Ruhani Vasif Niftullayev: `Bu necə yumşalmadır ki, qadağadan doğan həbs, qadağanın ləğvi ilə ləğv olunmur?`

Ruhani Vasif Niftullayev: `Bu necə yumşalmadır ki, qadağadan doğan həbs, qadağanın ləğvi ilə ləğv olunmur?`

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb və layihə səsə qoyularaq qəbul edilib. 
Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-nə yeni səlahiyyət verilir. Yeni qanunla indiyə qədər olan tam qadağa məhdudiyyəti qismən də olsa yumşaldıldı. 
 
Lakin yeni qanun müzakirəyə çıxarıldığı gündən qəbul edilən günə qədər ölkə ictimaiyyətini maraqlandıran ən mühüm məsələ bu idi ki, qanun layihəsinin yumşaldılmasına gedən Azərbaycan hökuməti bir neçə aydır namaz qıldığına və cümə xütbəsi söylədiyinə görə həbs edilən ölkənin nüfuzlu və dəyərli ruhanisi Şeyx Sərdar Hacıhəsənlini azadlığa buraxacaqmı? 
 
Halbuki hətta qanun layihəsi müzakirəyə çıxarılmamışdan öncə də Şeyx Sərdar Hacıhəsənlinin həbsi məsələsi qeyri-qanuni hesab edilirdi. Səbəb isə həm Şeyx Sərdarın QMİ-nin bölgə üzrə nümayəndəsinin dəvəti ilə Masallı Cümə məscidində dini ayinləri icra etməsi idi. Digər bir səbəb isə qanunun geri dönüşünün olmaması ilə bağlı idi ki, Şeyx Sərdar sözügedən qadağanı ehtiva edən qanun layihəsi hələ qəbul olunmamışdan öncə belə xaricdə təhsil alaraq geri dönmüşdü. Eyni zamanda, o, hətta xaricdə dini təhsil almamışdan öncə belə yaşadığı bölgənin Molla Bəylər kimi nüfuzlu ruhanilərindən təhsil alaraq, dini ayinləri icra edirdi. 
 
Mövzu ilə bağlı Maide.Az-a açıqlama verən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, ruhani Hacı Vasif Niftullayev bildirib ki, ötən gün Azərbaycan Milli Məclisində “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilib, yəni bir ildən çoxdur ki, tətbiq olunmuş qadağanın yüngülləşdirilməsinin şahidi olduq. Amma təssüflər olsun ki, bu yüngülləşmə ilə yanaşı, başqa yüngülləşmələr hiss olunmadı.
 
“Belə ki, bu qadağanın əsasında baş vermiş həbslərə, onun ən bariz nümunəsi olan Hacı Şeyx Sərdarın həbsinə heç bir təsir göstərmədi. Biz bəraət gözləyirdik, lakin əfsuslar olsun ki, qanunda yumşalma olsa da, bu, Şeyx Sərdar barədəsində hələ də icra olunmayıb. Bu bizi narahat edir, necə ki, Şeyx Sərdarın həbsi bizi narahat edirdi. Bu necə yumşalmadır ki, qadağadan doğan həbs, qadağanın ləğvi ilə ləğv olunmur? Yenidən may ayının 19-a məhkəmə təyin olunub. Görünür ki, qanundakı yumşalmanın inanclı kəsim üçün heç bir faydası olmadı”.
 

Google+ WhatsApp ok.ru