`2013-2015-ci illər ərzində Azərbaycanda 1000-ə yaxın MS xəstəsi müalicəvi yardım alıb`- Liya Bayramova

Mayın 25-i Beynəlxalq Dağınıq Skleroz günü idi. Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Bəs xəstəliyin ilk simptomları özünü necə büruzə verir? Onun diaqnostikası necə aparılır?
 
Maide.Az olaraq bu və bu kimi suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovaya müraciət etdik. 
 
L.Bayramova bildirib ki, dağınıq skleroz əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Qeyd edim ki, bəzən dağınıq sklerozu terminoloji oxşarlığına görə yaşlı insanlarda rast gəlinən ateroskleroz xəstəliyi ilə qarışdırırlar. Bilmək lazımdır ki, bunlar tam müxtəlif xəstəliklərdir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.
 
Xəstəliyin ilk simptomları o dərəcədə müxtəlif ola bilir ki, bəzən ilkin diaqnozun qoyulması həkimlər üçün də çətin olur. Görmə pozğunluqları, əl və ayaqlarda keylik və zəiflik, başgicəllənmə, sidik ifrazının çətinləşməsi və bu kimi rəngarəng simptomlar bu xəstəliyin erkən əlaməti kimi təzahür edə bilər. Buna görə, hər bir şəxs orqanizmində hər hansı bu tipli narahatlıq hiss edərsə, diaqnozun qoyulması həkimin ixtiyarına buraxmalıdır.
 
- Xəstəlik irsi olaraq keçirmi?
 
- Dağınıq skleroz irsi xəstəliklərə aid edilmir. Buna görə yaxınlarından birinin dağınıq sklerozla xəstələnməsi heç kimdə öz səhhəti haqda narahatlıq yaratmamalıdır. Hərçənd ki, bəzi ailələrdə iki və daha artıq şəxsin dağınıq sklerozla xəstələnməsi halları qeydə alınıb.
 
-Bu xəstəlikdən yaxa qurtarmaq nə dərəcədə realdır? Xəstənin yaxınları onun vəziyyətini yüngülləşdirmək üçün hansı qabaqlayıcı tədbirlər görməlidirlər?
 
-Hazırda heç bir müalicə yanaşması dağınıq sklerozdan tam sağalmanı təmin etmir. Bütün dünyada istifadə olunan müalicə tədbirlərinin əsas məqsədi xəstəliyin baş vermiş kəskinləşmələrini söndürmək və növbəti kəskinləşmənin qarşısını almaqdan ibarətdir. İstifadə olunan müasir immunomodulyator xüsusiyyətli preparatlar buna tam imkan verir. Nəzərə almaq lazımdır ki, bir neçə il xəstəliyin müvəffəqiyyətli profilaktikası dağınıq sklerozun inkişafının dayanması, sinir sisteminin yeni zədələrinin baş verməməsi və praktiki olaraq sağalmaq deməkdir.
 
Dağınıq sklerozun müalicəsində xəstələrin yaxınlarının rolu çox böyükdür. Belə ki, ciddi emosional stressə məruz qalmış xəstəyə psixoloji dəstək vermək, onu tək qoymamaq vacibdir. Fiziki çatışmazlıq zamanı keyfiyyətli qulluq edə bilmək xəstənin müalicəsində əhəmiyyətli rol oynayır.
 
- Səhiyyə Nazirliyi dağınıq skleroz xəstələrinin müalicəsi üçün hansı tədbirlər həyata keçirir?
 
- Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” qəbul olunub. Hazırda Səhiyyə Nazirliyinin müvafiq müəssisələrində bu xəstələrə qeyd etdiyim Dövlət Proqramı çərçivəsində dünya standartları səviyyəsində yardım göstərilir. Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində ilkin diaqnoz qoyulmuş xəstələr, eləcə də xəstələr təkrar qəbul edilərək ən müasir tibbi diaqnostik üsullarla müayinə olunur, müvafiq müalicə alırlar. Mərkəzdə 2013-2015-ci illər ərzində 1000-ə yaxın xəstə konsultativ və müalicəvi yardım alıb. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və bu şəxslər müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. Bundan əlavə, 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb. Eyni zamanda, həkimlərin bu sahə üzrə təkmilləşdirilməsi üçün zəruri addımlar atılır.
 
– Xəstəliyin profilaktikası üçün nə məsləhət görürsünüz?
 
- İndiyə qədər dünyada dağınıq skleroz xəstəliyinin sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb. Amma dağınıq skleroz xəstəliyində insanın immun sisteminin qeyri-normal fəaliyyətinin əsas rol oynadığını nəzərə alsaq, bu sistemi zədələyən aşağıdakı faktorları qeyd etmək vacibdir: siqaret və alkoqoldan uzaq olmaq, normal müddətli və keyfiyyətli yuxu, bizi daim sıxan psixi stress faktorlarına uyğunlaşmağa çalışmaq, doğulduğun və böyüdüyün ərazi və iqlimdə yaşamaq, mülayim dərəcəli fiziki aktivliyi təmin etmək. Belə həyat tərzi istər dağınıq skleroz, istərsə də digər sinir sistemi xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir. /