ÜST: Dünya ölkələri koronavirus pandemiyasına qarşı mübarizədə birlik nümayiş etdirməlidir

ÜST: Dünya ölkələri koronavirus pandemiyasına qarşı mübarizədə birlik nümayiş etdirməlidir

Ümumdünya Səhiyyə Təşkilatı (DST) dünyanın əksər ölkələrinin koronavirus pandemiyasına qarşı yetərincə yaxşı hazırlaşmadığını tənqid edib.
 
Təşkilatın məlumatına görə, dünyanın əksər ölkələri epidemiyaya qarşı zəif və ya orta səviyyədə hazırlıqlıdır. Bu məlumat təşkilat tərəfindən G20 qrupunun videokonfransı üçün hazırlanan hesabatda əks olunub.
 
Qeyd edilib ki, dünya ölkələrinin yalnız üçdəbiri epidemiyaları vaxtında aşkarlaya və buna müvafiq reaksiya vermək iqtidarındadır. Hətta səhiyyə sistemi yüksək inkişaf etmiş ölkələrin bir qismi də əsas xidmətləri həyata keçirə bilmək üçün məhdud imkanlara malikdirlər.
 Hesabatda bildirilir ki, koronavirus pandemiyasının nəticələri dünyanın zəif səhiyyə sisteminə malik ölkələri üçün dəhşətli ola bilər. Bu ölkələrdə səhiyyə sistemində infrastruktur və təhsilli kadrların çatışmazlığı ilə yanaşı, vacib tibbi avadanlıqların təchizatı üçün sabit çatdırılma şəbəkəsi və logistika sistemi də mövcud deyil. Bu sahədə beynəlxalq əməkdaşlıq da qənaətbəxş hesab olunmur. Çünki koordinasiya və əməkdaşlığı mümkün etmək üçün ÜST-yə şərait yaradılmır.
 
Hesabatda ÜST dünya ölkələrini 2008-ci il maliyyə böhranında olduğu kimi, yenə də birliyə və qətiyyətli fəaliyyətə çağırıb. Həmçinin hesabatda tibbi avadanlıqların qlobal ehtiyat fondunun yaradılması, xəstəlik törədicisi üzərində tədqiqatların intensivləşdirilməsi, eləcə də dünyanın müxtəlif bölgələrindəki epidemiya ocaqlarına göndərilmək üçün ekspert və həkimlərdən ibarət “mobil qlobal səhiyyə truppası”nın təsis edilməsi təklif olunub. /azertac
 

Google+ WhatsApp ok.ru