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz, kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir.

3. Və (yada salın), bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü Peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi; və ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: «Bunu sənə kim xəbər verdi?». (Peyğəmbər) dedi: «O (hər şeyi) bilən və (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi».

4. Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.

5. Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin.

6. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.

7. (O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».

8. Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»

9. Ey Peyğəmbər, kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt rəftar et; onların qalacaq yerləri Cəhənnəmdir və ora necə də pis bir dönüş yeridir!

10. Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Ondar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölün anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»

11. Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»

12. Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi-Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.

 

 

 

67. “Mülk” surəsi

(Məkkədə nazil olmuşdur, otuz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.

2. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.

3. Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?

4. Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.

5. Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.

6. Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!

7. Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.

8. Az qala qəzəbin şiddətindən parça-parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»

9. Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».

10. Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».

11. Beləliklə, öz günahlarını etiraf edərlər və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!

12. Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.

13. Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.

14. Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.

15. Yeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) və ruzisindən yeyin. (Bilin ki,) diriltmə (əmri) Onun əlindədir və dirilənlərin dönüşü də Ona tərəfdir.

16. Məgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar, məsələn mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!

17. Yaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!

18. Bunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?!

19. Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!

20. Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.

21. Yaxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda və (haqdan) qaçmaqda inadkarlıq edirlər.

22. Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)

23. De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»

24. De: «Sizi yer üzündə yaradan Odur və (axirətdə) Onun hüzuruna toplanacaqsınız».

25. (Kafirlər) deyərlər: «Əgər düz danışanlardansınızsa, bəs bu vəd (Qiyamət günü) nə zaman olacaqdır?!»

26. De: «Bunu bilmək yalnız Allaha məxsusdur və mən ancaq açıq-aşkar bir qorxudanam».

27. Beləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin və eybəcər hala düşər və (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».

28. De: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) ağrılı əzabdan kim sığınacaq verəcək?»

29. De: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».

30. De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!».

 

 

 

68. “Qələm” surəsi

(Məkkədə nazil olmuşdur, əlli iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır). And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi-Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)

2. Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!

3. Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.

4. Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.

5. Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,

6. Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.

7. Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.

8. Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.

9. Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.

10. Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,

11. Çox eyib axtarana, pis danışana və söz gəzdirənə,

12. Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,

13. Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!

14. (Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.

15. Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».

16. Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.

17. Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtəhana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.

18. Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.

19. Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.

20. Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.

21. Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:

22. «Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»

23. Beləliklə, bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)

24. «Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»

25. Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.

26. O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».

27. «(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»

28. Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»

29. Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»

30. (Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.

31. Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».

32. «Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».

33. (Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!

34. Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.

35. Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!

36. Sizə nə olub? Necə hökm edirsiniz?!

37. Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,

38. (O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!

39. Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!

40. Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!

41. Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.

42. (Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).

43. Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.

44. Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.

45. Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.

46. Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!

47. Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil-sübut gətirirlər və sənə ehtiyacları qalmır)?

48. Belə isə, Rəbbinin hökmünə səbir et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.

49. Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).

50. Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.

51. Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»

52. Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.

 

 

 

69. “Haqqə” surəsi

(Məkkədə nazil olmuş, əlli iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. «Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz, olan işlər və hallar,

2. O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)

3. Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).

4. Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.

5. Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.

6. Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.

7. (Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.

8. İndi sən onlardan heç qalanını görürsənmi?!

9. Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).

10. Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.

11. Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.

12. Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.

13. Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),

14. Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.

15. Beləliklə, (məhz) o gün Qiyamət qopar.

16. Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.

17. Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.

18. O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.

19. Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».

20. «Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».

21. Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.

22. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)

23. Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).

24. Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).

25. Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»

26. «Və hesabımın nə olduğunu bilməyəydim».

27. «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».

28. «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».

29. «Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı».

30. (Əmr yetişər:) «Onu tutun və qandallayın».

31. «Sonra da onu şölələnmiş oda atıb yandırın!».

32. «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».

33. «Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».

34. «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».

35. Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.

36. (Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.

37. O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.

38. Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,

39. Və görmədiklərinizə (qeybi mövcudlara) ki,

40. Bu (Quran) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.

41. Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!

42. Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.

43. (Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

44. Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,

45. Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.

46. Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.

47. Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.

48. Və həqiqətən, bu (Quran) təqvalılar üçün bir öyüd-nəsihətdir.

49. Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.

50. Bu (Quran) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.

51. Və həqiqətən, bu (Quran) yəqin (gerçək) bir haqdır və həqiqətdir.

52. Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).

 

 

 

70. “Məaric” surəsi

(Məkkədə nazil olmuşdur, qırx dörd ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək.

2. Kafirlər üçün və onun qarşısını alan olmaz.

3. (Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.

4. Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.

5. Belə isə, gözəl bir şəkildə səbir et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın).

6. Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).

7. Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.

8. O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.

9. Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.

10. Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.

11. Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,

12. Həm zövcəsini və qardaşını,

13. Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),

14. Və yer üzündə olanların hamısını – təki bu iş ona (o günün əzabından) nicat versin.

15. Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.

16. Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.

17. (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,

18. Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,

19. Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.

20. Ona bir zərər və ziyan üz verdikdə, dözməz.

21. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.

22. Namaz qılanlardan savayı.

23. O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.

24. O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).

25. Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.

26. O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.

27. O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.

28. Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.

29. Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.

30. Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə - yaxınlıq etməyə görə) qınanmazlar.

31. Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.

32. O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.

33. O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.

34. O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.

35. Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.

36. Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!

37. Dəstə-dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!

38. Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!

39. (Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!

40. And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,

41. Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!

42. Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.

43. O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar

44. Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.

 

 

 

71. “Nuh” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».

2. (Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq-aşkar bir qorxudan (peyğəmbərəm)»,

3. «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».

4. «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».

5. Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə-gündüz (haqqa) dəvət etdim».

6. «Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».

7. «Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».

8. «Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».

9. «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».

10. Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».

11. «Göydən (buluddan) sizə bol yağış göndərsin».

12. «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».

13. «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»

14. «Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».

15. «Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»

16. «Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».

17. «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».

18. «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».

19. «Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,

20. Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün) gəzəsiniz».

21. Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».

22. «Və olduqca böyük bir hiylə qurdular».

23. «Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları) atmayın!»

24. «Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».

25. (Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.

26. Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!».

27. «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».

28. «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».

 

 

 

72. “Cinn” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. De: «Mənə vəhy olundu ki, (bizim his etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».

2. «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq». (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).

3. «Və (biz iman gətirdik). Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».

4. «Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guya Onun zövcəsi və övladı vardır)».

5. «Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».

6. «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».

7. «Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».

8. «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».

9. «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».

10. «Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».

11. «(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».

12. «Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».

13. «Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».

14. «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».

15. «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu).

16. «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,

17. Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».

18. «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».

19. «Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».

20. De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».

21. De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».

22. De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»

23. «(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz, Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.

24. Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.

25. De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir».

26. (Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.

27. Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər). Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)

28. Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları ( öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyin sayını bilir».

 

 

 

73. “Muzzəmmil” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey libasına bürünmüş.

2. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!

3. Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;

4. Yaxud yarıya artır (onun üçdə ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!

5. Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.

6. Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.

7. Və əlbəttə, sənin gün ərzində uzun-uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).

8. Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.

9. O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).

10. Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbir et və onlardan gözəl bir tərzdə (səbirlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.

11. Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,

12. Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.

13. Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).

14. O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.

15. Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.

16. Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.

17. Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!

18. Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.

19. Həqiqətən, bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).

20. Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.

 

 

 

74. Muddəssir surəsi

(Məkkədə nazil olmuşdur, əlli altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).

2. Qalx və (ins və cin mükəlləflərini) qorxut!

3. Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!

4. Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).

5. Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.

6. Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!

7. Və öz Rəbbin üçün səbir et.

8. Elə ki, sura üfürülər.

9. O gün çətin bir gündür.

10. Kafirlər üçün asan deyildir.

11. Məni Öz yaratdığım kimsə ilə tək burax.

12. Ona bolluca mal-dövlət verdim.

13. Və (Məkkədə, ya əyan-əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).

14. Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.

15. Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.

16. Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.

17. Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).

18. Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, ölçdü-biçdi.

19. Ölüm olsun ona! Necə ölçdü-biçdi!

20. Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!

21. Sonra baxdı.

22. Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü.

23. Sonra (Quranın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.

24. Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».

25. «Bu, bəşər kəlamından başqa bir şey deyildir».

26. Tezliklə onu Səqərə atacağam və yandıracağam.

27. Və sən nə bilirsən ki, Səqər nədir!

28. (Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).

29. (O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.

30. Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.

31. Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk-şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.

32. Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Quran və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,

33. And olsun qayıdıb getməkdə olan gecəyə,

34. Və and olsun işıqlanmaqda olan (səhərə) ki,

35. Həqiqətən, bu (Quran ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.

36. Bəşər üçün bir qorxuducudur.

37. Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.

38. Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),

39. «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.

40. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,

41. Günahkarların halını;

42. (Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»

43. Deyərlər: «Biz namaz qılanlardan deyildik.

44. Fəqirə və yoxsula təam verməzdik.

45. Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.

46. Cəza gününü təkzib və inkar edərdik.

47. Ölüm bizi yaxalayana qədər».

48. Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.

49. Onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!

50. Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,

51. (Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.

52. (Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).

53. Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.

54. Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Quran) öyüd-nəsihət və xatırlatma vasitəsidir.

55. Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.

56. Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.

 

 

 

75. “Qiyamət” surəsi

(Məkkədə nazil olmuşdur, qırx ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And içirəm Qiyamət gününə.

2. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).

3. Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?

4. Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.

5. (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.

6. Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»

7. Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;

8. Ayın nurunun sönəcəyi;

9. Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman

10. Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.

11. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.

12. O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).

13. O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.

14. (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.

15. Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.

16. (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi – vaxtı yetişməzdən öncə – dilinə gətirmə).

17. Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.

18. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.

19. Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.

20. Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib-gedən dünyanı sevirsiniz.

21. Və axirəti buraxırsınız.

22. O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!

23. (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.

24. Və neçə-neçə üzlər də o gün qaşqabaqlı olacaq.

25. Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.

26. Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.

27. Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»

28. Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,

29. Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,

30. O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).

31. (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».

32. Lakin təkzib etdi və üz döndərdi.

33. Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.

34. Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

35. Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

36. Yoxsa insan elə güman edir ki, başlı-başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?

37. Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!

38. Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.

39. Bu zaman ondan iki cüt – bir erkək və bir dişi – yaratdı.

40. Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!

 

 

 

76. “İnsan” surəsi

(Mədinədə nazil olmuşdur, otuz bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).

2. Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.

3. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor.

4. Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.

5. Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.

6. (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.

7. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.

8. Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.

9. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».

10. «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».

11. Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.

12. Və onları etdikləri səbir müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.

13. Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.

14. (Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.

15. Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.

16. Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.

17. Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.

18. (Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.

19. Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.

20. Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.

21. Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.

22. (Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».

23. (Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Quranı sənə tədriclə nazil etdik.

24. Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbir et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.

25. Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.

26. Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).

27. Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).

28. Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.

29. Şübhəsiz, bu (deyilənlər) bir öyüd-nəsihətdir, belə isə, kim istəsə (bu öyüd-nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.

30. Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!

31. (Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.

 

 

 

77. “Mursəlat” surəsi

(Məkkədə nazil olmuşdur, əlli ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).

2. (And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.

3. And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),

4. (And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,

5. (And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,

6. (Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.

7. (Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.

8. Ulduzlar məhv olacağı,

9. Göy yarılacağı,

10. Dağlar yerindən qopacağı,

11. (Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).

12. (Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?

13. Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.

14. Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!

15. O gün vay halına təkzib edənlərin!

16. Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!

17. Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.

18. Biz günahkarlarla belə rəftar edirik.

19. O gün vay halına təkzib edənlərin!

20. Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?.

21. Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.

22. Müəyyən bir müddətədək.

23. Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.

24. O gün vay halına təkzib edənlərin!

25. Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?

26. Dirilər və ölülər üçün?

27. Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

28. O gün vay halına təkzib edənlərin!

29. (Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».

30. «Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».

31. O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.

32. Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).

33. (O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.

34. O gün vay halına təkzib edənlərin!

35. Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.

36. Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).

37. O gün vay halına təkzib edənlərin!

38. Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.

39. Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.

40. O gün vay halına təkzib edənlərin!

41. Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)

42. Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.

43. Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!

44. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

45. O gün vay halına təkzib edənlərin!

46. (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).

47. O gün vay halına təkzib edənlərin!

48. Onlara «(Allahın müqabilində) rüku edin, müti olun» – deyildiyi zaman rüku etməz, və müti olmazlar.

49. O gün vay halına təkzib edənlərin!

50. (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!

 

 

 

78. “Nəbə” surəsi

(Məkkədə nazil olmuşdur, qırx ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?

2. Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.

3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).

4. Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.

5. Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).

6. Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).

7. Dağları (onun səthində) mıxlar (etmədikmi)?

8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.

9. Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).

10. Gecəni (hər şeyi bürüyən) örtük etdik.

11. Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.

12. Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.

13. Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.

14. (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,

15. Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.

16. (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.

17. Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır(hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).

18. Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.

19. (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.

20. Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.

21. Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).

22. Üsyankarlar üçün dönüş yeridir.

23. Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.

24. Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.

25. Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa

26. (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.

27. Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.

28. Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.

29. Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.

30. Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!

31. Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.

32. Hasara alınmış bağlar və üzümlüklər,

33. Nar məməli həmyaşıd qızlar,

34. Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).

35. Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).

36. (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.

37. (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.

38. Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.

39. O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).

40. Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».

 

 

 

79. “Naziat” surəsi

(Məkkədə nazil olmuşdur, qırx altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,

2. (And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,

3. (And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,

4. (And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,

5. (And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).

6. O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).

7. Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).

8. O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.

9. Gözləri zəlilcəsinə yerə dikilər.

10. (O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»

11. «(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»

12. (Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»

13. Həqiqətən, o (dönüş) yalnız bir nərə(nin surun ikinci dəfə üfürülməsilə)dir.

14. Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.

15. Musanın hekayəti sənə gəlib çatdımı?

16. O zaman ki, Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:

17. «Fironun yanına get! Çünki o tüğyan etmişdir».

18. Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?

19. Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»

20. Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.

21. O, (isə) təkzib etdi və asi oldu.

22. Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.

23. O, (öz qövmünü) topladı, və (onlara) xitab edib

24. Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).

25. Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır).

26. Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.

27. (Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?

28. Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.

29. Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.

30. Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.

31. Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.

32. Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,

33. (Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.

34. O çox böyük bəla (Qiyamət) yetişdikdə,

35. O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi-Məhfuz vasitəsilə) yadına salacaqdır,

36. Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.

37. Amma kim (dünyada) tüğyan etmişsə,

38. Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,

39. Şübhəsiz, onun yeri Cəhənnəmdir!

40. Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa,

41. Şübhəsiz, onun yeri Cənnətdir. (Bu beş ayə 34-cü ayəyə cavabdır).

42. Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.

43. Sən onu (onun vaxtını) nə bilirsən?

44. Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).

45. Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).

46. Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).

 

 

 

80. “Əbəsə” surəsi

(Məkkədə nazil olmuşdur, qırx iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).

2. O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir).

3. Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!

4. Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!

5. Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,

6. Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!

7. Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.

8. Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,

9. (Özü də Allahından) qorxduğu halda,

10. Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!

11. Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd-nəsihət)dir.

12. Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).

13. (Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.

14. Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).

15. (Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.

16. (Onlar) yaxşı iş görən əzizlərdir.

17. Ölsün insan! Nə qədər də kafir və nankordur!

18. (Allahı) onu nədən yaratmışdır?

19. Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.

20. Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,

21. Sonra onu öldürdü və qəbrə qoydu.

22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

23. Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükür etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.

24. Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!

25. Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.

26. Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.

27. Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;

28. Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;

29. Zeytun və xurma ağacı;

30. İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;

31. Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf

32. Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.

33. Beləliklə, qulaqları kar edən o nərə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,

34. O gün insan qaçar öz qardaşından;

35. Anasından və atasından;

36. Zövcəsindən və oğullarından.

37. O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.

38. O gün bir çox üzlər parıldayacaq,

39. Güləcək və sevinəcək.

40. O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.

41. Qaranlıq və zülmət onları bürüyəcəkdir.

42. Onlar həmin kafirlər və pozğunlardır!

 

 

 

81. “Təkvir” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),

2. Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,

3. Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,

4. (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,

5. Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,

6. Dənizlərin dolacağı və qaynayacağı zaman,

7. (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,

8. Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman

9. «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular).

10. Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,

11. Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,

12. Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,

13. Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,

14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.

15. Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,

16. Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),

17. And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.

18. Və and olsun sökülməkdə olan dan yerinə.

19. (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.

20. (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.

21. Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.

22. Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.

23. Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.

24. Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).

25. Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.

26. Belə isə, hara gedirsiniz?!

27. Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.

28. Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.

29. Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır).

 

 

 

82. “İnfitar” surəsi

(Məkkədə nazil olmuşdur, on doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göy yarıldığı zaman,

2. Ulduzlar dağılıb səpələndiyi zaman,

3. Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı), yaxud qaynayıb dolduğu zaman,

4. Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,

5. Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).

6. Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?

7. O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.

8. İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.

9. Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.

10. Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.

11. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).

12. Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.

13. Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.

14. Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.

15. Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar).

16. Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).

17. Və sən nə bilirsən ki, cəza günü nədir?!

18. Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!

19. Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.

 

 

 

83. “Mutəffifin” surəsi

(Məkkədə nazil olmuşdur, otuz altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Vay halına əskik satanların!

2. O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,

3. Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.

4. Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,

5. Böyük bir gündə?!

6. O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

7. Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.

8. Və sən nə bilirsən ki, «Siccin» nədir?

9. (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).

10. Vay halına o gün təkzib edənlərin.

11. O kəslərin ki, cəza gününü təkzib edirlər.

12. Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.

13. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.

14. Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.

15. Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.

16. Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar).

17. Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.

18. Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.

19. Sən nə bilirsən ki, «İlliyyin» nədir?

20. (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),

21. (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.

22. Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.

23. Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.

24. Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.

25. Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.

26. Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).

27. Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.

28. O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.

29. Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.

30. Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.

31. Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.

32. Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.

33. Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).

34. Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.

35. Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.

36. (Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?).

 

 

 

84. “İnşiqaq” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylər yarılacağı

2. Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.

3. Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,

4. Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,

5. Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).

6. Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.

7. Kimin əməl dəftəri sağ əlinə verilərsə

8. Onunla tez, asan, haqq-hesab çəkiləcək.

9. Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.

10. Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,

11. O, tezliklə fəryad edib öz ölümünü istəyər.

12. Və şölə çəkən oda daxil olar və yanar.

13. O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.

14. O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.

15. Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.

16. Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),

17. Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),

18. And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,

19. Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).

20. Bəs, onlara nə olub ki, iman gətirmirlər?!

21. Onlara Quran oxunduqda, səcdəyə qapanmırlar?!

22. Əksinə, kafir olanlar daim təkzib edirlər.

23. Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.

24. Belə isə, onlara ağrılı bir əzabın müjdəsini ver!

25. Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib-tükənmək bilməyən bir mükafat vardır.

 

 

 

85. “Buruc” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi iki ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun bürcləri olan göyə,

2. Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)

3. Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);

4. Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!

5. O odunla dolu şölələnən atəş.

6. O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.

7. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.

8. Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.

9. O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir – bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.

10. Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir).

11. Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!

12. Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.

13. Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.

14. Odur! (İtaətkarları) bağışlayan və çox sevən!

15. (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.

16. İstədiyini qüdrətlə yerinə yetirəndir.

17. O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?

18. Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!

19. (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.

20. (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)

21. (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.

22. O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.

 

 

 

86. Tariq surəsi

(Məkkədə nazil olmuşdur, on yeddi ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun göyə və gecə gələnə!

2. Sən nə bilirsən o, gecə gələn nədir?!

3. O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.

4. (Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!

5. Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.

6. O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.

7. O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.

8. Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.

9. Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün

10. (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.

11. And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar).

12. And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,

13. Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!

14. Və əsla boş bir söz və zarafat deyildir!

15. Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.

16. Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.

17. Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).

 

 

 

87. “Əla” surəsi

(Məkkədə nazil olmuşdur, on doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə).

2. O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).

3. Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.

4. O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.

5. (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.

6. (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.

7. Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.

8. Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.

9. Əgər öyüd-nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,

10. (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.

11. Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.

12. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.

13. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.

14. Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi

15. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.

16. Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.

17. Halbuki axirət daha xeyirli və daha baqidir.

18. Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.

19. İbrahimin və Musanın kitablarında.

 

 

 

88. “Ğaşiyə” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?

2. O gün (bəzi) üzlər zəlil və çökmüş olar.

3. Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.

4. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.

5. Qaynar bulaqdan içirdiləcəklər.

6. Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).

7. (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.

8. O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.

9. Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.

10. Ali və uca məqamlı Cənnətdə olarlar.

11. Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.

12. Orada daim axan bulaq var.

13. Orada uca, qiymətli taxtlar var.

14. (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.

15. Bir-birinin yanına düzülmüş yastıqlar

16. (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)

17. Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?

18. Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?

19. Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?

20. Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?

21. Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.

22. Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).

23. (Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,

24. Allah ona ən böyük əzabla əzab verər.

25. Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!

26. Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.

 

 

 

89. “Fəcr” surəsi

(Məkkədə nazil olmuşdur, otuz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),

2. Və (and olsun) on gecəyə (ilin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),

3. Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),

4. Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir).

5. Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır).

6. Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?

7. Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə

8. Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.

9. (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).

10. Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işgəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.

11. O kəslər ki, şəhərlərdə tüğyan etdilər.

12. Və oralarda çoxlu fitnə-fəsad törətdilər.

13. Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.

14. Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.

15. Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).

16. Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.

17. Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.

18. Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.

19. Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).

20. Və (dünya) malı(nı) lap çox sevirsiniz.

21. Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,

22. Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi

23. Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!

24. O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.

25. Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).

26. Və heç kim Onun kimi zəncirləyə bilməz.

27. Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),

28. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!

29. Mənim bəndələrimin zümrəsinə daxil ol!

30. Və Mənim Cənnətimə daxil ol!

 

 

 

90. Bələd surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),

2. Sənin yerləşdiyin bu şəhərə;

3. Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kəbənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,

4. Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).

5. Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!

6. (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!» – deyir.

7. Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!

8. Məgər Biz ona iki (görən) göz vermədikmi?!

9. Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!

10. Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!

11. Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.

12. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!

13. (O) Bir qul azad etməkdir.

14. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.

15. Qohum olan bir yetimə,

16. Və ya yerə sərilmiş bir miskinə!

17. Bunlardan əlavə, iman gətirən və bir-birinə səbir, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.

18. Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir).

19. Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).

20. Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır).

 

 

 

91. “Şəms” surəsi

(Məkkədə nazil olmuşdur, on beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun Günəşə və onun şüasının vüsətinə,

2. And olsun (Günəşin) ardınca çıxmaqda olan Aya.

3. And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.

4. And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.

5. And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),

6. And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).

7. Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

8. Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.

9. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.

10. Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!.

11. Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.

12. Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman,

13. Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!».

14. Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.

15. Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.

 

 

 

92. “Ləyl” surəsi

(Məkkədə nazil olmuşdur, iyirmi bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;

2. And olsun, cilvələnməkdə olan gündüzə.

3. And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,

4. Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).

5. Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,

6. Və Allahın vədlərini təsdiq etsə,

7. Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).

8. Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,

9. Və İlahi vədləri təkzib etsə,

10. Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).

11. Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.

12. Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.

13. Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.

14. Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.

15. Ora yalnız ən azğın kafir girər və yanar.

16. O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.

17. Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).

18. O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir

19. Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,

20. O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).

21. Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.

 

 

 

93. “Zuha” surəsi

(Məkkədə nazil olmuşdur, on bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun günəşin doğmasına və aydın gündüzə.

2. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,

3. (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.

4. Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.

5. Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.

6. Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)

7. Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.

8. Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.

9. Belə isə əsla yetimi alçaltma və qovma!

10. Və dilənçini (də) acıqla qovma.

11. Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).

 

 

 

94. “Şərh” surəsi

(Məkkədə nazil olmuşdur, səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən).

2. Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)

3. Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.

4. Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə Yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan).

5. (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.

6. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!

7. (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!

8. Və öz Rəbbinə rəğbət göstər!

 

 

95. “Tin” surəsi

(Məkkədə nazil olmuşdur, səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).

2. Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).

3. Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,

4. Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).

5. Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).

6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.

7. Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!

8. Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?

 

 

 

96. “Ələq” surəsi

(Məkkədə nazil olmuşdur, on doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,

2. O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.

3. Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).

4. O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.

5. İnsana bilmədiyini öyrətdi.

6. (İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!

7. Özünü ehtiyacsız gördüyü üçün.

8. Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.

9. Mənə de, məgər o kəs ki, mane olur.

10. Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!

11. Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,

12. Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!

13. Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!

14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

15. Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.

16. (Yolunu azmış) günahkar yalançının kəkilindən!

17. (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.

18. Biz də od məmurlarını çağırarıq.

19. Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!

 

 

 

97. “Qədr” surəsi

(Məkkədə nazil olmuşdur, beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).

2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?

3. Qədr gecəsi min aydan daha xeyirlidir.

4. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.

5. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.

 

 

 

98. “Bəyyinə” surəsi

(Mədinədə nazil olmuşdur, səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq-aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);

2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.

3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.

4. Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).

5. Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!

6. Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.

7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.

8. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.

 

 

 

99. “Zəlzələ” surəsi

(Mədinədə nazil olmuşdur, səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Yer özünəməxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,

2. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,

3. Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman,

4. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).

5. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.

6. O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.

7. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.

8. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.

 

 

 

100. Adiyat surəsi

(Məkkədə nazil olmuşdur, on bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,

2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,

3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,

4. Hücumları ilə toz-torpaq qaldıranlara,

5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,

6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!

7. Və şübhəsiz, o özü də buna şahiddir.

8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.

9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),

10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,

11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.

 

 

 

101. “Qariə” surəsi

(Məkkədə nazil olmuşdur, on bir ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.

2. Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!

3. Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).

4. O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.

5. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.

6. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs

7. Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.

8. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə

9. Məskəni və pənah yeri Haviyə olacaqdır.

10. Sən nə bilirsən ki, Haviyə nədir?

11. Olduqca qaynar və yandırıcı bir oddur.

 

 

 

102. “Təkasur” surəsi

(Məkkədə nazil olmuşdur, səkkiz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.

2. O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).

3. Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.

4. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.

5. Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,

6. Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).

7. Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.

8. Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.

 

 

 

103. “Əsr” surəsi

(Məkkədə nazil olmuşdur, üç ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f). İlahi hökumətinin zühur dövrünə) ki,

2. Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,

3. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbiri tövsiyə edənlərdən başqa.

 

 

 

104. “Huməzə” surəsi

(Məkkədə nazil olmuşdur, doqquz ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.

2. O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).

3. Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).

4. (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.

5. Və sən nə bilirsən ki, Hutəmə nədir?!

6. O, Allahın yanar odudur.

7. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).

8. Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).

9. Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).

 

 

 

105. “Fil” surəsi

(Məkkədə nazil olmuşdur, beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!

2. Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!

3. Və onların üzərinə qatar-qatar quşlar göndərdi.

4. (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.

5. Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!

 

 

 

106. “Qureyş” surəsi

(Məkkədə nazil olmuşdur, dörd ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).

2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.

3. Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.

4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.

 

 

 

107. “Maun” surəsi

(Məkkədə nazil olmuşdur, yeddi ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?

2. Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.

3. Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.

4. Vay halına o namaz qılanların ki,

5. Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.

6. Onlar riyakarlıq edər,

7. Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).

 

 

 

108. “Kövsər” surəsi

(Məkkədə nazil olmuşdur, üç ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).

2. Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).

3. Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.

 

 

 

109. “Kafirun” surəsi

(Məkkədə nazil olmuşdur, altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».

 

 

 

110. “Nəsr” surəsi

(Mədinədə nazil olmuşdur, üç ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,

2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman,

3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.

 

 

 

111. “Məsəd” surəsi

(Məkkədə nazil olmuşdur, beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!

2. Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.

3. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.

4. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).

5. Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır).

 

 

 

112. “İxlas” surəsi

(Məkkədə nazil olmuşdur, dörd ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.

2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.

3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).

4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».

 

 

 

113. “Fələq” surəsi

(Məkkədə nazil olmuşdur, beş ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!

2. Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).

3. Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.

4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.

5. Və paxıllıq etdiyi zaman paxılın şərindən».

 

 

 

114. “Nas” surəsi

(Məkkədə nazil olmuşdur, altı ayədir)

 

Bağışlayan və mehriban Allahın adı ilə

1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə).

2. İnsanların hökmdarına və (mütləq) hakiminə.

3. İnsanların (həqiqi) məbuduna.

4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.

5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,

6. İstər cinlərdən olsun, istərsə də insanlardan».

 

 

 

 

 

Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:

Ayətullah Mirzə Əli Meşkini Ərdəbili

Azərbaycan dilinə tərcümə edənlər:

Ağabala Mehdiyev

Dürdanə Cəfərli

Google+ WhatsApp ok.ru