Tehranda Beynəlxalq Kitab Sərgisi açılıb

Tehranda Beynəlxalq Kitab Sərgisi açılıb

İran paytaxtında Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
 
APA-nın Tehran bürosunun məlumatına görə, açılış mərasimində İran parlamentinin sədri Əli Laricani, İslami irşad və mədəniyyət naziri Rza Selehiəmir, İtalyanın mədəni irs və fəaliyyətlər nazirinin müavini Antimo Çezro və digər rəsmi şəxslər iştirak edib.
 
İranda keçirilən ən böyük mədəni tədbirlərin biri sayılan Beynəlxalq Tehran Kitab Sərgisi hər il bahar fəslinin ortalarında təşkil edilir. Sərgidə İran və xarici ölkə nəşriyyatlarının çap etdiyi məhsullar nümayiş olunur. Builki sərgidə İtaliya xüsusi qonaq qismində, İstanbul şəhəri qonaq şəhər qismində iştirak edir. Sərginin devizi “Daha bir kitab oxuyaq” seçilib.
 
İslami irşad və mədəniyyət nazirinin müavini Abbas Salehi deyib ki, 30-cu beynəlxalq kitab sərgisində 1607 nəşriyyat 2260 stenddə öz məhsullarını sərgiləyir. O əlavə edib ki, sərgidə 109 xarici nəşriyyat özünün minlərlə məhsulunu təqdim edəcək.
 
Beynəlxalq Tehran Kitab Sərgisi mayın 13-dək davam edəcək.

Google+ WhatsApp ok.ru