Ruhani Sərdar Babayevin həbsdə saxlanma müddəti uzadıldı 30 Dekabr 2021 13:51 Namaz məhbusu Vəkilin həbsdə saxlamaya etirazı təmin edilməyib Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayev (Hacıhəsənli) haqqında həbs qətimkan tədbirinin müddəti daha dörd ay artırılıb. Səbail Rayon Məhkəməsinin qərarıyla onun istintaq dövründə həbsdə saxlanma müddəti aprelin 19-na qədər uzadılıb. Maide.Az xəbər verir ki, bu barədə Meydan TV-yə ilahiyyatçının yaxınları məlumat verib. Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov bu qərardan apelyasiya şikayəti versə də, nəticə dəyişməyib, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Sərdar Babayevlə bağlı istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb. Müstəntiq məhkəmədə deyib ki, hələ araşdırmalar başa çatmayıb, bir sıra zəruri istintaq hərəkətlərinin aparılmasına ehtiyac var. Bu üzdən həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır. İlahiyyatçı və onun vəkili isə həbsin uzadılması üçün verilən təqdimata etiraz edib. Onlar bildirib ki, Sərdar Babayevin daimi yaşayış yeri var, istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək niyyətində deyil. Ona görə də istintaq dövründə həbsdə saxlanmasına ehtiyac yoxdur. Lakin məhkəmə təqdimatı təmin edib. Sərdar Babayev oktyabrın 19-dan həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur. Ancaq ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir: “İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib”. 1974-cü il təvəllüdlü Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi. O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər. Teqlər : #şeyx sərdar hacıhəsənli,#namaz məhbusu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Sərdar Masallıda- FOTO - YENİLƏNİB Ruhanilər Şeyx Sərdar Hacıhəsənli, Qədir Məmmədov və Cəlal Şəfiyev saxlanılıb