Qurani Kərim və İnsanın Hayat Proqramı - 1. Hissə

Qurani Kərim və İnsanın Hayat Proqramı - 1. Hissə

 
Bəşərin həyatdakı xoşbəxtliyini digər dinlərdən daha yaxşı təmin edən və bu xoşbəxtliyə zəmanət verən İslam dini, Qurani-Kərim vasitəsilə müsəlmanlara çatmışdır. Əqaid, əxlaq və əməli qanunlardan ibarət İslam dininin əsl qaynağı, Qurani-Kərimdir. Allah təala belə buyurur: "Şübhə yoxdur ki, bu Quran insanları ən doğru yola sövq edər" [1]
və yenə belə buyurmaqdadır: "... Və biz, sənə hər şeyi açıqlayıb izah edən və müsəlmanlara hidayət, mərhəmət və müjdə olan kitabı nazil etdik." [2]
 
Aydındır ki, Qurani-Kərimdə dini əqidələr, əxlaqi fəzilətlər və əməli qanunların külliyatı bir çox ayələrdə zikr edilmişdir.
Təfsilatlı digər bir şərh: Aşağıdakı bir neçə müqəddimənin açıqlanması, Qurani-Kərimin bəşərin həyat proqramını ehtiva etdiyini aydınlaşdırır.
 
1. İnsanın həyatında çatmaq istədiyi hədəf, yalnız öz səadət və xoşbəxtliyidir. (Xoşbəxtlik və səadət, həyatın müəyyən bir növü olaraq, insanın arzu etdiyi və məftun olduğu şeydir. Misal olaraq, azadlıq, rifah, yaxşı dolanışıq və digərləri kimi ...)
Əgər bəzən həyatına intiharla son qoyan və ya həyatın üstünlüklərindən üz çevirən, öz səadətlərindən qaçan fərdləri görürüksə, bunların da ruhi vəziyyətlərinə diqqət etsək, xüsusi amillər səbəbi ilə əslində, həyat xoşbəxtliyini izlədikləri şeydə bildiklərini görəcəyik. Məsələn, intihara təşəbbüs edən bir kimsə, narahatlıqlardan xilas olmağı ölümdə görür. Və ya maddi ləzzətləri özünə qadağan edən, zöhd və tərki-dünya olan kimsə də, xoşbəxtliyi izlədiyi bu üsulda görür.
Buna görə davamlı olaraq, insanın həyat mübarizəsi, səadətini anlayıb ona qovuşmaq üçündür. İstər gerçək səadətinə çatsın, istər səhv etsin.
 
2. İnsanın həyatdakı fəaliyyətlər heç bir zaman proqramsız reallaşmaz. Bu aydın bir məsələdir. Çünki, bir tərəfdə insan öz istək və iradəsi ilə çalışır. Nəticədə mövcud vəziyyətlərə görə, bir işi etməyi uyğun görməzsə, onu etməyə cəhd etməz. Yəni, bir işi daxilindən gələn bir əmrdən sonra edər. Digər tərəfdən isə etdiyi işləri "Özü" üçün, yəni dərk etdiyi ehtiyaclarını aradan qaldırmaq üçün edər. Nəticədə etdiyi işlər, bir-birinə bağlı olub aralarında birbaşa bir əlaqə vardır.
Yemək, içmək, yatmaq, durmaq, oturmaq, getmək və s. - işlərin hər birinin, müəyyən bir yeri və ölçüsü vardır. Bəzi hallarda lazımlı, bəzən lazımsız, bəzi hallarda faydalı və bəzən isə zərərlidir. Nəticədə, hər işi etmək, insanın içindəki daxili əmr əsasında reallaşır.
 
Hər insan - fərdi işləri, əhalisi müəyyən bir qanun, adət-ənənə ilə nəzarət edilən bir ölkəyə bənzəyir. Sözü gedən ölkədə fəal olan qüvvələr, işlərini əvvəlcə məmləkətin etibarlı olan qayda və qanunlarına uyğunlaşdırırlar. Və daha sonra işə başlayır. Bir cəmiyyətin ictimai fəaliyyətləri də, fərdi fəaliyyətlərinə bənzəyir. Daima xalqın əksəriyyəti tərəfindən qəbul edilmiş bəzi qaydalar, adət-ənənələr onlara hökm sürməlidir. Əks halda, cəmiyyəti meydana gətirən fərdlər, qarışıqlıq səbəbi ilə qısa bir müddətdə parçalanarlar. (tebyan) /
 
[1] - "İsra", 9.
[2] - "Nəhl", 89.

Google+ WhatsApp ok.ru