Ruhani Hacı Şeyx Sərdardan unudulmaz cavab `Dənizə atılmış ağzı bağlı butulka`

Ruhani Hacı Şeyx Sərdardan unudulmaz cavab `Dənizə atılmış ağzı bağlı butulka`

-- Bəziləri İslamın ağuşunda böyüsə də nə üçün sonda dönük çıxır?

 Hələ gənc yaşlarımdan fikrimdə formalaşmış bəzi suallara cavab tapmaqda israrlı idim. Bəzən kitablara, bəzən müəllimlərə və bəzən də tələbələr arasında elmi və əxlaqı ilə seçilən tələbələrə müraciət edirdim. Cavab alsam da nədənsə ürəyimə yatmır və qəlbimin dərinliyində (müsahibimə bildirmədən) cavabla razılaşmırdım.

Zehnimdə (fikrimdə) illərcə kök salmış suallardan biri də bu idi:

"Bəziləri İslamın ağuşunda böyüsə də nə üçün sonda dönük çıxır? Oxuduğu, bildiyi və bir zamanlar hörmətlə yanaşdığı hər şeyə dönük çıxır?!"

Həm tarixə, həm də müasir dövrümüzə nəzər saldıqda, bəzi insanları görürük ki, İslam mədəniyyətinin qoynunda tərbiyə alıb boya-başa çatmasına və dövrünün ən böyük müəllimlərinin hüzurunda islami dəyərlərə yiyələnməsinə baxmayaraq, müəyyən dövrdən sonra yolunu azır. Hətta kim olduğunu belə unudur. İllərcə zəhmət çəkdiyi, uğrunda yorğunluq, qəriblik, yoxsulluq kimi çətinliklərə qatlandığı bütün dəyərləri sanki görməzdən gəlir. Bu qəbil insanlara misal olaraq, İbni Mülcəmi göstərmək olar. Əvvəldə də qeyd etdiyimiz kimi belə insanlar tarixin bütün dövrlərində olub və olacaq. İbni Mülcəm İslamın isti ağuşunda böyüsə də, sonda törətdiyi cinayət tarixin ən faciəli cinayətlərindən biri olduğunu desək, yəqin ki, yanılmarıq. Bir vaxtlar İbni Mülcəmin özünün də inana bilməyəcəyi bu cinayətə nə səbəb oldu? Nə üçün belə şəxslər İslam mədəniyyətinin mərkəzində tərbiyə aldıqları halda, sonradan naxələf çıxır və sahib olduqları bütün dəyərlərə xəyanət edirlər?!

Tələbəlik həyatı yaşamış insanlar yəqin ki, məni yaxşı başa düşər. Yəni o illərdə insan hər kəslə qaynayıb-qarışa bilmir. Hətta hər kəslə söhbəti tutmur. Amma Şeyxin əxlaqı, mədəniyyəti və özünəməxsus danışığı insanı özünə cəlb etməyə bilməzdi. Ona görə bir çox tələbələr kimi mən də Şeyx Sərdarla hərdən söhbətləşir, dərdləşirdik. Günlərin bir günü söhbət əsnasında cavab tapa bilmədiyim sualı Şeyxə ünvanladım. Şeyx bir misal vasitəsilə illərcə cavabını tapa bilmədiyim sualı kökündən həll etdi.

Şeyx:

- İndiyə qədər dəniz kənarında olmusan?

 - Bəli, çox olmuşam!

-  Dəniz kənarında dənizdən çıxmış məişət tullantılarını görmüsən?

- Bəli!

- Heç onların arasında butulka görmüsən?

- Hə görmüşəm!

-  O, butulkanı mənim üçün təsvir edə bilərsən?

- Nə demək istədiyini və bunun mətləbə nə aidiyyatı olduğunu bilmədiyim üçün başımı yırğalayıb "yox", - deyə cavab verdim.

Şeyx dedi:

- Onda yaxşı qulaq as!

Mən də bütün diqqətimi toplayıb Şeyxi dinləməyə başladım.

Şeyx:

- Bax, dəniz kənarında müxtəlif əşyalarla rastlaşırıq. Bunlardan biri də butulkalardır. Onların dəniz kənarında yığılmasından, üstündəki rəng və bozartıdan bilinir ki, nə vaxtsa dənizə atılmış butulkalardır. Dəniz müəyyən müddətdən sonra onları sahilə çıxarıb. Əgər biz dənizin ortasında 2 butulkadan birinin qapağını bağlayıb, digərini isə qapaqsız dənizə atsaq, bilirsən nə baş verəcək? Yenə də başımı yelləyib, "yox" dedim. Qapaqsız butulkanı dənizə atdıqdan sonra dənizin suyu tədricən onun içinə dolacaq. Su butulkaya dolduqca, onun içindəki hava boşalacaq və suyla tam dolduqdan sonra atdığımız yerdən bir neçə metr kənarda dənizin dibinə batacaq və dənizin bir parçasına çevriləcəkdir. Amma qapağını bağladığımız butulkanı suya atdıqda onun qapağı bağlı olduğu üçün dənizin suyu ona nüfuz edə bilməyəcək. İçindəki hava butulkanı dənizin dibinə batmağa qoymayacaq. Dəniz ləpələndikcə ağzı bağlı, içində hava olan butulka gec-tez dənizin kənarına çıxıb dənizdən uzaqlaşdırılacaq. (Mən artıq yavaş-yavaş başa düşməyə başlayırdım) Ağzı açıq atılmış butulka dəniz suyunu qəbul etdiyi üçün tez bir zamanda dənizin dibinə batır və onun bir hissəsinə çevrilir. Ağzı bağlı butulka isə bu icazəni vermədiyi üçün dənizin parçası olmaq şansını itirir. İnsanlar da belədir, yaşadığı mədəniyyətdən asılı olmayaraq, təhsil aldığı təhsil ocağına baxmayaraq, könül qapısını öyrəndiyi mədəniyyətin üzünə açan insan tez bir zamanda həmin mədəniyyətin dərinliklərinə çökür və onun ayrılmaz hissəsinə çevrilir. Könül qapısını açmayanlar isə yiyələndiyi mədəniyyət və dəyərlər onun daxilinə nüfuz etmədiyindən, onun daxilində olan əğyarı (nəfsani istək, riyakarlıq) təmizləyə bilmir. Nəhayət, həmin mədəniyyətin ləpələri ağzı bağlı butulka kimi onu da vurub dəniz kənarındakı qumsallığa, qayalıqların ətəyindəki zibilliyə atacaqdır. Bəli, bir gün həm Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm), həm Həzrət Əlinin (əleyhissalam) kənarında elm öyrənən, İslam yolunda canını belə əsirgəməyən insanların sonda xəyanətləri, məhz bu səbəbdəndir. Onlar elm dəryasının içində olduqlarına baxmayaraq, onun dəyərlərini qəlblərinin dərinliyinə, həyatlarının dəqiqə və saniyələrinə nəql etmədikləri üçün dəryaya yaddırlar. Buna görə də nə vaxtsa dənizə və onun dəyərlərinə xəyanət edəcəkləri aşkar idi. Bu gün biz də beləyik. Əgər İslam mədəniyyətini qoruyub saxlamaq istəyiriksə, təkcə ibadət etmək, təhsil almaq, şəriətlə tanış olmaqla kifayətlənmək olmaz. Onu bütün vücudumuzla hiss etməli və həyatımızın ayrılmaz hissəsinə çevirməliyik. Dənizin parçası olmaq üçün dənizə atılmaq tam şərt olmadığı kimi İslam mədəniyyətinə yiyələnmək də oxuyub, ibadət etməklə əldə olunmur. Əslində daha çox fədakarlığa ehtiyac vardır. Dəniz yalnız özündən olanı özündə qərq edər. Butulka əslində dəniz üçün yad cismdir. Lakin həmin o yad cism saydığımız butulka dəniz suyu ilə dolduğuna görə dəniz onu öz parçası olaraq qəbul edir.

Sonralar əhdinə xilaf çıxmış şəxslərdən söz düşdükdə, Şeyx mənə baxıb - "dənizə atılmış ağzı bağlı butulka məsələsi", - deyərdi.

Şeyxin böyük ustalıqla verdiyi cavab məni tam aydınlatdı və sualımın cavabını tapdım.

Allah-taala (c.c) Hacı Şeyx Sərdarı tezliklə İslam cəmiyyətinə qaytarmaqla hamımızı sevindirsin. Amin!

Zəfər Cəfərov

Google+ WhatsApp ok.ru