Siyəzəndə həll olunmayan problem: işsizlik

Bakıdan təxminən 100 km uzaqlıqda, Xəzər dənizinin sahilində yerləşən Siyəzən rayonu. Soyuq qış günü rayon küçələrinin səssizliyini künclərdə toplaşıb söhbət edən kişilərin söhbətləri və boz səmada uçan quş səsləri pozur.
 
Müştəri gözləyən taksi sürücülərdə həddən artıqdır, yanvar ayının ortalarında iki gün ard-arda etirazlar baş vermiş rayonu ziyarət edən BBC Azərbaycancanın müxbirləri deyir.
 
Ötən ilin sonunda manatın dəyərinin kəskin azalmasından sonra işsizlik və bahalaşmaya etiraz edən rayondan, rəsmi məlumata görəÿ 55 nəfər həbs edilib.
 
Hərçənd hadisələrdən bir ay sonra rayonda çox dəyişiklik müşahidə edilmir. BBC Azərbaycancaya danışan sakinlər hələ də qiymətlərin bahalığından və işsizlikdən şikayətlənirlər.
 
Rayon icra hakimiyyətinin saytında çap edilmiş məlumatlara görə, 40 mindən çox əhalisi olan Siyəzən rayonunda 31.5 faiz insanın işi var.
 
“Bizə çörək lazımdır”
 
“Yaşamaq, Siyəzəndə çox çətindir… Çətinlik elə bazardan, millətin burda oturub bir qəpik pul qazanmamağından, iş olmamağından ibarətdir”, Eldar Əliməmmədov adlı sakin deyir.
 
Yanvarın 12-də baş tutmuş etirazı da xatırlayan rayon sakini “güzəranım yaxşıdırsa nəyə etiraz edə bilərəm” deyə sual edir.
 
“Bizim hökumətlə işimiz yoxdur, bizə çörək lazımdır”, o qeyd edir. Eldar Əliməmmədov Siyəzəndə yaşamağın “çətin” olduğunu deyən onlarla sakindən biridir. Siyəzəndə olarkən əyləşdiyimiz taksi sürücündən tutmuş, söhbətləşdiyimiz mağaza satıcılarınadək – hər kəs işsizlikdən gileylənir.
 
Son 15 ildir Siyəzəndə camaat “zülmdədir” deyən Eldar dövlət orqanlarına işlə bağlı müraciət etmək istəmir. O, bu fikrini belə izah edir:
 
“Iş istəsəm məşğulluğa göndərəcəklər, o da problemi həll etmir. Əlinə bel verirlər, deyirlər ağacların dibini bellə. Adı da olur iş”.
 
Etirazçıların “aqibəti”
 
Yanvarın ortalarında etirazlar baş vermiş küçədə isə yaxınlaşdığımız heç bir sakin suallarımızı cavablandırmaq istəmir. Hamısı bir ağızdan “o gün burda olmamışam” deyir.
 
Bir müddət axtardıqdan sonra hadisələr zamanı övladları həbs edilmiş iki ana ilə danışa bilirik.
 
Ilk müsahibimiz əvvəl ad və soyadını açıqlasa da, sonradan gizli qalmağı istəyir. Hadisəni danışarkən ağlayan və “yaşadığımız yaşayış deyil” deyən ana həmin vaxt 2 oğlunun həbs edildiyini qeyd edir.
 
Onun sözlərinə görə, 3 oğlundan ikisi işləmir, digər oğlu isə bir mağazaya sahibdir. Onların üçü də evlidir və övladları var.
 
“Böyük oğlum yanvarın 12-də oğlunu məktəbə aparanda görüb ki, adamlar toplaşıb. Maraqlanıb, elə dost-tanışın yanında dayanıb, kiçik oğlum da orda olub”, ana deyir.
 
Ana həmin gün xəstəxanadakı üçüncü oğunun yanında olduğunu qeyd edir, amma o əlavə edir ki, etirazçıların tək istəyi iş olub.
 
“Oğlanlarımın üçü də cəbhə bölgəsində hərbi xidmətdə olublar, nəyə görə mənim uşaqlarım dubinka ilə döyülməlidir? Iş istəyiblər, amma millətin balalarını xırt-xəşil etdilər”, ana ağlayaraq bildirir.
 
Onun sözlərinə görə, 12 yanvarda etirazçılardan evə getməkləri istənilib və səhəri gün deputatın gələcəyini deyiblər. Axşam isə bir çox qapı “xüsusi təyinatlılar tərəfindən döyülüb”.
 
“Iki oğlumu da alt paltarında, arvadlarının yanından çıxarıb aparıblar”, deyən ana 4 gün oğullarından xəbər ala bilmədiyini də bildirir.
 
Müsahibimizin sözlərinə görə, evlərində 3 dəfə axtarış aparılıb, sonuncu dəfə isə etiraz günü “xəstəxanada olan oğlunun arxasınca gəliblər”.
 
“Saxlanılan iki oğlum 23 gündən sonra gəldi. Onlar gələnə qədər evim yasxana idi. O biri oğlum da evdən didərgin düşmüşdü”, ana deyir.
 
O həm də qeyd edir ki, etirazlardan sonra rayonda yeni iş yerləri açılmayıb, övladları isə hələ də işsizdir.
 
“Hazırda 145 manat pensiya alıram, bir də mağazamız var. Ona da axırıncə dəfə iyun ayında mal gətirmişəm. Kreditlərimiz də var, 3 ailə belə dolanır”, o bildirir.
 
Söhbət etdiyimiz digər ana isə, oğlunun ayaqlarında xəstəlik olduğunu və “ümumiyyətlə” etirazlarda iştirak etmədiyini bildirir.
 
“Qohumgildə həbs olunan var idi, oğlum da onlara tez-tez baş çəkirdi, gəldilər oğlumu da apardılar”, deyən ana övladının 3 gün şöbədə saxlandığını bildirir.
 
“Sənədlərini apardım ki, xəstədi, həmin hadisədə də olmayıb. Axırda Icra hakimiyyətinə getdim, sonra buraxdılar”, o əlavə edir.
 
Qapısını döydüyümüz 3-cü ailə evdə deyil. Qonşular həmin ailənin kasıblıqdan “əziyyət çəkdiyini”, həbs olunmuş ailə başçısının isə hələ də “azad edilmədiyini” deyirlər.
 
Rayonlarda iş tapmaq üçün əsas ümid yeri olan Məşğulluq idarəsində də oluruq.
 
Idarənin qarşısında rastlaşdığımız sakinlərin çoxu deyir ki, təklif edilən işlərdən “narazıdırlar”.
 
“Təklif olunan işlərin maaşı 120 manatdır, onunla nə etmək olar?”, deyir bir sakin.
 
Başqa biri isə aylardır qeydiyyatda olduğunu və hələ də iş tapa bilmədiyini deyir.
 
Həbs edilmək “istəmirik”
 
Sakinlərin oxşar vəziyyətdən şikayətləri olsa da, jurnalist olduğumuzu öyrənən kimi danışmaqdan imtina edirlər. Səbəb olaraq isə “həbs edilmək istəmədiklərini” deyirlər.
 
Sakinlərin sadaladığı problemlərə cavab tapmaq üçün üz tutduğumuz Siyəzən Rayon Icra Hakimiyyətində isə “icazəsiz” səlahiyyətli şəxslərlə görüşümüzə icazə verilmir.
 
Rayon icra hakimiyyətinin rəsmi saytının yazdığına görə, 40 mindən çox əhalisi olan Siyəzən, sənaye rayonudur və iqtisadiyyatında mədənçıxarma sənayesi üstünlük təşkil edir, emal sənayesi isə inkişaf edir.
 
Saytda dərc edilən və 2015-ci ildə “Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən rayon icra hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabatı” adlanan sənəddə göstərilir ki, 2015-ci ildə rayon əhalisinin pul gəlirləri əvvəki illə müqayisədə 4,1 faiz artıb.
 
Hesabata görə, 2015-ci ilin sonuna rayonda muzdla işləyənlərin sayı 6382 nəfər, dövlət bölməsində 3959 nəfər, qeyri – dövlət bölməsində isə 2423 nəfər olub. Bu, ümumi əhalinin üçdə biri deməkdir.
 
Saytda həmçinin yazılır ki, muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 352,4 manatdır və ötən illə müqayisədə 1,5 faiz artıb.
 
Hesabatda bildirilir ki, 2015-ci ildə rayon büdcəsinin gəlirləri 8 milyondan çox, xərcləri isə 7 milyon manatdan çox olub.
 
Siyəzən rayonunda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi məqsədi ilə qərargah yaradılması haqqında Icra başçısı fevralın 2-də sərəncam imzalayıb.
 
Bu sərəncam, prezident Ilham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının Siyəzən rayonunda icrasını təmin etmək məqsədi ilə imzalandığı bildirilir.

Google+ WhatsApp ok.ru