35 qəpiklik yemək, ac qalan məhbuslar və ayrılan milyonlar

“Həbsxanalar varlı məhbusların hesabına təmir olunur”

Bir müddət öncə keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızı səhifəsində belə bir status paylaşmışdı:

"Artıq 13 saylı CÇM-dəki durumla bağlı həyəcan təbili çalmaq lazımdır. Böhran həbsxanadan da yan keçməyib. Belə ki, artıq məhbuslara yemək verə bilmirlər. Onsuzdakeyfiyyətsizolanyeməklərinindibiryaxantıdanfərqiyoxdur. Məhbuslar neçə gündür acdırlar. Adi çayı belə vermək imkanları yoxdur. Həm bu soyuq havada çöldə saxlanılırlar, həm də duzsuz, yağsız yemək verirlər. O yeməkləri yemək imkansızdı".

Hər gün mətbuatda həbsxanadakı hansısa problemlə bağlı xəbərlər gedir. Amma aydındır ki, ordakı problemlər bundan qat-qat çoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan həbsxanaları kimi qapalı sistemdən informasiya sızması çox qəliz məsələdir.

Məhbusların yaxınları və azad olunmuş şəxslərin hamısı birmənalı olaraq həbsxanaların alver yerinə çevrildiyini bildirirlər. Burada cəza içəridə olanda hər hansı etiraza görə tək karserə salınmaqla bitmir, həmçinin gələcəkdə telefon danışıqlarına, yaxınlarınla görüşlərə olan haqqını da itirirsən. Məhbus ailələrinin verdiyi məlumata görə, CÇM-lərdə təzə gələn dustağa yataq yeri – 50 manatdır. Yeməkxana, hamam, dəllək və s. məişət ehtiyacları pullu xidmətə keçir, ticarət köşkündə qiymətlər dərhal artırılır .

Ailəsi ilə görüşdən çixan dustaq 2 qutu siqaret və 10 AZN pul ödəməli olur. Ödənişin də adını qoyurlar tikinti işləri üçün yardım, halbuki son 5 il ərzində PX CÇM-lərində təkcə təmir işlərinə 4 milyon 510 min AZN məbləğdə tender ayırıb.

Ödəniş etməyənlərə münasibət pisləşir və süni əngəllər yaradılmağa başlanır. Keçmiş məhbuslar iddia edir ki, onlara ayrılan ərzaq bazarlara çıxarılır. Dövlətin ayırdığı ərzaq, geyim və digər məhsullar dustaqlara verilmir.

Büdcədən ayrılan pullar...

Biz büdcə.az saytına əsasən, son 5 ildə Penitensiar Xidmətə ayrılan məbləğlə tender.gov.az saytında göstərilən məbləğləri müqayisə edə bilərik. Əvvəlcə onu qeyd edək ki, hər il büdcədən Penitensiar Xidmətə bir neçə istiqamətdə pul ayrılır. Aşağıda son 5 ildə istiqamətlər üzrə məbləğlərin hesablandığı cədvəli sizə təqdim edirik.

 

 

 

Yox olan milyonlar, yoxsa 1 manatlıq yemək?!

5 il ərzində Penitensiar Xidmət büdcədən ayrılan 835 milyonun cəmi 10 faizini tenderlərə xərcləyib. 2010-cu ilin yanvarından 2015-ci ilin sentyabrına kimi təxminən 80.125.444,5 manatlıq tender müqaviləsi reallaşdırılıb. Tender.gov.az saytında yer alan məlumatlara görə deyə bilərik ki, bu məbləğdən 55 milyondan bir qədər çoxu ərzaq məhsullarının alınmasına sərf olunub. Əgər tenderlərin siyahısında tam şəffaflıq təmin olunubsa, o zaman bu məbləğ çox azdır. Gözəyarı hesablamaqla müəyyən etmək olar ki, bu məbləğlə ölkədəki məhbusların ərzaqla təmin olunması üçün günə cəmi 1 manatdan bir az çox pul ayrılıb. Yəni 55 milyonu 60 aya bölüb, 25 min məhkuma düşən payı hesablayırıq.

55,068,679÷60÷25,000 =36.7124526667

Təbii ki, bu ərzaq yeməkxanalara verilir və burdan CÇM-lərdə çalışan heyət də qidalanır. O zaman hər məhbusa gün ərzində 1 manatdan da az məbləğ düşür. Yəni gündə 3 dəfə yeməyin hərəsi üçün 35 qəpik... O zaman sual yaranır: Penitensiar Xidmət niyə ayrılan milyonların bu qədər az hissəsini qidalanmaya sərf edir? Ayrılan məbləğlərin geri qalanı və tender siyahısında göstərilməyəni hara sərf olunur?

SSRİ dövründə həbsxanada yemək norması vardı. Bu normaya 125 qr ət, 25 qr kərə yağı, 30 qr şəkər, bir stakan kisel, 650 qr çörək, kartof, 1 qutu aşağı keyfiyyətli siqaret və s. daxil idi. Ümumilikdə indiki qiymətlə 10 manat 20 qəpik bir gündə aclıqdan ölməmək üçün (minimum istehlak səbəti) vəsait ayrılırdı...

Onu da nəzərə alsaq ki, bizim həbsxanalardakı məhkumların böyük çoxluğu CÇM-lərdə verilən yeməyi keyfiyyətsiz hesab edir və evlərindən gələn azuqə ilə qidalanır, onda ortada oynayan və "yox olan" məbləğdə ərzaq milyonlarla manat dəyərində hesablanmalıdır. Məhbusların sayına nəzərən az məbləğ olsa da, istifadə olunmamış, yeyilməmiş yeməyin pulu kimi 55 milyon manat az məbləğ deyil.

Keçmiş siyasi məhbus Nigar Yaqublu deyir:


"Ordakı yeməkləri ancaq evdən sovqat gəlməyən məhbuslar yeyir. Onlar bir-iki nəfərdir. Həbsxana jarqonu ilə desək, o yeməklərə "balanda" deyirlər. Çox keyfiyyətsizdir. Yaxşı yeməyi ancaq monitorinqə kimsə gəlməmişdən qabaq verirlər. O da 2-3 ayda bir dəfə olur. Mən bir dəfə maraq üçün dadına baxdım, o yeməyi yemək mümkün deyil. Elə bil nəyisə suya qatıb verirlər. Yağsız, duzsuz, ürək bulandıran bir qidadır".

NİDA Hərəkatının üzvü, keçmiş siyasi məhbus Zaur Qurbanlı deyir:

"Yeməklərdən günorta yeməyi bir az yeməli idi, axşam yeməyi isə yararsız. Səhər yemək verilmirdi, sadəcə gün ərzində istifadə etməyə bir qara çörək verilirdi. Daha yaxşı kameraya keçmək pullu idi, amma məbləğini bilmirəm. Yaxud "burjuy" kimi yaşamaq üçün Tibb Məntəqəsində və ya 10-cu korpusda (Təcridxanada qalan işçi məhkumlar üçün korpus əsas binadan ayrı) qalmaq üçün xeyli məbləğ ödənilirdi. Məmurların övladları və ya digər pullu adamlar bu xidmətdən istifadə edirdi. Kameranın içində temperatur 40-50 dərəcə olurdu. Havalandirma yoxdur. Nəfəs almaq mümkün deyildi".

Havalandırma sistemi ilə bağlı digər məhkumların da şikayətləri çox olduğundan biz monitorinq apardığımız 5 il ərzində Penitensiar Xidmətin kondisioner alınmasına xərclədiyi məbləği də hesabladıq. Tender.gov.az saytında son 5 ildə kondisionerlərin alınması üçün görünən sərf edilmiş məbləğ təxminən 98288 AZN həcmindədir. Kondisionerlərdən harda istifadə edilməsi barədə məlumatımız yoxdur. Kobud hesablamayla bu məbləğə təxminən 400 ədəd kondisioner almaq mümkündür. Amma keçmiş məhbusların heç biri həbsxanalarda kondisioner quraşdırılmasının şahidi olmayıb. Bu da onu deməyə əsas verir ki, kondisionerlər sadəcə rəhbər şəxslərin istifadəsinə verilib.

Eyni zamanda CÇM-lərin tender siyahısında diş pastası, sabun, paltar dərmanı, şampun, yumşaq inventar (mələfə, döşək və sair parça istehsallı məmulatlara) böyük məbləğ ayrılıb.

Keçmiş siyasi məhbus Nigar Yaqublu isə deyir ki, 6 ayda bir dəfə paltar yumaq üçün dərman görüb. Cəmi bir dəfə də hotellərdə verilən mini sabun və suvenir formasında balaca şampun. Başqa heç vaxt yuxarıda adı çəkilənlərin paylandığına təsadüf etməyib.

Təmir pulu

Qeyd etmişdik ki, 5 il ərzində Penitensiar Xidmət CÇM-lərə təkcə təmir işlərinə görə 4 milyon 510 min AZN məbləğdə tender ayırıb. Keçmiş siyasi məhbus Əvəz Zeynallı deyir ki, CÇM-də təmir işlərini imkanlı məhbusların öhdəsinə qoyurdular. Onların siyahısı tutulur. Həmin şəxslərin müəyyən istəkləri qarşılığında təmir adıyla böyük məbləğdə pullar alınırdı:

"Pul həm Bakı İstintaq Təcridxanasında, həm də zonlarda yığılır. Ancaq zonlarda daha əsaslı və uzunmüddətli olur. Çünki BİT-də adam özünü hələ məhkum hesab etmir. Burada o, təqsirləndirilən şəxsdir. Hər zaman azadlığa çıxmaq ehrimalı var. Zonda isə məhkumsan. Və həyatın tam dibindəsən. Burada gizli bir sistem var. Daxil olan gündən zon rəisi kimin kim olduğunu bilir və zənginlər xüsusi sıyahıya alınır. İndi zonlarda dustaqların özlərindən təşkil olunan Müəssisə Kollektiv Şurası - MKŞ - adlanan bir qurum var. Bu, guya dustaqların öz- özlərini idarə etmələri, problemlərini həll etmələri üçün nəzərdə tutulub. Bəzən bəzi problemləri də həll edir, amma əsasən, rəislə işlədiklərinə görə onlara o qədər də etimad göstərilmir. Bax, həmin bu MKŞ-nin sədri adlanan dustaq rəisin verdiyi siyahı ilə zənginləri bir-bir "haqqa" otuzdurur. Mənim saxlanıldığım 10-cu zonda da belə bir siyahı vardı. Təxminən 15 adam vardı o siyahıda. Onlardan ildə 3-4 dəfə pul yığırdılar. Bəhanə də o olurdu ki, zonu təmir edirlər.10 saylı CÇM-də 15 nəfərin hərəsindən müxtəlif məbləğlərdə pullar toplanırdı. 30 manatdan 1000-2000 manata qədər. Baxır adamına. Damarına baxıb, qan alırdılar".

Keçmiş siyasi məhbus, baş redaktor Əvəz Zeynallının sözlərinə görə, zonun demək olar ki, əsas xərcləri bu dustaqların boynuna düşürdü:


"Rəis də bu haqda gündəlik “razvod”larda elanlar verirdi və bir növ yığımı leqallaşdırırdı. İnşaat materialları - daş, sement, şifer, taxta və s. və i. gətirdir, usta, material pulu dustaqların hesabına ödənilirdi. 10 saylı zonda bir tanınmış narkobaron vardı. Rəisin yaxın dostu idi. Onun yükü lap ağır idi. Rəis ona görüş otağı tikdirmişdi. Bu dustaq da həmin görüş otağının görüşlərini özü müəyyənləşdirirdi. Dustaqların içində də şəstlə deyirdi ki, otaq onluqdur, ora 50.000 manat xərci çıxıb. Rəis isə belə söhbətlərə göz yumur, ictimailəşəndə məsələnin belə olmadığını deyirdi. Amma hamı bilirdi ki, belədir.Beləcə, zonların əsas təmir işlərini varlı dustaqlara gördürür, bunun üçün büdcədən ayrılan pulları həzmi-rabedən keçirirdilər. Tez-tez televizorlarda hansısa zonlarda tulaet-hamam sisteminin yenidən qurulduğu, bəzilərində kondisioner sistemi quraşdırıldığı haqqında süjetlər verilir. Bilin ki, bunların hamısı dustaqların hesabınadır.Bu dustaqlar isə adlarının çəkilməsini heç bir zaman istəmirlər. Çünki ödədikləri gizli rüşvətlər həm də onların həyat sığortasıdır".

Açıq qalan suallar Penitensiar Xidmətə də ünvanlanıb. Lakin qurum 5 ildə büdcədən ayrılan 835 milyonun necə istifadə olunması (bu məbləğə maaş fondu da aiddir, şəffaf olmadığı üçün ən yaxşı halda bu məbləğin 10 faizini maaşlar olaraq göstərək, yenə də yerdə çox ciddi məbləğ qalır) və 80 milyonluq tenderdən sonra niyə məhbuslara yemək, təmizləyici vasitələrin verilməməsi məsələsinə aydınlıq gətirməyib. Qurum “məhbuslar niyə evdən gələn yardıma möhtacdılar” sualını da cavabsız buraxıb. Yalnız o deyilib ki, bütün həbsxanalar standartlara uyğundur və məhbuslar qaydalara uyğun saxıanılır.

Amma “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyinin hesabatlarında da dediklərimiz öz əksini tapır. Bundan başqa, elə bu qış Nigar Yaqublu istiliksiz qalan 13 saylı cəzaçəkmə müəssəsindəki məhbuslara paltar yardımı kampaniyasına başlamışdı. Lakin həbsxana rəhbərliyi bu paltarların içəri keçirilməsinə icazə vermədi... (meydantv)