Suriyada prezident seçkilərində 3 namizəd iştirak edəcək

Suriyada prezident seçkilərində 3 namizəd iştirak edəcək

Suriyada keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər Ali Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib.
 
APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ali Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Cihad əl-Lahham mətbuat konfransında deyib.
 
O bildirib ki, prezident seçkilərində iştirak etmək istəyən namizədlərdən 3-nün müraciəti təsdiqlənib və digər bir neçə namizədin müraciətli konstitusiya və qanuni tələblərə cavab vermədiyi üçün rədd edilib.
 
Namizədliyi qeydə alınanlar Abdulla Abdulla, Mahmud Marai və hazırkı prezident Bəşər əl-Əsəddir.
 
Ali Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, ərizələri rədd edilənlər bu qərardan mayın 4-dən başlayaraq üç gün ərzində şikayət edə bilərlər.
 
Qeyd edək ki, mayın 26-da keçiriləcək seçkilərdə namizəd olmaq üçün 51 nəfər müraciət edib. Suriya konstitusiyasına görə, son 10 ildə Suriyada yaşayan, başqa ölkə vətəndaşlığı olmayan və yaşı 40-dan yuxarı olan Suriya vətəndaşları prezident seçkilərində iştirak edə bilərlər. Seçkilərə qatılmaq istəyən namizədlər qeydiyyatdan keçərkən Xalq Şurasının ən azı 35 deputatından namizədliklərinə yazılı dəstək almalıdırlar.

Google+ WhatsApp ok.ru