Rusiyada yeddi günlük səsvermə başlanır

Rusiyada yeddi günlük səsvermə başlanır

İyunun 25-də Rusiyada konstitusiya islahatları üzrə səsvermə başlanıb. Bu dəyişikliklər Prezident Vladimir Putinin idarəçiliyini daha 12 il uzada bilər.
 
Bu gündən Rusiyanın Uzaq Şərq federal rayonundakı 14 administrativ regionun hamısında səsvermə məntəqələri açılıb. Səsvermə məntəqələrinin bir həftə ərzində açıq saxlanmasında məqsəd iyulun 1-də ümumxalq səsverməsi günü kütləviliyin qarşısını almaqdır.
 
Rusiya digər ölkələr kimi koronavirusa yoluxmaların artmasını önləməyə çalışır.
 
Səsvermə artıq səhiyyə rəsmilərinin narahatlığına səbəb olub. Belə ki, gündəlik yoluxmalar 7 mindən aşağı düşmür.
 
İlkin olaraq aprelin 22-nə planlaşdırılan səsvermə pandemiyaya görə təxirə salındı. Səsvermə məntəqələrinə gedə bilməyənlər isə iyunun 10-dan səs verməyə başlayıb.
 
Kreml koronavirusa görə narahatlıqlara cavabında ölkədə koronavirusun yayılmasının səngidiyini bildirib. Əhalini əmin etməyə çalışırlar ki, seçicilərin təhlükəsizliyi üçün gərəkən tədbirlərin hamısı görülüb.
 
Seçicilərin yarıdan çoxu konstitusiyaya dəyişiklikləri dəstəkləyərsə, onlar təsdiqlənmiş sayılacaq. Bu halda Putin-in prezidentlik müddəti 2024-cü ildə bitəndən sonra da daha iki altı illik ardıcıl müddətə prezident ola biləcək.
 
İyunun 24-də Moskvada 2-ci Dünya müharibəsində nasist Almaniyasının məğlub edilməsinin 75 illiyi münasibətilə hərbi parad keçirilib.
 
Rusiyada indiyədək 600 mindən çox yoluxma qeydə alınıb. Ölü sayının 8 min 500-dən artıq olduğu deyilsə də, real rəqəmlərin daha yüksək olduğu güman edilir./azadliq.org /
 

Google+ WhatsApp ok.ru