4. Ümmü- Gülsümün Kufədəki xütbəsi

Kufədə xütbə söyləyənlərdən biri də Əmirəlmöminin Əlinin (ə) qızı Ümmü-Gülsüm idi. O, ağlar halda bu xütbəni söylədi:

يا أَهْلَ الْكُوفَةِ، سُوءاً لَكُمْ! ما لَكُمْ خَذَلْتُمْ حُسَيْناً وَقَتَلْتُمُوهُ، وَانْتَهَبْتُمْ أَمْوالَهُ وَوَرِثْتُمُوهُ، وَسَبَيْتُمْ نِساءَهُ وَنَكَبْتُمُوهُ؟! فَتَبّاً لَكُمْ وَ سُحْقاً! وَيْلَكُمْ، أَتَدْرُونَ أَيَّ دَواهٍ دَهَتْكُمْ؟ وَ أَيَّ وِزْرٍ عَلى‌ ظُهُورِكُمْ حَمَلْتُمْ؟ وَ أَيَّ دِماءٍ سَفَكْتُمُوها؟ وَ أَيَّ كَريمَةٍ اهْتَضَمْتُموها؟ وَأَيَّ صِبْيَةٍ سَلَبْتُمُوها؟ وَ أَيَّ أَمْوالٍ نَهَبْتُمُوها؟ قَتَلْتُمْ خَيْرَ رِجالاتٍ بَعْدَ النَّبِيِّ، وَنُزِعَتِ الرَّحْمَةُ مِنْ قُلُوبِكُمْ، أَلا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغالِبُونَ، وَ حِزْبَ الشَّيْطانِ هُمُ الْخاسِرُونَ.

"Ey kufəlilər! Bədbəxtlik və çarəsizlik nəsibiniz olsun! Nə üçün Hüseyni (ə) tək qoydunuz və (sonra da) onu öldürdünüz, malını qarət edib ona yiyələndiniz, onun hərəminin qadınlarını əsir etdiniz, onlara işgəncə və əziyyət verdiniz?! Məhv olasınız, Allahın əzabına tuş gələsiniz! Vay olsun sizə! Heç bilirsinizmi ki, necə acı bir hadisəyə düçar oldunuz, necə ağır günah yükünü çiyinlərinizə götürdünüz və necə qanları axıtdınız? Hansı böyüklərə zülm etdiniz və hansı uşaqları qarət etdiniz? Hansı malları taladınız? Siz Peyğəmbərdən (s) sonra ən yaxşı kişiləri qətlə yetirdiniz. (Elə bir rəhmsizlik etdiniz ki,) sanki mehribanlıq və duyğu qəlblərinizdən silinmişdir. Agah olun ki, Allahın qoşunu qalib və şeytanın qoşunu ziyana uğrayandır."

Sonra bu şeirləri oxudu:

قَتَلْتُمْ أَخي صَبْراً فَوَيْلٌ لِأُمِّكُمُ‌

سَتُجْزَوْنَ ناراً حَرُّها يَتَوَقَّدُ

سَفَكْتُمْ دِماءً حَرَّمَ اللَّهُ سَفْكَها

وَحَرَّمَهَا الْقُرآنُ ثُمَّ مُحَمَّدُ

أَلا فَابْشِرُوا بِالنَّارِ إِنَّكُمْ غَداً

لَفي قَعْرِ نارٍ حَرُّها يَتَصَعَّدُ

وَإِنّي لَأَبْكي في حَياتِي عَلى‌ أَخي‌

عَلى‌ خَيْرِ مَنْ بَعْدَ النَّبِيِّ سَيُولَدُ

بِدَمْعٍ غَزيرٍ مُسْتَهَلٍّ مُكَفْكَفٍ

عَلَى الْخَدِّ مِنِّي دائِبٌ لَيْسَ يَجْمَدُ

"Siz qardaşımı işgəncə ilə öldürdünüz. Belə olduğu halda, vay olsun sizin analarınızın halına! Tezliklə, şöləsi alovlanan atəş sizin cəzanız olacaq. Siz Allahın, Muhəmməd (s) və Quranın möhtərəm saydığı qanları yerə axıtdınız. Sizi Qiyamətdə elə bir atəşlə müjdələyirəm ki, Cəhənnəmin dərinliklərindən zəbanə çəkəcək! Mən (bundan sonra) bütün ömrüm boyu Allahın Rəsulundan (s) sonra ən yaxşı kəslərdən olan qardaşım üçün çoxlu göz yaşlarının üzümə yuvarlandığı və əsla qurumayacağı bir şəkildə ağlayaraq matəm saxlayacağam!"

Bu macəranı nəql edən ravi deyir: “Camaat ağlayıb nalə edir, qadınlar saçlarını dağıdır və üz-başlarına torpaq ələyir, üzlərini cırır və üzlərinə zərbə vururdular... Ümumiyyətlə, həmin gün kimi hansısa bir kişi və qadının ağladığı görülməmişdi.” ("Məlhuf” (Lühuf), səh.198-199.)

Əhli-beyt (ə) əsirlərinin Kufədə söylədikləri xütbələr yaydan atılan oxlar kimi Bəni-Üməyyə hökumətinin bədəninə bir-birinin ardınca dəyərək qəlblərdə gələcək inqilabların toxumunu səpirdi. Həmin ifadələrə malik olan bu xütbə Kufədəki kişi və qadınlarda elə təsir qoydu ki, onların hamısını vəcdə gətirdi, sanki onların ən əziz adamları dünyadan getmişdi. Onların nalələri kufəliləri lərzəyə saldı və Bəni-Üməyyənin əleyhinə qəlblərdə kinlər şiddətləndi və İslam tarixində yeni bir fəslin başlanğıcı oldu. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.571-573.)

Maide.az – Maarif bölümü