Çörəyi çox yeməyimizin səbəbləri...

Qiyməti qalxıb-enən nemət barədə bilmədiklərimiz...

Son günlərin ən aktual mövzusu heç şübhəsiz ki, anormal bahalaşma və bunun fonunda çörəyin qiymətinin qalxıb, daha sonra aşağı salınmasıdır. Bizim insanımız süfrəsində, mədəsində çörəyi hər zaman bol edir. Çörəyi sevən millətik. Amma süfrələrimizin baş tacı olan nemət barədə bilmədiklərimiz var. Onlar nələrdir və nələrə diqqət etməliyik?

 
Tarixçilərin və arxeoloqların dediklərinə görə, çörək bəşər övladına 15 min il bundan qabaq məlum idi. Qədim insanlar od almağı öyrəndikdən sonra qızmar daş üstündə şit kökə bişirməyə başlamışdılar. Bununla da qida problemi qismən həll edilmişdi. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. 
 
2050-ci ilə qədər çörək qıtlığı yaşanacaq, çünki...
 
İnsan sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Bu statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır.
 
Amerika alimlərinin hesablamalarına görə, 2050-ci ilə qədər bəşəriyyətdə çörək qıtlığı yaranacaq. Qeyd edək ki, mütəxəssislər bunu əksər ölkələrdə torpaqların yararlılıq müddətinin başa çatması ilə əlaqələndirirlər. Amma ekspertlərin sözlərinə əsasən, bu məsələdən daha çox əziyyət çəkən Şərq xalqları olacaq. Çünki şərqlilər çörəyə meylli olduğundan və qida rasionunda sözügedən məhsuldan istifadəyə üstünlük verdiklərindən onların tələbatını ödəmək çətinləşəcək. Yeri gəlmişkən, azərbaycanlılar da daha çox çörəklə qidalananlar sırasındadır. Məsələn, respublikamızda taxılçılığın inkişaf etdirilməsinə baxmayaraq, mövcud tələbatı ödəmək mümkünsüzdür. Buna görə də hökumət hər il Rusiya, Qazaxıstan və başqa dövlətlərdən taxıl idxal edir.
 
Halbuki adıçəkilən ölkələrin əhalisinin ümumi sayı Azərbaycandan dəfələrlə çoxdur və onlar təxminən respublikamızdakı taxıl sahələrindən bir qədər artıq buğda becərirlər. Amma bunun müqabilində digər dövlətlərə də taxıl ixrac edirlər. Təbii ki, başlıca səbəb çörəyə olan tələbatımızla bağlıdır. 
 
Çox çörək yemək genetik koda söykənir...
 
Bütün bunlarla paralel daha çox sual doğuran məsələ isə insanlarımızın niyə çörəyə bu qədər meylli olmasıdır. Təbii ki, bu, kasıblıqdan irəli gələn məsələdir. Çünki insanlarımız doymaq üçün daha ucuz, amma mədəni doyuran qidalardan istifadə edir. Qədim dövrlərdə Azərbaycan zəngin olmadığından və ayrı-ayrı dövlətlərin müstəmləkəsində yaşadığından xalqımız ağır həyat tərzi keçirib. Bu baxımdan onların qida seçimi çox bəsit olub. Eləcə də həmin ərəfələrdə əkinçilik, o cümlədən dənli bitkilərin becərilməsi sürətlə inkişaf etdiyindən insanlar qida rasionunda daha çox belə məhsullara üstünlük verirdilər. Amma burada bir məsələ də var ki, azərbaycanlı ailələrdə heç vaxt çörəkdən imtina müşahidə edilmir. Məsələn, biz balıq və digər məhsullarla təkrar-təkrar qidalana bilmərik. Lakin çörəyi gündə 3 və ya 4 dəfə qida rasionumuza daxil edirik. Təbii ki, bu proses genetik kodlarımızın necə formalaşması nəticəsində baş verir. Sözügedən məsələ insan psixologiyasının və fiziologiyasının durumundan da asılıdır. Yəni əcnəbilər əksər hallarda qida rasionlarına çörək daxil etmirlər və bu, artıq pozulmaz qaydadır. Məsələn, almanlarda buşteks adlı yemək var və qızardılmış ətdən ibarət olan həmin yeməyin süfrəyə verilməsi zamanı noxuddan, kartofdan, göyərtidən istifadə edirlər. Əgər hansısa alman restoranında buşteksin yanında süfrəyə çörək verilirsə, bu, ofisiantın kobud səhvi kimi qiymətləndirilir.
 
Həm heyvani, həm də bitki mənşəli zülallar orqanizm üçün həddən artıq vacibdir və immun sisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Amma bitkimənşəli zülallar, yəni proteinlər orqanizmə daha xeyirlidir. Bundan başqa, çörəyin tərkibində kalsium, dəmir, maqnezium və B qrupu vitaminləri də var. Həmin maddələr hüceyrə və toxumaların qidalanmasında vacib rol oynayır. Çörəyin zərərli tərəfi isə yalnız karbohidratlarla bağlıdır. Çünki bu birləşmə insanlarda kökəlməyə meyllilik yaratdığından orqanizmi ağırlaşdırır.
Gün ərzində maksimum 400 qrama yaxın çörəkdən istifadə zəruridir.
 
Köhnə çörəyi neçə gün yemək olar?
 
İnsanlarımız bu günlərdə qənaət rejiminə keçdiyi üçün çörək məsələsində də buna riayət edirlər. Köhnə çörəyi isitmək, yumurta ilə qızardıb səhər yeməyində süfrəyə vermək... Bunların hər biri qənaət rejiminin vazkeçilməz nüanslarından sayılır. Bəs köhnə çörəyi neçə gün yemək mümkündür?
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dəfələrlə çörək sexlərində monitorinq aparıb. Çörək və bulka məmulatları ilə bağlı laborator tədqiqatlar aparılarkən onlardan nümunələr də götürülüb. Hətta monitorinq zamanı götürülmüş nümunələrdə kartof xəstəliyinin törədicisi də aşkarlanıb.
 
Mütəxəssislər deyir ki, çörəyin saxlanma müddəti müvafiq normativ sənədlərlə müəyyənləşdirilir. Belə ki, onun 120 saat saxlanmasına icazə verən sənəd dövlət sanitariya orqanları tərəfindən hələ təsdiq olunmayıb. Amma elə müəssisələr var ki, onlar xüsusi qablaşdırma sistemindən istifadə etdiyi və çörəyin tərkibində məhsulun saxlanmasına zəmanət verən məhsullardan istifadə etdiyi üçün həmin müəssisələrə çörəyin maksimum 3 sutka saxlanmasına icazə verilir. Bu zaman da havanın temperaturu və nisbi rütubət mütləq nəzərə alınmalıdır. Belə ki, bu şəraitdə də çörəklərin 72 saatdan artıq saxlanmasına icazə verilmir. Adi halda çörəyin 25 saatdan yuxarı saxlanma müddəti yoxdur.
Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) araşdırmasına görə, ölkə üzrə çörək istehsalı sahəsində subtilis (kartof çöpü) viruslarına yoluxma bir neçə yolla baş verir. Birinci variantda virusa yoluxma un vasitəsi ilə baş verir, yəni bakteriyalar taxılı yoluxdurur və ondan istehsal edilmiş un da yoluxmuş olur, daha sonra ondan istehsal edilən xəmir və çörək də virus daşıyıcısına çevrilir. Çünki həmin virusların vegetativ hüceyrələri 75-80 °C istilikdə ölsələr də, sporları hətta bir saat ərzində 120 °C istilikdə qaldıqda belə məhv olmur. Çörək isə maksimum 20 dəqiqəyə bişir. Yəni bu yolla bişən çörək virus daşıyıcısı olaraq qalır.
 
Çörəyi yeməmişdən əvvəl qurudaq... niyə?
 
Çörəklə bağlı daha bir neqativ hal isə onun çəkisini əhatə edir. Belə ki, standartlara görə, çörəyin üzərində onun dəqiq çəkisi və qiyməti qeyd olunur. Lakin Azərbaycanda bu cür təcrübə olmadığından istehsalçılar çörəyin çəkisilə manipulyasiya edir. 
 
Azərbaycanda çörək zəruri ərzaq normasına daxildir. Taxılın adambaşına illik istifadə norması 180 kq müəyyən edilib. Amma adambaşına düşən çörək norması barədə rəsmi qurumlarda heç bir məlumat yoxdur. 
 
Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə  buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
 
Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Biz ona adətən “qara çörək” deyirik. Bu çörək daha gec mənimsənilir və ağ çörəklə müqayisədə onun tərkibində daha çox faydalı maddələr saxlanılır.
 
Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.
 
Çörəyi düzgün yemək lazımdır. Bu nə deməkdir? Dietoloqlar çörəyi yeməkdən əvvəl bir qədər qurutmağı tövsiyə edirlər.
 
Boyat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və diyetoloqlar təsdiq edir. Boyat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur.
 
Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
 
Heyvana çirkli çörək yedirdirlər, nəticədə insanlar xəstələnir
 
Azərbaycanda istehlakçılar çörəyin israfçılığına yol verir. Amma dünyanın aclıqdan əziyyət çəkmiş xalqlarında çörəyə xüsusi münasibət var. Azərbaycanda çörəyi ayaq altına zibilxanalara atırlar. Kirləndirilmiş çörəyin yenidən heyvanlara verilməsi isə insanların sağlamlığında öz əksini tapır. Heyvanlardan keçən xəstəliklər insanları bir anda məhv edə bilər. İnsan ekoloji cəhətdən təmiz qida qəbul edən heyvanların məhsulu ilə qidalanmalıdır. Məncə, sanitar-gigiyenik qaydalara zidd olan belə kiflənmiş çörəklərin satışının qarşısı dövlət orqanları tərəfindən alınmalıdır. 
 
Bir çox hallarda çörəyin tərkibi və saxlanma müddəti standartlara uyğun olmur. Ona görə də ekspertlər alıcılara çörəyi daha çox parça kağız və ya digər pambıq vasitələrdə saxlamağı tövsiyə edir.
 
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsindən verilən məlumatda isə bildirilir ki, dükanlar satış müddəti başa çatmış çörəyi yenidən sexlərə qaytarır. Çörəkbişirmə sexləri də qayıdan məhsulu satış qiymətinin 50 faizi dəyərində vətəndaşlara satır. Onlar da heyvanlara verir.
 
Kolumbiya Universitetinin professorları çox çörək yeyən qadınlarda sonsuzluq riskinin artdığını açıqlayıblar. Hamilə qala bilməyən 188 qadının iştirak etdiyi araşdırmada qlutenli qidalar yeyən qadınlarda sonsuzluq riskinin 6 dəfə çox olduğu müəyyənləşdirilib.
Qlutenlə ən zəngin qidanın çörək olduğunu bildirən alimlər ana olmaq istəyənlərə çörəkdən imtina etməyi məsləhət görüblər.
 
Alimlərin sözlərinə görə, həddən artıq qluten qəbul edən kişilər də eyni problemlə üzləşirlər. Onların ata olmaq şansı 30 faiz azalır.
 
Çörəyin sonsuzluqla yanaşı, uşaqsalmaya, menstruasiya ilə bağlı problemlərin yaranmasına səbəb olduğu deyilir.
 
Qluten maddəsinin bəzi kosmetik vasitələrin tərkibinə də vurulduğunu bildirən həkimlər qadınların xüsusilə, dodaq boyalarına qarşı diqqətli olmalarını tövsiyə edirlər.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru