İraq ABŞ-ın maliyyələşdirdiyi telekanalın yayımını 3 aylıq dayandırdı

İraq ABŞ-ın maliyyələşdirdiyi telekanalın yayımını 3 aylıq dayandırdı

İraq Rabitə və İnformasiya Nazirliyi ABŞ-ın maliyyələşdirdiyi Əl-Hurra İraq televiziya kanalının yayımını, “ölkədəki dini qurumların korrupsiyaya bulaşdığı iddialarını” ehtiva edən proqram hazırlaması səbəbilə 3 ay müddətinə dayandırıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı bəyanatda, Əl-Hurra İraq telekanalı rəhbərliyinin rəsmi şəkildə üzr istəməsi də tələb olunub və bunun telekanala sonuncu xəbərdarlıq olduğu bildirilib.
 
“Sözügedən təcavüz davam edərsə və yayım prinsipləri yenidən pozularsa, kanala daha ağır cəzalar veriləcək. Efirdən məhrum edilən qurum və şəxsiyyətlərin də məhkəməyə şikayət etmə haqqı var”,- deyə bəyanatda bildirilib.
 
Əl-Hurra İraq telekanalı keçən şənbə, İraqdakı şiə və sünni bəzi dini qurumlarda korrupsiya iddialarını ehtiva edən proqram hazırlamışdı. Bu proqram İraqın bəzi din xadimləri və siyasi çevrələrində etirazla qarşılanmışdı.
 
İraqın Sünni Fondundan verilən yazılı açıqlamada, telekanal haqqında məhkəməyə şikayət ediləcəyi bildirilib.
 
ABŞ-ın Bağdad səfirliyindən verilən yazılı açıqlamada isə, belə qeyd olunub: “ABŞ Dövlət Departamenti və dünyadakı ABŞ səfirliklərinin Əl-Hurra İraq televiziya kanalının yayım məzmununu yoxlama səlahiyyəti yoxdur”.
 
Xatırladaq ki, ABŞ-ın maliyyələşdirdiyi Əl-Hurra İraq telekanalı 2004-cü ilin sentyabrında İraqda yayıma başlamışdı.
 

Google+ WhatsApp ok.ru