`2` alanların sayı açıqlandı

TQDK buraxılış imtahanında şagirdlərin aldıqları qiymətləri açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə keçirilən sonuncu buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-dan verilən məlumata görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Ümumilkdə buraxılış imtahanında 22431 IX sinif şagirdi iştirak edib. Onlardan 1944-ü “Ana dili”, 2138-i isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 4030-nun “Ana dili”, 3455-nin “Riyaziyyat” fənnindən qiyməti “4”, 9976-nın “Ana dili”, 9266-nın “Riyaziyyat” fənnindən qiyməti “3”, 6481-nin “Ana dili”, 7572-nin isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.

İyunun 24-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 17165 XI sinif şagirdi iştirak edib. Onlardan 3478-i “Ana dili”, 3585-i “Riyaziyyat” fənnindən “5”, 3978-i “Ana dili”, 4482-si “Riyaziyyat” fənnindən “4”, 6397-si “Ana dili”, 5369-u “Riyaziyyat” fənnindən “3”, 3312-si “Ana dili”, 3729-u isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb

Həmin imtahanların nəticələri ötən gün saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçib.