Quran surələri ilə qısa tanışlıq – ‘Vaqiə’ surəsi

Quran surələri ilə qısa tanışlıq – ‘Vaqiə’ surəsi

Surələr gülüstanı

 “Vaqiə“ surəsi Məkkədə nazil olmuş və 96 ayədən ibarətdir.

“Tarixul-Quran“ kitabında İbn Nədimdən nəql olunur ki, “Vaqiə“ surəsi Peyğəmbəri-Əkrəmə (s) nəql olunan 44-cü surədir. Ondan öncə “Taha“, sonra isə “Şuəra“ surəsi nazil olmuşdur. (“Tarixul-Quran“, Əbu Əbdullah Zəncani, səh.59.)

“Vaqiə“ surəsinin ahəngindən göründüyü və təfsir alimlərinin də qeyd etdiyi kimi, bu surə Məkkədə nazil olmuşdur; bəziləri onun 81 və 82-ci ayələrinin Mədinədə nazil olduğunu qeyd etsələr də, buna bir dəlil-sübut və həmin ayələrdə bu iddiaya dair bir nişanə yoxdur.

“Vaqiə“ surəsində, adından da göründüyü kimi, Qiyamət və onun xüsusiyyətlərindən söz açılır və surənin 96-dan ibarət bütün ayələrində bu həqiqət özünü göstərir. Bununla belə, bu surənin möhtəvasını səkkiz hissəyə ayırmaq mümkündür:

1. Qiyamətin başlanğıcı və ona yaxın baş verəcək ağır və qorxulu hadislər;

2. İnsanların həmin gün “sağ tərəf səhabələri“, “sol tərəf səhabələri“ və “müqərrəblər“ (iman və təqvada öncüllər və Allaha yaxın olanlar) kimi qruplara bölünməsi,

3. Müqərrəblərin məqamları və onların Behiştdəki müxtəlif növ mükafatları;

4. Sağ tərəf səhabələri və onlara əta olunan cürbəcür ilahi nemətlər;

5. Sol tərəf səhabələri və onların Cəhənnəmdə ağrılı-acılı əzabları;

6. Allahın qüdrəti, insanın dəyərsiz nütfədən yaranması, bitkilərdə həyatın təcəllası, yağışın yağması və odun şölələnməsi vasitəsilə məad məsələsinə aid müxtəlif dəlil-sübutların bəyanı;

7. Qiyamətin müqəddiməsi sayılan canverən halının və bu dünyadan o biri dünyaya köçmək anının təsviri;

8. Möminlər və kafirlərin savab və cəzasına qısa nəzər.

Sonda isə surə Uca Rəbbin adı ilə yükunlaşır. (“Təfsiri-nümunə“, c.23, səh.193-194.)

Vaqiə” surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الواقِعَةِ کُتِبَ لَیسَ مِنَ الغافِلِینَ

Hər kim “Vaqiə“ surəsini oxusa, onun qafillərdən olmadığı yazılar. (“Məcməul-bəyan“, c.9, səh.212.)

Çünki bu surənin ayələri insanı qəflətdən ayıldacaq qədər təkanvericidir. Elə bu səbəbdən də, bir hədisdə oxuyuruq ki, Peyğəmbəri-Əkrəmdən (s): “Niyə bu qədər tez qocaldınız?“ – deyə soruşulduqda, Həzrət buyudu:

شَیَّبَتنی هُودُ وَالواقِعَةُ وَالمُرسَلاتُ وَعَمَّ یَتَساءَلُونَ

Məni Hud“, Vaqiə“, Mursəlat“ və Əmmə-yətəsaəlunə“ surələri qocaltdı.“ (“Xisal“, Şeyx Səduq, “babul-ərbəə“, hədis 10.)

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ فی کُلِّ لَیلَةِ جُمُعَة الواقِعَةَ أحَبَّهُ اللّهُ وَأحَبَّهُ إِلَى النّاسِ أجمَعینَ وَلَم یَرَ فِى الدُّنیا بُؤساً أبَداً وَلا فَقراً وَلا فاقَةً وَلا آفَةً مِن آفاتِ الدُّنیا وَکانَ مِن رُفَقاءِ أمیرِالمُؤمِنِینَ(علیه السلام)

Hər kimVaqiə“ surəsini hər cümə axşamı oxusa, Allah-Taala onu sevər, bütün insanlar arasında sevimli olar, dünyada əsla narahatçılıq duymaz, yoxsulluq, ehtiyaclılıq və dünya bəlalarına düçar olmaz, Əmirəlmöminin Əlinin (ə) dostlarından olar.“ (“Nurus-səqələyn“, c.5, səh.203.)

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan başqa bir hədisdə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ الواقِعَةِ کُلَّ لَیلة لَم تُصِبهُ فاقَةٌ أبَداً

Hər kim Vaqiə“ surəsini oxusa, heç vaxt yoxsul olmaz.“ (“Məcməul-bəyan“, c.9, səh.212.)

Elə buna görə də, bir rəvayətdə Vaqiə“ surəsinin başqa bir adının da Qəni“ olduğu qeyd edilir. (“Ruhul-məani“, c.27, səh.111.)

Əlbəttə, qeyd etməliyik ki, bu qədər savab və bərəkət düşüncə, əməl və hərəkətlə yanaşı tilavətə məxsusdur. (“Təfsiri-nümunə“, c.23, səh.197.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru