Uruqvay İtaliyanı, Yunanıstan Fil Dişi Sahili millisini mübarizədən kənarlaşdırdı

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatında 1/8 finala adlayan daha iki komandanın adına aydınlıq gətirilib

D qrupunun həlledici matçında azarkeşlər maraqlı duelin şahidi olub. Dördqat dünya çempionu olan İtaliya ilə mundialın ikiqat qalibi Uruqvay bu dəfə 1/8 finala çıxmaq üçün mübarizə aparıb. Kosta-Rikadan sonra qrupdan 1/8 finala çıxan ikinci komanda Uruqvay olub. İtaliya seçməsi 60-cı dəqiqədə azlıqda qalıb. Klaudio Markizio qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunun qalibini isə 1 qol müəyyənləşdirib. Uruqvay Dieqo Qodinin 81-ci dəqiqədə vurduğu yeganə qol sayəsində növbəti mərhələyə yüksəlib. İtaliya isə turnirlə vidalaşdıb.
 
Kosta-Rika ilə İngiltərə isə ilk dəfə məhz Braziliyada üz-üzə gəlib. Mərkəzi Amerika təmsilçisi sürpriz çıxışını davam etdirmək üçün ingilislərlə ən azı heç-heçəyə nail olmalıydı. Kosta-Rika bu vəzifənin öhdəsindən gəlib. Matç boyu komandaların fərqlənmək imkanı olsa da hesab açılmayıb və tərəflər sonda sülhə razılaşıb. İngilislər isə turnirə 1 xalla vida ediblər.
 
C qrupunda Yaponiya - Kolumbiya və Yunanıstan – Fil Dişi Sahili görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqə qazanmış Kolumbiyaya qrup lideri olmaq üçün 1 xal da kifayət edirdi. Ancaq komanda Yaponiya seçməsini darmadağın edib. Oyuna iddialı başlayan Xose Pekermanın yetirmələri iddialı başlayıb. 18-ci dəqiqədə Kuadrado penaltidən fərqlənib. İlk yarının sonlarında Okazaki tarazlığı bərpa edib. Amma Yaponiya bərabər hesablı nəticəni sonadək qoruya bilməyib. İkinci yarıda Kolumbiya daha 3 hücumu məntiqi sonluqla tamamlayıb. 55-ci dəqiqədə Martines komandasını önə keçirib. 80-ci dəqiqədə Martines dub ebib. 8 dəqiqə sonra Xames Rodrigesin vurduğu qolla Kolumbiyanın 4-1 hesablı qələbəsi rəsmiləşib.
 
Bu qrupun maraqla gözlənilən görüşü isə Yunanıstan – Fil Dişi Sahili matçı olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub. Fasiləyə minimal hesablı üstünlüklə yollanan yunanlar ikinci yarıda bərabərlik qolundan sarsılıb. Bu nəticə Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Amma son dəqiqədə Fil Dişi Sahili millisi futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasını 1/8 finala çıxarıb.

Google+ WhatsApp ok.ru