Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də Allaha doğru qayıdışdır. O cümlədən, “Ənkəbut” surəsinin 57-ci ayəsində belə buyurulur:

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ

Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Qiyamət səhnəmizə, Cənnət və Cəhənnəmimizə) qaytarılacaqsınız!

Allaha və Onun hüzuruna qayıdış ifadəsi Quran ayələrində dəfələrlə işlənmişdir. Bəzən buyurulur:

إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا

Hamınızın qayıdışı Allaha tərəfdir. (“Ənkəbut” / 48.)

Bəzən arxayın nəfsə və təkamülə çatmış ruha xitabən belə buyurulur:

ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً

Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! (“Fəcr” / 28.)

Bəzən də Allahın qüdrətinin bəyanı məqamında belə buyurulur:

إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ

Şübhəsiz ki, O (Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir. (“Tariq” / 8.)

Bəzən də bir qrup möminin dili ilə belə buyurulur:

إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

Həqiqətən, biz Allahınıq və həqiqətən, Ona tərəf qayıdacağıq. (“Bəqərə” / 156.)

Bəzən də belə buyurulur:

إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى

Şübhəsiz, (bütün canlıların öldükdən sonra) dönüş(ü) sənin Rəbbinədir. (“Ələq” / 8.)

Qurani-Kərimdə dəfələrlə işlədilən bu və bu kimi təbirlərdən aydın olur ki, Qiyamət Qurani-Kərim baxımından bir növ qayıdışdır.

Burada belə bur sual yaranır: Həqiqətən, biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. – ifadəsində məqsəd nədir?

Bəzi təfsir alimləri bu sualın cavabında qeyd etmişlər ki, “Allaha tərəf qayıdacağıq” ifadəsində “Allahın hökmünə tərəf qayıdacağıq” mənası nəzərdə tutulur. Necə ki, ərəb dilində belə bir ifadə var: رَجَعَ اَمرُ القَومِ اِلَي الاَميرِ – “Xalqın işi əmirə qayıtdı.” Yəni əmirin əmrinə həvalə edildi.

Bəziləri də qeyd edirlər ki, məqsəd insanın Allahdan başqa heç kəsin hökm sahibi olmadığı və Ondan başqa heç kəsin insanlara bir xeyir və ya ziyan verə bilmədiyi bir yerə qayıtmasıdır. Bu yer də, təbii ki, axirət aləmi, Qiyamət səhnəsi və Allahın hüzurudur. (“Məfatihul-qeyb”, c.3, səh.492.)

Bəziləri də belə cavab verirlər:

Qurani-Kərimdə Allah-Taala mələklərə xitabən belə buyurur:

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُ سَاجِدِينَ

Elə ki, onu düzəltdim və ona Öz ruhumdan üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün! (“Ələq” / 8.)

Sözsüz, ayədə qeyd olunan Öz ruhumdan üfürdüm – ifadəsində məqsəd Allah-Taalanın pak zatından ayrılmış ruh deyil; çünki O, “vacibul-vücud”dur (zəruri varlıq) və hər cəhətdən bəsitdir və tərkibi bir ünsür olmaqdan uzaqdır. Məqsəd odur ki, insana Allah-Taalanın yaratdıqlarının ən şərəflisi olan böyük bir ruhdan üfürülmüşdür. (Öz ruhumdan üfürdüm – ifadəsi ruhun aliliyi və əzəmətinə işarədir. Elmi dillə desək, “ruh”un “Allah”a əlavə olunmasına “təşrifiyyə izafəsi» deyilir ki, hər bir şeyin əzəmətini bildirmək üçün işlədilir. “Beytullah” (Allahın evi) ifadəsindəki “beyt” sözünün “Allah” sözünə artırıldığı kimi. Halbuki Allahın nə ruhu var, nə də cisim deyil ki, yaşamaq üçün evi olsun.))

Beləliklə, yuxarı aləmdən aşağı (maddi) aləmə göndərilən insanın ali ruhu təkamül mərhələlərini ötüb-keçmək üçün bu aləmlə sıx əlaqə yaradır, sonra isə ondan ayrılaraq yuxarı aləmə – Haqqın hüzuruna qayıdır.

Düzdür, cismani məada əsasən, Qiyamətdə həm cisim, həm də ruh – hər ikisi qayıdacaq. Lakin o aləmdə ruh cismə deyil, cisim ruha qayıdacaq və təkamülə yetəcək! Beləcə, dünyəvi cismin qocalıq, fənalıq, ağrı, xəstəlik, yorğunluq və bu kimi nöqsanlarından uzaq olacaq.

Bəzi alimlər ruhun bədənə nazil olması, sonra isə yuxarı aləmə yüksəlməsinə aid gözəl bir təşbeh qeyd etmişlər; belə ki, insanın ruhunu dənizin dibinə düşüb qiymətli əşyaları çıxarmaq üçün öz ayağına ağır bir daş bağlayan və onun köməyi ilə dənizin dibinə enib qiymətli əşyaları topladıqdan sonra ağır daşı ayağından açaraq dənizin səthinə qalxan dalğıca bənzətmişlər. Allaha qayıdışın mənası da budur! (“Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, c.5, səh.45-47.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru