489 balla `ortabab` universitetə düşmək olmur

489 balla 'ortabab' universitetə yaxın düşmək olmur
 
"Oğlum Murad qəbul imtahanlarında 489 bal toplayıb. Ancaq bu balla bir-iki "geridəqalmış" universitetin pulsuz fakültəsinə düşə bilər. Yuxarıdan gedən universitetlərə isə yaxın düşmək mümkün deyil. Ortabab saydığımız Pedaqoji Universitetin İngilis dili fakültəsində, Xarici Dillər Universitetində, Slavyan Universitetində ödənişsiz oxumaq üçünsə 550-dən yuxarı bal toplamalısan. Bu universitetlər beləmi yüksək təhsil verir? Onları bitirəndə uşağın pul qazanmaq imkanı beləmi çox olacaq? Keçid balları niyə belə yüksək olmalıdır ki?" – Bu il oğlu II qrupa imtahan verən Rafiq Məmmədli belə söyləyir.
 
O, valideyn olaraq övladının ödənişli təhsil almasını istəmədiyini bildirir:
"Mən elə varlı adam deyiləm, istərdim oğlum pulsuz təhsil alsın. Amma ödənişsiz yerlərə yaxın düşmək olmur. Dövlət universitetləri niyə baha olmalıdır, axı? Belə yüksək maaş verirlər ki, bu cür yüksək təhsil haqqı müəyyənləşdirirlər?".
 
DİM İZAHAT VERİR: "NƏTİCƏLƏR YAXŞILAŞDIQCA..."
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzadlıqRadiosu-na deyir ki, belə durum abituriyentlərin ortaya qoyduğu nəticələr sayəsində yaranıb:
 
Xanlar Xanlarzadə: "Keçid balını Dövlət İmtahan Mərkəzi müəyyənləşdirmir"
"Minimal müsabiqə şərtləri əvvəlcədən bəlli olur. I-IV ixtisas qruplarında dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün abituriyent minimal 250 bal toplamalıdır. II-III ixtisas qruplarında bu bal 300 olmalıdır. Bu o deməkdir ki, abituriyent 300 bal toplayıbsa, deməli, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilər. İxtisas seçimi bitir və yerləşdirmə aparılır, keçid balı da bu zaman formalaşır. Bunu Dövlət İmtahan Mərkəzi müəyyənləşdirmir. Yəni, keçid balını abituriyentlərin nəticələri, topladıqları ballar, plan yerləri və seçimlər formalaşdırır".
 
O ki, qaldı R.Məmmədlinin söylədiyi kimi, "ortabab universitetlər"də ödənişsiz oxumaq üçün tələb olunan balların çoxluğuna, X.Xanlarzadənin sözlərinə görə, abituriyentlərin nəticələri yaxşılaşdıqca keçid balları da yüksələcək. Özü də bu nəticələr ixtisas qrupları üzrə hər il dəyişə bilər, məsələn, DİM rəsmisi bu il III qrup üzrə abituriyentlərin nəticələrinin daha yüksək olduğunu bildirir.
 
​50 FAİZ HARA, 38 FAİZ HARA?
Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu il ilk dəfə abituriyentlər ali məktəblərə iki dəfə qəbul imtahanında iştirak etdilər və bu da əvvəlki illərlə müqayisədə nəticələrdə irəliləyiş, artım yaradıb:
 
Kamran Əsədov: "2014-cü ildə 649 bal toplayan abituriyent kəsilmişdi"
"İmtahana qatılanların 50.6 faizi keçid balı toplayıb, amma keçən il bu rəqəm 38 faiz idi. Hazırda 35 min 790 nəfər müsabiqəyə buraxılıb. Plan yerinin sayı 43 mindir. Bütün hallarda yenə boş yer qalacaq. Sadəcə, bu il I, III və IV qruplarda keçid balını toplayanların sayı çox olub, əvvəllər 450 balla ödənişsiz təhsil almaq mümkünüydüsə, bu il bu mümkün deyil. Əlbəttə, bu, rəqabət mühitinin artmasıdır".
 
 Ekspert şikayətçi valideynə haqq qazandırmır:
"Abituriyent 650 bal toplayıb pulluya düşsəydi, iradında daha haqlı olardı. 550 balla şikayət edənlər var, amma 600-620 bal toplayıb hüququn pullusunda oxuyanlar olacaq. 2014-cü ildə 649 bal toplayan abituriyent kəsilmişdi. Keçən il III qrup üzrə 140-dan çox, II qrupda 100-dən çox abituriyent 500-dən yuxarı balla ali məktəbə girə bilmədi. Eləcə də digər qruplarda. Ödənişliyə də düşə bilmədilər. Səbəb? Rəqabət mühiti artır".
 
"AZƏRBAYCANDA PULLU TƏHSİLİN MİQYASI BİLƏ-BİLƏ GENİŞLƏNDİRİLİR"
Digər ekspert Nabatəli Qulamov bu qənaətdədir. O, fikrini belə davam etdirir:
Nabatəli Qulamov: "Pullu təhsilin miqyası bilə-bilə genişləndirilir"
"Məsələn, ötən il dövlət hesabına 50 tələbə oxuyurdusa, bu il bu say bir qədər azaldılır və bu da ödənişli ixtisaslar arasında sıxlıq yaradır. Sonucda daha yüksək bal toplayanların ödənişli fakültələrə düşməsinə səbəb olur".
 
O əlavə edir ki, təhsil haqqını artırmaqla dövlət dolayı yolla da olsa, bundan qazanır.
 
Təhsil haqqı artdığı halda onun keyfiyyəti artırmı? Ekspertlər "yox" deyirlər.
"Keyfiyyət barədə nə dövlət düşünür, nə də təhsil müəssisələri. Əsas məqsəd odur ki, daha çox pul qoparsınlar əhalidən. Belə olmasaydı, rəsmilər Prezident Aparatında kadr çatışmazlığından şikayətlənməzdilər. Dövlət özü etiraf edir ki, onun üçün prioritet keyfiyyətli təhsil deyil, təhsil haqqıdır. Kim ödəyirsə, o da diplom alır. Bu da təhsilin belini qırır", - N.Qulamov söyləyir.
 
"MİNLİYƏ DÜŞMƏYƏN UNİVERSİTETLƏRİMİZİN TƏHSİL HAQQI ORDAKILARIN 400-ÜNDƏN BAHADIR"
Kamran Əsədov deyir ki, bu gün Azərbaycanda 165 min tələbə ali məktəbdə oxuyur və onların 70 faizi – 125 min nəfər ödənişli təhsil alır. Onun sözlərinə görə, Bakıda ortalama təhsil haqqı 2000-2500 manatdır, regionlarda isə 1400-1900 manatdır.
 
"Əlbəttə, aylıq əməkhaqqını nəzərə alanda bu təhsil haqqını ödəmək çətindir və ya mümkün deyil. Amma bu da var ki, ödəyənlər var. İkincisi, bəzən bir universitet təhsil haqqını 4-5 min manat müəyyənləşdirir. Onda zəhmət çəkib arayış versinlər ki, il ərzində həmin pul nəyə xərclənir. Gülməli təhsil haqları müəyyən olunub. Azərbaycanda bir tələbənin illik təhsil haqqı 700 manatı keçməməlidir, çünki ayda bir tələbənin maliyyələşməsi 8 dolları ötmür. Bu gün dövlət universitetləri dotasiya ilə yaşayırlar. Üstəlik də, həmin təhsil haqları keyfiyyət meyarına uyğun deyil. Bizim universitetlər dünyanın ilk minliyinə düşən universitetlərin siyahısında yoxdur, ancaq təhsil haqlarımız oradakı universitetlərin 400-ündən çoxdur", – K.Əsədov deyir.
 
DİM rəsmisi Xanlar Xanlarzadə bildirir ki, onlar nə plan yerlərinin müəyyənləşdirilməsinə qarışırlar, nə də təhsil haqlarına. O, "Təhsil haqlarını ali məktəblər müəyyənləşdirir" söyləyir. (azadlıqradiosu) /