Səhiyyə Nazirliyi: Şıx və Sahil çimərliklərində yoluxucu xəstəliklərə tutulma riski var 29 İyun 2017 01:00 Ölkə "Qaradağ rayonunun Sahil, Səbail rayonunun isə Şıx çimərliyindən götürülmüş dəniz suyunda bakterioloji çirklənmə normadan artıq olduğuna görə insanlar arasında kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin kütləvi hal alması baş verə bilər. Odur ki, vətəndaşlara tövsiyə edirik ki, həmin ərazilərə getməsinlər və çimməsinlər". Bunu SalamNews-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. O qeyd edib ki, bununla bağlı mərkəz öz öhdəliyini həyata keçirib: "Bizim səlahiyyətimiz odur ki, yoluxucu xəstəlik ola biləcək ərazilərlə bağlı araşdırmalarımızı aparıb müvafiq qurumlara təqdim edək. Artıq iyun ayının əvvəlində ictimaiyyətə Səbail rayonunda Şıx, Qaradağ rayonunda isə Sahil çimərliyində çimməyin məqsədəuyğun olmaması ilə bağlı xəbərdarlıq etmişik. Bununla bağlı Respublikanın Baş Dövlət Sanitar həkim müavininin qəbul etdiyi müvafiq qərarı Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə göndərmişik. Artıq bu çimərliklərdə hər bir dövlət təşkilatı öz öhdəsinə düşən işləri görməlidir". Öhdəliklərə gəldikdə isə qurum rəsmisi bunun vətəndaşların maarifləndirilməsi və ərazilərə buraxılmamasından ibarət olduğunu bildirib: "Biz Bakı Şəhər İcra Hakimiyyətinə yazmışıq ki, Qaradağ və Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Departamentlərinə həmin ərazilərdə çimməyin qadağan olduğu haqqda məlumat lövhələrini qoymalarını tapşırsın. Eyni zamanda Polis əməkdaşları da vətəndaşların dənizə girməsini qadağan etməlidirlər. Həmçinin biz çimərliklər ərazisində olan sahibkarlıq subyektlərinə də bu qərarı vermişik ki, onların ərazisində sakinlər dənizə buraxılmasın". Teqlər : #Səhiyyə Nazirliyi: Şıx və Sahil çimərliklərində yoluxucu xəstəliklərə tutulma riski var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rayonlarda müşahidə edilən yağış və dolu ən çox fermerlərə ziyan vurub - ekspert Xətaidə nadir ağaclar məhv edildi