250 YAŞLI İNSAN -1

Böyük Rəhbərin on dörd məsumun siyasi həyat və mübarizələrinə dair çıxışlarından seçmələr

İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi cəhətlərə dair hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.
Biz imamların həyatını dərs və örnək kimi öyrənməliyik, yalnız əziz və dəyərli xatirələr kimi yox. Bu isə onların siyasi həyatına diqqət yetirmədən mümkün deyil. Məndə imamların həyatının bu cəhətinə maraq ilk dəfə 1971-ci ildə ağır və məşəqqətli bir imtahan zamanı yarandı. Ondan öncə tövhid sözünün ucalması və ilahi hökumətin bərqərar edilməsi naminə fədakarlıq göstərən böyük mübarizlər olan imamların həyatını araşdırsam da, o zaman gözlənilmədən mənim üçün bir məsələ aydın oldu. O məsələ bu idi ki, məsum rəhbərlərin həyatında bəzən ziddiyyət kimi başa düşülən zahiri fərqlər olsa da, onların həyatı
ümumilikdə bir-birinə bağlı olan vahid hərəkəti təşkil edir. Bu hərəkət hicrətin 10-11-ci ilindən kiçik qeyb dövrünün başlandığı 260-cı ilə qədər sürüb 250 illik bir dövrü əhatə edir. Bu insanlar əslində bir şəxs kimidirlər, onların məqsəd və istiqamətlərinin bir olduğuna şübhə yoxdur. Odur ki, biz İmam Həsən Müctəbanın (ə), İmam Hüseynin (ə) və İmam Səccadın (ə) həyatlarını bir-birindən ayrı şəkildə təhlil edib bəzi zahiri fərqlərə görə bu üç imamın həyat tərzlərinin bir-birinə zidd olduğuna dair kobud səhvə yol vermək əvəzinə, onların hamısını hicrətin 11-ci ilində bir yola qədəm qoyub 260-cı ildə onun sonuna çatmış və 250 il ömür sürmüş bir insan kimi fərz etməliyik.
Bu böyük və məsum insanın bütün hərəkətlərini bu baxışla dərk etmək olar. Məsum olmasa da, hər bir ağıllı və məqsədli insan uzunmüddətli bir hərəkət zamanı müəyyən mövqe və taktikalar seçməli, bəzən sürətlə, bəzən zəif hərəkət etməli, bəzən hətta məqsədyönlü şəkildə geri çəkilməlidir. Onun elmli və məqsədli olduğunu bilən şəxslərə görə, bu da irəliyə hərəkət sayılır. Bu baxışa əsasən, Əmirəlmömininin (ə) həyatı İmam Müctəbanın (ə), İmam Hüseynin (ə) və 260-cı ilə qədər yaşamış digər səkkiz imamın həyatı ilə birgə bütöv bir tamı təşkil edir. Mən o zaman bunu başa düşdüm, bu baxışla onların həyatını araşdırmağa başladım və araşdırdıqca bu fikir də öz təsdiqini tapdı. Allah Rəsulunun (s) Əhli-beyti olan bu əziz məsumların bütöv həyatı vahid siyasi məqsədi izlədiyinə görə, xüsusi şəkildə araşdırılmalıdır. Mən bu haqda danışmaq və bunu bir qədər izah etmək istəyirəm.
Əvvəla, imamlara aid etdiyimiz siyasi, yaxud gərgin siyasi mübarizə nə deməkdir? Məqsəd budur ki, məsum imamların mübarizəsi yalnız elmi və etiqadi mübarizədən ibarət olmayıb. Siz həmin müddətdə İslam tarixində Mötəzilə, Əşairə və digər firqələrlə aparılan etiqadi mübarizələrdən xəbərdarsınız. Uyğun məclis, dərs və çıxışlarda imamların məqsədi yalnız özlərinin kəlam, yaxud fiqh məktəblərinin görüşlərini isbatlamaq və rəqiblərini qane etmək deyil, bundan böyük olmuşdur. Həmçinin imamlarımız cənab Zeyd, onun
davamçıları, İmam Həsənin nəvələri və İmam Sadiqin (ə) bəzi övladları kimi silahlı mübarizə də aparmamışlar. Düzdür, onları mütləq şəkildə pisləməmişlər; bəzilərini silahlı mübarizədən başqa səbəblərə görə pisləyir, bəzilərini tam təsdiqləyir, bəzilərinə də arxa cəbhədə dəstək verirdilər. İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir ki, Peyğəmbər (s) ailəsindən kiminsə qiyam etməsini xoşlayır və ailəsinin xərclərini üzərimə götürürəm.("Bihar əl-ənvar", c. 46, səh: 172.) Maddi və mənəvi yardımlarla, yer verməklə, gizlətməklə və sair işlərlə qiyamçılara kömək edir, özləri isə bizim tanıdığımız cərəyanın öndərləri olaraq silahlı mübarizəyə qoşulmurdular. Bizim iddia etdiyimiz siyasi mübarizədə məqsəd bu işlər də deyil. Məqsədimiz bir siyasi məqsədi rəhbər tutan mübarizədən ibarətdir. Həmin siyasi məqsəd isə İslam hakimiyyəti qurmaqdır.
İmamlar Peyğəmbərin (s) vəfat etdiyi andan 260-cı ilə qədər İslam cəmiyyətində ilahi hakimiyyət qurmaq istəmişlər. Əsas iddia budur. Əlbəttə, deyə bilmərik ki, İslam hökumətini hər bir imam öz dövründə qurmaq istəmişdir; ortamüddətli, uzunmüddətli və bəzi hallarda qısamüddətli proqramlar olmuşdur. Misal üçün, İmam Müctəbanın (ə) dövründə yaxın gələcəkdə İslam hakimiyyəti qurmağa səy göstərilmişdir. İmam Müctəba (ə) Müsəyyib ibn Nəcəbənin və digərlərinin "Siz nə üçün sükut etdiniz?" sualına belə cavab verirdi: "Bilmirəm. Bəlkə bu sizin üçün imtahan və müəyyən vaxta qədər möhlətdir".(Ənbiya/111.) Mənim fikrimcə, İmam Səccadın (ə) dövründə ortamüddətli gələcək nəzərdə tutulurdu. Bunu sübut edən fakt və misalları söyləyəcəyəm. İmam Baqirin (ə) dövründə böyük ehtimalla yaxın gələcəkdə İslam hakimiyyəti qurmağa çalışmışlar. Səkkizinci imamın şəhadətindən sonra isə böyük ehtimalla uzaq gələcək nəzərdə tutulmuşdur. Nəzərdə tutulan zamanlar müxtəlif olsa da, məqsəd həmişə eyni olmuşdur. Siyasi mübarizədə məqsəd budur.
Bir insanın mənəvi inkişafına və Allaha yaxınlaşmasına aid olan mənəvi və psixoloji işlərdən başqa imamların bütün işləri - dərs, hədis, kəlam, elmi və ya siyasi rəqiblə debat, sürgün, bir qrupu dəstəkləmək, bir qrupu rədd etmək kimi işlər bu xətt üzrə getmiş və məqsəd İslam hakimiyyəti qurmaq olmuşdur. (1986)
Ümumiyyətlə, imamların siyasi həyatları olmuşdur, yoxsa yox? İmamların işi yalnız ətraflarına bir qədər şagird və mürid toplamaqdan, onlara namaz, zəkat, həcc hökmlərini, İslam əxlaqını, din təlimlərini, ideoloji prinsipləri, irfanı və bu kimi məsələləri öyrətmək olmuşdur, yoxsa onların həyatında bu deyilənlərdən əlavə və deyilənlərin ruhu olan siyasi fəaliyyət amili də olmuşdur? Bu çox əhəmiyyətli məsələdir və bunu aydınlaşdırmaq lazımdır. Təbii ki, qısa söhbətlərdə geniş əsaslandırmaya imkan yoxdur. Mən yalnız başlıqlarını deyəcəyəm, kimin həvəsi olsa, bu fərziyyə ilə hədislərə bir də müraciət etsin, tarix kitablarını araşdırsın, o zaman Musa ibn Cəfərin (ə), yaxud digər imamlarımızın həyatının hələ də məchul qaldığı bəlli olar.
İmamlar və şiələr Peyğəmbərin (s) "onları mənən təmizləsin, onlara kitab və hikmət öyrətsin"(Ali-İmran/164.) ayəsində deyilən məqsədin həyata keçməməsini hiss etdilər; gördülər ki, İslamın erkən çağından sonra Peyğəmbərin (s) istədiyi İslam quruluşunu və İslam dünyasını qurmaq tamamilə yaddan çıxdı, nübüvvət və imamətin yerini şahlı