Ramazan İlahi küləklərin əsdiyi aydır

Maide.az xəbər verir ki, İslam alimi Həbibullah Fərahzad Peyğəmbərdən (s) nəql olunan "Əgər insanlar bu ayın fəzilətini dərk edə bilsəydi, bütün ilin Ramazan olmasını arzu edərdi" hədisini şərh edib:
 
"Həzrət Əlinin (ə) Ramazanın üstünlüyü haqqında belə buyurduğu nəql edilir: "Ramazan ayının digər aylara olan fəziləti, məsum İmamın digər insanlara olan üstünlüyü kimidir."
 
Uca Allah Ramazanda rəhmət və mərhəmət süfrəsini bütün insanlar üçün açar. Bu ayda ən kiçik bir yaxşılıq edəni Allah, qat-qat artıqlamasıyla mükafatlandırır. Bu ayda qılınan fərz namazları savabı adi gündə qılınan namazın mükafatından yetmiş dəfə çoxdur.
 
Həzrət Məhəmmədin (s) buyurduğu kimi, insan ömrünün bəzi hissələrində İlahi küləklər əsir. İnsan üçün mənəvi fürsətlər hazırlanır. İnsan belə mənəvi imkanları qaçırmamaq üçün maksimum səylərini sərf etməlidir. Necə ki, Əhli-Beytə aid türbələrin, məscidlərin, böyüklərin məzarlarının müsəlmanlar üçün ayrı bir əhəmiyyəti varsa, müəyyən vaxtların da İlahi işdə ayrı bir dəyəri vardır. Ramazan bu zamanlardan ən qiymətlisidir.
 
Rəvayətlərdə Ramazan ayında göy qapılarının taybatay açıldığı nəql edilmişdir. Bu səbəbdən bu qapılar və İlahi ziyafət süfrəsi açıq olduğu müddətdə Quran ilə daha çox münasibətdə olmalıyıq. Ramazanda və ömrünün hər anında Quranla daha çox səmimi olanlara bir çox nailiyyət və nemət nəsib olur. İnsanın üzünə cənnətin qapılarını açıb cəhənnəmin qapılarını bağlayan İlahi kəlamla (Quran) daha çox vaxt keçirək.
 
Ramazanın insan üçün təqdim edə biləcəyi ən böyük nemətlərdən biri, insanın zamanla günahı tərk iradəsini əldə etməsidir. Çünki Ramazan ayının əsas fəlsəfəsi təqva və Allah qarşısı olmaqdan çəkinməkdir. Bu ayda öz nəfsini məğlubiyyətə uğradan, nəfsinin burnunu yerə sürtənin yuxusu da ibadət olar".

Google+ WhatsApp ok.ru