Rusiyada halal məhsullara tələbat tәklifdәn çoxdur

Rusiya Müftilər Şurasının iqtisadiyyat və maliyyə müşaviri Mədinə Kalımullina son tədqiqatlara görə, Rusiyada halal məhsullara olan tələbatın istehsalı üstələdiyini bildirib.
 
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, RİA Novosti agentliyinə müsahibə verən Kalımullina halal məhsulların yalnız müsəlmanların istehlak etmədiyini də qeyd edib. O, halal məhsulların istehsalı və satışının paytaxt Moskvadan uzaq olan rayonlarda hələ də inkişaf etmədiyini bildirib. "Hәmin bölgələrdə halal məhsullar məscidlərin həyətlərində, ya da müsəlmanların açdıqları kiçik satış nöqtələrində satılır", - deyə o bildirib.
 
Kalımullina, eyni zamanda halal məhsullara böyük mağaza şəbəkələrindən də tələblərin gəldiyini bildirib. O, halal məhsullardan ən çox tələbatın ət məhsulları, pendir, konserv və şəkər məhsullarına olduğunu vurğulayıb. "Xüsusilə tez yeyilən halal məhsulların seçimi və təminatında çətinliklərlə üzləşirik", - deyə o bildirib.
 
Bu arada Tatarıstan Respublikası Müsəlmanları İdarəsi "Halal" məhsullar standartı komitəsinin araşdırmasına əsasən, Rusiyada halal məhsulların istehsalı hər il 30-40% artır.

Google+ WhatsApp ok.ru