Tokioda maqnit yastıqlar üzərində hərəkət edən qatarlar üçün ilk stansiyanın tikintisinə başlanılıb

Yaponiya paytaxtında maqnit yastıqlar üzərində hərəkət edəcək qatarlar (maqlev) üçün ilk stansiyanın tikintisinə başlanılıb. Həmin dəmir yolu xəttinin 280 kilometr uzunluğunda olacağı, Tokio ilə Naqoya şəhərlərini birləşdirəcəyi və 2017-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
 
Stansiyanın inşası çox mürəkkəb şəraitdə, hazırda fəaliyyət göstərən nəhəng “Şinaqava” nəqliyyat şəbəkəsində, 40 metr dərinlikdə aparılır. Stansiyadakı platformanın 450 metr uzunluğunda olacağı planlaşdırılır. Bununla yanaşı, Naqoyada müvafiq stansiyanın tikintisi barədə razılıq əldə olunmadığına görə burada inşaat işlərinə hələlik başlanılmayıb. Buna baxmayaraq, layihənin icraçısı “JR Tokai” şirkəti razılığın tezliklə əldə olunacağını bildirir.
 
Ötən ilin sonlarında Tokio ilə Naqoyanı birləşdirəcək ilk maqlevin keçəcəyi Yamanaşi prefekturasında xəttin ən çətin hissəsinin tikintisinə başlanılıb. Burada, Yapon Alp dağları adlanan ərazidə 25 kilometrlik tunelin inşası planlaşdırılır. Yerli relyefin mürəkkəbliyi səbəbindən inşaat işlərinin 2025-ci ildə başa çatacağı gözlənilir.
 
Yaponiyada maqnit yastıqlar üzərində qatarların yaradılmasına ötən əsrin 70-ci illərində başlanılıb, lakin layihə uzun müddət diqqətdən kənarda qalıb. 2011-ci ildə Yaponiya hökuməti Tokio ilə Naqoya arasında 286 kilometr uzunluqda ilk xəttin çəkilməsinə razılıq verib. Layihənin ümumi dəyəri 5,5 trilyon yen (təqribən 45,8 milyard dollar) qiymətləndirilir. Tikinti işlərində 15 min insanın iştirak edəcəyi gözlənilir. 2045-ci ildə xəttin Yaponiyanın üçüncü böyük şəhəri Osakayadək uzadılması planlaşdırılır.

Google+ WhatsApp ok.ru