Qurani-Kərimdə axirət aləmi və onun adları – Həşr günü 05 Sentyabr 2021 15:55 Quran və təfsir Qurani-Kərimin bir çox ayələrində Qiyamətin adi ilə bağlı işlənən ifadələrdən biri də “Həşr günü”dür. “Hicr” surəsinin 25-ci ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ “Həqiqətən, Rəbbin onları (Qiyamət günü) bir yerə toplayacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!” Allah-Taalanın hikmətinə əsasən, insanın ölümü ilə hər bir şey sona çatacaq, yoxsa, dünya həyatı, yatıb-durmaq, yeyib-içmək və geyinib-keçinməyin dəyər və qiyməti yüksək məqam sahibi olan insanın və geniş kainatın yaradılış hədəfindən çox aşağıdır. Onun elminə əsasən, bəndələrin “məad”, “həşr”, “nəşr”, “hesab” və “kitab” məsələsində (onların dağılmış zərrəciklərini bir yerə yığmaq, əməlləri və sözlərini toplamaqda) heç bir çətinlik qarşıya çıxmayacaq. Çünki O, hər bir şeyi bilir və hər bir şeydən xəbərdardır. “Həşr” ifadəsi Qurani-Kərim ayələrində və Qiyamətlə bağlı müxtəlif surələrdə, təqribən, otuz dəfə işlənmişdir. Bu çoxluq isə Qurani-Kərimdə uyğun mövzunun əhəmiyyətini aşılayır. “Məqayisul-luğət” kitabına əsasən, “həşr” sözü qovmaqla bərabər toplamaq mənasını verir. Bəzən də hər hansı bir yığıncağa da “həşr” deyilir. Rağibin “Müfrədat” kitabında qeydlərinə əsasən, “həşr” bir qrupu qərargahdan çıxarıb döyüş meydanına və bu kimi yerlərə doğru aparmaq mənasındadır. Elə buna görə də, rəvayətdə belə buyurulur: اَلنِّساءُ لا يُحْشَرْنَ – “Qadınlar döyüş meydanına aparılmazlar.” “Ət-təhqiq” kitabında göstərilir ki, bu sözün kökü özündə üç mənanı ehtiva edir: “bə`s” (göndəriş), “hərəkət etdirmək” və “toplamaq”. “Həşəratul-ərz” (yer üzünün həşəratları) ifadəsi də kiçik canlılıar (cücülər) mənasını ifadə edir ki, çox olduqları, birgə hərəkət etdikləri və toplu halda yaşadıqları üçün “həşərat” adlandırılmışlar. Bu ifadənin məad və Qiyamət gününə aid olması ona görədir ki, bəşər tarixi boyunca yer üzünə qədəm qoymuş bütün insanlar hesab-kitab üçün Allah-Taalanın ədalət məhkəməsində hazır olmaq üçün həmin günü bir yerə toplanacaq, sonra isə Cənnət və Cəhənnəmə doğru aparılacaqlar. Həmçinin, həmin gün yer kürəsinin müxtəlif yerlərində, hətta, dənizlərdə və kosmosda dünyasını dəyişmiş hər bir insanın varlığının zərəccikləri Allahın əmri ilə bir yerə yığılacaq, ruh onlara qayıdacaq, yalnız özləri deyil, həm də əməlləri bir yerə cəm ediləcək. Elə bu səbəbdən də, Qiyamət günü hər cəhətdən həşr və toplanış günüdür. Bəzi İslam rəvayətlərindən anlaşılır ki, Qiyamətdə yalnız yer üzünün sakinləri deyil, səma əhli də bir yerə toplanacaq. Elə buna görə də “Qafir” surəsinin 15-ci ayəsində buyurulduğu kimi, Qiyamətin adlarından biri “Yəvmut-təlaq”dır (Görüş günü) ki, İmam Sadiq (ə) bu haqda belə buyurmuşdur: يَوْمَ التَّلاَقِ:يَوْمَ يَلْتَقِي أَهْلُ السَّمَاءِ وَ أَهْلُ الْأَرْضِ ““Yəvmut-təlaq” (Görüş günü) göy və yer əhlinin bir-birilə görüşəcəyi gündür.” (“Biharul-ənvar”, c.7, səh.59, hədis 5; “Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, c.5, səh.38-39.) Maide.azn – Maarif bölümü Teqlər : #QuraniKərimdə,#axirət,#aləmi,#və,#onun,#adları,#–,#Həşr,#günü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnsanın yaranış məqsədləri 2-İsrail övladlarının süqutunun sirri