İstanbulda Xocalı tədbirinə mane oldular

Türkiyədə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilməsi planlaşdırılan kitab və film təqdimatı sonradan ləğv edilib.
 
Virtualaz.org saytının Türkiyədəki mənbələrdən əldə etdiyi xəbərə görə, Avropa Azərbaycan Cəmiyyətinin Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə planlaşdırdığı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a War Crime. Armenia in the Dock”) kitabının təqdimat mərasiminin keçiriləcəyi məkan - İstanbul Modern İncəsənət Muzeyi tədbirin orada təşkil edilməsindən son anda imtina edib.
 
Əldə etdiyimiz məlumata görə, buna əsas kimi filmin və kitabın antierməni mahiyyəti daşıması göstərilib.
 
Qeyd edək ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Filmin bu il “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə nümayişi keçirilib. Sözügedən şəhərlərdə filmin nümayişi ilə əlaqədar heç bir problem yaradılmayıb. Həmin tədbirlər yüksək səviyyədə və uğurla keçirilib. Amma Türkiyədə belə bir problemin ortaya çıxması başadüşülən deyil.
 
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək üçün İstanbul Modern İncəsənət Muzeyinə müraciət edib.
 
Muzeyin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Handan Şenköken virtualaz.org saytına açıqlamasında bildirdi ki, tədbirin baş tutmamasına səbəb “təşkilatçıların bəzi müqavilə şərtlərinə əməl etməməsi” olub.
 
Handan Şenkökenin sözlərinə görə, təşkilatçılar tədbirin konkret hansı saatda keçirilməsi haqda məlumatı vaxtında vermədiyi və həmin saatda muzeydə digər tədbirlər olduğu üçün filmin nümayişinin keçirilməsindən imtina olunub.
 
Onun sözlərindən belə çıxıb ki, təşkilatçılar vaxtı saat baxımından düzgün əyarlamayıblar.
 
Lakin əldə etdiyimiz digər məlumat muzeyin arqumentlərinin heç də ciddi olmadığını, daha dəqiq desək, sadəcə bəhanə olduğunu göstərir. Halbuki tədbirin təşkilatçıları İstanbul Modern İncəsənət Muzeyi ilə tədbirin keçirilməsi ilə bağlı günü və saatı (23 fevral, saat 18:30) dəqiq göstərilməklə rəsmi razılıq əldə etmişdilər. Bununla belə, muzeydən təşkilatçılara tədbirdən hələ 4 gün qabaq zəng vuraraq bu tədbirin keçirilməsinin qeyri-mümkün olduğu bildirilib. Yəni burada söhbət saatlardan yox, günlərdən gedir...
 
Onu da qeyd edək ki, İstanbul Modern İncəsənət Muzeyində keçirilməsi nəzərdə tutulan tədbir sonradan başqa məkanda İstanbul “Zorlu” Mərkəzində uğurla keçirilib. /

Google+ WhatsApp ok.ru