2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb

Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb.
 
Maide.Az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat proqnozlaşdırılır:
 
“Gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 1 milyard 750 milyon manatını neft sektorundan vergi daxilolmaları təşkil edir.
 
Büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülüb.
 
2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat proqnozlaşdırılır. Xərclərin 70,1 faizi cari xərclər, 20,8 faizi əsaslı xərclər, 9,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər kimi rəsmiləşir.
 
Sosial xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz göstərilir, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə 600 milyon manat ayrılır”.