Quranda islami təfəkkür tezisi kitabı - 17-ci məclis (AUDİO)

Quranda islami təfəkkür tezisi kitabı - 17-ci məclis (AUDİO)

NÜBUVVƏTİN HƏDƏFLƏRİ

 

Şənbə – 1974-10-05

Ramazan ayının 18-i.

بسم الله الرحمن الرحيم

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan(tərəzi) nazil etdik ki, insanlar ədalətli yaşayış (ədalət və bərabərliyi təmin edən mühit) bərpa etsinlər. Biz insanlar üçün sərtlik (zərər) və faydaları olan dəmir də nazl etdik ki, beləcə, Allah Ona və peyğəmbərlərinə görmədən (qeybə iman gətirməklə) kömək edənləri ayırd etsin.Həqiqətən, Allah qüdrətli və məğlubedilməzdir!

“Hədid” surəsi, ayə 25.

 

Nübuvvətlə bağlı silsilə söhbətlərimizdə bura çatdıq ki, Allah tərəfindən göndərilmiş peyğəmbər cəmiyyətə daxil olduqda, öz daxilində dönüş yaratdığı kimi, cəmiyyətdə də dönüş yaradır. Biz bu gün bu dönüşdə məqsədin nə olduğunu anlayacağıq. Ümumiyyətlə, ilahi peyğəmbərlərin fəaliyyətlərində məqsəd nədir? Bu mətləbi öyrənmək hər cəhətdən bizə faydalı, hətta zəruridir. Peyğəmbərlər hansı hədəfi izləyirlər? Onların məqsəd və məramları nədir?

Peyğəmbərlərin əsas və başlıca hədəfi birdir, digər hədəflər isə onun fonunda irəli sürülür və onların içərisində bir hədəf peyğəmbərlər üçün daha önəmli, daha cəlbedicidir. Amma ilahi peyğəmbərlərin əsas və başlıca hədəfini bir neçə kəlmədə belə xülasə etmək olar: Peyğəmbərlər insanı təkamül və ali məqama yetirmək üçün bu dünyaya gəlmişlər. İnsan çoxlu istedadlara, qüvvə və enerjilərə sahib bir varlıq tək daha yüksək və üstün, daha izzətli və şərəfli olmağa qadirdir.

Əsas etibarilə, insan doğulduğu və varlıq aləminə qədəm qoyduğu ilk gündən, daim təkamül və tərəqqiyə doğru irəliləyir. Bunu onun cismani görünüşü və bədənində aşkarcasına müşahidə edirsiniz. Körpə bir uşaq kamil bir insanın bir çox xüsusiyyətlərinə sahib deyil; hələ dişi, güclü əli, möhkəm çənəsi, qaçan ayağı yoxdur. O, böyüklər kimi özünü idarə və hər qidanı həzm edə bilmir, güclü beyin və sinir sisteminə sahib deyil. Lakin bütün bunlar zaman ötdükcə, tədricən, yaranmağa başlayır. Sözsüz, ona xaricdən bir şey verilmir, zaman keçdikcə, həmin kiçik çənəsi, zəif əli böyüyür, kiçik və incə ayaqlarla möhkəm addımlar atır, zəif sinir sistemi güclənir, gücsüz beyni həyatın ən mühüm və anlaşılmaz məsələlərini kəşf etməyə qadir olur. Ona xaricdən heç nə verilmir, elə bunların özü zaman ötüb keçdikcə, onun tədricən, xüsusi şəraitə uyğun olaraq çiçəklənən gizli istedadlarıdır. Onun özündə danışıq və düşüncə qabiliyyəti olduğundan, sonradan danışmağa və düşünməyə başlayır, alim olmaq bacarığına sahib olduğundan yüksək elmi nailiyyətləri əldə edir. O, daim kamilliyə doğru hərəkətdədir; gücsüz idisə, güclənir, fikirləşə bilmirdisə, fikirləşir, təcrübəsiz idisə, təcrübə sahibi olur və s.

Bildiyiniz kimi, insanın zahiri görünüşü daim tərəqqi və təkamül halındadır. Onun mənəviyyatı, insani fəzilət və kefiyyətləri də eynilə bu qəbildəndir. İnsan daxili istedadlarla doludur; onu dərin bir mədənə bənzətmək olar; belə ki, onu əldə etdikdə, zəngin görünəcək, əks-təqdirdə, quru, şoran və faydasız torpaq və varlıqdan başqa, bir şey deyildir.

Başqa bir misala diqqət yetirək. Adətən, belə hallarda insanı keramika daşlarına bənzədirəm. Bu daşların xammalını görməmiş olmazsınız. Palçıq və qara beton xüsusi qəliblərə tökürlür, bişirilir və qurudulur. İlk baxışda bu daşlarda gözəllikdən əsər-əlamət yoxdur, onda qara palçıq və betondan başqa, bir şey görünmür, lakin xüsusi təndirdə bişirildikdən sonra, onun gözəlliyi və cürbəcür naxışları, bərbəzəkləri diqqəti cəlb edir. İnsanın da daxili istedadlarını içi qara palçıq və betondan ibarət olan bərbəzəkli keramika daşlarına bənzədə bilərsiniz.

Sizin gördüyünüz bu insan – hələ danışa bilməyən və yalnız ata-anasının nəzərində gözəl-göyçək görünən bu körpə uşaq – böyük mədəni xatırladır, onun daxili gözəlliklər və istedadlarla zəngindir. Şair demişkən:

طیران مرغ دیدی تو ز پای بند شهوت

به در آی تا ببینی طیران آدمیت

“Quşun qanad açıb uçduğunu görübsən. Sən də özünü ehtiras əsarətindən azad et ki, (öz varlığında) insanlıq zirvəsini görəsən.”[1]

Elə qədimdən şairlərdən, arif və başqalarından belə eşitmişik: “İnsani keyfiyyətlər insanı mələkdən də üstün edir.” Yaxşılıqlar, gözəlliklər və çiçəklənmiş istedadlar insanı kamilləşdirir, təkamülə yetirir, zirvəyə qaldırır. Peyğəmbərlərin həqiqi hədəfi də, məhz, insanı təkamülə yetirməkdir. Bu isə, Qurani-Kərimdə “təzkiyə” və “təlim” ifadələri ilə işlədilir. Onların hədəfi insanı pis xüsusiyyətlərdən paklamaq, nəfsin istəklərindən uzaqlaşdırmaq, heyvani həyatın kriteriyalarından nicat verməkdir.

ای دریده پوستین یوسفان

گرگ برخیزی ازین خواب گران

“Ey Yusiflərin dərisini soyanlar (Həzrət Yusif (ə) kimi pak və təqvalı insanları incidənlər)! Bir gün dünyanın bu bahalı yuxusundan yırtıcı canavar surətində ayılacaqsan.[2]

İnsanın zahiri gözəllikləri ilə canavarlar, yırtıcılar, vəhşilər və itlər tək rəftar edənlərə “insan” adını vermək olmaz. Adam öldürməkdən ləzzət alan, insanların canını almağı istirahət vasitəsinə çevirən, başqalarının möhnətlərinə tamaşa edib azacıq belə narahatlıq hissi keçirməyən, başqalarının qəmini görüb qəmlənməyənlər insan deyillər; zahirdə yaraşıqlı və cəlbedici görünməsinə, zahiridə  alim, varlı, qüdrətli kimi tanınmasına baxmayaraq, insan deyil, çünki alim, varlı və qüdrətli olmaq insan olmaq demək deyil, insan olmaq başqa bir şeydir.

Peyğəmbərlər insanları saflaşdırmaq üçün gəlmişlər. Siz peyğəmbərlərin dəvət etdiyi və yaşadığı mühitdə yırtıcılıqdan, vəhşilikdən, heyvani xislətlərdən əsər-əlamət görə bilməzsiniz, o mühitə yalnız səfa-səmimiyyət və insanlıq nuru hakimdir. Bu isə peyğəmbərlərin hünəri və böyük möcüzəsidir. Adətən, insanlar peyğəmbərlərin möcüzələrini filan ağacın yerindən qovub irəli gəlməsi və bu kimi xariqüladə işlərdə arayıb-axtarırlar, lakin onların böyük möcüzələri təqvalı və gözəl xüsusiyyətlərə sahib insanlar yetişdirməkdir. Peyğəmbərlərin bu böyük möcüzəsi zarafat deyil.

Cinayət və fəsad içində çapalayan bir cəmiyyətdə böya-başa çatmış bir insan İslam bayrağı altında və Peyğəmbərin (s) təşkil etdiyi quruluşun kölgəsində yerləşdikdə, birdən-birə dəyişir, dünənki vəhşilik və canilikdən əsər-əlamət qalmır, ipə-sapa yatmayan və heç bir hesab-kitaba sığmayan dünənki insan görkəmli bir insana, əzəmətli bir varlığa çevrilir.

Əbuzər kim idi? O, insanlıqdan xəbəri olmayan, səhralıqda böyümüş qəzəbli bir şəxs idi. Bəlkə, bundan qeyrisi idimi? O, bir zəlzələ nəticəsində gözünün önündə tələf olan on min insanı görüb ruhu əsla inciməyən bir şəxs idi; nə bir şey anlayır, nə də anlamaq istəyirdi, nə azacıq belə insanlıq insafı, nə də yaxşılığa qarşı azacıq meyli var idi. Səhrada ayaqyalın böyüyüb boya-başa çatmış qəddar bir şəxs idi. Nəinki siz, hətta hər bir böyük islahatçı belə bir şəxslə üzləşdiyi zaman ona ürək yandırarmı? Necə deyərlər, özlərini dünyanın böyük islahatçıları adlandıranlar belə, daim gileylənirlər ki, insanlar bizim qədrimizi bilmədi, bizi tanımadı, bizi başa düşmədilər. Onların istəyi budur ki, insanlar pərvanə tək onların başına dolansın, onlara fəda olsunlar. Nə üçün? İnsanlıq vəzifələrini bir qədər icra etdikləri üçün. Hələ onların insanlıq vəzifələrini icra etməsi belə sual altındadır. Belələri qəddar insanlarla üzləşdikdə, onlara əsla dəyər verməz, etina belə etməzlər.

Lakin Peyğəmbər (s) “Əbuzər” adlı həmin daşürəkli insanı, tərbiyələnməmiş canlını ilahi vəhy bayrağı altında yerləşdirdikdə, ondan həqiqi bir insan yetişdirir. Elə bir fəzilət və keyfiyyət yoxdur ki, Əbuzərdə olmasın. Peyğəmbərin (s) ən böyük möcüzəsi elə budur. Peyğəmbər (s) həmin şəxsdən elə bir insan formalaşdırır ki, hər şeyini, adi insanların öz mənlik və şəxsiyyətləri üzərində qurduqları bütün fəaliyyət sahələrini onların hədəfi uğrunda qurban verir. Dünyada belə bir şəxsiyyət tapa bilərsinizmi? Biz hər şeyi özümüz, yaxud da yaxınlarımız üçün istəyirik; adımızı, evimizi, övladlarımızı yaddaşlarda yaxşı qalmağımız üçün istəyirik. Bir sözlə, nə istəyiriksə, özümüzə aiddir. Əbuzər isə özünə aid olanların hamısını Allah yolunda, tutduğu yol və hədəf uğrunda fəda edir. Elə bir insan belə bir insana çevrilir. Bunu dəyişdirən nədir? Peyğəmbərlik vəhyi və Peyğəmbərin dəvəti. O, qara daşlardan tər-təmiz ayna düzəldir. Budur nübuvvətin hədəfi – insan yetişdirmək.

Düzgün, abadlıq, azadlıq, sosial rifah, bərabərlik və ədalləti təmin edən, sosial təbəqələşməni aradan qaldıran bir sistemin təşkili çox gözəldir, lakin belə bir sistemdə insanlar rahat yaşadıqdan sonra, nə baş verəcəkdir? Materialist düşüncəyə əsaslanan məktəblər insan və insanlığın ideal cəmiyyətə nail olmasından sonra, hansı hədəfi izləyirlər? İnsanlığın hədəfi nədir? İnsan bu dünyada gecə-gündüz əlləşib-vuşub özünə gözəl bir ev tikdikdən sonra nə etməlidir? Gözəl evi tikməkdə məqsədimiz nədir ki? Yaxud da zəhmət çəkib gözəl bir məscid tikirik. Onu tikməkdə hədəfimiz nədir? Hədəfimiz odur ki, camaat orada namaz qılsın, dini maarifə yiyələnsin və s. Təbii ki, hay-küy salmaq məqsədilə məscid tikməyimiz mənasızdır. Çünki yalnız hay-küy salmaq üçün tikilən məscid məsxərədən başqa, bir şey deyildir. Bu, eynilə yolun yarısında ayağı sınan yolçunu xatırladır. Materialst düşüncəli məktəblər də yolun yarısında ayağı sınmış yolçu kimidir.

Materialist düşüncəli məktəbər deyirlər ki, biz dünyanı yoxsulluğa və nadanlığa son qoymaq, ideal – zülmdən, təbəqələrdən, istismarçılıqdan, ayrı-seçkilikdən uzaq – insan cəmiyyəti qurmaq üçün abadlaşdırırıq. Yaxşı, belə bir cəmiyyət qurduq, indi insan bu cəmiyyətdə nə etməlidir? Bu cəmiyyətdə insanlıq hara çatmalıdır? Cavab yoxdur. Məsələ elə yeyib yatmaq, rahat yaşamaqdırmı? Hədəfiniz elə bu qədərdirmi? İnsan yalnız rahat yaşamaq, rahat qazanmaq və rahat yemək üçündürmü? İnsan elə bunun üçünmü çalışmalıdır? Onun hədəfi yalnız budurmu? Burada materialist düşüncəli məktəblər cavab verməkdə acizdir.

İlahi məktəblər isə deyirlər ki, hədəf bundan sonradır. Böyük hədəf insanın saflaşması, bəni-adəmin əsl bir insan kimi yetişməsidir. Bəni-adəmlə insan arasında fərq var. İki ayağı üstündə yeriyən varlığa bəni-adəm deyilir. İnsan isə bütün fəzilət və keyfiyyətlərə sahib olan, istedad çeşmələri ilə coşub-daşan varlıqdır. Sual verilə bilər ki, bundan sonra nə baş verəcək ki? Cavab budur ki, sonrası yoxdur, çünki insan Allahın qüdrəti qədər naməhduddur, həddi-hüdudu, sonu yoxdur. إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَBiz Allahınıq və Ona tərəf də qayıdacağıq.[3]İnsan təkamül yoluna qədəm qoydusa, o yolun sonu yoxdur. Allahpərəstlərin, Allahın həqiqi bəndələrinin və ilahi dinlərin ideyası budur – daim təkamül və tərəqqiyə doğru irəliləmək. Təkamülün isə sonu yoxdur. Peyğəmbərlər də buna görə gəliblər.

Peyğəmbərlər gəliblər ki, insanları pisliklərdən, alçaqlıqlardan, nadanlıqlardan, əxlaqi rəzilliklərdən xilas edib onların daxili istedadlarını çiçəkləndirsinlər, onları təkamülə və ali insanlıq məqamına yetirsinlər. Peyğəmbərlərin ilk hədəfi budur! Odur ki, Qurani-Kərimin bir neçə yerində də bu haqda söz açılır. O cümlədən:

لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ

Allah möminlərə onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdiyi zaman minnət qoydu...[4]

İnsanları saflaşdırmaq, rəzilliklərdən təmizləmək, fəzilətlərlə bəzəmək peyğəmbərlərin hədəfini təşkil edir. Elə buna görə də Peyğəmbərimiz (s) belə buyurmuşdur:

إِنَّمَا بُعِثْتُ لِأُتَمِّمَ مَكَارِمَ الْأَخْلَاقِ

“Həqiqətən, mən əxlaqi gözəllikləri (gözəl əxlaqı) təkmilləşdirmək üçün göndərilmişəm.”[5]

Amma ikinci mətləb daha önəmlidir. Birinci mətləb haqqında çox danışılmışdır. Bəziləri də onun təkrarlanmasını çox istəyirlər. Çünki məsələ saflaşmaq və təmiz qalmaqla bitsəydi, bir nəfər qalxıb deyə bilərdi ki, biz onun yolunu tapmışıq. Biz hara getməli olduğumuzu bilirik; özümüzü cəmiyyətdən təcrid edib bir guşəyə çəkiləcək, rahiblik edəcəyik, asket həyat tərzində təmiz qalmaq, nəfsi saflaşdırmaq və nəfsə hakim olmaq daha rahatdır və beləcə, özümüz özümüzü xilas edəcəyik. Əgər bu arada kiminsə ləyaqəti olsa, bizə yaxınlaşsa, onun da qulağına pıçıldaya, öyüd-nəsihətlə onu adam edərik.

Bu təfəkkür tərzi tənbəllər, səhlənkarlar, özünüsevən və özünüdüşünənlərin bəhanəsindən başqa, bir şey deyildir. Bəhanə olduğu üçün də tez-tez təkrarlanır, həm camaatın, həm də rəhbərlərin bu sözdən xoşu gəlir. Çünki bu zaman insanların tərbiyəsi zəhmət tələb etməyəcək, eyni zamanda onlar başqalarının inək-qoyununun (sərvətinin) artımına da maneçilik törətməyəcəklər. Bu iş onlara asan gəlir. Amma elə də asan deyil.

Bura qədər deyilən sözü hamı deyir, ondan o tərəfini isə deyən yoxdur. O nədir? Sual budur: Peyğəmbərlər insanları saflaşdırmaq və fəzilətlərlə gözəlləşdirmək üçün hansı yoldan istifadə etmişlər? Görəsən, insanların bir-bir qulağına pıçıldamış, bir-bir əllərindən tutub təlim-tərbiyələri ilə məşğul olmuşlar? Yoxsa, onlar zahidlər və ariflər kimi öz evləri və daxmalarında əyləşirdilər ki, camaat onlara üz tutub onların mənəvi halından bəhrələnsinlər, onlarla birgə eyni əqidəyə sahib olsunlar? Görəsən, peyğəmbərlər filosoflar kimi mədrəsə təsis edib hamını mədrəsəyə dəvət edərək, “Kim elm öyrənmək istəyirsə, bizim yanımıza gəlsin.” – deyib car çəkirdilərmi? Onlar belə idimi? Peyğəmbərlər fərdi tərbiyə, insanların bir-bir tərbiyəsi ilə məşğul olmaq düşüncəsində deyildilər. Elə düşünürsən ki, İbrahim Xəlilullah (ə), Musa Kəlimullah (ə), İsa Ruhullah (ə) və yaxud bizim Peyğəmbərimiz (s) Sokrat və Platon kimi mədrəsədə əyləşir və camaat da mədrəsəyə gedib onlardan bəhrələnirdilərmi? Onlar belə olmayıblar.

Əlbəttə, imamət bölməsində qeyd edəcəyik ki, imamlar da, o cümlədən, İmam Sadiq (ə) də peyğəmbərlər kimidir. Əgər bəzi nadanlar kimi, kimsə İmam Sadiqin (ə) minbərdə əyləşməsini və dörd min şagirdin də onun dərsində əyləşib ondan bəhlənməsini düşünürsə, bilsin ki, yanılır. Dörd min şagirdi məşhur rical alimi, İmam Sadiqin (ə) şagirdi və hədislərinin ravisi olan İbn Üqdə nəql edir. Bəziləri elə düşünür ki, bu dörd min şagird dörd min nəfərlik böyük bir salona toplaşır və İmam Sadiq (ə) də minbərdə əyləşib hədis və məsələ deyir, moizə edirmiş.

Xeyr, nə İmam Sadiq (ə), nə İslam Peyğəmbəri (ə), nə də digər peyğəmbərlərin metodu belə olmayıb. Mədrəsə təsis etmək, fərdi moizə və tərbiyə ilə məşğul olmaq peyğəmbər və imamların işi deyildir. Peyğəmbərlərin “İnsanları necə islah etmək olar? İnsanları doğru və ilahi örnəklərlə necə tərbiyə etmək olar?” – sualına cavabları birdir. O cavab da budur: Peyğəmbərlər deyirlər ki, insanın tərbiyəsi üçün münasib və sağlam mühit lazımdır. Peyğəmbərlər deyirlər ki, insanları bir-bir tərbiyə etmək qeyri-mümkündür. Peyğəmbərlər deyirlər ki, əgər biz insanları bir-bir tərbiyə etmək istəsək, gec olacaq və ömür bitəcək. Bunun üçün quruluş və sistem lazımdır. İnsan bu quruluş sayəsində həqiqi mənada islah oluna bilər.

Peyğəmbərlər deyirlər ki, insan ağac və fidan kimidir. Məsələn, bir xurma və yaxud portağal ağacını nəzərdən keçirin. Onların şərt və xüsusiyyətlərindən biri isti havada yetişməsidir. Xurma ağacı İranın cənubunda, yaxud Təbəs şəhərində və yaxud bəzi ərəb ölkələrində əkilərsə, görün, xurması necə də ləzzətli və dadlı olacaqdır! Nə üçün? Çünki bu ağac yalnız filan dərəcə isti, filan dərəcə rütubətdə, bu və digər xüsusiyyətlərə sahib torpaqda bar verir. Bu şərtlər və xüsusiyyətlər Təbəs və Xuzistan şəhərlərində olduğu halda, Məşhəd şəhərində yoxdur. Nə etmək olar? Siz min xurma fidanını gətirib Məşhəddə əksəniz də, onları yaxşı suvarıb qulluq etsəniz də, faydası yoxdur. Bar verməsi qeyri-mümkündür. Burada siz yalnız bir iş görə bilərsiniz; o da budur ki, xurma və yaxud portağal ağacını yalnız istixanada əkib becərəsiniz, ona layiqincə qulluq edib vaxtlı-vaxtında su və gübrə verməlisiniz ki, bir müddətdən sonra bəlkə bir-iki ədəd bar verə! Siz deyə bilərsiniz ki, biz Məşhəddə xurma fidanı əkdik və üç-dörd ədəd xurma da dərdik. Bu işi görməyə məcburuqmu? Axı, nə üçün bu işi görməliyik? Əgər biz çoxlu xurma əldə etmək üçün mühiti hazırlaya biləriksə, nə üçün bu qədər canfəşanlıq etməli, bu qədər çalışmalı və zəhmət çəkməliyik? Çünki münasib mühit hazırlanarsa, əldə edəcəyimiz məhsul iki-üç ədəd yox, tonlarla xurma olacaqdır. Ağacdan bir-iki ədəd xurma dərmək əvəzinə, onu münasib şəraitdə əkib istənilən qədər xurma əldə etmək ağıllı və məntiqli deyilmi?

Aydındır ki, münasib mühit yaratmaq və tonlarla xurma dərmək üçün çəkilən zəhmət bir-iki xurma üçün çəkilən zəhmətlə müqayisədə olduqca çoxdur. Amma onların faydası və məhsulunu müqayisə edin. Burada bir nəfərin üzərində zəhmət çəkib tərbiyə edirdinsə, orada bir cəmiyyət formalaşdırırsan, milyonlarla insan nəslindən ibarət bir toplum yaradırsan. Peyğəmbərlərin missiyası bundan ibarət idi!

Qeyd etdiyimiz mətləbin üzərində möhkəm dayanır, onu təkidlə vurğulayır və inanırıq ki, nübuvvət ardıcılları onları dərk edəcəklər. Bu məsələ üzərində mütləq düşünün, onun üstündən ötəri keçməyin, Quran ayələri, peyğəmbərlərin tarixi və nübuvvətlə bağlı rəvayətlərə müraciət edin. Təfəkkür edin; nə dərhal qəbul edin, nə də dərhal inkar edin. Məsələ olduqca önəmlidir; bütün iradlar elə buradan qaynaqlanır. Bir qrup başa düşə bilmir ki, peyğəmbərlər münasib mühit yaratmaq istəyirdilər. Onlar peyğəmbərlərin insanları bir-bir (fərdi şəkildə) islah etdiklərini güman edirlər, halbuki, bir-bir islah etmək peyğəmbərlərin məqamından uzaqdır.

Bizim Qurani-Kərimdən anladığımız budur ki, peyğəmbərlərin: “İnsanı necə islah etmək olar? Başqa sözlə, insanı çirkinliklərdən uzalqlaşdırıb fəzilətlərlə bəzəmək üçün nə etmək lazımdır?” – sualına cavabı budur: “İlahi cəmiyyət təşkil etmək, münasib mühit yaratmaq lazımdır ki, bu münasib mühitdə bir nəfər, on nəfər və min nəfər yox, islami maarif nurunun təbii hərarəti sayəsində cəmiyyət öz-özünə, dəstə-dəstə islah olunsun.”

إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ. وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

(Ey Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını görəcəksən.[6]

Peyğəmbəri-Əkrəm (s) Məkkənin cəhalət mühitində insanları bir-bir islah etmək və yetişdirmək məcburiyyətində idi. Çünki ilahi quruluşun bünövrəsi və təşkili üçün xas bir dəstəyə ehtiyac var idi və bu dəstə öncədən bir-bir yetişməli idi. Bunun isə peyğəmbərlərin ümumi missiyası ilə əsla ziddiyyəti yoxdur. Peyğəmbər vətəndaş cəmiyyətinin təməl daşlarının atılması üçün Məkkədə mütləq insanlarla fərdi şəkildə məşğul olmalı idi. Başqa sözlə, gələcəkdə vətəndaş cəmiyyətinin, yəni ilahi və islami quruluşun bünövrə daşlarını hazırlamaq üçün Əbuzəri, Abdullah ibn Məsudu və öz qövmündən onlar kimi yüz-iki yüz nəfər başqa insanı ayrı-ayrılıqda yetişdirmək məcburiyyətində idi və Peyğəmbər (s) nə qədər zəhmət və əziyyətlə bir-bir insan yetişdirir, tərbiyə edirdi. Atalar maneçilik törədir, oğullar anlamır, dünya malına aldanır, Peyğəmbərdən (s) bir söz öyrənmir və o Həzrətin arxasınca getmirdilər. O Həzrətə azca meyil göstərən hər kəs əzab-əziyyətlərə, işgəncələrə məruz qalırdı. Məkkədə iş belə gedirdi. Mədinəyə gəldikdə isə ilahi və islami hökumət təşkil olunur, onun başında Peyğəmbər (s) durur, ilahi əmr və hökmləri özü icra edirdi. Orada o zaman Allah-Taala belə buyurdu:

إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ. وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

(Ey Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını görəcəksən.[7]

Peyğəmbərlərin hədəfləri ilə bağlı mətləbin xülasəsi budur!

Bir sözlə, peyğəmbərlərin iki əsas hədəfi var. Onun biri insan yetişdirmək – insanı pisliklərdən çəkindirib yaxşılıqlar, fəzilətlər və gözəlliklərlə bəzəmək, başqa sözlə, insanı insan etmək. Yolun ikinci hissəsinə aid iknici hədəf isə daha önəmlidir; ilahi cəmiyyət və ilahi hökumət təşkil etmək, ilahi qanunlarla idarə olunan bir quruluş yaratmaq. Bu, bütün peyğəmbərlərin hədəfidir. Əgər kimsə böyük ilahi peyğəmbərlərin belə bir hədəfə sahib olmadıqlarını güman etsə, Quranı, hədisləri və tarixi dərindən araşdırsın.

Biz burada iki ayəyə toxunacağıq. Əlbəttə, Allah-Taalanın kitabında bu haqda ayə çoxdur, biz isə yalnız iki ayəni qeyd etməklə kifayətlənəcəyik. Odur ki, bu iki ayə üzərində dərindən düşünün, diqqətinizi artırın.

Qeyd etdiyimiz kimi, birinci ayə “Hədid” surəsindəndir. Ayəni tərcümə edib azacıq şərhlə kifayətlənirəm:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ

Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik.

Peyğəmbərlərin sözləri və dəlilləri aydındır. Onlar ağıllı və mütəfəkkir insanın başa düşə bilməyəcəyi bir söz demirlər. Hamı onların sözlərini anlayır.

وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ

Biz onlarla birlikdə kitab nazil etdik.

Kitab nədir? Dəfələrlə qeyd etmişik ki, dinin əsasını təşkil edən qanunlar, dini biliklər və təlimlər toplusuna, başqa sözlə, dini ideologiya məcmusuna “kitab” deyilir. Yeni məktəblərin termini ilə ifadə etsək, kitab ideologiyadan – əməli sahəyə əsaslı şəkildə təsir göstərən etiqadi prinsip və qurucu təlimlərdən ibarətdir.

وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ

Biz onlarla birlikdə kitab və mizannazil etdik.

“Mizan” sözü “tərəzi” mənasını daşıyır. Tərəzi nə deməkdir? Yəni, hər bir peyğəmbər özü ilə birlikdə böyük və ya kiçik tərəzi də gətirdimi? Xeyr! Mizan-tərəzi dedikdə, sosial balans və tarazlığı yaradan mexanizm nəzərdə tutulur. Mizanın mənası budur və yeri gəlmişkən, bu söz cəmiyyətin təşkilini də aşılayır. Belə ki, əgər Peyğəmbər (s) bu cəmiyyətin başında olmayacaqsa və cəmiyyət təşkil etməyəcəksə, onda, mizanı – sosial balans və tarazlığı yaradan mexanizmi neynəyirdi? Peyğəmbərlə (s) birlikdə ictimai balans və tarazlığı bərqərar edən bir vasitə göndərildi. Bu vasitə nədir? “İlahi məhkəmə mexanizmi”, “məhkəmə qanunları”, “qanun icraçısı”, “qanun zəmanətçisi” və “qanunların icrasında iştirak edən şahidlər” onun nümunələrindən ibarətdir. Bu gün demokratik ölkələrin dilində ona icra hakimiyyəti və dövlət (siyasi quruluş) deyilir. Cəmiyyətdə qanunların icrasına nəzarət etmək icraçı orqanın missiyasıdır. Burda mizan-tərəzi icraçı orqan ola bilər.

Sözügedən ayənin təfsirində nəql olunan rəvayətlərdə mizan belə məna edilmişdir:

 المیزانُ الاِمام – Mizan “imam” (rəhbər) deməkdir.[8] Həqiqətən də belədir. Biz də bu hədisdən ilhamlanırıq; mizan imam deməkdir. Cəmiyyətdə haqqı batildən ayıran şəxsə imam, rəhbər deyilir. Cərgələri bir-birindən ayıran, sosial balans və tarazlıq yaradan rəhbərdir. Nə üçün? Çünki cəmiyyətin hakimidir. Əlbəttə, bəziləri bu hədisdən yanlış nəticələr də çıxara bilər. Lakin bizim həmin nəticələrlə işimiz yoxdur. Biz elə qeyd etdiyimiz kimi düşünürük. Rəhbər tərəzi və meyardır; pislik və yaxşılıqlar onunla ölçülür, yollar onunla uyğunlaşdırılır. Buna rəğmən, cəmiyyətə, cəmiyyətin üzvlərinin balans və tarazlıqdan çıxmamasına və bütün qanunlara nəzarətçi odur. Rəvayət də bunu təsdiqləyir. Demək, mizan sosial balans və tarazlığı bərqərar edən bir vasitədir. Allah-Taala buyurur ki, bunu da peyğəmbərlə birlikdə nazil etdik.

Nə üçün bu işləri gördük? Peyğəmbər (s) kitabı neynəyirdi? Heç Peyğəmbərin (s) özünə də ehtiyac var idimi? Tərəzi və kitabı neynəyirdi? Səbəbi budur:

لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

“Ta ki, insanlar ədalətli yaşayışı (ədalətli və bərabər mühiti) bərpa etsinlər.

Əlbəttə, bu ayəni iki cür məna etmək olar. Birincisi, insanların ədalətli həyatı bərpa etməsidir, o biri mənanı isə mötərizədə qeyd etmişəm: Ədalətli və bərabər mühit yaratmaq. Demək, ayənin bir mənası belədir: “Ta ki, insanlar ədalətli yaşayış bərpa etsinlər.O biri mənası isə belədir: “Ta ki, insanlar ədalət və bərabərlik əsasında yaşasınlar.Bu iki məna ərəb dilinin sintaksisinə görə bir-birindən fərqlənsə də nəticə etibarilə, hər iki məna eynidir. (Bu incə mətləbi də diqqətinizə çatdırdım ki, kimsə irad tutmasın.)

Bir sözlə, bu ayənin mənası odur ki, insanlar ədalətli bir mühitdə, ədalətli bir cəmiyyət və sistemdə yaşasınlar. Peyğəmbərin gəlişində məqsəd də elə budur! Sual: Peyğəmbər nə üçün gəlib? Ədalətli mühit və sistem təşkil etmək üçün. Peyğəmbər gəlib ki, dünyada ədaləti bərpa etsin, ədalətli quruluş yaratsın. Onun gəlişində məqsəd məhz budur! İnsanlar elə ədalətli quruluşda fürsət əldə edib təkamül və tərəqqiyə çatırlar.

Ayənin davamında buyurulur:

وَأَنزَلْنَا الْحَدِيدَ

Biz dəmir də nazil etdik.

Danışmaq və moizə etmək bəs edirmi? “Ey insanlar, gəlin ədalətli hökumət qurun” – demək kifayətdirmi? Ədalətli hökumət qurduqdan sonra, şeytanlar, qurdlar, quldurlar və oğrular ədalətli hökumətin yaşamasına imkan verəcəklərmi? Odur ki, dəmir də endirdik. Nə üçün endirdik? Dəmir vasitəsilə həqiqi dəyərləri müdafiə etmək üçün. Yenə hədis kitablarına müraciət etdik. İmam (ə) uyğun ayədə qeyd olunan “hədid” (dəmir) sözündə dəmirdən olan silah, qılınc və nizə (“əs-silah”) nəzərdə tutulduğunu vurğulayır.[9]Allah-Taala Peyğəmbərin (s) missiyası, dəvəti, öyüd-nəsihəti və ilahi hökumət təşkil etməsi ilə yanaşı, silahdan və qəzəb qüvvəsindən də söz açır və buyurur ki, biz dəmir də nazil etdik.İmamın (ə) buyurduğu kimi, silah nazil etdik.

فِيهِ بَأْسٌ شَدِيدٌوَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ

“Onda insanlar üçün sərtlik (zərər) və faydalar vardır ki, beləcə, Allah Ona və peyğəmbərlərinə görmədən (qeybə iman gətirməklə) kömək edənləri ayırd etsin.

Allaha və peyğəmbərlərinə iman gətirənlər nə Allahı görmüş, nə də onlardan bəziləri Peyğəmbəri (s) görmüşdülər. Bununla belə, iman gətirərək Allaha və peyğəmbərlərinə yardım etdilər.

إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

Həqiqətən, Allah qüdrətli və məğlubedilməzdir!

Baxın, Quran ayələrinin sonunda işlənən bu ifadələr dərin məna kəsb edir:

إِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

Həqiqətən, Allah eşidən və biləndir!

إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

Həqiqətən, Allah qüdrətli və məğlubedilməzdir!

إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

Həqiqətən, Allah bağışlayan və mehribandır!

Bu ifadələr şeirlərdəki beytlər və misraların son sözlərinin uyğun və həmahəng olması üçün işlənən qafiyələr kimi təsadüfi deyil. Ayələrin sonunda gələn cümlələrdə ayələrin məzmununa uyğun məna və incəliklər vardır. Bunu da diqqətdən qaçırmayın! Sözügedən ayə də bu qəbildəndir.إِنَّ اللَّهَ قَوِيٌّ  – Həqiqətən, Allah qüdrətlidir!Elə güman etməyin ki, peyğəmbərlər qeyd etdiyimiz xüsusiyyətlərə sahib cəmiyyət yarada və insanlar arasında ədalət və bərabərliyi bərpa edə bilməyəcəklər. Xeyr! Onları göndərən Allah qüdrətlidir. Ey Peyğəmbər, səninlə mübarizə aparan və müxalifətçilik edənlərdən əsla qorxma!عَزِيزٌAllah məğlubedilməzdir!

Lüğətdə ayədə qeyd olunan “əziz” sözü belə məna edilmişdir:

اَلغالبُ الذی لا یُغلَب

“Məğlub edilməyən qalib.” Həmişə qalib olan və heç vaxt məğlub olmayan şəxsə “əziz” deyilir. Öz dilimizdə “əziz” sözü ilə uyğun gələn sözlər “məğlubedilməz” və “yenilməz” sözləridir; həm gözəldir, həm də lakonik. Allah qüdrətli və məğlubedilməzdir. Bu, bir ayə!

Növbəti ayə isə “Əraf” surəsindəndir.[10] Öncəki ayələrdə Həzrət Musadan (ə) söz açılır. Həmin ayələrdə qeyd olunan macəranın müqəddimələri bizim bəhsimizə aid deyil. Məsələnin aydınlaşması üçün tərcümə və məna etmək istədiyimiz ayədən öncəki ayəni də burada qeyd edirik.

Bu ayədə Allahla danışan mömin və möminlərdən söz açılır. Onlar Allaha nə dedilər? İndi isə nəzərdə tutduğum məsələləri çatdırmaq üçün diqqətlə ayəyə qulaq asın:

وَاكْتُبْ لَنَا فِي هَـذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ إِنَّا هُدْنَـا إِلَيْكَ قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاء

Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Həqiqətən, biz Sənə doğru hidayət olduq!” (Allah onların cavabında) buyurdu: “İstədiyim kəsi əzabıma düçar edərəm.

Allah-Taalanın iradəsi yersiz və boş-boşuna deyil; belə də deyil ki, haçan istəsə, birinə əzab verər, haçan istəsə, əzabdan qurtarar. Xeyr, Onun iradəsi Özünün təyin etdiyi ölçü və meyarlara əsaslanır. O, pis və günahkar insanı əzabına düçar etmək istəyir.

عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاء

“İstədiyim kəsi əzabıma düçar edərəm.

وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَـاةَ وَالَّذِينَ هُم بِآيَاتِنَا يُؤْمِنُونَ

“Rəhmətim hər şeyi əhatə etmişdir. Onu (rəhmətimi) təqvalılara, zəkat verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam!

Onlar kimlərdir?

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ

“O kəslər ki, (hər şeydən xəbərdar olan) ümmi Peyğəmbərə tabe olurlar.

Ayədə qeyd oluna “ümmi” sözünü elə “ümmi” olaraq saxladıq. Çünki onun mənasında fikirayrılığı vardır. Bəziləri onun “savadsız”, bəziləri “avam”, “ümumi”, “xalq kütləsinə aid olan”, “yalnız anaya nisbət verilən” və “mədəniyyətlərdən təsirlənməyən” mənasında olduğunu qeyd etmişlər. Bəziləri də “Ümmül-Qüra”, yəni “Məkkə əhalisindən olan kəs” kimi məna etmişlər. Bu fikir ayrılığını nəzərə alıb əlavə təhqiqat aparmaq istəmədiyim üçün elə “ümmi” sözünü olduğu kimi qeyd etdim.

الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ

“(O kəslər) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə – ümmi Peyğəmbərə (tabe olurlar).”

Onlara bu iki kitabda peyğəmbərin zühur edəcəyi haqda müjdə vermişdilər. Həmin peyğəmbərin xüsusiyyəti nə idi? Ayənin bu hissəsinə diqqət yetirin:

يَأْمُرُهُم بِالْمَعْرُوفِ

(O peyğəmbər) onları yaxşı işlərə (insanın əqli və fitrətinə tanış olan fəzilət və yaxşılıqlara) əmr edir.

وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ

“Onları pis işlərdən (insanın əqli və fitrətinə tanış olmayan işlərdən) çəkindirir.

وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ

“Onlara pakları (dinin bəyəndiyi bütün yaxşı və təmiz şeyləri) halal edir.

وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ

“Çirkin və murdar şeyləri isə haram edir.Yəni, onları pis şeylərdən məhrum edir və uzaq saxlayır. İslam cəmiyyəti bu xüsusiyyətlərə sahibdir.

İslam cəmiyyətində insanın fikri, qəlbi, ruhu və cismi üçün elm, savad, təqva və pul kimi hər nə xeyir və faydalıdırsa, hamısı onun ixtiyarında qoyulmuşdur, ona zərərli olanlar isə, ya onlar üçün əlçatmazdır, ya da məcburi qanunlar sayəsində onlardan uzaq saxlanılmışdır.

وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ

Onların çiynindən ağır yükünü götürər.

Peyğmbərin bir xüsusiyyəti də budur ki, nadanlıqlar, yanlış ənənələr, qeyri-insani sistemlər, diktatorluqlar, hegemonluqlar, zorakılıqlar və istismarçılıqlar kimi ağır yükləri insanların çiynindən götürür.

وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ

Onlara (onların ayaqları, əlləri və boyunlarına) bağlanmış zəncirləri açar.

Bu zəncir və buxovlar nədən ibarət idi? Peyğəmbər (s) zühur etdikdə, bütün Məkkə əhalisinin ayağı zəncirlə bağlanmışdımı? Boynuna buxov atılmışdımı? Hamı həbsə məhkum edilmişdimi? Aydındır ki, zəncirlə bağlanmışdılar, lakin zəncirlər dəmir deyildi. Bəs nə idi? Özün düşünsən, taparsan. Bu camaatın əl-ayağı hansı zəncirlə bağlanmışdı? Əsarət və zorakılıq zəncirləri, bəşəri qanunlar və ənənələrdən ibarət buxovlar. Peyğəmbər gəldi ki, humanist və ilahi hökumət təşkil etməklə bu zəncirləri qırsın.

فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

Ona (o Peyğəmbərə) iman gətirən, ehtiram göstərən, yardım edən və onunla nazil olan nura (Qurana) tabe olanlar həmin qələbə çalanlar (səadətə yetən və nicat tapanlar)dır!”

 

Xülasə

Şənbə – Ramazan ayının 18-ci günü

NÜBUVVƏTİN HƏDƏFLƏRİ

Öyrəndik ki, peyğəmbərlər cəmiyyətdə inqilab yaradır və cəmiyyətin bütün cəhalət təməllərini aradan qaldırırlar. Görəsən, bu işdə hədəf nədir?

Peyğəmbərlərin ən üstün hədəfi insanları alçaqlıq və çirkinlik bataqlığından xilas edib onlarda istedad çeşmələrini cari etməklə ən ali və mütərəqqi insanlıq məqamına yüksəltməkdir.

İnsan bir çox gözəllik və fəzilət elementlərilə yaradılmışdır. Lakin bu elemenetlər düzgün tərbiyə əsasında özünü göstərir və insanı təkamülə çatdırır. Nəhayət, peyğəmbərlərin göndərilməsində məqsəd insanı tərbiyə etməkdir və Qurani-Kərimdə bu məsələlərə “təzkiyə” və “təlim” ifadələri ilə işarə olunmuşdur. İnsan peyğəmbərlərin düzgün tərbiyə metodu ilə çirkinliklərdən uzaqlaşır, fəzlətlərlə bəzənir və beləcə, yaradılışın son qayəsi təmin olunur.

Lakin bəşər öz varlığındakı təbii nemətlərdən layiqincə bəhrlənib təkamülə çatmaq üçün hansı yolu keçməlidir? Müxtəlif cavablar arasında, peyğəmbərlərin cavabı odur ki, təkamülə çatmaq üçün onun təbii fitrəti ilə uyğun gələn sağlam və əlverişli mühit yaratmaq lazımdır və bu mühit ədalətli ilahi cəmiyyətdən ibarətdir. Bu əlverişli cəmiyyət və quruluşda insanın fitri məqsədinə və mənzil başına doğru hərəkəti asanlaşır və o, bu düzgün yolda təkamülə doğru təbii sürətlə addımlayır.

Bir sözlə, ilahi peyğəmbərlər və vəhy elçiləri son məqsədə doğru yolun ortasında daha yaxın məqsəd və hədəfə sahibdirlər ki, o da ədalət, tövhid və insanlıq ləyaqətini təmin edən, şirk, zülm, xurafat və cəhalətdən, insanın xarlıq və alçaqlığına səbəb olan hər bir şeydən uzaq saxlayan ilahi və islami cəmiyyət və hökumətin təşkilidir.

Quran ayələrinin üzərində düşünmək bizi qeyd edilən həqiqətlərə yönəldir:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِHəqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik.

وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَBiz onlarla birlikdə kitab və mizan(sosial balans və tarazlığı bərpa edən ayin) nazil etdik

لِيَقُومَ النَّاسُ بِالْقِسْطِki, insanlar ədalətli yaşayış (ədalət və bərabərliyi təmin edən mühit) bərpa etsinlər.

وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِBiz dəmir də nazil etdik. Onda insanla üçün sərtlik (qəzəb qüvvəsi, həqiqi dəyərləri müdafiə edən vasitə) və faydalar vardır ki,

 وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِbeləcə, Allah Ona və peyğəmbərlərinə görmədən (qeybə iman gətirməklə) kömək edənləri ayırd etsin.

(“Hədid” surəsi, ayə 25.)

وَاكْتُبْ لَنَا فِي هَـذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ  – (İlahi!)Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz!

إِنَّا هُدْنَـا إِلَيْكَHəqiqətən, biz Sənə doğru hidayət olduq!

 قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاء(Allah) buyurdu: İstədiyim kəsi əzabıma düçar edərəm.

وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍRəhmətim hər şeyi əhatə etmişdir.

فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَـاةَ وَالَّذِينَ هُم بِآيَاتِنَا يُؤْمِنُونَOnu (rəhmətimi) təqvalılara, zəkat verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam!

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّO kəslər ki, (hər şeydən xəbərdar olan) ümmi Peyğəmbərə tabe olurlar.

الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ(O kəslər) əllərindəki Tövrat və İncildə yazılmış olduğunu gördükləri şəxsə – ümmi Peyğəmbərə (tabe olurlar).

يَأْمُرُهُم بِالْمَعْرُوفِ(O peyğəmbər) onları yaxşı işlərə (insanın əqli və fitrətinə tanış olan fəzilət və yaxşılıqlara) əmr edir.

وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِOnları pis işlərdən (insanın əqli və fitrətinə tanış olmayan işlərdən) çəkindirir.

وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِOnlara pakları halal edir.

وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَÇirkin və napaklıqları isə haram edir.

وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْOnların çiynindən ağır yükünü götürər.

وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْOnlara (onların ayaqları, əlləri və boyunlarına) bağlanmış zəncirləri açar.

فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ  – Ona (o Peyğəmbərə) iman gətirən, ehtiram göstərən, yardım edən və onunla nazil olan nura (Qurana) tabe olanlar həmin qələbə çalanlar (məqsədə çatanlar)dır!

(“Əraf” surəsi, ayə 156-157.)



[1]. Sədi.

[2]. Mövləvi.

[3]. “Bəqərə” surəsi, ayə 156.

[4]. “Ali-İmran” surəsi, ayə 164.

[5]. “Biharul-ənvar”, “İman və küfr” başlığı, “Məkarimul-əxlaq” bölmələri, “Husnul-xulq” bölməsi, hədis 1.

[6]. “Nəsr” surəsi, ayə 1-2.

[7]. “Nəsr” surəsi, ayə 1-2.

[8]. “Nurus-səqəleyn”, “Hədid” surəsinin 25-ci ayəsinin təfsirində.

[9]. “Nurus-səqəleyn”, “Hədid” surəsinin 25-ci ayəsinin təfsirində.

[10]. “Əraf” surəsi, ayə156-157.

 

Google+ WhatsApp ok.ru