SMDTM: Yerli seçkilərin nəticələri xalqın iradəsini əks etdirmir

SMDTM: Yerli seçkilərin nəticələri xalqın iradəsini əks etdirmir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) 23 dekabr bələdiyyə seçkilərinin monitorinqinin nəticələrinə dair ilkin hesabatı açıqlayıb.
 
Sənəddə qeyd olunduğu kimi, uzunmüddətli monitorinq seçki kampaniyasının bütün mərhələlərini - namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin hesablanmasını əhatə edib.
 
Uzunmüddətli monitorinqi 17 müşahidəçi izləyib.
 
Seçki günü monitorinq təsadüfi seçim yolu ilə müəyyən edilmiş 125 seçki məntəqəsində 125 müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində aparılıb.
 
SMDTM namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində bəzi dairələrdə  inzibati resurslardan istifadə hallarını qeydə alıb.
 
Heç bir əsas olmadan bəzi şəxslərin qeydiyyatından imtina edilib.
 
Seçkiqabağı təşviqat zamanı bəzi namizədlərə və müşahidəçilərə icra hakimiyyəti orqanları, dairə və məntəqə seçki komissiyaları tərəfindən təzyiq edilib.
 
Bəzi yerlərdə namizədlərin təşviqat materialları məhv edilib, lakin bununla bağlı araşdırmalar aparılmayıb.
 
Ümumilikdə, seçkiqabağı təşviqat mərhələsində passivlik və rəqabətsizlik atmosferi müşahidə olunub.
 
Seçki kampaniyasının bütün mərhələlərinin monitorinqinin ilkin nəticələri göstərir ki, bələdiyyə seçkiləri siyasi azadlıqların kəskin  məhdudlaşdırılması, bərabər və gerçək rəqabətin olmaması şəraitində keçirilib, səsvermə və səslərin hesablanması isə kütləvi pozuntular şəraitində keçirilib.
 
Beləliklə, alternativ seçki imkanlarının olmaması, milli qanunvericiliyin və beynəlxalq standartların pozulması səbəbindən bələdiyyə seçkilərinin nəticələri vətəndaşların real və azad iradəsini əks etdirmir, hesabatda deyilir.
 
Sonda tövsiyələr irəli sürülür.
 
Əsasən qanun pozuntularını törədənlərin cəzalandırılması,  toplaşma, ifadə, birləşmə azadlığının təmin edilməsi, siyasi motivli təqiblərə son qoyulması, siyasi məhbusların azad edilməsi, seçki qanunvericiliyinin Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, seçki komissiyalarının işində şəffaflığın artırılması, vətəndaşların təzyiq olmadan seçkiləri müşahidəsi üçün şəraitin yaradılması təklif olunur. contact.az /

Google+ WhatsApp ok.ru